Afrikadakı aclıq problemi dərhal həll edilməlidir

Dünyada adı aclıqla bərabər çəkilən regionların (iqlim şəraitinə görə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq çətindir) Skandinaviya və ya Qrelandiya yox, Afrika olması çox düşündürücüdür.


2017-ci ilin fevral ayında Almaniyanın “Deutsche Welle” qəzetinin internet səhifəsində “Somalidə aclıq təhlükəsi” başlıqlı yazı ilə “humanitar yardım təşkilatlarının Somalidə quraqlığa görə həyəcan siqnalı çalması” barədə məlumat verildi.[1] Anadolu agentliyinin internet səhifəsi isə bu mövzu ilə bağlı 2017-ci ilin mart ayında “Şərqi Afrikada milyonlarla insan aclıqla üz-üzə” başlıqlı xəbər yayımladı. Xəbərdə (BMT-nin məlumatına görə) Şərqi Afrika ölkələrində 23 milyon insanın ərzaq çatışmazlığına görə aclıqla qarşılaşdığı bildirilir, insan ölümlərinin başlamasının bölgə xalqının gələcəyi ilə bağlı narahatlıqları artırdığı qeyd olunurdu.[2]


“Euronews” isə “Afrikanın 4 ölkəsində olan aclıq BMT-nin üzləşdiyi ən böyük humanitar böhrandır” - deyə qeyd edərək Cənubi Sudan, Somali, Yəmən və Nigeriyada 20 milyondan çox insanın aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirdi.[3]
Bunların hamısı bu ilə aid olan xəbərlərdir. Yəni Afrikada aclıq problemi hələ də davam edir. Belə ki, BMT-nin humanitar işlər üzrə məsul baş katib köməkçisi və təcili yardım koordinatoru Stefan O’Brayn (Stephen O’Brien) beynəlxalq cəmiyyətə çağırış etdi. O’Brayn vəziyyətin gərginliyini bu sözlərlə dilə gətirdi:


 “...Hazırda dörd ölkədə 20 milyondan çox insan aclıq və qıtlıq təhlükəsi ilə qarşı-qarşıyadır. Ortaq qlobal əməkdaşlıq olmasa, bu insanlar acından öləcək”.[4]


Təbii ki, bu hal sənədli filmlərdə Afrikada qaçan ceyranları, sıx meşələri və ya Nil çayının axan sularını seyr edən avropalı və amerikalıların bir çoxu üçün başadüşülən deyil. Onlar üçün Afrika çox bərəkətli qitədir. Son illərdə Çin, yaxud da Avropa firmalarının Afrikada kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri aldıqları və icarəyə götürdüklərinə dair kütləvi informasiya vasitələrində çıxan xəbərlər bu fikri bir daha təsdiq edir.
Amma həqiqət düşünülənlərdən daha fərqlidir. Vətəndaş müharibəsi, terror, quraqlıq və insanların köçü aclığı Afrikanın daimi probleminə çevirib. Vəziyyət o həddə çatıb ki, Somalinin paytaxtı Moqadişudakı Banaadir xəstəxanasında son iki ay ərzində 47 uşaq aclıqdan həyatını itirib. BMT-nin uşaqlara yardım fondu UNİCEF Cənubi Sudan, Nigeriya, Somali və Yəmənin bəzi bölgələrində yüz minlərlə uşağın yetərsiz qidalanma, vətəndaş müharibəsi və qıtlıq səbəbindən ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirir.


Somalidəki vəziyyət narahatlıq verir. Məlum olduğu kimi, 2001-ci ildə Somalidəki quraqlığa görə 250 mindən çox insan həyatını itirib. Buna bənzər vəziyyət hal-hazırda da baş verir. Yağışsız keçən mövsümlər böyük otlaqları quraq ərazilərə çevirib. Onsuz da yoxsul olan əhali əllərindəki son bir neçə heyvanın ölməməsi üçün kilometrlərlə yol qət edərək ot axtarır. Lakin bu axtarış çox vaxt uğursuzluqla nəticələnir. BMT keçi və dəvələrin ard-arda öldüyünü bildirərək Somali xalqının yeni aclıq böhranı ilə üz-üzə olduğunu bildirir.


Aclığın quraqlıqla əlaqəli olması dəyişən iqlim şəraitini gündəmə gətirir və təbii ki, insanın təbiətə, atmosferə verdiyi zərərləri də. Məsələn, BMT-nin 5 qurumunun rəhbərlərinin birlikdə hazırladığı bir hesabatda El-Ninyodan sonra Subtropik Afrikanın bir hissəsində, cənub-şərqi və qərbi Asiyanın isə çox hissəsində qida təhlükəsizliyinin pozulduğu bildirilir.[5] Bu mövzu ilə bağlı tədbirlər görülməsi Afrikadakı quraqlığa həll yolu gətirəcək üsullardan biridir.


Digər həll yolu isə yeni qida mənbələri tapmaq, kənd təsərrüfatı və heyvandarlığı qısa zaman ərzində inkişaf etdirməkdir. Məlum olduğu kimi, bir çox inkişaf etmiş ölkə heyvanların cins tərkibinin yaxşılaşdırılması üsulu ilə quraqlığa dözümlü kiçik və böyük baş heyvanlar yetişdirir, ət və süd məhsuldarlığını artırır. Bu heyvanların aclıq bölgələrində qısırlaşdırılmadan istifadə edilməsi də həll yollarından biri ola bilər.


Afrikada aclıqla mübarizədə ən nüfuzlu təşkilat BMT-dir. Lakin BMT-nin həll yolları, adətən, vaxta və regiona istiqamətlidir. Belə ki, qəti həll yolu tapmaq əvəzinə, aclıq təhlükəsi zamanı müvafiq bölgəyə humanitar yardım çatdırmağa çalışır. Bu halı ilə BMT evinin müxtəlif yerlərindəki yanğını söndürmək üçün əlində bir vedrə su ilə qaçan adama bənzəyir. Halbuki problemi daimi böhran fondu quraraq  həll etmək mümkündür.
Bir çox ölkələrin təbii fəlakətlər üçün qurduqları fondlar var. Bunların oxşarı aclıq halları üçün BMT nəzarətində daimi hala gətirilə bilər.


Belə ki, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Gerd Müller “Passauer Neuen Press”ə verdiyi açıqlamada bu mövzudan bəhs etmişdir. Müller BMT-nin qurumlarının yetərli şəkildə maliyyələşə bilmədiyini və baş verən hər aclıq böhranında maddi dəstək istəmələrinin qəbul edilmədiyini, bununla bağlı BMT-nin “gələcəyə istiqamətli profilaktik tədbirlər” görmək üçün iş görməli olduğunu vurğulamışdır. [6]


Bütün bunlar həll yolu ola bilər, ancaq Afrikada, ilk öncə, irimiqyaslı və təcili humanitar yardım kampaniyasına start verilməlidir. Bundan başqa, gələcəkdəki quraqlıqların mənfi təsirlərini nəzarət altında saxlayan dövlət qurumları yaradılmalı və davamlı inkişaf strategiyası tətbiq edilməlidir.
Afrika qitəsindəki quraqlıqların qıtlığa çevrilməsinə mane olan mexanizmlər və həll yolu gətirən dövlət qurumlarının yaradılması, təbii ki, bir neçə dövlətin həll edəcəyi problem deyil. Bunun üçün güclü iqtisadiyyatı olan Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası  üzvlərinə (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn) böyük iş düşür. Qərb ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyətin də bu ölkələrə yardım etməsi və inkişaf məsələsində birlikdə fəaliyyət göstərmələri problemin daha çox itkiyə səbəb olmadan həll edilməsini təmin edəcək.  

 

[1] http://www.dw.com/tr/somalide-a%C3%A7l%C4%B1k-alarm%C4%B1/a-37721681
[2] http://aa.com.tr/tr/dunya/dogu-afrikada-milyonlarca-kisi-acligin-pencesinde/767187
[3] http://tr.euronews.com/2017/03/11/afrika-nin-4-ulkesindeki-aclik-bm-nin-yuzlestigi-en-buyuk-insani-kriz
[4] http://tr.euronews.com/2017/03/11/afrika-nin-4-ulkesindeki-aclik-bm-nin-yuzlestigi-en-buyuk-insani-kriz
[5] https://www.theguardian.com/global-development/2017/sep/15/alarm-bells-we-cannot-ignore-world-hunger-rising-for-first-time-this-century?CMP=share_btn_tw&utm_campaign=Twitter&utm_source=Link&utm_medium=AMS
[6] http://www.dw.com/tr/somalide-a%C3%A7l%C4%B1k-alarm%C4%B1/a-37721681
Adnan Oktarın “American Herald Tribune”da (Amerika) yayımlanan məqaləsi:
https://ahtribune.com/world/africa/1979-hunger-in-africa.html

2017-11-19 21:04:57

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top