< <
10 / total: 16

Dünya və Axirət Həyati

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür (Ali İmran surəsi, 14-15)

Əslində indiyə qədər izah edilən bütün pozulmalar, insanın axirət həqiqətini qavraya bilməməsindən qaynaqlanır. Quranda bildirildiyi kimi, Allah dünyanı insanlar üçün müvəqqəti bir yurd kimi yaratmışdır. Bu möminlərin imtahan olunaraq mənfi xüsusiyyətlərindən xilas olması və cənnətə layiq bir xarakter qazanması, inkarçıların da mənfi xüsusiyyətlərinin ortaya çıxması üçündür.

Amma "cahiliyyət" cəmiyyətinin ən böyük xüsusiyyətlərindən biri bu həqiqəti görməzlikdən gəlmələri və heç yox olmayacaqmış kimi dünya həyatına bağlanmalarıdır. Bu azğın zehniyyət "cahiliyyət" əxlaqı meydana gətirər. "İnsan dünyaya bir dəfə gəlir" cümləsiylə yekunlaşdırılan bu batil dünyagörüşünə görə ölüm bir sondur. Elə isə hələ də həyatdaykən "həyatın dadı" çıxarılmalıdır. Bunun üçün də hər cür üsul sınaqdan keçirilə bilər. Çünki "cahiliyyət" cəmiyyətində insana mənfəət təmin edəcək hər şey qanuni elan edilmişdir. Halbuki, həqiqətlər heç də belə deyil.

Cahiliyyət cəmiyyətinin nümayəndələri az da olsa ağıllarından istifadə etməzlər. Ölümün hər kəs üçün qaçınılmaz bir son olduğu bəllidir. Amma yenə də bu mövzunu mümkün qədər gündəmdən kənarda saxlayarlar. Ölümdən bəhs etmək "xeyir söyləməzlik" kimi xarakterizə olunar. Bir çox insan sanki heç ölməyəcəkmiş kimi bir zehniyyətlə yaşayar. Halbuki, belə edənlərin çox böyük bir hissəsi Allahın varlığını qəbul edir. Buna görə də axirətin də varlığını qəbul etdiklərini iddia edərlər. Amma hadisəyə bir qədər diqqətlə yaxınlaşıldığında ortada həqiqi bir axirət inancı olmadığı aydın olar. Qeyd olunan psixologiya ayələrdə belə vurğulanar:

Əsl həqiqətdə, bunlar ötəri dünyanı sevərək qarşılarındakı ağır günü görməməzliyə vururlar. (İnsan surəsi, 27)

...Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür. (Bəqərə surəsi, 96)

Diqqətli olun; doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Axirəti düşünməməyin səbəb olduğu sonsuzadək yaşamaq istəyi, "cahiliyyət" mədəniyyətində çox böyük bir təsirə malikdir. Əksər insan öldükdən sonra dünyada "adını davam etdirəcək" bir "əsər" qoyub getmək istəyir. Bunun özünə heç bir faydası olmayacaq, amma məqsədi; "unudulmamaq" kimi qəribə bir psixologiyadan ötrü geridə böyük bir sərvət və ya bir əsər qoyub getməkdir. Əlbəttə ki, bir adamın insanlara faydası olacaq gözəl əsərlər qoyub getməsi yaxşı bir davranışdır, ancaq burada tənqid olunan xüsus bunun tam fərqli bir məqsədə xidmət etməsi və hərisliklə edilməsidir. Quranda din əxlaqından uzaq insanların sahib olduqları bu yanlış məntiq də belə izah edilir:

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün göndərilmiş etibarlı bir elçiyəm. Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Siz hər uca təpədə bir abidə inşa edib (faydasız bir şeylə məşğul olaraq) əylənirsinizmi?. Əbədi yaşamaq ümidiylə sənət əsərləri mi inşa edirsiniz? (Şuəra surəsi, 124-129)

O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. (Hüməzə surəsi, 2-3)

Cahiliyyət cəmiyyətində olduqca azğın bir axirət inancı da vardır. Cahiliyyət cəmiyyətinin nümayəndələri axirətə qəti bir məlumatla inanmazlar. Ən inanclı kimi görünənləri də, "ya varsa" şəklindəki çirkin məntiqdən kənara çıxa bilməzlər. Üstəlik, axirət haqqında bu kimi cahil məntiqlər yürüdənlər, özlərinin cənnətlik olduqlarına da adları kimi əmindirlər. Kəhf surəsindəki bir hekayədə izah edilən adam, "cahiliyyət" cəmiyyətinin ümumi dünyagörüşünü simvolizə edər:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.
Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq.
Onun başqa məhsul verən torpaq sahəsi də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” dedi.
O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.
Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”
Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni normal (əli ayağı tutan, gücü-qüvvəti yerində olan) bir insan qiyafəsinə salmış Allahın varlığını mı inkar etdin?
Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
Bağına girdiyin zaman: “Maşallah. Qüvvət yalnız Allaha məxsusdur!” deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.
Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”. Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”.
Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da öz-özünə kömək edə bilməzdi.
Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 32-44)

Digər bir surədə; "ya varsa" yanlış məntiqini irəli sürən, sonra da özünü cənnətlik elan edən bu cahil zehniyyət belə izah edilir:

Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən Qiyamət saatının gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!”. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fussilət Surəsi, 50)

Diqqət yetirilsə yuxarıdakı ayədə Allahın, bunu söyləyən adamın inkarçı olduğunu xəbər verdiyi görülər.

Allahın varlığını qəbul edən insan üçün axirətin varlığından əmin olmamaq qeyri-mümkündür. İnsanı Allah yaradar, bəsləyər, yaşadar, ona saysız nemət verib böyük bir şəfqət və mərhəmət göstərər. Həm də, əlbəttə ki, bütün bunlar üçün şükr edib yaxşı əməllər edənlərlə nankorluq edənlər bir tutulmayacaqdır. Çünki Allah qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibi olandır.

"Hər kəs ölümü dadacaqdır" (Ənbiya surəsi, 35), ayəsinin tələbinə görə hər kəs qısa bir müddət qaldığı bu dünyanı mütləq tərk edər. Allah insanı müəyyən bir müddət yaşatdıqdan sonra öldürər. Bu müddət; "öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermədikmi?" (Fatir surəsi, 37) ayəsiylə təsvir edilir.

İnsan ölümlə birlikdə yox olmağa deyil, əksinə əsl həyatına addım atar. Onsuz da bu dünyanın müvəqqəti olduğu və əsl həyatın bir nümunəsi kimi yaradıldığı, düşünən insan üçün açıq bir həqiqətdir. Dünyadakı bütün gözəlliklər müvəqqətidir və bununla yanaşı bir çox qüsurla birlikdə yaradılmışdır. Dünyanın ən gözəl insanı, bu gözəlliyini ən çox bir neçə on il qoruya bilər. Yaşlandıqca dərisi qırışmağa, bədəni deformasiyaya uğramağa başlayar. Yaşlanmasına da ehtiyac yoxdur, ən böyük çirkinliklər ən gözəl insanın tam yanındadır. İnsanın bədəninə onun acizliyini göstərəcək çox qəribə mexanizmlər yerləşdirilmişdir. Bir neçə gün yuyunmasa bədənində pis qoxular meydana gəlməyə başlayar. Nə qədər cəlbedici və füsunkar olsa da ən böyük acizliyi yaşayacaq, hər kəs kimi tualetə gedəcək.

İnsanların böyük bir hissəsi bunlara alışdıqları üçün, adətən bu acizliklərdə bir "hikmət" olduğunu görə bilməzlər. Halbuki, Uca Allah qüsursuz şəkildə yaradandır. Allah istəsə insan heç bir şəkildə xəstələnməz, heç bir şəkildə ondan pis iy yayılmaz və ya heç vaxt gücsüz olmaz. Bütün bu çatışmazlıqlar insana, Uca Allaha möhtac olduğunu xatırlatmaq üçündür. Bir də yaşadığı dünya həyatının mükəmməl olmadığını, həqiqi həyatın xüsusi olaraq çatışmazlıqlarla birlikdə yaradılmış pis bir bənzəri olduğunu hiss etdirmək üçün. Dünya və axirətlə əlaqədar bir Quran ayəsi mövzunu ən gözəl şəkildə izah edir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Yaxşı, bəs onda əsl həyat necədir? Bu həyatın möminlər üçün cənnət, inkarçılar üçün də cəhənnəm kimi iki yerə ayrıldığını hamı bilir. Amma "cahiliyyət" cəmiyyəti cənnət və cəhənnəm mövzusunda da, həqiqətlə uyğunlaşmayan bir çox dünyagörüşü və xurafat meydana gətirmişdir. Bu səbəblə də axirətdəki mühiti ancaq Quran ayələrindən lazım olduğu kimi öyrənərik.

 

10 / total 16
"Harun Yəhyanın Həqiqəti Düşündünüz mü? kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top