11 Sentyabrdan sonra "terrorla mübarizə" dünyanı hansı səviyyəyə gətirib çıxardı?

2001-ci ildəki 11 Sentyabr terror hadisəsi bütün dünyanı dəhşətə salan, bəşəriyyət tarixinin ən böyük və qanlı terror aktı idi. Bu hadisə 2000-ci illərin əvvəlindən başlayaraq tarixin gedişatına təsir edən dönüş nöqtəsi oldu.
 
Başda ABŞ xalqı olmaqla bütün millətləri sarsıdan bu hücumlardan sonra ABŞ prezidenti Corc Buş məşhur "Terrorla mübarizə" (“War on Terror”) elanını verdi və bir ay keçməmiş 7 oktyabr 2001-ci ildə Əfqanıstana havadan hücum əmrini verdi.
 
Əfqanıstanın işğalı davam edərkən Buş rəhbərliyi həmin dövrdə İngiltərənin Baş naziri Toni Bler və İngiltərə kəşfiyyatının “İraqda kütləvi qırğın silahları olduğuna dair hesabatını” əsas göstərərək 2003-cü ilin martın ayının 20-də İraqı işğal etmə əmrini verdi.

Bu gün Kilkot hesabatı ilə məlum olmuşdur ki, ABŞ-ı İraq müharibəsinə sövq edən Blerin kəşfiyyat hesabatı həqiqətləri əks etdirmir. İraqda kütləvi qırğın silahları yox idi və Bler də sonda bunu etiraf etmək məcburiyyətində qaldı. Son dövrlərdə isə mətbuatda Blerin 2001-2007-ci il tarixləri arasında Buşa göndərdiyi mesajlar ortaya çıxıb. Bu mesajlarda onun hər məsələdə, həmçinin Əfqanıstan müharibəsində ABŞ prezidentinə yol göstərdiyi məlum olub.
 
 "Terrorla mübarizə" siyasəti terrorçulardan başqa hər kəsə ziyan vurdu:
 
- İslam dünyası tarixinin ən böyük fəlakət və tənəzzülünü yaşadı. Minillik tarixi şəhərlər, yaşayış məntəqələri yerlə yeksan edildi. Milyonlarla günahsız insan həyatını itirdi, yurdundan didərgin oldu, qaçqın vəziyyətinə düşdü. Yüz minlərlə insan yaralandı, şikəst oldu. On minlərlə insan ağlasığmaz işgəncələrə, zorakılıqlara məruz qaldı. Həyatda qala bilənlər isə yoxsulluq və xəstəlik içində yaşamağa çalışır. İraq və Əfqanıstanda dinc əhali üzərində sınaqdan keçirilən bombalara ucbatından bu gün bir çox uşaq şikəst doğulur.

- "Terrorla mübarizə" İslam aləmi qədər olmasa da, Qərb dünyasına da zərər vurdu və vurmağa davam edir. Hərbi mübarizə üsulu terrorun daha da artmasına və bütün dünyaya yayılmasına səbəb oldu. “Boston Globe” qəzetindən Endryu Baseviçin (Andrew J. Bacevich) dili ilə desək, terrorun "metastaz" verməsinə səbəb oldu.

Terrorla mübarizədən sonra Yaxın Şərqdən Avropaya yayılan radikal terrorizmin ən qanlı nümunələrindən bəziləri bunlardır:

2004-cü ilin mart ayında Madriddə, 2005-ci ilin iyul ayında Londonda, 2015-ci ilin yanvar-noyabr aylarında Parisdə, 2016-cı ilin yanvar ayında İstanbulda, mart ayında Brüsseldə, iyul ayında Nitsada, dekabr ayında Berlində, 2017-ci ilin yanvar ayında İstanbulda, aprel ayında Stokholmda, may ayında Mançesterdə, iyun ayında Londonda, avqust ayında Barselonada.

Bütün dünyanı buraya əlavə etsək, siyahı çox uzanar.

"Terrorla mübarizə"nin ABŞ-a verdiyi maddi və mənəvi zərər 11 Sentyabrın verdiyi zərərdən qat-qat artıq oldu.
 
İraqda 2003-2014-cü illər arasında 4491, Əfqanıstanda 2016-cı ilin oktyabr ayından etibarən isə 2386 ABŞ əsgəri həlak oldu. 20.049 amerikalı isə müharibədə yaralandı. Əfqanıstanda müharibə zamanı həyatını itirən dinc amerikalıların sayı isə 1173 idi.
 
Təkcə 2012-ci ildə 349 ABŞ əsgəri bu müharibələrdə iştirak edib depressiyaya düşərək intihar etmişdir. Bu rəqəm həmin il müharibədə ölən ABŞ əsgərlərinin sayından (295) da çoxdur.

"Terrorla mübarizə" ABŞ iqtisadiyyatına da böyük zərbə vurdu. Belə ki, 2001-ci ildən davam edən Əfqanıstan müharibəsi ABŞ tarixinin ən uzun müharibəsidir. Harvard Universitetindən Linda J. Bilmesin araşdırmasına görə, İraq və Əfqanıstan müharibələrinə çəkilən xərc 4-6 trilyon dollardır. Bilmes araşdırmasının nəticəsində haqlı olaraq "4 trilyon dollarla nə aldıq?" sualını verir.
 
Əlbəttə ki, bu iqtisadi tənəzzül ən çox ABŞ cəmiyyəti üzərində təzahür etdi. “Feeding America” təşkilatının məlumatına görə, əhalinin 15%-ni təşkil edən 48 milyon amerikalı yoxsuldur. 42 milyon amerikalı isə aclıqla mübarizə aparır. Miçiqan və Harvard universitetləri tədqiqatçıları tərəfindən aparılan bir araşdırmaya görə, gündə 2 dollardan az gəlirlə yaşayan kasıb ailələrin sayı son 15 ildə iki dəfə artaraq 1,5 milyona çatıb. 20 milyon amerikalı furqonlarda yaşayır. 565 min insan hər gecə küçələrdə yatır, bunların 48 mini keçmiş əsgərlərdir.

11 Sentyabrdan sonra Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatlardan sonra Qərbə doğru yayılan radikal terror ABŞ xalqının qorxu içərisində yaşamasına səbəb olmuşdur. ABŞ-da son 5 il ərzində 3 müxtəlif terror aktı həyata keçirilib:
 
2013-cü ildə Boston Marafonunda radikal terrorçunun təşkil etdiyi bombalı hücumda 3 nəfər öldü, 264 nəfər isə yaralandı. 2015-ci ilin dekabr ayında ər-arvad əlillərə xidmət edən səhiyyə təşkilatını hədəf alaraq 14 nəfərin ölümünə səbəb oldu. Sonradan hücumun İŞİD-lə əlaqəli olduğu ortaya çıxdı.
 
Terrorla mübarizə və təhlükəsizlik adı altında Patriot Qanunu kimi, ABŞ xalqı üzərində təzyiq, qorxu, şəxsi həyatın məxfiliyinin aradan qaldırılması kimi saysız-hesabsız qanun və aktlar qəbul olundu.

Nəticədə Bler və MI6 gizli kəşfiyyat xidmətinin istiqamətləndirməsi ilə ABŞ-ın düşdüyü "Terrorla mübarizə" fiaskosunun ölkəyə gətirdiyi vəziyyət heç də ürəkaçan olmadı. Yeni hökümətlər də yüzlərlə nəticəsiz və uğursuz təcrübəyə baxmayaraq, bu tarixi səhvdən geri dönmək əvəzinə eyni səhvi təkrar edirlər.

Kiçik bir maarifləndirmə ilə belə radikal terrorizmin sülh, sevgi, birlik və qardaşlığa çağıran Quranla ziddiyyət təşkil etdiyini ortaya çıxarmaq olardı. Radikal terror düşüncəsinin qədim dövrlərdən qalma adətlər, xurafatlar, qəbilə mədəniyyəti kimi primitiv və vəhşi ənənələrdən qaynaqlandığı həqiqətini işıqlandırmaq olardı.Terrorun ideoloji mənbəyi olan fanatik, radikal inanc sistemi Qurana əsaslanan genişmiqyaslı və peşəkarlıqla təşkil olunan maarifləndirmə kampaniyası ilə bütün İslam aləmindən birdəfəlik sıyrılıb atıla bilərdi. Bunlar bu günə qədər edilmiş bütün hərbi müdaxilələrdən daha əsaslı, uzunmüddətli, xərc tələb etməyən, qan tökülməsinə səbəb olmayan, ziyansız, sülhü və qəti həll yolunu təmin edən ən mükəmməl üsullar olacaqdı. Qeyd olunanlar bu günə qədər edilməmiş ola bilər. Önəmli olan itirilmiş vaxta baxmayaraq yeni “11 Sentyabr”ların baş verməsinin qarşısının alınması üçün birlikdə tədbir görülməsidir.

 
 Adnan Oktarın "American Herald Tribune"da (Amerika) yayımlanan məqaləsi:
https://ahtribune.com/politics/1895-ramifications-of-the-post-9-11.html

 


 

2017-10-01 22:05:38

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com