HZ. HUD

Allah-Təala Hz. Hudu Ad qövmünə peyğəmbər kimi göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, apardığı təbliğatın əvəzində heç bir qarşılıq gözləmədiyini bildirdikdən sonra insanları Allahdan qorxub çəkinməyə çağırmışdı.

Hz. Hud qövmünə təbliğ edərkən əvvəlki peyğəmbərlər kimi ona da müxtəlif iftiralar atılmışdı. Məsələn, qövmü Hz. Hudun "ağıldankəm" olduğunu iddia etmişdi. Hz. Hud ona belə çirkin iftira atan qövmünə əxlaqi üstünlüyünün bir göstəricisi olan son dərəcə kamil və şəfqətli bir üslubla cavab vermişdi:

"Hud dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm" ("Əraf" surəsi, 67-68).

Hz. Hud qövmünə etdiyi təbliğ üçün heç bir əvəz gözləmədiyini söyləmişdir

"Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?" ("Hud" surəsi, 51).

"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 127).

Bura qədər bildirilən bütün peyğəmbərlərin həyatından gördüyümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.

Qövmünü Allaha qulluq etməyə çağırarkən onlara acı bir əzab barədə xəbərdarlıq etmişdir

Digər peyğəmbərlər kimi Hz. Hud da öz qövmünə yalnız Allaha qulluq etməyi tövsiyə etmiş, əks təqdirdə onların əzabla qarşılaşacağından qorxduğunu söyləmişdi:

"Ad qövmünün qardaşını xatırla! Bir zaman o Əhqafda yaşayan qövmünə -ondan əvvəl və sonra da peyğəmbərlər gəlib getmişdilər- belə deişdi: "Allahdan başqasına ibadət etməyin! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əhqaf" surəsi, 21).

Bundan başqa, onlara dünya həyatında dəyər verdikləri şeylərin müvəqqəti olduğunu da xatırlatmışdı. Hz. Hudun bu mövzuda öz qövmünə etdiyi təbliğ ayədə belə bildirilir:

"Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!" ("Şuəra" surəsi, 128-129).

Bundan sonra da qövmünə Allahdan qorxmağın, Onun əmr etdiklərini yerinə yetirməyin, insanlara zorakılıq etməməyin vacibliyini xatırlatmışdı. Və əgər belə edərlərsə, bunlara görə də əzaba düçar olacaqlarını söyləyərək onlara xəbərdarlıq etmişdi:

"Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Şuəra" surəsi, 130-135).

Hz. Hud qövmünə Allahın onlara verdiyi nemətləri xatırlatmışdır

Allahın insanlara verdiyi nemətlər "Nəhl" surəsinin 18-ci ayəsində bildirildiyi kimi, "bir ümumiləşdirmə edilərək" belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insanlar bu nemətləri ona verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməyin vacibliyini ağlına belə gətirmir. Allahın istədiyi anda bunları onlardan geri alacağını da düşünməzlər. Buna görə də peyğəmbərlər getdikləri qövmlərə Allaha yönəlmələrinin, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu bilmələrinin və bunun üçün Ona şükr etmələrinin vacibliyini xatırlatmışlar. Hz. Hud da öz qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, onları Allahdan qorxub çəkinməyə çağırmışdı:

"Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"" ("Əraf" surəsi, 69).

Bundan başqa, Hz. Hud qövmünü Allahdan bağışlanma diləməyə də dəvət etmişdi. Və əgər Allaha sığınıb tövbə edərlərsə, bunun əvəzində Allah onlara verdiyi nemətlərini artıracağını xəbər vermişdi:

"Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!"" ("Hud" surəsi, 52).

Hz. Hud öz qövmünü cahillərdən olmamaq barədə xəbərdar etmişdir

Qurandakı anlayışlardan biri olan "cahil" anlayışı özünün ayələrdə istifadə edildiyi mənası ilə dini bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni məsələn, bir insan yüksək ali təhsil ala bilər, amma o, əgər Allahı tanımırsa, Allahın kitabını bilmirsə və onu tətbiq etmirsə, həmin şəxs Qurana görə, cahildir. İnsan bəzi məlumatlara sahib olsa da kim olduğunu, nədən yaradıldığını düşünmürsə, onu Yaradanı tanımırsa və buna görə Allahın ondan istədiklərini yerinə yetirmirsə, həmin şəxs cahillər arasındadır.

Bu insanlardan soruşanda çox zaman dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduğu din babalarından gördüyü cahil bir dindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.

Allahın Quran qissələrində də bildirildiyi kimi, tarix boyu peyğəmbərlər belə cahil cəmiyyətlərə haqq dini izah etmişlər. Ancaq bu cəmiyyətlərin çoxu həqiqəti vicdanlı şəkildə gördükləri halda yaşadıqları cəhalət səbəbilə təkəbbür göstərmişlər. Onlara edilən bütün xəbərdarlıqlara da baxmayaraq aralarından çox az bir qismi istisna olmaqla öz batil dinlərini müdafiə etməkdə davam etmişlər.

Hz. Hudun qövmü də öyrəşdikləri cahil sistemdən imtina edib peyğəmbərə qulaq asmağı rədd etmişdi. Bu səbəblə Hz. Hud öz qövmünə onun düşdüyü halın aşkar bir cəhalət olduğunu belə xatırlatmışdı:

"Demişdi: "Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olducunuzu görürəm!"" ("Əhqaf" surəsi, 23).

Hz. Hud qövmünün inkarçılarına onlardan qorxmadığını və Allaha təvəkkül etdiyini bildirmişdir

Bütün çağırışlarına baxmayaraq qövmü Hz. Huda qarşı çıxmış və bu elçinin onları çağırdığı yola tabe olmağı qəbul etməmişdi. Tarix boyu bütün inkarçılar kimi onlar da öz peyğəmbərindən möcüzə istədiklərini, əks təqdirdə iman gətirməyəcəklərini söyləmişdilər:

"Onlar da dedilər: "Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!" ("Hud" surəsi, 53).

Bunun əvəzində Hz. Hud onların Allaha şərik qoşmasından uzaq olduğunu və onun üçün quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:

"...Belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!" ("Hud" surəsi, 54-55).

Hz. Hud Allahın bir peyğəmbəri olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə ona atılan iftiraların boşa çıxacağına əmin bir tərzdə Allaha olan inam və etibarını belə dilə gətirmişdir:

"Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!" ("Hud" surəsi, 56).

 


2011-01-27 01:19:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top