Axirət və Hesab Gününün Varlığını Anlamazlıqdan Gəlməyin

Dünyada yaxşı insanlar, pis insanlar, dürüst insanlar, yalançı insanlar, Allahdan qorxub çəkinənlər, yer üzündə fitnə-fəsad törədənlər həmişə bir yerdə yaşayarlar. Bəzi insanlar Allahın hökmlərinə qəti şəkildə əməl etdiyi halda, bəziləri heç birinə əməl etməz, bəziləri də bir hissəsinə əməl edib qalanlarını görməzlikdən gələr. Əlbəttə ki, bu insanların qarşılaşacaqları son da bir-birindən tam fərqli olacaq. Allah sonsuz ədalətindən ötrü bütün bu insanlara layiq olduqları qarşılığı verəcək. Bu qəti vəd Quranda belə xəbər verilir:

Yoxsa pis əməllərə qərq olub-yara alanlar, özlərini iman gətirib saleh əməllər görənlərlə eyni tutacağımızımı güman etdilər? Həyatları və ölümləri eyni mi olacaq? Nə pis hökm verirlər. Allah göyləri və yeri haqq olaraq yaratdı ki, hər kəs qazandığının əvəzini alsın. Onlara zülm edilməz. (Casiyə surəsi, 21-22)

Məhz Allahın insanlara layiq olduqları qarşılığı verəcəyi yer axirətdir. Bu açıq-aydın bir həqiqətdir. Allah hər şeyi eşidən, görən, edilən hər yaxşılığı və hər pisliyi biləndir. Elə isə, Allahın sonsuz ədalətinin təcəlli edəcəyi, edilən bütün yaxşı və pis rəftarların qarşılığının alınacağı axirətin varlığını anlamazlıqdan gəlməyin. Həmçinin bunu unutmayın ki, bu həqiqəti görməzlikdən gəlmək, "öldükdən sonra torpaq olacağıq" demək insanın haqq-hesab günündə təkrar yaradılmasına və hesaba çəkilməsinə mane olmayacaq.

Bəlkə insan dünya həyatında özünü aldada bilər. Axirət həqiqətini görməzlikdən gələrək, öz ağlınca dünyanın ləzzətini çıxartmağa çalışa bilər. Bəlkə öz-özünə söylədiyi yalanlarla vicdanının səsini susdura bilər. Lakin bu, həmin insanın Allah qatında müəyyən olan vaxtı bitdikdə ölməsinə və yenə Allah qatında müəyyən olunmuş vaxtda təkrar dirildilməsinə mane olmaz. Anlamaq istəsə də, istəməsə də mütləq hər insan haqq-hesab günündə dirildiləcək, Allahın qarşısında dayanıb hesab verəcək, sonra etdiklərinin qarşılığını almaq üçün, qazandığı əbədi yurda aparılacaq. O gün bu açıq-aydın həqiqəti görməzlikdən gələnlərin, özlərini aldadaraq dünya həyatına razı olmağa çalışanların aparılacaqları yer cəhənnəmdir. Eləcə də, etdikləri bu vicdansız rəftardan ötrü cəhənnəmə layiq olan insanlar əbədiyyən oradan çıxa bilməyəcəklər.

Allah Quranda bizə axirətin varlığını anlamazlıqdan gələn, yenidən dirilməni inkar edən insanların yaşadıqları ruh halını, söylədikləri sözləri, düşüncələrini xəbər verir. Həmçinin bunun qarşılığında uğrayacaqları aqibəti də bildirir:

Allah kimi doğru yola yönəltsə, o doğru yoldadır. Kimi də azdırsa, onlara Ondan başqa vəlilər tapa bilməzsən. Qiyamət günü biz onları kor, lal və kar olduqları halda üzüstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq. Bu, ayələrimizi inkar etdiklərinə və: "Məgər biz sür-sümük və ovuntu olduğumuz halda, yeni yaradılışla dirildiləcəyik?" dediklərinə görə onların cəzasıdır. (İsra surəsi, 97-98)

Ayədə bildirilən sualın cavabı əslində çox aydındır: İçində yaşadığımız kainat Allahın möhtəşəm yaratma sənətinin dəlilləriylə doludur. Şübhəsiz ki, bu möcüzəvi yaradılışın sahibi olan, hər şeyi yoxdan var edən Allah istədiyi anda bənzərlərini də yaratmağa qadirdir. Necə ki, Allah Quranda, necə olacaq?, necə yaradılacaq?, kim yaradacaq? kimi suallarla açıq-aydın göz qabağında olduğu halda, axirət həqiqətini anlamazlıqdan gəlməyə çalışan insanlara belə səslənir:

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zülm edənlər isə, ancaq inkarda israr etdilər. (İsra surəsi, 99)

Sonsuz ədalətin təcəlli edəcəyi axirətdə, insanın etdiyi hər şeyin hesabını verəcəyini və qarşılığını alacağını anlamazlıqdan gəlməyin.

Bəzi insanlar da axirətə inandıqlarını söyləyərlər, lakin axirəti həqiqi mənada düşünməzlər. Dünya həyatında etdikləri hər şeyin orada qarşılarına çıxacağını anlamazlıqdan gələrlər. Axirəti, hesab gününü, cənnəti və cəhənnəmi Allahın Quranda bizə bildirdiyi şəkildə deyil, olmalarını istədiyi şəkildə şərh edərək özlərini aldadarlar.

Halbuki Allah bizə axirət həyatını da, hesab anını da, kimlərin cənnətə və kimlərin cəhənnəmə gedəcəyini də bütün təfsilatı ilə bildirmişdir. Hər kəs haqq-hesab günündə Allahın qarşısında tək-tənha dayanacaq, dünya həyatı boyu yaşadığı hər anın hesabını verəcək. Həyatı boyu hər an Allahın razılığını axtarmış olan qullar cənnətə gedəcək və orada sonsuza qədər Allahın sonsuz nemətləri içində yaşayacaqlar. Axirəti düşünmədən dünya üçün yaşayanlar isə cəhənnəmə gedəcək və orada sonsuza qədər əzab içində qalacaqlar.

"Allah necə olsa məni bağışlayar" deyənlər, "qəlbim təmizdir, məndən nə qədər pis insanlar var" deyə iddia edənlər, heç kimə zərərlərinin toxunmadığını, buna görə də, cənnətə gedəcəklərini düşünənlər, yalnız müəyyən ibadətləri edərək xilas olacaqlarını zənn edənlər əslində həqiqəti bildikləri halda özlərini aldadaraq doğruları görməzlikdən gəlməyə çalışırlar. Necə ki, Allah hər nə qədər bəhanələr irəli sürərək başa düşməməyə çalışsalar da, insanların əslində doğruları bildiklərini belə bildirmişdir:

O gün “sonunda gəlib qərar qılınacaq yer” yalnız Rəbbinin qatıdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcək. Xeyr; insan öz nəfsinə qarşı bəsirətdir. Öz bəhanələrini ortaya atsa belə. (Qiyamət surəsi, 12-15)

Allahın ayədə bildirdiyi kimi hər insan özünə bəsirətdir. Hər insan doğruları bilir. Buna görə də, bəhanələr irəli sürərək həqiqətləri başa düşməməyə çalışmaq mənasızdır. Özündən daha pis insanların olmasının haqq-hesab günündə heç kimə faydası yoxdur. Atasının və ya babasının dindar olması, ehtiyac içindəki insanlara pul vermək və ya Allah rizası üçün heç bir fəaliyyət göstərmədən "mən müsəlmanam" demək də insana fayda verməyəcək… Digər insanlar nə etməyə çalışsa da, hər kəs öz etdiklərindən məsuldur, tək-tənha Allahın qarşısında dayanacaq və bu şəkildə yaşadığı hər anın hesabını verəcək. Öz ağlınca çox işinin olması, öz düşüncəsinə görə yaxşı insan olması, "çörək pulu qazanmaq", uşaqlarına baxmaq məsuliyyətini daşıması, öz ağlınca faydalı peşəyə sahib olması və ya yenə öz düşüncəsinə görə gördüyü işlərin Allah üçün ediləcək ibadətlərdən daha əhəmiyyətli olması da insanı xilas etməz. Çünki nəyin doğru, nəyin yanlış olduğu, nəyin insana axirəti qazandıracağı və ya nəyin onu sonsuz əzaba məhkum edəcəyi Quranda yazılıb.

Qurandan kənar meyarları qəbul edərək cənnətə gedəcəklərini müdafiə edənlər, din əxlaqını yaşamaq üçün qocalmağı gözləyərək vaxt itirənlər, ortaya atdıqları bəhanələrlə həm özlərini aldadıb, həm də digər insanları aldatmağa çalışanlar unutmamalıdırlar ki, burada irəli sürdükləri bəhanələr axirətdə onları qurtarmayacaq. Burada söylədikləri yalanlar Rəhman olan Allahın hüzurunda heç bir fayda verməyəcək, hətta bu insanların haqq-hesab günündə danışmalarına belə icazə verilməyəcək. O gün həqiqətləri görməzlikdən gələrək Allahın sərhədlərini aşan, Allahın əmrlərini yerinə yetirməyən insanlar peşmançılıqlarını bu şəkildə ifadə edəcəklər:

O gün, cəhənnəm də gətirilmişdir. İnsan o gün düşünüb xatırlayar, lakin (bu) xatırlamanın ona nə faydası var? O deyər: "Kaş ki, həyatım üçün, (əvvəlcədən bir şeylər) edə biləsydim". Artıq o gün heç kim (Allahın) verəcəyi əzab kimi əzab verə bilməz. Onun vuracağı buxovu heç kəs vura bilməz. (Fəcr surəsi, 23-26)

O gün baş verəcək hadisələr, başda da bildirdiyimiz kimi, hər şeyi bilən və görən Allahın sonsuz ədalətinin tələbidir. O gün Allah vicdanlarından istifadə edən qulları ilə vicdanlarının səsini susduraraq həqiqətləri görməzlikdən gələn qullarını mütləq bir-birindən ayıracaq. Siz də belə peşmançılıq yaşamamaq üçün, axirət üçün hazırlıq görün, burada gördüyünüz hər hazırlığın qarşınıza çıxacağını unutmayın və əsla bu həqiqətləri anlamazlıqdan gələrək həyatınızı boş və mənasız işlərlə məşğul olaraq keçirməyin.

Bu dünyadakı həyat, axirət yerinə seçilməyəcək qədər müvəqqətidir. Dəniz kənarında düzülmüş yalılar, bəzəkli bağçaların içindəki köşklər, dənizi yara-yara gedən sürətli qayıqlar, yaxtalar, bir-birindən rəngli son model avtomobillər, gecə klubları, əyləncə mərkəzləri, beş ulduzlu otellər, sağlam uşaqlar, gözəl və etibar edəcəkləri həyat yoldaşları… Bu sayılan nemətlər insanlara olduqca cəlbedici gələ bilər. İnsan bütün ömrünü bunlara sahib olmağa çalışmaqla keçirə bilər. Lakin insan nəinki bunların bir neçəsinə, hamısına da sahib olsa Allah qatında özü üçün müəyyənləşdirilmiş müddət başa çatdıqda sahib olduqlarını tərk edərək axirətə gedəcək.

Bəlkə siz də belə insanlar kimi həyatınızı bu nemətlərə sahib olmağın yollarını axtararaq keçirirsiniz. Lakin axirətdə, sahib olduğunuz bu nemətlərin heç birinin sizə fayda verməyəcəyini anlamazlıqdan gəlməyin.

Ölüm mələkləri canınızı almağa gəldikdə, həmin ana qədər sahib olmaq üçün bütün gücünüzü sərf etdiyiniz malınızı, mülkünüzü bir daha görməmək üzrə tərk edərək bu dünyadan ayrılacaqsınız. Təkrar dirildikdə isə artıq tam fərqli məkanda, axirətdə Allahın qarşısında hesab verəcəksiniz. Həmin anda sizə nə malınızın miqdarının, nə neçə uşaq sahibi olduğunuzun, nə mövqeyinizin, nə də təhsilinizin soruşulmayacağını unutmayın. O gün dünyanın ən böyük dövlət adamlarından, tarix boyu yaşamış krallar və kraliçalara qədər heç kimin heç kimdən dünyada maddi mənada sahib olduqlarına görə üstünlüyü olmayacaq, heç bir yaxın dostu, onun vəziyyətini soruşmayacaq, hətta o günün qorxusundan inkar edənlər dünyada sahib olduqlarını fidyə verib xilas olmaq istəyəcəklər:

(Belə gündə) heç bir yaxın dost, öz dostunun vəziyyətini soruşmaz. Onlar bir-birlərinə göstərilərlər. Günahkar o günün əzabına qarşılıq olaraq fidyə vermək istəyər - öz övladlarını, həyat yoldaşını və bacı-qardaşını, ona sığınacaq vermiş əşirətini və yer üzündə olanların hamısını - təki bu onu xilas etsin. Xeyr, (heç biri qəbul edilməz). Doğrusu, o (cəhənnəm) qızğın şəkildə yanan oddur - başın dərisini qovurub soyar. Üz döndərib arxasını dönəni çağırar. (Dayanmadan mal və sərvət) toplayıb bir yerdə (üst-üstə) yığanı da həmçinin. (Məaric surəsi, 10-18)

Siz də ayələrdə bildirilən bu həqiqətləri düşünün və o günün əzabının, bir insanın dünyada sahib olduğu hər şeyi fidyə kimi verib xilas olmaq istəyəcəyi qədər böyük olacağını anlamazlıqdan gəlməyin.

Allah bir ayəsində inkar edənlərin bütün dünyaya sahib olsalar belə, bunu verib, cəhənnəm əzabından xilas olmaq istəyəcəklərini bildirmişdir:

Əgər yer üzündə olanların hamısı və bununla birlikdə bir misli də, zalımlara məxsus olsaydı, qiyamət günü o pis əzabdan (xilas olmaq məqsədiylə) həqiqətən bunları fidyə olaraq verərdilər. Halbuki, onların heç nəzərə almadıqları şeylər, Allahdan özləri üçün ortaya çıxmışdır. (Zumər surəsi, 47)

Əslində insan vicdanıyla bunu bir an düşünsə rahatlıqla doğrunu tapa bilər. Məsələn, bu gün dünyada yaşayan insanlara sahib olduqları hər şeyi vermələri qarşılığında dərhal cənnətə gedəcəkləri deyilsə, bunu qəbul etməyən insan tapılmaz. Hər kəs tərəddüdsüz olaraq malını, mülkünü, övladını, mövqeyini tərk edər və sonsuza qədər qalacağı cənnətə çatmağa çalışar. Əslində insanın məsuliyyəti budur. Malını və canını Allaha satmaq, dünyada lüzumsuz ehtiraslara qapılmamaq, Allah üçün yaşamaq və sonunda mükafat olaraq cənnətə qovuşmaq… Lakin, bəzi insanları yanıldan şey bunun dərhal olmamasıdır. Keçəcək çox qısa müddət bu şəxslərə uzun gələr. Həmçinin buna görə də, ağılsızlıq edərək sonsuza qədər qalacaqları cənnət əvəzinə çox qısa həyatı seçərlər.

Bir tərəfdə 60-70 illik göz açıb-yumana qədər keçəcək zaman, digər tərəfdə isə bitməyən ömür…

Bir tərəfdə bitməyən, tayı-bərabəri olmayan, gözəlliklərlə dolu, insanın istədiyi hər şeyin həmin anda yaradıldığı bir həyat, digər tərəfdə isə qısa, müvəqqəti, əskik, nəyə əlinizi atsanız əlinizdə qalan, gəncliyin, gözəlliyin, sürətlə axıb getdiyi, nə qədər çalışılsa da əldə edilən nemətlərin heç cür insanı məmnun etməyəcəyi bir həyat…

Siz bu həqiqəti görməzlikdən gəlməyin. Cənnətin tayı-bərabəri olmayan nemətlərinə qovuşa bilmək imkanı əlinizdə olduğu halda, əskik və müvəqqəti nemətləri əldə etmək üçün vicdanınızın səsini susdurmayın. Bəzi insanların düşünməyərək, üstündən keçərək, çox qısa həyat üçün nələri tərk etdiyini anlamazlıqdan gəlməyin.

Bəzi insanların axirətin varlığını görməzlikdən gəlmələrinin ən böyük səbəblərindən biri əksəriyyətin bu şəkildə hərəkət etməsidir. Halbuki bu, Allahın imtahanının tələbidir. Allah insanları bu şəkildə sınayır və buna görə də, Quranda qullarını əksəriyyətə tabe olmamaları məsələsində xəbərdar edir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə uyarlar və ancaq “zənn və təxminlə yalan danışarlar”. (Ənam surəsi, 116)

Bəzi şəxslərin yanlış yolda olması isə sizə təsir etməməlidir, çünki hər kəs özünə cavabdehdir. Vicdanlı insanlar üçün bunların heç biri bəhanə deyil, əksinə daha çox qorxub çəkinmək üçün vəsilədir. Buna görə siz də "insanların çoxu belədir" deyib açıq-aydın həqiqətləri anlamazlıqdan gəlməyin. Yalnız da olsanız, etdiyiniz hər şeyə görə məsuliyyət daşıdığınızı unutmadan axirətiniz üçün ciddi hazırlıq görün və səy göstərin.

Axirətdəki qurtuluş üçün dünyada göstərilən səyin nə olmasının lazım olduğu Quranda bizə xəbər verilmişdir. Hesab günü insanlar, Allaha olan bağlılıqları, qorxuları və bu qorxunun gətirdiyi gözəl əxlaqları ilə qiymətləndiriləcək. İnsanların Allaha səmimi bağlılıqları onlara fayda verəcək. Allah Quranda, nə malların, nə də övladların özünə yaxınlaşmaq üçün bir vasitə olmadığını, təkcə iman gətirib saleh əməllər işləyənlərin cənnətə gedə biləcəyini bildirmişdir:

Sizi Bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar uca köşklərində əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)

Allah Öz qatında məqbul olanın və insanı sonsuz əzabdan qurtara biləcək olanın yalnız təqva (Allahın əmrlərinə və tövsiyələrinə əməl etmək, bunun əksi olan düşüncə və davranışlardan çəkinmək) olduğunu xəbər verir:

Ey insanlar, həqiqətən, Biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olmağınız üçün, sizi xalqlar və qəbilələr (şəklində) ayırdıq. Şübhəsiz ki, Allah qatında ən üstün (kərim) olanınız, (irq və ya nəsil cəhətdən) təqva cəhətdən ən öndə olanınızdır. Həqiqətən, Allah Biləndir, xəbər tutandır. (Hucurat surəsi, 13)

Buna görə siz də dünyanın müvəqqəti bəzəklərinə aldanaraq, sahib olduğunuz malların və övladların Allah qatında meyar olmayacağını və haqq-hesab günündə sizi qurtaracaq tək şeyin təqvanız olduğunu anlamazlıqdan gəlməyin və bu ayəni heç vaxt unutmayın:

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətmək istəməyənlərə (hədiyyə) verərik. (Gözəl) nəticə təqva sahiblərinindir. (Qəsas surəsi, 83)

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətmək istəməyənlərə (hədiyyə) verərik. (Gözəl) nəticə təqva sahiblərinindir. (Qəsas surəsi, 83)

2017-04-17 08:50:29

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top