Qədərə təslimiyyət və təvəkküldəki sirlər

Təvəkkül, yalnız güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə aid bir xüsusiyyətdir. Qavraya bilənlər üçün təvəkküldə əhəmiyyətli sirlər və böyük nemətlər vardır. Təvəkkül Allaha və yaratdığı qədərə qəti bir təslimiyyət və güvəndir. Allah insanlar da daxil olmaqla, canlı-cansız bütün varlıqları bir qədərlə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən tək bir yarpağın, masanızın üzərindəki tək bir toz zərrəsinin, yolda gedərkən ayağınıza ilişən bir daşın, on il əvvəl aldığınız paltarınızın, soyuducunuzdakı şaftalının, ananasın, atanızın, qohumlarınızın, ibtidai məktəb yoldaşlarınızın, sizin, qısacası hər kəsin və hər şeyin Allah qatında milyonlarla il əvvəl təyin olunmuş bir qədəri vardır. Və hər varlığın qədəri Allahın qatında Lövhü-Məhfuz adlı bir kitabda yazılıdır. Kimin nə vaxt öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şaftalının nə vaxt, hansı nöqtəsindən çürüməyə başlayacağı, daşın ayağınıza ilişənə qədər keçirəcəyi mərhələlər, qısacası kiçik-böyük hər hadisə bu kitabda qeyd edilmişdir.

Möminlər qədərə iman edərlər və Allahın yaratdığı qədərin ən xeyirlisi və ən gözəli olduğunu bilirlər. Buna görə də həyatlarının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən bir hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir dilədiyini bilirlər. Məsələn, ölümcül bir xəstəliyə tutulmaq, çox çətin və mərhəmətsiz bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, böhtanlara məruz qalmaq və ya insanın ağlına gələ biləcək ən ürküdücü hadisələr də möminləri təlaşa və ya qorxuya salmaz. Onlar Allahın özləri üçün yaratdığını səbir və mətanətlə gözləyirlər. İman etməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük bir zövq alarlar. Çünki ən ürküdücü görünüş və danışıq da Allah qatında əvvəldən planlanmış və insanın imtahanı üçün yaradılmışdır. Bunlara səbir və təvəkküllə cavab verənlər, Allaha və Onun yaratdığı qədərə təslim olub güvənənlər Allahın məmnuniyyətini və sevgisini qazanacaqlar, qarşılığında sonsuza qədər cənnətdə yaşayacaqlar. Buna görə, möminlər həyatları boyunca təvəkkülün rahatlığını və imani sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir. (Ali İmran surəsi, 159)

Təvəkkül haqqında Quranda bildirilən bir başqa mövzu isə, tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif mövqelərdə ala biləcəkləri tədbirlər bildirilir. Bununla birlikdə Allah tədbirlərin öz təqdirini dəyişdirməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də fərqli ayələrində insanlara bir sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması bunun bir nümunəsidir. Mövzuyla əlaqədar ayə belədir:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)

Hz. Yaqubun sözlərindən də göründüyü kimi, möminlər mütləq hər mövzuda tədbir görərlər. Ancaq Allahın qədərlərində özləri üçün dilədiklərini dəyişdirə bilməyəcəklərini bilərlər. Məsələn, bir insan trafik qaydalarına çox diqqət yetirməli, avtomobilini təhlükəli bir şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün əhəmiyyətli bir tədbir və ibadətdir. Ancaq əgər Allah bu insan üçün bir yol qəzasında ölməyi yazmışdırsa, alacağı heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın gördüyü tədbir və ya etdiyi bir hərəkət onu ölümdən qaytarmış kimi görünə bilər. Və ya bir insan həyatında ani bir qərar alaraq, həyatının axışını tamamilə dəyişdirə bilər, bir başqası ölümcül bir xəstəliyə tutulmuşkən, güc və iradə göstərərək xəstəliyinə qalib gəlmiş ola bilər. Ancaq bütün bunlar o kəslərin qədərlərində olduğu üçün belədir. Bəzi insanlar bu cür hadisələri "qədərini məğlub etdi", "qədərini dəyişdirdi" kimi son dərəcə məntiqsiz və səhv bir şəkildə izah edərlər. Halbuki heç bir insan ən güclü və əzmli görünəni belə, Allahın onun və başqaları üçün yazdığı qədəri dəyişdirə bilməz. Heç bir insan belə bir gücə sahib deyil. Əksinə hər varlıq, Allahın yaratdığı qədər qarşısında acizdir və əslində təbii olaraq qədərinə təslimdir. Yalnız bir çoxu bunu qəbul etmək istəməz. Qədərin varlığını inkar etmək də əslində onun qədərindədir. Buna görə xəstəlikdən və ya ölümdən xilas olan, ya da həyatının axını tamamilə dəyişən insanlar, hamısı qədərlərində olduğu üçün bunları yaşayarlar. Allah bu vəziyyəti ayələrində belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 23)

Allahın ayəsində də bildirdiyi kimi, insanın qarşılaşdığı hər hadisə Allah qatındakı bir kitabda əvvəldən təsbit edilərək yazılmışdır. Və Allah buna görə insanın əlindən çıxana kədərlənməməsi lazım olduğunu söyləyir. Məsələn, böyük bir yanğında və ya girdiyi ticarət həyatında bütün malını-mülkünü itirən bir insan bunu qədərində olduğu üçün yaşayar. Buna maneə törətməsi və ya qarşısını alması mümkün deyil. O zaman bunun üçün kədərlənməsi də mənasız olacaq. Allah insanları qədərlərində təyin etdiyi bir çox hadisə ilə sınayır. Bu hadisələrə təvəkkül edənlər Allahın məmnuniyyətini və sevgisini qazanarlar. Təvəkkülsüz davrananlar isə, həm dünyada çətinlik, narahatlıq və bədbəxtlik yaşayarlar, həm də axirətdə sonsuz bir əzabla qarşılıq görərlər. Təvəkkülün insan üçün həm dünyada, həm də axirətdə böyük bir qazanc və asanlıq olduğu çox açıq həqiqətdir. Allah təvəkküllə əlaqədar sirləri möminlərə verərək onların üzərindən çətinlikləri götürmüş və onlar üçün dünya həyatındakı imtahanı asan hala gətirmişdir.

2017-03-17 19:40:01

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top