Hər çətinliklə bərabər asanlıq vardır

Allah dünyanı insanları imtahan etmək üçün yaratmışdır və imtahan üçün insana bəzən ruzi verərək, bəzən də çətinliklərə məruz qoyaraq sınayır. Hadisələri Quranda göstərilən həqiqətlərə görə dəyərləndirməyən insanlar qarşılaşdıqları çətinlik əsnasında nə edəcəklərini bilmir, bədbinliyə və ümidsizliyə qapılırlar. Halbuki Quranda Allah’ın bununla bağlı olaraq bildirdiyi və yalnızca səmimi imana və təslimiyyətə sahib olan bəndələrinə nəsib olan bir sirr var. Bu sirri Allah belə bildirmişdir:
 

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gəlir! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gəlir!” (İnşirah surəsi, 5–6)

 
Ayələrdə bildirdiyi kimi vəziyyət nə qədər çətin və çıxılmaz görünsə də, Allah mütləq möminlər üçün o vəziyyətdən çıxmağı asanlaşdıracaq və çətinliklərini yüngülləşdirəcək. Mömin səbir etdiyi və səbrində qətiyyət göstərdiyi zaman Allah’ın bütün çətinliklərlə bərabər, həm də rahatlıq verdiyini görəcəkdir.
 
Belə ki, Allah başqa ayələrində də Ondan qorxub-çəkinən bəndələrinə yol göstərəcəyini, onlara nemət bəxş edəcəyini müjdələmişdir:
 

“... Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah’a təvəkkül etsə, Allah ona kifayət edər...” (Təlaq surəsi, 2–3)

 
ALLAH HEÇ KƏSİ GÜCÜ ÇATMAYAN YÜKLƏ YÜKLƏMƏZ
 
Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə yaratdığı hər hadisədə həm asanlıq verir, həm də hər insanı gücünə görə sınaqlardan keçirir. Allah’ın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara verdiyi öhdəliklərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün müjdə və rahatlıq və Allah’ın rəhmətinin bir nümunəsidir. Allah bu sirri Quranda belə bildirmişdir:
 

“Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi – buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd – nəsihət qəbul edəsiniz!”(Ənam surəsi, 152)

“İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir­. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Biz də haqqı söyləyən bir kitab vardır. Onlara zülüm olunmaz.” (Ğafir surəsi, 62)

 
ALLAH’IN DİNİNƏ TABE OLMAQ ASANDIR 
 
İnsanların əksəriyyəti dinin həyatlarını çətinləşdirəcəyini, onlara bir çox ağır öhdəliklər yükləyəcəyini zənn edirlər. Bu, şeytanın insanı dindən uzaqlaşdırmaq üçün verdiyi şübhə və böyük yanlışdır. Din rahatlıqdır. Allah iman gətirən insanlara çətinlikdən sonra rahatlıq verdiyini bildirir. Bundanəlavə, təvəkkül və qədərə iman kimi dinin əsas mövzuları insanı bütün ağırlıqlardan: çətinlik, sıxıntı və kədərdən azad edir. Allah bir çox ayəsində Ona tabe olanlara və dininə yardım edənlərə yardım edəcəyini, onları həm dünyada, həm də axirətdə gözəl həyatla yaşadacağını vəd edir. Rəbbimizin bu barədəki sözləri belədir: 
 

“Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir?” – deyə soruşduqda isə onlar: “Xeyir” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!” (Nəhl surəsi, 30) 

 
Allah dininə gələnlərə bu rahat yolda uğur qazandıracağını belə müjdələyir: 
 

“Kim (malını Allah yolunda) versə, qorxsa və ən gözəl sözü təsdiq etsə, Biz ona Cənnəti müyəssər edəcəyik!” (Leyl surəsi, 5–7) 

 
Quranda bildirilən bu sirlərdən aydın olur ki, Allah’ın dininə səmimi şəkildə üz tutan insan əvvəldən müvəffəq olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçün isə tamamilə əksi olacaq. Onlar da əvvəldən məğlub edilmiş, qəm–qüssə, bədbəxtlik və itki dolu dünya və axirət həyatına sahib olacaqlar. Onlar inkara qərar verdikləri andan etibarən həm dünyalarını, həm də axirətlərini itirmiş olurlar. Allah bunu ayələrində belə bildirir: 
 

“Ancaq kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal – dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa, Biz ona Cəhənnəmi müyəssər edəcəyik.” (Leyl surəsi, 8–10)

 
Əlbəttə ki, Allah’ın dostluğunu, yardımını, dəstəyini qazanmaq daha üstündür. Kim Allah ilə dostluq etsə və Ona təslim olsa, o insan dünyada və axirətdə böyük qazanc əldə etmiş olar və heç bir hadisədən, heç bir insandan zərər görməz. Odur ki, vicdanlı və ağıllı olan hər kəs Allah’ın Quranda bildirdiyi bu sirləri qavrayıb doğru yolu seçməlidir. İnkarçıların bu həqiqətləri dərk etməmələri  isə başqa bir sirdir. Onlar nə qədər zəkalı və ya mədəni olsalar da, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələrinin qarşısını almışdır.

2009-11-08 02:06:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com