Növbəti Ramazan ayına girərkən İslam dünyası hansı vəziyyətdədir?

Dünya əhalisinin təqribən dörddə birini təşkil edən müsəlmanlar növbəti Ramazan ayını sevinc və həyəcan içində qarşılamağa hazırlaşırlar. Bir ildir həsrətlə gözlədikləri bu rəhmət və bərəkət ayına yenidən qovuşmağın xoşbəxtliyini yaşayırlar. Orucların, iftarların, sahurların mənəvi ləzzətini bir daha dadmağı səbirsizliklə gözləyirlər.

Həqiqətən Ramazan ayı müsəlmanların nöqsanlarından, günahlarından təmizlənib tövbə etmələri, imanlarını dərinləşdirmələri və nəfslərini tərbiyə etmələri üçün dəyərli fürsətdir. Allahın verdiyi nemətləri daha yaxşı dərk edib lazımınca şükür etmələri, bir tərəfdən də bu nemətlərdən məhrum olan, aclıqla, yoxsulluqla, əzab-əziyyətlə imtahan olunan qardaşlarının vəziyyətini bir qədər də olsa hiss edib dərk etmələri üçün mühüm fürsətdir.

Peyğəmbərimiz (səv), "Qonşusu ac olduğu halda, tox yatan kəs bizdən deyil" (Hâkim, II, 15; Heysemî, VIII, 167) deyə buyurur. Halbuki nəinki qapı qonşumuz, demək olar ki, İslam aləminin dörddə üçündə yaşayan qonşularımız növbəti Ramazan ayına aclıq, yoxsulluq, səfalət və pərişanlıq içində girir. Bu qardaşlarımız Liviyadan Suriyaya, Somalidən Yəmənə, İraqdan Şərqi Türküstana və Myanmaya qədər uzanan bir ərazidə müharibə, qarşıdurma, bombalama, işğal, sürgün, işgəncə, zülm, təhqir və haqsızlıqlar içində Ramazan ayını keçirməyə hazırlaşır.

İslam dünyasındakı bu qorxunc mənzərəyə qısaca nəzər salaq:

2011-ci ilin mart ayından etibarən qan dənizinə çevrilən Suriyada indiyə qədər 500 minə yaxın ölü, 2 milyona yaxın yaralı var. 4 milyondan çox suriyalı xarici ölkələrdə qaçqın vəziyyətindədir. Ölkə daxilində də yerindən, yurdundan məhrum edilmiş təqribən 8 milyon suriyalı yaşamaq uğrunda mübarizə aparır. Bu məzlum insanların da gündəlik həyatları bir tərəfdən evlərin, məktəblərin, xəstəxanaların, bazarların üstünə atılan barel bombalarından, raketlərdən qaçmaqla, digər tərəfdən də aclıq, susuzluq və yoluxucu xəstəliklərlə boğuşmaqla keçir.

2003-cü ildə ikinci dəfə 2 milyon insanın ölümü ilə nəticələnən ABŞ bombardmanları ilə alt-üst olan, sonradan 8 illik ABŞ işğalından çıxan İraq bu gün də məzhəb savaşları, intihar və terror hücumlarına qarşı mübarizə aparır. Korrupsiya dövlət sistemini bürüyərkən müsəlman xalq da yoxsulluq, səfalət və qorxu içində yaşayır.

Yəməndəki vətəndaş müharibəsi nəticəsində təqribən 8 min insan öldü, 17.000 yaralandı, 3 milyon əlil oldu. 2.5 milyon müsəlman yurdundan məhrum oldu. Müsəlmanlar vətəndaş müharibəsi, radikal terror, aclıq, susuzluq və yoluxucu xəstəliklərlə əhatə edilmiş vəziyyətdədir. Koalisiya təyyarələri tərəfindən bombalanan mülki yaşayış yerlərində ölən vətəndaşların sayı-hesabı yoxdur. Qida, təmiz su və sağlamlıq imkanları təmin edilə bilmədiyinə görə hər gün yüzlərlə uşaq həyatını itirir.

Liviyada Qəddafinin devrilməsindən sonra ortaya çıxan əks qruplar arasındakı toqquşmaların miqyası və intensivliyi gündən-günə artır. Olan yenə arada qalan məzlum dinc müsəlmanlara olur. Ölkədə 2.5 milyon müsəlman humanitar yardıma möhtacdır.

Əfqanıstanda, Pakistanda, Yəməndə, İraqda və Suriyada pilotsuz uçan aparatların şəhid etdiyi günahsız mülki şəxslərin statistikası belə aparılmır.

Myanmanın Arakan bölgəsində yaşayan Rohinca müsəlmanları buddist rəhbərlik tərəfindən zülmlərə məruz qoyulur. Müsəlmanlar vətəndaş kimi qəbul edilmir. Məktəbə getmək, dinini yaşamaq, evlənmək, səyahət etmək, mülk sahibi olmaq kimi ən fundamental insan hüquqları əllərindən alınır. Evləri yandırılır, təcavüz, işgəncə və zorakılığa məruz qalırlar. Son illərdə getdikcə artan şiddət hadisələri nəticəsində yüzlərlə Rohinca müsəlmanı həyatını itirdi, yüz minlərləsi də evlərini tərk edərək köç etmək məcburiyyətində qaldı. Köç edənlər də Banqladeş kimi bəzi qonşu ölkələrə qəbul edilmədikləri üçün görünməmiş çarəsizlik içindədirlər. Malayziya, Tailand, İndoneziya kimi ölkələrə qəbul edilən rohincaların vəziyyəti isə qeyri-müəyyənliyini qoruyur. Vətənsiz, pasportsuz, müdafiəsiz qalmış bu məzlumların sağlamlığı üçün müsəlman aləminin dərhal hərəkətə keçməsi lazımdır.

Çin hökuməti tərəfindən 1949-cu ildən etibarən işğal və təzyiq altında saxlanılan Uyğur muxtar bölgəsindəki müsəlmanlar başda dil, din və mədəniyyətləri olmaqla sistemli şəkildə assimilyasiyaya məruz qalırlar. Şərqi Türküstandakı məzlum insanlara qarşı qətliamlar, həbs və işgəncələr, adam oğurluqları gündən-günə artır.

İşğal altındakı Fələstin və Qəzzadakı müsəlmanlar BMT qərarlarına baxmayaraq, on illərdir təzyiq, təcavüz, bombalama və embarqolardan əziyyət çəkir.

Qıtlıq və quraqlığın əskik olmadığı Somalidə uzun illər davam edən toqquşmalar nəticəsində 1.1 milyon müsəlman yurdundan məhrum oldu. BMT-nin məlumatlarına görə 1 milyona yaxın insan həyatda qalmaq üçün humanitar yardıma möhtacdır. Aclıq səbəbindən hər gün onlarla körpə və uşaq həyatını itirir. Orta Afrikada 2013-cü ilin mart ayından etibarən baş verən etnik təmizləmə dərəcəsindəki zorakılıq hadisələrində yüz minlərlə müsəlman yurdunu tərk etdi, on minlərlə insan həyatını itirdi.

Təbii zənginliklərinə Qərbin müstəmləkəçi güclərinin əl qoyduğu digər Afrika ölkələrində də müsəlmanlara qarşı zülm və qətliamlar davam edir. Müsəlmanlar idarəçilikdən uzaqlaşdırılır. Terror, şiddət, qarışıqlıq və qeyri-sabitlik mühiti daim qızışdırılaraq müsəlmanların güclənməsinin qarşısı alınır.

Müharibə və qətliamdan qaçaraq Avropa ölkələrinə sığınan qaçqınlar, insanlıqdan uzaq rəftarlara və alçaltmalara məruz qalaraq deportasiya edilir. Rezin qayıqları hərbçilər tərəfindən deşilən qaçqınlar körpə, uşaq, qoca, qadın demədən Aralıq dənizinin qaranlıq sularında boğulur. ABŞ və Avropanın müxtəlif bölgələrində müsəlmanlar terrorist kimi qəbul edilir, məhz müsəlman olduqları üçün nifrət, qəzəb, zorakılıq və qətllərə məruz qalırlar. 

Filippin, Mora, Tailand Patani, Krım, Niger, Kəşmir, Sudan... Dünyanın bir çox bölgəsində müsəlmanlar oxşar əzab-əziyyətlə, fəlakətlərlə boğuşur.

Məhz Ramazan ayı İslam dünyasının şahid olduğu bu ağır mənzərəni bütün müsəlmanların dərin təfəkkür etməsi və hər kəsin nəfsində bunun mühasibəsini aparması və əlindən gələn hər cür səyi göstərməyə qərar verməsi üçün çox önəmli fürsətdir. Dinimizin bizə əmr etdiyi birlik olma ruhunu inkişaf etdirmək, dünyadakı bütün müsəlmanların ən əsas qurtuluş yolu olacaq. Birlik olmağın mənəvi mənada böyük gücü var. Allah Öz yolunda müsəlman aləminin ittifaqını gözəl görür və bərəkətini yayır. Ramazan ayının ruhu müsəlmanlara bu ittifaq duyğusunu verən dərin və mənəviyyatı güclü ruhdur. Bu ruhu daim edib, birliyin əhəmiyyətini unutmayıb, İslamda birləşdiyimiz müddətcə, müsəlman aləmi müsəlman qardaşlarının dərdinə dərman olacaq və sülhsevər, sarsılmaz böyük güc olacaq.

 


Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi: 

http://www.nst.com.my/news/2016/06/150213/harness-spiritual-power-unity

2016-06-18 21:23:03

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top