Mömünlərin bir-birilərinə olan sevgiləri

Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Allah insan fitrətini sevməkdən və sevilməkdən, dostluqdan, yaxınlıqdan zövq alacaq, xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqına uyğun yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluq və sevgi içində yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha artıq zövq verir. Buna görə Allahın sevdiyi və razı qaldığı qullarına vəd verdiyi cənnət həqiqi sevginin, dostluğun və yaxınlığın əbədi olaraq böyük coşğunluqla yaşanacağı qeyri-adi gözəlliyə malik yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi ayələrdə daima sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və əmin-amanlıqdan bəhs edilir. Sevgi və dostluğun qarşısını alan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Allah bir ayədə cənnətə girən möminlərin qəlblərindən kinin çıxarıldığını bildirmişdir (Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, inciklik, küskünlük kimi sevgi və dostluğa mane olan bütün mənfi xüsusiyyətlər cənnətdən kənardır.

Cənnətlə müjdələnən müsəlmanların əsas xüsusiyyətlərindən biri onların dünya həyatında olarkən də Allahın elçilərini, peyğəmbərlərini və Allahın rizasını diləyən bütün müsəlmanları çox sevmələridir. Quranda möminlər arasındakı bu sevgi və dostluq belə bildirilir:

 "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, rüku edərək namaz qılır və zəkat verirlər" (Maidə surəsi, 55)

 İman gətirənlər Allahın rizasını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə yaxınlıq hiss edir, onları özlərinə yaxın dost tuturlar. Hər cür şəraitdə onlarla birlikdə olmaqdan böyük zövq alırlar. Bütün müsəlmanlara böyük vəfa və sədaqətlə bağlıdırlar. Bu sevgi əsil-nəcabət, milliyyət kimi şərtlərə və ya hər hansı mənfəətə əsaslanmır. Pulun, mövqeyin, mədəniyyət fərqinin və ya maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allahın razı olduğu insandan möminlər də razıdır. Allah yolunda olan əməlisaleh möminlər Allah’ın ən sevdiyi qullarındandır. Buna görə möminlər də bir-birlərini çox sevir və bir-birlərinə çox bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətindən bəhs edilir. Bu ayələrdən bəziləri bunlardır:

 “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönələsiniz!” (Ali-İmran surəsi, 103)
 “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də qardaşlarınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!” (Hucurat surəsi, 10)
 "Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!" (Saff surəsi, 4)

 Başqa ayədə isə Allah möminlər arasındakı bu sevgini belə bildirir:

 "Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində ehtiyac duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!”"(Həşr surəsi, 9)

 Möminlər iman gətirən hər kəsi doğma qardaş qəbul edirlər. Başqa möminin xeyrini, rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanla və Quran əxlaqına uyğun yaşamaqla qazanılır. Allah bir ayədə iman gətirib saleh əməl sahiblərinə Öz Qatından sevgi yaradacağını belə bildirmişdir:

 "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq" (Məryəm surəsi, 96)

 Peyğəmbərimiz (s.ə.v.) isə sevginin əhəmiyyətini və həqiqi sevgini duyan möminlərin üstünlüyünü bir hədisində belə bildirmişdir:

Hz. Ömər (r.a.) rəvayət edir: “Rəsulullah (əleyhissəlatu vəssəlam) buyurdu ki: “Allahın qulları arasında bir qrup var ki, onlar nə peyğəmbərlər, nə də şəhidlərdir. Üstəlik, qiyamət günü Allah qatındakı mövqelərinin ucalığına görə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edəcəklər.” Orada olanlar soruşdu: ” Ey Allahın Rəsulu! Onlar kimdir, bizə xəbər ver!” “Onlar aralarında nə qan qohumluğu, nə də bir-birlərinə bağışladıqları mal olmadığı halda Allahın ruhu (Quran) naminə bir-birlərini sevənlərdir. Allaha and içirəm, onların üzü mütləq nurdur. Onlar bir nur üzərindədirlər. Xalq qorxduqda onlar qorxmazlar. İnsanlar kədərləndikdə onlar kədərlənməzlər.”

İman gətirənlərin bir-birlərinə olan bu sevgilərinin əsl mənbəyi isə Allaha olan dərin sevgiləridir. Dünya həyatındakı məqsədləri Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olan möminlər bütün həyatlarını Allah üçün yaşayırlar. Quranın “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”  (Ənam surəsi, 162) ayəsi ilə bildirildiyi kimi, gördükləri hər işdə, hər davranışda Allahın rizasını qazanmağı hədəfləyirlər. Hər şeylərini Allahın razılığını qazanmağa sərf edən möminlərin sevgiləri də ancaq Allah üçündür. Allahı bütün isimləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, rəhmətini, sevgisini və şəfqətini həyatı boyu hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Möminlərə qarşı sevgiləri də, təməli Allah sevgisinə əsaslandığı və Allah’ın rizasını qazanmaq üçün sevdiklərinə görə güclü və dərindir. İman gətirənlərlə aralarındakı dostluğun axirətdə əbədiyyən davam edəcəyini bilmələri bu sevgilərini güclü və daimi edən başqa bir səbəbdir.

Peyğəmbərimiz (s.ə.v.) hədislərində möminlərin bir-birlərinə olan sevgilərinin Allah rizası üçün olduğunu belə xatırlatmışdır:

Hz. Əbu Zərr (r.a.) rəvayət edir: “Rəsulullah (əleyhissəlatu vəssəlam) buyurdu: “Ən fəzilətli əməl Allah üçün sevmək, Allah üçün sevməməkdir”

“İman əlaqəsinin ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənlik, Allah üçün sevgidir.”

Allahı çox sevən, Allahdan qorxan, Onun razılığı üçün səmimi cəhd göstərən möminlər dünyaya gözəllik qazandıran xeyirli insanlardır. Bu üstün əxlaqlarına görə Allahın yaratdıqlarını da sevir, onlara qarşı şəfqət və mərhəmət hiss edir, onları qorumaq, onlara xeyir və gözəllik bəxş etmək istəyirlər. Allah möminlərin qəlblərindəki imanlarından, Allah qorxularından qaynaqlanan bu gözəl sevgiyə və Rəbbimizə dərin bağlılıqlarının əvəzində onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracağını müjdələmişdir.

İman gətirənlərin bir-birlərinə Allahı və möminləri sevməyi xatırlatması çox mühüm ibadətdir. Hər mömin cənnət sevgisini dünyada olarkən yaşamağa çalışmalı, yeganə dost olan Rəbbimizə və möminlərə sevgi və vəfa ilə bağlanmalıdır.

 MÖMİNLƏRİN SEVGİ VƏ HƏMRƏYLİKDƏN İRƏLİ GƏLƏN MƏNƏVİ GÜCLƏRİ

 Allaha və axirətə inanmayan insanların sevgi və dostluğunun kökündə əsasən dünyəvi dəyərlərə verilən əhəmiyyət və dünyəvi mənfəət durur. Bu insanlar birləşərək bir növ qarşılıqlı mənfəət üçün saziş bağlayır, qarşılıqlı şəkildə bir-birinə dəstək olur və beləliklə, müştərək mənfəət əldə etməyə çalışırlar. Tərəflərdən birinin mənfəət verən cəhəti aradan qalxdıqda ittifaq da pozulur. Bu şərtlər əmələ gəldikdə digər insanların çətin vəziyyətdə qalması və ya dəstəyə ehtiyacı olması digər tərəfin heç diqqətini cəlb etməz. Çünki qurulan bu ittifaq sadəcə güc birliyindən və mənfəət gözləntisindən qaynaqlanmışdır. Ona görə də gözləntilər yox olduqda birliyin pozulması da olduqca təbiidir. Allahın “…  Sən onların həmrəy olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.” (Həşr surəsi, 14) ayəsi ilə insanlara xəbər verdiyi kimi, iman gətirməyənlər nə qədər həmrəy görünsələr də, əslində elə deyillər.

Dünyadakı insanlar arasında həqiqi dostluq və ittifaq əmələ gətirən yeganə güc ancaq “iman”dır. Məhşər günündən qorxan möminlər dostluqları ilə dünyada başlayıb axirətdə də əbədi davam edəcək möhkəm ittifaqın əsasını qoyurlar. Bir-birlərini heç bir mənfəət güdmədən, xalis niyyətlə və sadəcə Allah rizası üçün sevir, Allah rizası üçün dost olurlar. Təməli Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu əlaqənin pozulması Allahın istəyi xaricində heç cür mümkün deyil.

İman gətirənlər Allah rizası üçün bir-birlərinə olan sevgilərindən aldıqları güclə böyük mənəvi güc əldə edirlər. Bir ayədə “…  Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə surəsi, 249) sözləri ilə bildirildiyi kimi, qəlblərindəki imanla az sayda olsalar da, mənəvi cəhətdən böyük çətinliklərə qalib gələcək şövq və iradə qazanırlar. Gözəl əxlaqlarına görə Allah’ın yardımını və dəstəyini qazanırlar. Allahın “… əgər möminsinizsə, siz üstünsünüz!” (Ali-İmran surəsi, 139) ayəsilə bildirdiyi kimi, heç kimin aralarındakı münasibəti poza bilmədiyi, gücünü qıra bilmədiyi mənəvi qüvvə əldə edirlər.

Öz aralarında isə səmimi şəkildə Allahın rizasını istədikləri üçün heç vaxt qarışıqlıq, anlaşılmazlıq və ya ixtilafla qarşı-qarşıya gəlməzlər. Çünki Allahın sözü birdir. Quran ayələri açıq-aşkardır. Bütün inananlar Qurana qeyd-şərtsiz tabe olduğu və həmişə Allahın rizasının ən çoxunu qazanmaq üçün hərəkət etdiyi üçün ahəng və nizam meydana gəlir. Bütün işləri axıcı şəkildə asanlıqla həll olunur. Öz mənafelərinə zidd olduqda hər biri Quran əxlaqının və möminlərin mənafeyini güddükləri, qardaş-bacılarının nəfslərini öz nəfslərindən üstün tutuqları üçün güclü birlik qurulur.

Möminlər bir-birlərilə sonsuz axirət yoldaşı olmağa niyyət etdiklərinə görə dərin sevgi, hörmət və sədaqətlə bir-birlərinə bağlanırlar. Buna görə əsla rəqabətə, çəkişməyə və ya ixtilafa imkan vermirlər. Nə qədər çətinlik və ya sıxıntı ilə qarşılaşsalar da, Allah qorxularına və səmimi imanlarına görə ümidsizliyə qapılmaz, iradəsiz davranmazlar. Birində bir qüsur oduqda, digəri gözəl əxlaqla ona dəstək olub yaxşılığa təşviq edir. Daima bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirdiklərinə görə imanları daha da güclənir, gücləri artır. Məqsədləri, cəhdləri və duaları həmişə eyni olan möminlərin imanları və sevgilərindən doğan bu mənəvi güclərini Bədiüzzaman Said Nursi bir sözündə belə bir nümunə ilə dilə gətirmişdir:

… Çünki necə ki insanın bir əli digər əli ilə rəqabət aparmaz, bir gözü digər gözünü tənqid etməz, dili qulağına etiraz etməz, qəlb ruhun ayıbını görməz. Bəlkə bir-birinin nöqsanını tamamlayır, qüsurunu örtür, ehtiyacını ödəyir, vəzifəsinə yardım edir, yoxsa o vücudu-insanın (insan bədəninin) həyatı sönər, ruhu qaçar, cismi də dağılar. Necə ki, bir fabrikin çarxları bir-birilə rəqabətlə mübarizə aparmaz, bir-birinin önünə keçməyə çalışmaz, bir-birinin qüsurunu görərək tənqid etmək məqsədilə şövqünü qırıb ümidsizliyə salmaz. Bəlkə bütün məziyyətlərilə bir-birinin hərəkətini ümumi məqsədə yönəltmək üçün kömək edərlər, həqiqi həmrəylik və birliklə yaradılış qayələrinə doğru irəliləyərlər. Əgər zərrə miqdarda hücum, zorbalıq qarışsa, o fabriki qarışdıracaq, nəticəsiz, meyvəsiz qoyacaq. Fabrikin sahibi də o fabriki tamamilə dağıdıb məhv edəcək… 

Bədiüzzamanın çəkdiyi bu misal möminlərin arasındakı sevgidən qaynaqlanan birlik və bərabərliyinin başa düşülməsi üçün çox vacibdir. İmanlarından qaynaqlanan səmimi sevgi və ixlaslarına görə eynilə fabrikin çarxlarının birləşərək böyük güc əmələ gətirməsi kimi, onlar da bir-birlərinə olan sevgi və bağlılıqları ilə sarsılmaz mənəvi güc qazanırlar.

 PEYĞƏMBƏRİMİZİN (S.Ə.V.) SEVGİNİ TÖVSİYƏ EDƏN SÖZLƏRİ

 Mikdam İbn Madikərib (r.a.) belə rəvayət edir:

“Rəsulullah (aleyhissəlatu vəssəlam) buyurdu: “Biriniz qardaşının əxlaqını (Allah üçün) sevirsə, bunu ona söyləsin.”

Ata əl Xorasan rəvayət edir: “Rəsulullah (əleyhissəlatu vəssəlam) buyurdu: “Əl sıxın ki, qəlblərinizdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə sevgi doğsun və aradakı düşmənçilik bitsin.”

“Hədiyyələşin, bir-birinizi sevin, bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar.”

“Allah Qatında ən sevimliniz dostluq quran və onunla dostluq qurulanlardır. Allah nəzdində isə ən sevimsiziniz də dostlarının arasını vuranlardır.”

“İki qardaş (iki dost) iki əl kimidir, biri digərini yuyur.”

“Bir-birinizə arxa çevirməyin, bir-birinizə kin bəsləməyin. Bir-birinizi qısqanmayın. Bir-birinizlə dostluğunuzu kəsməyin. Ey Allahın qulları, qardaş olun.”

“Sizə verdiyi nemətlərinə görə Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin.”

“Allah üçün təvazökar olanı Allah ucaldar. Təkəbbürlənəni Allah alçaldar. Allahı çox zikr edəni Allah sevər.”

2013-12-25 20:54:12

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top