Hz. İsanın (ə.s) həyatı, mübarizəsi və üstün əxlaqı

Tarixi mənbələrə əsasən, hz. İsa təqribən 2000 il əvvəl yaşamış Allah`ın dünyada və axirətdə seçdiyi elçisidir.

Allah`ın üstün xüsusiyyətlər bəxş etdiyi, əbədi cənnət yurdu ilə müjdələdiyi bu dəyərli elçisinin gətirdiyi haqq dinin adı bu gün yer üzündə qalsa da, özü təhrif olunmuşdur. Allah`ın hz. İsaya vəhy etdiyi İncilin də sadəcə adı qalıb, ancaq əsli yoxdur. Xristian mənbələri təhrif olunmuşdur. Ona görə, bu gün hz. İsa haqqında doğru məlumatları bu mənbələrdən əldə etmək mümkün deyil. Hz. İsa haqqında doğru məlumatı ancaq Allah`ın qiyamətə qədər qoruyacağı Qurandan ala bilərik. Quranda hz. İsanın doğulması, həyatı, bu müddətdə başına gələn hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hz. İsanın yəhudilərə necə təbliğ etdiyi də bir çox nümunə ilə xəbər verilmişdir. “Ali-İmran” surəsində Rəbbimiz belə buyurur:

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah`dan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur”. (Ali-İmran surəsi, 50-51)

Hz. İsanın bu dəvətini yəhudilərin çoxu qəbul etməmiş, ancaq az sayda həvari ona tabe olmuşdur. Quranda bu səmimi insanlar haqqında belə bildirilir:

İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allah`ın  yardımçıları! Biz Allah`a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali-İmran surəsi, 52-53)

Əhdi-cədidə (Bibliyanın ikinci hissəsi) görə, hz. İsa yanında 12 tələbəsi ilə birlikdə Fələstinin hər tərəfinə səyahət etmişdir. İnsanları Allah`a iman gətirməyə dəvət etmək üçün səyahət edərkən Allah`ın izni ilə müxtəlif möcüzələr göstərmişdir. Xəstə, şikəst insanları, cüzam xəstəliyinə tutulanları sağaltmış, anadangəlmə korların gözlərini açmış, ölüləri diriltmişdir. Bu möcüzələr Quran ayələrində belə xəbər verilir:

“Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah`ın izni ilə quş olar. Allah`ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim... (Maidə surəsi, 110)

Hz. İsa böyük möcüzələr göstərmiş, insanlar onun möcüzələrindən çox təsirlənmişlər. Ancaq hz. İsa daima bu möcüzələrin Allah`ın izni ilə baş verdiyini bildirmişdir.

Maneələrə baxmayaraq, təzyiq və zülm altında yaşayan xalqın arasında hz. İsaya inananların sayı artmağa başlamışdı. Bu dövrdə hz. İsa və həvariləri bütün ətraf qəsəbələri və şəhərləri dolaşmışlar. Bu zaman rahiblər illərdir davam etdirdikləri adət-ənənələrinin batil cəhətlərini açıqlayan, səhv yolda olduqlarını izah edən, onları ancaq Allah`a iman gətirib Allah üçün yaşamağa çağıran hz. İsaya tələlər hazırlamağa başlayırlar.

Quranda hz. İsanın Allah dərgahına qaldırıldığı və ona bənzər birisinin hz. İsa zənn edilərək öldürüldüyü xəbər verilmişdir. Hz. İsa bütün peyğəmbərlər kimi qövmünü Allah`a iman gətirməyə, könüldən təslim olub Allah`ın rizasını qazanmaq üçün yaşamağa, günahlardan və pisliklərdən çəkinməyə, yaxşı işlər görməyə dəvət etmişdir. Onlara dünya həyatının müvəqqəti, ölümün yaxın olduğunu xatırlatmış, axirətdə hər insanın bütün əməllərinə görə sorğu-sual olunacağını bildirmişdir. İnsanları ancaq Allah`a ibadət etməyə və ancaq Allah`dan qorxub-çəkinməyə çağırmışdır. İncildə də bu mövzularla bağlı çoxlu sayda öyüd-nəsihətə rast gəlmək mümkündür. Hz. İsa İncildəki ifadə ilə imanı az olanlara öyüd verir, insanlara Allah`ın hakimiyyətinin yaxın olduğunu müjdələyir və onları Allah`dan bağışlanma diləməyə dəvət edir.

Hz. İsa hz. Musanın şəriətinə, yəni əsl Tövratın hökmlərinə bağlı qalmış, yəhudilərə də bu hökmlərdən uzaqlaşdıqlarına, hökmləri qeyri-səmimi, göstəriş məqsədilə yerinə yetirdiklərinə görə xəbərdarlıq etmişdir. Əhdi-cədidə əsasən, ona qarşı çıxan yəhudilərə: “Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o, Mənim barəmdə yazıb” (Yəhya, 5:46) - demişdir. Hz. İsa insanları əsl Tövrata dəvət etmişdir. Matta İncilində hz. İsanın müqəddəs qanuna, yəni hz. Musanın şəriətinə tabe olmaq üçün əmr etdiyi belə bildirilir:

... Mən onları ləğv etmək üçün yox, tamamlamaq üçün gəldim... (Matta, 5:17)

Quranda da hz. İsa haqqında belə xəbər verilir:

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah`dan qorxun və mənə itaət edin. (Ali-İmran surəsi, 50)

Hz. İsanın mübarizəsi

Hz. İsanın gəldiyi dövrdə yəhudilərin içində dini müxtəlif cür şərh edən bir çox məzhəb var idi. Allah`ın hz. Musaya vəhy etdiyi haqq dindən uzaqlaşmış, batil adətlər və inanclar uydurmuşdular. Bundan əlavə, bütpərəstlik də insanlar arasında yayılırdı. Bütpərəstliyin təsiri altındakı bəzi yəhudi məzhəbləri isə tövhid inancı əvəzinə bu batil inancın simvollarını, heykəllərini qoymağa başlamışdılar.

Quran ayələrindən hz. İsanın dinləri haqqında ixtilafa düşənlərə yol göstərdiyi başa düşülür. İncildəki təriflərdən də hz. İsanın, əvvəlcə, saxta din adamlarını, Allah`a şərik qoşan müşrikləri, dindar görünərək xalqı aldadanları bu əməllərindən çəkinməyə, səmimiyyətlə Allah`a iman gətirməyə dəvət etdiyi başa düşülür. Əhdi-cədidə əsasən, hz. İsa təbliğ edərkən bir tərəfdən də şiddətli zülm görən xalqa yaxında Allah`ın hakimiyyətinin qurulacağını söyləyərək inanclarını canlandırmışdır. Bu zaman hz. İsanın hz. Davudun nəslindən olması xəbəri xalq arasında yayılmış və onun gözlənilən Məsih olduğu inancı dalğa-dalğa yayılmışdır (Matta, 9:28-35). Bütün bunlar isə mənfəətpərəst xurafatçı din adamlarını və Romanın gətirdiyi bütpərəstliyi qəbul edənləri narahat etmişdir.

Əhdi-cədidə görə, bu insanlar hz. İsanın təbliğinə mane olmaq üçün hər fürsətdən istifadə etmiş, ancaq hər dəfə məğlub olmuşdular. Hz. İsanın onların iddialarını tamamilə təkzib edən cavablar verməsi və hikmətli açıqlamaları din adamlarını çox narahat etmişdir. Bəzi yəhudi rahibləri Tövratın hökmlərini dəyişdirmişdilər, öz mənfəətlərinə uyğun hökmlər əlavə etmişdilər. Hz. İsa yəhudilərə verdiyi öyüdlərlə bu saxta hökmləri aradan qaldırırdı. Hz. İsa hz. Musanın gətirdiyi saf dinə qarışmış batil adətləri, xurafatları, insanların qadağalarını təmizləyirdi.

Peyğəmbərlər Allah`ın onlara verdiyi vəzifəni layiqincə yerinə yetirmiş, insanları hidayətə dəvət etmək üçün əllərindəki imkanlardan istifadə etmişlər. Hz. İsa da ona qurulan tələlər, atılan böhtanlar və hücumlara səbir etmiş, Allah`a təvəkkül edib təbliğinə davam etmişdir. O, yanında az sayda köməkçisi olmasına baxmayaraq, daima qalib gəlmişdir. Təbliğ zamanı dini əslinə qaytarmaq, xurafat və bidətlərdən təmizləmək üçün bir çox yola əl atmışdır. Rəbbimizin ona verdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına təsirli nitqlər söyləmiş, hikmətli məsəllər çəkmişdir.

Hz. İsa insanları ancaq Allah`a iman gətirməyə dəvət etmiş, din əxlaqının hakim olacağını müjdələmiş, batil inanclarla, xurafatçılarla və bütpərəstlərlə mübarizə aparmış, dünyanın imtahan yeri olduğunu nümunələr çəkərək açıqlamış, qövmünün əxlaqını düzəltmək üçün səy göstərmiş, üstün əxlaqı ilə də ətrafındakı insanlara gözəl örnək olmuşdur. Ancaq bütün bu fəaliyyətlər düşmənlərinin daha sərt rəftarına, onu öldürmək üçün tələ qurmalarına yol açmışdır.

Hz. İsanın üstün əxlaqi xüsusiyyətləri

Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. İsa haqqında çoxlu mühüm məlumatlar verilib. Hədislərdə bu mübarək şəxsin xarici görünüşü haqqında bəzi məlumatlar var. Hədislərə əsasən, hz. İsa orta boylu, qırmızıya çalan ağ dərili, çox gözəl görünüşlü insandır. Saçı uzundur, çiyinlərinə tökülür. Yun paltar, ayağına ağac qabığından hazırlanmış səndəl geyinir. Hz. İsa dünyadan üz çevirib, axirəti istəyir, Allah`a ibadətlə vaxt keçirirdi. Hər görənin heyran qaldığı bu mübarək insan hədislərdə belə tərif edilir:

“Mən bu gecə yuxuda özümü Kəbədə gördüm. Birdən qarabuğdayı bir nəfər gördüm. Sanki o qarabuğdayı insanlar arasında ən gözəli idi, saçı iki kürəyinin arasına tökülmüşdü. Təmizlənmişdi, saçından su damcılayırdı. İki əlini iki nəfərin çiyninə qoyaraq Beyti təvaf edirdi. “Bu kimdir?” deyə soruşdum. Onlar: “Bu, Məryəmin oğlu Məsihdir” dedilər.”

“... Elə isə, onu gördükdə tanıyacaqsınız. O, orta boylu, ağ-çəhrəyı dərili insandır, sarı geyimdə olacaq.”

Allah`ın seçib göndərdiyi hər peyğəmbər kimi, hz. İsa da bütün üstün əxlaqi xüsusiyyətlərə malikdir. Onu digər insanlardan fərqləndirən ən əsas xüsusiyyətlərindən biri insanların onu görən kimi yüksək əxlaqından və şəxsiyyətindən təsirlənmələridir. Hz. İsa Allah`a təvəkkülü və imanı ilə çox qətiyyətli, cəsarətli, cəmiyyətin təsiri altında qalmayan, əksinə, hər kəsə təsir edən, güclü insandır. Bütün peyğəmbərlərə məxsus olan bu üstünlük ayələrdə belə bildirilir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq... Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allah`ın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir... (Ənam surəsi, 83-88)

Digər peyğəmbərlər kimi hz. İsa da ədalətdən ayrılmayan, təvazökar, şəfqətli, səmimi, dürüst, fədakar insan kimi Allah`ın seçdiyi peyğəmbərlərdəndir. Bir ayədə Allah hz. İsa haqqında belə buyurur:

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh ilə qüvvətləndirdik... (Bəqərə surəsi, 253)

Hz. İsanın həyatına baxdıqda bu üstün əxlaqi xüsusiyyətlərini görmək mümkündür. Hz. İsa həqiqi dini insanlara təbliğ edən hidayət rəhbəridir. O, həm Allah`ın bütün əmr və tövsiyələrinə ciddi riayət edən, həm də doğru dini təbliğ edərək insanları xurafatlardan təmizləyən yolgöstəricidir. Quranda hz. İsanın Allah`ın bildirdiyi ibadətləri və digər əmrləri cidd-cəhdlə yerinə yetirdiyi belə bildirir:

Dedi: “Həqiqətən də, mən Allah`ın quluyam! O, mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi... (Məryəm surəsi, 30-32)

Hz. İsa yer üzündə olduğu müddətdə doğrunu yanlışdan ayırmış, hikmətli, təsirli danışmışdır. Düşmənlərinin onu alçaltmaq üçün pis niyyətlə verdiyi suallara hikmətli, ağıllı cavablar vermiş, düşmənlərinin bütün cəhdlərini boşa çıxarmışdır. O, qövmünün əks münasibətinə baxmayaraq, həmişə təvəkküllü olmuş, Allah`a güclü imanı və ixlası ona güc vermiş, Allah`ın varlığını ən təsirli yollarla təbliğ etmişdir.

Hz. İsa digər peyğəmbərlər kimi təbliğində açıq-aydın, xalqın başa düşəcəyi üslubdan istifadə etmişdir. Verdiyi hikmətli nümunələr insanların vicdanını hərəkətə keçirmiş, onları dərin düşünməyə, Allah`ın rizasına uyğun davranmağa təşviq etmişdir. Hz. İsanın təbliğindən onun Allah`a sevgisi, dərin imanı və Allah`ın əmrlərini yerinə yetirmə cəhdi məlum olur. Təbliğ üslubu onun Allah`ın seçib-bəyəndiyi, insanlardan üstün etdiyi mübarək insan olduğunu göstərir.

Hz. İsa (ə.s) yer üzünə yenidən qayıdacaq

Hz. İsanın (ə.s) doğulması, həyatı və Allah dərgahına qaldırılması Rəbbimizin təqdiri ilə möcüzəvi şəkildə baş vermiş, bu mübarək peyğəmbərin möcüzəvi həyatı Quranda hərtərəfli təsvir edilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq hz. İsa (ə.s) müxtəlif cəhətləri ilə digər peyğəmbərlərdən fərqli mövqeyə malikdir. Allah`ın üstün elmlərlə dəstəklədiyi bu dəyərli qulu Allah`ın lütfü ilə hələ beşikdə ikən danışmış və Allah`ın lütfü ilə dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir.

Onun xüsusi mövqeyinin digər dəlili də Allah dərgahına qaldırılması və yenidən dünyaya göndəriləcəyinin Quranda bildirilməsidir.

Quranda inkarçıların hz. İsanı (ə.s) öldürmək məqsədilə tələ qurduğu xəbər verilir. Rəvayətlərə görə, hz. İsanın (ə.s) yanındakılardan birinin xəyanəti ilə Allah`ın elçisini həbs edib romalılara təslim etmək istəyiblər. Bu tələnin sonu Quranda belə bildirilir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)

Ayədə də bildirildiyi kimi, hz. İsanı (ə.s) öldürməyə çalışmış, tələ qurulmuşdur. Ancaq onlar hz. İsanı (ə.s) öldürə bilməmişlər, onun bir bənzərini hz. İsa (ə.s) zənn edərək öldürmüşlər. Allah hz. İsanı (ə.s) diri olaraq Öz dərgahına yüksəltmiş, inkarçıların tələsini boşa çıxarmışdır:

Bir də: “Həqiqətən, biz Allah`ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 157-158)

Romalıların hz. İsanı (ə.s) çarmıxa çəkərək öldürməsi xristianlar arasında yayılıb. Bu yanlış məlumata əsasən, hz. İsanı (ə.s) həbs edən romalılar  onu çarmıxa çəkib öldürüblər. Tarixdə bəzi xristian məzhəbləri bunu inkar etsə də, dövrümüzdə, demək olar ki, bütün xristian aləmi hz. İsanın öldürüldüyünü qəbul edir, öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Quran ayələrində hz. İsanın (ə.s) ölmədiyi və öldürülmədiyi, inkarçılara onun bənzərinin göstərildiyi, hz. İsanın (ə.s) diri olaraq Allah dərgahına yüksəldildiyi bildirilir:

Bir də: “Həqiqətən, biz Allah`ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” (qatəlna)– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər (ma qatələhu), nə də çarmıxa çəkdilər (ma saləbə). Onlara ancaq (İsanın) bənzəri göstərildi (şubbihə). Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər (ma qatələhu). (Nisa surəsi, 157)

Həmin ayənin davamında hz. İsanın (ə.s) ölmədiyi belə bildirilir:

Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 158)

Allah insanlara hz. İsanın bənzərini göstərmiş və hz. İsanı (ə.s) inkarçıların qurduğu tələdən qoruyaraq Öz dərgahına yüksəltmişdir. Habelə, Allah hz. İsanın öldüyünü iddia edənlərin, əslində, bu barədə məlumatı olmadığını da bildirir.

Hz. İsanın yer üzünə yenidən gələcəyi müsəlmanlar üçün çox vacibdir. O, Allah`ın möcüzəsi ilə atasız doğulmuş, İsrail oğullarını doğru yola dəvət etmiş, onlara çoxlu möcüzələr göstərmiş peyğəmbərdir. Məsihdir və Qurana əsasən, Allah`ın sözüdür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə Allah`a inanan, eyni əxlaqi dəyərlərə malik, Qurana görə bir-birlərinə sevgi-dostluq baxımından ən yaxın olan (Maidə surəsi, 82) xristianlarla müsəlmanlar arasındakı ixtilaflar aradan qalxacaq və dünyanın bu iki böyük cəmiyyəti birləşəcək. Yer üzündəki üçüncü İlahi dinin mənsubları, yəni yəhudilər də həqiqi Məsihləri olan hz. İsaya iman gətirərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləliklə, üç ilahi din birləşəcək, yer üzündə Allah`a iman və Onun peyğəmbəri hz. İsaya itaət təməli üzərində qurulan bir din qalacaq. Bu din Allah`ı inkar edən fəlsəfi cərəyanları və bütpərəst inancları ideoloji cəhətdən məğlub edəcək, beləliklə, dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçilikdən, zülm və haqsızlıqdan xilas olacaq, Qızıl Əsr başlayacaq, bəşəriyyət sülh və əmin-amanlıq içində xoşbəxt yaşayacaq. 

2014-04-25 16:26:06

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top