Müasir elmin İslamda mənşəyi

14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.

Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.

İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. Mədrəsələrdə çoxu qadın müəllimlər dərs keçirdi. Onların bir hissəsi bütün gün, digər hissəsi isə yarım günlük müəllimlik edirdi. Şagirdlər arasında varlı-kasıb ayrı-seçkiliyi edilmədən təhsil verilirdi. Kitabxanaların zənginləşməsinə əhəmiyyət verilir və xarici dilli mənbələr təmin edilirdi.

Ən məşhur mədrəsələr Bağdaddakı Beytül-hikmət (820) və Qahirədəki Darül-elm (998) idi. Bu gün də varlığını davam etdirən əl-Əzhər (969) kimi universitetlər Avropadakı bənzərlərindən daha əvvəl qurulub. O dövrdə İslam dünyası dünyadakı ilk universitetləri, hətta ilk xəstəxanaları tikmişdi.

Yaxın Şərqdə elmi intibah

Bu həqiqətlər zehinlərində fərqli İslam portreti yaradan insanlara təəccüblü gələ bilər. Bu isə İslam mədəniyyətinin tarixini bilməməkdən qaynaqlanır. Bu məlumatsızlıqdan və ön mühakimələrdən xilas olanlar isə İslamın elm dünyasına liderliyini qəbul edirlər. Bunun nümunələrindən biri məşhur televiziya kanalı PBS tərəfindən çəkilən “İnanc imperiyası: İslam” adlı sənədli filmidir. Sənədli filmin şərhçisi bunları deyir:

“Tarixin axışı içində İslam mədəniyyəti bəşəriyyətin ən böyük müvəffəqiyyətlərindən biri olmuşdur… Qərb üçün İslam tarixi yanlış anlama və qorxu pərdəsinin arxasında qaraldılmışdır. Buna baxmayaraq, İslamın gizli tarixi heyrətamiz şəkildə Qərb mədəniyyəti ilə birlikdə inşa edilmişdir. Leonardo da Vinçinin anadan olmasından 600 il əvvəl İntibahın toxumlarını əkən müsəlman elm adamları idi. Xəstəlikləri müalicə etmə üsullarımızdan, saymaqda istifadə etdiyimiz rəqəmlərə qədər dünyadakı sivilizasiyalar İslam mədəniyyəti tərəfindən formalaşdırılmışdır”. (Jonathan Grupper (series writer), İslam: Empire of Faith, A Documentary by Gardner Films, in association with PBS, 2001)

Liberal Amerika mediasının tanınmış şəxslərindən biri olan Corc Rafael internetdəki məqaləsində belə yazır:

“Qərb cəbrdən, qəhvədən tutmuş gitaraya, optikadan universitetə qədər bir çox şeyi Hilalın insanlarına borcludur. Min il əvvəl Qərb zülmətə büründüyü halda, İslam qızıl əsrini yaşayırdı. London barbar bataqlığında yaşayarkən müsəlman şəhəri Kordobanın küçələri işıl-işıl parlayırdı, Yorkdan Vyanaya qədər planlı şəkildə qırğınlar törədildiyi halda, (Əndəlüs rəhbərliyindəki) Toledoda dini dözümlülük vardı. Klassik mirasımızın mühafizəçiləri olan ərəblər bizim intibahımızın banisi idilər. Onların təsiri nə qədər uzaq görünsə də, daim bizimlə birlikdə olmuşdur. Gah bir fincan isti qəhvə ilə, gah da kompyuter proqramlarındakı loqarifmlə”.(George Rafael “A is for Arabs”, Jan. 8, 2002)

İslamın açıq fikirliliyi

Müsəlmanların elmin inkişafına liderlik etmələrinə səbəb Quranın malik olduğu üstün hikmətlərdir. Bu hikmətlər insanlara təbiəti araşdırmağa və onlardakı incə nizamı anlamağa yol göstərir. Allahın Quranda insanlara bildirdiyi digər bir hikmət isə fərdlər və cəmiyyətlər arasındakı maneələri aradan qaldıran xoş münasibət və açıq fikirlilikdir. Bu dünyagörüşü də müsəlmanların bütün mədəni və ictimai maneələri aşaraq dünyaya daha ağıllı baxmalarını təmin edir. Allah Quranda bunu bu şəkildə bildirir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.(Hucurat surəsi, 13)

İslam elmlərinin inkişafında bu açıq fikirliliyinin önəmli rolu var. Dövrümüzün ən böyük İslam alimlərindən biri olan Seyid Hüseyn Nəsrə görə: “İslam elmi insanlıq tarixində, həqiqətən, beynəlxalq quruluşda olan ilk elmdir”. (Quoted in Weiss and Green, p. 187)

Onu da əlavə etmək lazımdır ki, müsəlmanlar yalnız digər sivilizasiyalarla əməkdaşlıq etməklə kifayətlənməmiş, eyni zamanda yüksək xüsusiyyətlər daşıyan Quran əxlaqını da bütün insanlar arasında tanıtmış və izah etmişlər. Elmi sahələrdə saysız inkişafa səbəb olan müsəlman elm adamlarının ortaya atdığı bir çox nəzəriyyə eyni dövrdəki bir çox sivilizasiyanın da ilham qaynağı olmuşdur. Yaxın Şərqin tarixi üzrə tanınmış mütəxəssis olan prof. dr. Bernard Levis bunu belə açıqlayır:

“İslam elmlərinin orta əsrlərdəki müvəffəqiyyəti nə yunan təlimini mühafizə etməklə məhdudlaşdırıla bilər, nə də daha qədim və daha uzaq olan şərq külliyyatına təmas etməklə. Orta əsrlər İslam alimlərinin müasir dünyaya verdiyi bu miras İslam alimlərinin səyi ilə zənginləşdirilmişdir. Yunan elmi nəzəriyyəyə əlverişli olduğu halda, Yaxın Şərqin orta əsrlər elmi tibb, kimya, astronomiya və əkinçilik kimi daha praktik sahələrdə lider idi”. (Bernard Lewis, The Middle East, 1998, p. 266)

Bütün bu tarixi həqiqətlər İslamın peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v.) vəhy edildiyi andan etibarən bəşəriyyəti doğruya və gözəlliyə aparan ən parlaq işıq olduğunu göstərir. Quran əxlaqı ilə şərəflənən müsəlmanlar getdikləri hər yerə ağıl, elm, sənət, estetika, təmizlik və rifah aparmışlar. Avropa qatı fanatizm və barbarlıq içində olarkən, İslam dünyası dünyanın ən müasir sivilizasiyası olmuşdur. Sonradan inkişaf edən Avropa mədəniyyətinin əsasında da İslam dünyasından öyrəndikləri bütün bu dəyərlərin böyük rolu olmuşdur.

Dövrümüzün müsəlmanları heç vaxt unutmamalıdırlar ki, onlar müqəddəs, şanlı və şərəfli bir inancın nümayəndələridirlər.

Bu inancın qaynağı olan Qurani-kərim isə bəşəriyyəti qaranlıqlardan nura çıxaran ən böyük yol göstəricidir.

Əlif. Ləm. Ra. (Bu) insanları öz Rəbbinin iznilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)


2010-05-09 09:59:46

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top