Nifrət cinayətlərinin artması azadlıqları təhdid edir

“Nifrət” sözü lüğətlərdə başqasının pisliyini, bədbəxtliyini istəmək və bəzən də iyrəndirməklə eyni mənada istifadə edilir. Bir çox əsərlərdə nifrət ifadələri "nifrət çıxışları", nifrət motivi ilə törədilən cinayətlər isə "nifrət cinayətləri" kimi xarakterizə olunur. Bu cinayətlər Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən də müəyyən edildiyi kimi, bir nəfərə və ya hər hansı bir qrupa qarşı dil, din, irq, cinsiyyət, etnik mənşə, fiziki və ya əqli zəiflik kimi ön mühakimə meydana gətirə bilən səbəblərdən törədilir. [1]

Adətən zorakılıqla ifadə olunan nifrət cinayətləri təcavüz, hədələmə, məktəb və ya iş yerlərində zorakılıq formalarında təzahür edir. Bununla yanaşı, hüquq mühafizə orqanları hədə və təhqir məzmunlu buklet və plakatlardan istifadə edilməsini də nifrət cinayətləri çərçivəsində qiymətləndirir.

Nifrət cinayətini digər cinayətlərdən fərqləndirən cəhət odur ki, cinayətin hədəfi fərdin şəxsiyyətidir. Nifrət cinayəti baş verərkən təkcə şəxslərə və ya cəmiyyətlərə deyil, məscid, kilsə kimi ibadət yerlərinə və ya azlıqlara məxsus mülklərə da ziyan vurulur. Belə hallarda cinayət əksər hallarda məhvetmə, yandırma, bombalama və ya talama şəklində baş verir. Əmlaka hücumlar alçaltma, təhqir və təhdid məzmunlu mesajlar yazma formasında baş verir. Bu hücumlardan ən çox əziyyət çəkənlərin müsəlman və zəncilər olduğu müəyyən edilmişdir. Bu qruplara edilən hücumların hər gün daha da artdığı müşahidə edilir.

Qanunlarda nifrət çıxışları və nifrət cinayətlərinin anlayışı verilsə də, bu, hüququn ən mübahisəli sahələrindən birini təşkil edir.
 
Birinci problem nifrət çıxışlarının söz azadlığı çərçivəsində qəbul edilib-edilməməsi ilə bağlıdır. Demokratiya və insan hüquqlarının tələbi olaraq ən əsas hüquqlardan olan söz azadlığı insanın başqalarına müraciət etmək azadlığıdır.

Bununla yanaşı, demokratik bir çox ölkə söz azadlığını məhdudlaşdıraraq nifrət çağırışlarını qadağan edib. Çünki müasir dövlətlər bir tərəfdən fikirlərin müstəqil şəkildə ifadə edilməsini təşviq edir, digər tərəfdən cəmiyyətin hər təbəqəsini qorumağa çalışır. Nifrət çağırışlarının qadağan olunmasının siyasi və hüquqi səbəbi demokratik cəmiyyətdə müdafiəsiz insanlara müəyyən dərəcədə təminat verməkdir. [2]
 
Dövlətlər azadlıqları təmin etmək və insanları qorumaq məsələsində tarazlığı qorumalıdırlar. Bunun üçün dövlətlər fərdləri elə şüurda və əxlaqda yetişdirməlidirlər ki, müstəqil olduqlarında nifrət çağırışları etməsinlər.

Digər bir problem isə odur ki, cinayətin nifrət motivi ilə edildiyini müəyyən etmək çox çətindir. 2015-ci ilin fevral ayında ABŞ-ın Çapel-Hill şəhərində üç müsəlman gəncin dayanacaq yeri ilə bağlı mübahisə etməsindən sonra qonşuları tərəfindən öldürülməsi bu mövzudakı önəmli nümunələrdən biridir. [3] Qonşuları və xanımı cinayətlərin dinlə əlaqəsi olmadığını iddia etmişdi. Ancaq hadisənin günahkarı Kreyq Stefan Hiksin (Craig Stephen Hicks) feysbuk səhifəsində din əleyhinə bir çox paylaşımları var idi. Zərərçəkənlərin hamısı müsəlman idi və onların evləri də güllələnmişdi. [4] Bunlar da təbii olaraq cinayətin nifrət cinayəti çərçivəsində törədildiyi təəssüratını yaradır. Bu tip hadisələrdə cinayətin səbəbinin müəyyən edilməsi vacibdir. Çünki bir çox ölkə nifrət motivi ilə törədilən cinayətləri daha sərt şəkildə cəzalandırır.

Nifrət cinayətləri sərhədləri aşaraq yayılan cinayət növüdür və insanların təhsil, səyahət kimi əsas azadlıqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən ölkələr nifrət cinayətlərinin qarşısını almaq üçün daha sərt tədbirlər görür və ya bu cinayətə görə verilən cəzaları ağırlaşdırırlar. Lakin bu cür tədbirlər nifrət cinayətlərinin qarşısını almağa kifayət etmir.

İnsanlar arasında nifrət hissinin getdikcə artması cəmiyyətlər üçün böyük təhlükədir. Bu təhlükənin aradan qaldırılması üçün qanuni nizamnamələr hazırlanmalı və tədbirlər görülməlidir. Başlanğıcda əhəmiyyət verilməyən kiçikmiqyaslı hər hansı bir hadisənin bütün cəmiyyətə təsir edə biləcəyi unudulmamalıdır. Belə ki, 2011-ci ildə Londonda, 2014-ci ildə ABŞ-ın Missuri ştatında baş verən böyük üsyanlar bu şəkildə olmuşdur.

Rəhbərlər gələcək qorxusu və ya siyasi marağa görə ölkələrində nifrətin yayılmasını təşviq etməməli, göz yummamalıdırlar. Məsələn, ölkədə işsizliyə və ya yeni xərclərə  səbəb olacaq deyə miqrant nifrətini qızışdırmaq daha böyük fəlakətlərə yol açır.

Burada xüsusilə vurğulamaq lazımdır ki, nifrət cinayətlərinin həlli daha çox cəza və ya daha çox zorakılıq deyil. Nifrət cinayətləri ilə ən yaxşı və əsas mübarizə metodu məktəblərdə, mediada və sosial şəbəkələrdə cəmiyyət daxilində fədakarlıq, həmrəylik, hörmət kimi sakitlik və sülhü gətirəcək proqramlara üstünlük vermək, insanlar arasında birlik və bərabərliyi təşviq edən əxlaq sistemini tətbiq etməkdir. Unudulmamalıdır ki, sülh və uzlaşma asandır və özü ilə bərabər həllini də gətirir. Bütün insanların vəzifəsi insanı insan edən əsas dəyərləri daim xatırlatmaq, eqoist və təkəbbürlü düşüncələri həyatımızdan uzaqlaşdırmaqdır.

[1] Combating Hate Crimes in the OSCE Region, An Overview of Statistics, Legislation and National Initiatives, OSCE – ODIHR, 2005, s.12
[2] Jeremy Waldron, The Harm in Hate Speech, (Cambridge, MA: Harvard University Press, 2012), s.100-104.
[3] BBC Türkçe, Nefret suçu nedir, nasıl kanıtlanır? 19 Şubat 2015, http://www.bbc.com/turkce/haberler/2015/02/150219_nefret_sucu_abd
[4] VOA, Müslüman Gençleri Öldüren Craig Hicks Kim? 13 Şubat 2015, https://www.amerikaninsesi.com/a/musluman-gencleri-olduren-craig-stephen-hicks-kim/2641797.html


Adnan Oktarın “The Pioneer” və “Indian Muslim Observer”da (Hindistan) yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/columnists/oped/draw-the-line-on-hate-crimes.html
http://indianmuslimobserver.com/2018/03/01/draw-line-hate-crimes/


 

2018-03-25 23:33:46
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top