Hər hadisədə bir xeyir vardır

Möminlərin təvəkküllərini asanlaşdıran və sağlamlaşdıran bir başqa sirr isə, Allahın hər hadisəni bir xeyirlə yaratdığını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə də bir xeyir olduğunu insanlara belə xəbər verir:

"…Xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. (Nisa surəsi, 19)

"… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün, qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtararlar. Çatışmazlıq, çətinlik və ya əskiklik kimi görünən heç bir hadisə onları üzməz, sıxmaz, həyacanlandırmaz. Bu halları böyük-kiçik hər hadisədə özünü göstərər. Səmimi bir müsəlmanın illər boyu çalışaraq sahib olduğu bütün mallar əlindən getsə belə, bunda bir xeyir və hikmət axtarar. Məsələn, Allahın həyatını bağışlamasına şükür edər. Allahın özünü bir pislikdən, harama girməkdən və ya mal və pul ehtirası Allahın yolundan çaşıb azmaqdan qorumuş ola biləcəyini düşünər. Buna da şükür edər. Çünki insan dünya həyatında nə itirirsə itirsin, bu itkisi axirətdəki itkisiylə bir olmaz. Axirətdəki itkilər, insanın sonsuza qədər (Allahın diləməsindən başqa) dözülməz bir əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünya həyatındakı hadisələrin hər biri axirətə istiqamətli bir xeyir və gözəllikdir. Belə bir hadisə yaşayan insan acizliyini və möhtaclığını daha da yaxşı anlayaraq, Allaha dua və təfəkkürlə daha çox yönələcək və yaxınlaşacaq. Bu da insanın axirəti üçün çox əhəmiyyətli bir xeyir və gözəllik deməkdir. Həm də belə bir hadisəyə təvəkkül edib səbir göstərərək Allahın məmnuniyyətini qazanmış olacaq. Allahın məmnuniyyəti isə hər şeyin üzərindədir.

İnsanın yalnız böyük və əhəmiyyətli hadisələrdə deyil, gündəlik həyatının hər anında reallaşan hadisələrdə xeyir və gözəllik axtarması lazımdır. Məsələn, böyük bir diqqətlə hazırladığı yeməyi yandıran biri üçün, yeməyinin yanması bir çox tədbir görməsinə vəsilə olar və irəlidəki daha böyük bir qəzaya bu tədbirlər sayəsində qarşısını almış olar. Gənc biri istədiyi və uğrunda çox çalışdığı məktəbə daxil olmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də, Allahın onu o məktəbdəki bəzi təhlükələrdən, həyatına mənfi təsir edə biləcək kəslərdən və ya ətraflardan qoruduğunu düşünə bilməli, bu nəticəyə sevinə bilməlidir. Və ya Allahın hər hadisədə özlərinin bilmədiyi, hətta xəyal da edə bilmədiyi daha bir çox xeyir yaradacağını düşünərək Allaha təslimiyyətin gözəlliyini yaşamalıdır.

İnsan hər vaxt hər hadisənin ardındakı xeyir və hikməti görməyə bilər. Ancaq görməsə belə, mütləq bir xeyir olduğunu bilər və Allahın ona hadisələrin arxasında gizlənən xeyir və hikmətləri göstərməsi üçün dua edər.

Hər hadisənin xeyirlə meydana gəldiyini bilən insanlar "kaş ki", "vah-vah" kimi ifadələr də istifadə etməzlər. Səhvlərin, əskikliklərin, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün qədərin bir dərsidir. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox əhəmiyyətli dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmət gözüylə qiymətləndirən insanlar üçün ortada əskikliklər, unutqanlıqlar, tərsliklər deyil, Allah qatından bir dərs, öyrənmə, xəbərdarlıqlar və hikmətlər vardır. Məsələn, bir az əvvəl nümunəsini verdiyimiz- dükanı yanan müsəlman vicdanıyla dərhal nəfs sorğulaması edər və, bəlkə də, Allahın onu dünya malına və ehtirasına qarşı xəbərdar etdiyini və sınadığını düşünərək, daha da ixlaslı və səmimi olar.

İnsan dünyada hansı hadisə ilə qarşılaşarsa qarşılaşsın, o hadisə keçər bitər. Hər insan həyatındakı ən çətin və ya ən təhlükəli günü düşünsə, bunun zehnində yalnız bir an olaraq qalmış və bitmiş bir xəyal olduğunu görəcək. İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayarlar. Buna görə insan üçün ən əhəmiyyətli və ya ən "sarsıdıcı" gün də bir gün gələcək və izlənilən bir film kadrı kimi bir an, bir xəyal olaraq ağılda qalacaq. Ancaq bu xatirədən geriyə tək bir şey qalar və o sonsuza qədər davam edər: o da, bu adamın o çətin anda göstərdiyi rəftar və Allahın o adamdan məmnun olub olmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları əsnasında göstərdiyi rəftar, düşüncə və səmimiyyətindən sorğu-sual olunacaq. Buna görə, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona görə davranmaq möminlərə dünyada və axirətdə böyük bir qazanc təmin edər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və hüzn olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik, ümidsizlik kimi mənfi hallar verməz. Allah bu sirri də Quranda belə bildirir:

Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38)

Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)

2017-03-17 19:36:09

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top