XXI əsrin dəhşəti: silahların kölgəsində acından ölən körpələr

 

Bir çörək qırıntısına, ya da xarab olmuş meyvəyə belə çox böyük iştahala hücum etmək...
 
Polşalı pianoçu Vladislav Şpilmanın II Dünya Müharibəsində düşmən əsgərləri tərəfindən öldürülmək, ya da sığındığı yerdə acından ölmək arasındakı seçim sonradan "Pianoçu " filminin mövzusu oldu.
 
Üstündən 60 ildən çox vaxt keçdi, ancaq hələ də insanlar bombalar altında ölüm və aclıq arasında seçim etməyə məcbur edilirlər. Üstəlik, bu seçimlə üz-üzə qalanlar təkcə 5-10 nəfər deyil. Yəməndə, Cənubi Sudanda, Suriyada minlərlə günahsız dinc əhali münaqişələrdən qaçaraq sığındıqları yerlərdə bir tikə çörəyə möhtacdırlar.

Daha da dəhşətlisi odur ki, müharibə taktikası olaraq planlı şəkildə aclıq yaradılır. Belə ki, BMT Suriya müharibəsində acından öldürməyin yeni "silah" növü kimi istifadə edildiyinə diqqət çəkərək Şərq Qutadakı insanların aclığa məhkum edildiyini bildirdi. BMT-nin İnsan Hüquqları üzrə Komissarı Zeyd Raad əl-Hüseyn "insanların qəsdən ac qoyulmasını" Suriya vətəndaş müharibəsində müharibə taktikası kimi istifadə edildiyini bildirdi və xalqın ac qoyulmasının beynəlxalq insan hüquqlarının pozulması mənasına gəldiyini, bu səbəbdən Şərqi Qutada cinayət törədildiyini qeyd etdi. Suriyada dinc əhalinin qəsdən ac qoyulması ilə bağlı oxşar açıqlama BMT-nin Qida məsələləri ilə bağlı nümayəndəsi Hilal Ənvər tərəfindən verildi və Suriyada aclığa məhkum edilən insanlara diqqət çəkildi. (1)

Dəməşqin şəhərətrafı regionu Şərqi Qutada təxminən 400 min insan yaşayır. Maraqlısı budur ki, bu bölgə müharibədən əvvəl ölkənin mühüm kənd təsərrüfatı mərkəzi idi. Bu səbəbdən müxaliflərin nəzarətindəki region 2013-cü ildən etibarən Əsəd rejiminə tabe olan qüvvələrin mühasirəsi altındadır. Ona görə bölgəyə kifayət qədər humanitar yardım çatdırmaq mümkün olmur. Yaxın dövrə qədər insanlara ərzaq çatdırmaq üçün istifadə edilən tunellərin rejimin hərbi əməliyyatları nəticəsində bağlanması Şərqi Qutadakı aclıq təhlükəsini daha da artırır.

AFP müxbiri tərəfindən çəkilən acından ölmək üzrə olan körpənin görüntüləri dünya mətbuatında yer aldıqdan sonra vəziyyətin nə qədər acınacaqlı olduğu üzə çıxdı. Görüntülərdəki uşaqlar o qədər aclıq çəkirdilər ki, ağlamaq üçün səslərini belə çıxara bilmirdilər. Analar da körpələrini əmizdirə biləcək qədər qidalana bilmir, atalar da lazımi qidanı təmin edə bilmirdilər. (2)
 
Qeyri-hökumət təşkilatı SNHR (Syrian Network for Human Rights) açıqlamasında Şərqi Qutada 206 uşaq və 67 qadının öldüyünü, 400 min nəfərin qeyri-kafi qidalanma ilə üz-üzə qaldığını bildirdi. Bu insanların daimi səhiyyə xidməti alması da demək olar ki, qeyri-mümkündür. (3)

Bu həftə Qutaya BMT yardım tırlarının çatması, şübhəsiz ki, sevindirici haldır. Ancaq məsələnin təkcə yardımla həll edilə bilməyəcəyi artıq hər kəsə məlumdur. Hər hansı çözüm gətirilməsə, müharibə taktikası hesab edilən "bölgəni ac qoyma" siyasətinin davam edəcəyi görünür.
 
Müharibəyə görə aclıq təhlükəsi olan digər bir ölkə isə Yəməndir. Döyüş bölgəsindəki 7 milyon insandan təkcə 3 milyonu yardımlarla qidalana bilir. Halbuki BMT-nin proqnozlarına görə, ən az 4,5 milyon insanın ərzaq yardımına ehtiyacı var. (4)

Norveç Qaçqınlar Şurasının (NRC) hazırkı sədri Yan İqland (Jan Egeland) bu vəziyyəti "beynəlxalq diplomatiyanın nəhəng uğursuzluğu" kimi dəyərləndirib qınayır. O, bölgədə gördüklərindən sümüklərinin sızıldadığını deyərək baş verənlərin quraqlıq olmadığını, A-dan Z-yə insan "əməyi" olduğunu deyir. Bu, Yəmənin də Quta kimi müharibə strategiyası kimi insanların aclığa məhkum edildiyini göstərir. Yəmənin Hudeydə limanı uzun müddətdir qapalı saxlanılır. Bu səbəbdən də regiona yardımları çatdırmaq qeyri-mümkündür. Məhz bu səbəbdən Yəməndə hər 10 dəqiqədən bir 5 yaşından balaca uşaq ölümlə üz-üzə qalır. (5)

Şərqi Qutanın yerləşdiyi region Türkiyə, İran və Rusiyanın Suriyada qurulması üçün razılığa gəldiyi təhlükəsiz bölgələrə daxildir.(6) Ancaq təhlükəsiz bölgələrin reallaşdırılması sürətlə getmir. Bu da insan itkilərinin qarşısının alınmasını ləngidir. Ancaq yenə də bu yerlər üçün müvəqqəti həll yolları həyata keçirmək mümkündür.
 
Məsələn, Qutada BMT nəzarətində rejimin, rusların və türklərin yer alacağı nümayəndə heyətləri təşkil edilə bilər və onlar regiona davamlı ediləcək humanitar yardımlara nəzarət edə bilərlər. Oxşar şəkildə, bütün tərəflərin iştirak etdiyi mülki heyətə Yəmənin Hudeydə limanında səlahiyyət verilə bilər. Bu şəkildə münaqişə edən tərəflərin yardımlarla birlikdə qarşı tərəfə silah göndərildiyinə dair narahatlıqları aradan qaldırıla bilər.

Texniki tədbirlər ilkin olaraq alınmalıdır təbii ki. Ancaq bölgə üçün əsas həll yolu region ölkələrinin bir araya gələrək ağıllı ittifaq qurmalarıdır. Xüsusilə Rusiya, İran və Türkiyənin zəmanətində atəşkəsdən sonra sülh üçün təşəbbüslər həyata keçirilməlidir. Bunun üçün konsensusa gəlmək, bölgədə qan axmaması üçün tədbirlər görmək, terroru susduracaq və Qərb müdaxiləsini dayandıracaq addımlar atmaq vacibdir. Bu, ancaq güclü ittifaqların həyata keçirə biləcəyi həll yoludur.


İstinadlar:

  1. Deutsche Welle Türkçe, BM: Suriye'de siviller açlıktan öldürülüyor, 27.10.2017,  http://www.dw.com/tr/bm-suriyede-siviller-a%C3%A7l%C4%B1ktan-%C3%B6ld%C3%BCr%C3%BCl%C3%BCyor/a-41146781
  2. Arab News, Syrian children die of hunger under regime siege, 23 oktyabr 2017, http://www.arabnews.com/node/1181786/middle-east
  3. Mohamed Sheikh Yusuf, Hunger kills 397 Syrians in Eastern Ghouta: NGO, 24.10.2017, http://aa.com.tr/en/middle-east/hunger-kills-397-syrians-in-eastern-ghouta-ngo/946205
  4. Action Against Hunger USA, Yemen: Hunger Kills Every Day, 20 dekabr 2016, https://www.actionagainsthunger.org/blog/yemen-hunger-kills-every-day
  5. Karen Mc Veigh, Yemen hunger crisis leaves refugee chief 'shocked to the bones', 3 may 2017, https://www.theguardian.com/global-development/2017/may/03/yemen-hunger-norwegian-refugee-council-chief-jan-egeland-shocked-to-the-bones
  6. Arab News, Syrian children die of hunger under regime siege, 23 Ekim 2017, http://www.arabnews.com/node/1181786/middle-east

Adnan Oktarın "Cape Times", "The Star", "Pretoria News", "The Mercury" (Cənubi Afrika) ve "Only Kashmir"'də (Hindistan) yayımlanan məqaləsi:

https://www.iol.co.za/pretoria-news/hunger-used-as-a-weapon-11905609

http://onlykashmir.in/doomed-to-hunger-through-unlawful-warfare-strategy-syria-yemen-starve/

 

 

 

2017-11-16 19:48:00

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top