HZ. İBRAHİM

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

Hz. İbrahim Allahın "dost etdiyi" bir peyğəmbərdir. Allah-Təala bir çox ayədə Hz. İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz. İbrahim Allaha ürəkdən yönələn, yumşaq xasiyyətli, Allaha qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz. İbrahimin əxlaqını belə tərif edir:

"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).

Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz. İbrahim özlərinin düzəltdiyi bütlərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allaha qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mənfəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz. İbrahimə bir tələ quraraq onu öldürməyə çalışmışdılar. Ancaq Allah Hz. İbrahimə qurulan tələni pozmuş, onu zalım qövmünün əlindən xilas etmişdi:

"Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiyə" surəsi, 68-73).

Bu qissədən də gördüyümüz kimi, Allah Hz. İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz. İbrahimi və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.

Hz. İbrahim səmimi bir düşüncə ilə Allaha yönəlmiş və qövmünə müşriklərdən olmadığını söyləmişdir

Hz. İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tək Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman etmiş və Ona yönəlmişdi. Quranda Hz. İbrahimin Allaha qəti şəkildə iman etməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:

"Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm" - söylədi. Sonra doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım" - söylədi. Daha sonra doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" - dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!" ("Ənam" surəsi, 75-78).

Əlbəttə, Hz. İbrahimlə bağlı olan bu qissədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüklüyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz. İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:

"Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!"" ("Ənam" surəsi, 79).

Hz. İbrahim qövmünü Allaha qulluq etməyə çağırmışdır

Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrunu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.

Hz. İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyini söyləmişdir. Quranın bir çox ayəsində Hz. İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz. İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:

"İbrahimi də yad et! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! Siz Allahı qoyub ancaq bütlərə-ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükr edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!"" ("Ənkəbut" surəsi, 16-17).

Ayələrdən də göründüyü kimi, Hz. İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüyünü müxtəlif nümunələrlə bildirmişdir. Onların bu həqiqəti qavraya bilməsi üçün  müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz. İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmişdir:

"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).

Hz. İbrahim öz qövmünə şeytana uymamaq barədə xəbərdarlıq etmişdir

İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz. Adəmi yaradanda şeytana Hz. Adəmə səcdə etməyi əmr etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.

Bu səbəblə şeytan Hz. Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmişdir. Elə bu səbəblə Hz. İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:

"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!"" ("Məryəm" surəsi, 43-45).

Hz. İbrahim qövmünə bir-birini tanrıya çevirməməyi və Allaha şərik qoşmamağı tövsiyə etmişdir

Müşrik cəmiyyətlərin ən qabarıq xüsusiyyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.

Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rizası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz. İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz. İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atılacaqlarını xatırlatmışdır:

"Dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!"" ("Ənkəbut" surəsi, 25).

Hz. İbrahim insanlara Allahın böyüklüyünü və gücünü təbliğ etmişdir

Hz. İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz. İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz. İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:

"Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür" - dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!" ("Bəqərə" surəsi, 258).

Göründüyü kimi, Hz. İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamın deməyə bir sözü qalmamışdır. Möminlər də Hz. İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətini vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.

Hz. İbrahim güvəniləcək yeganə gücün Allah olduğunu təbliğ etmişdir

Hz. İbrahimin ixlaslı və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz. İbrahimlə mübahisə etmişdi. O zaman Hz. İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqda olduğunu təbliğ etmişdir:

"...Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" ("Ənam" surəsi, 80-82).

Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icarə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz. İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.

Hz. İbrahim atasının düşmənçiliyi qarşısında ən gözəl şəkildə münasibət göstərmişdir

Hər cür təbliğata baxmayaraq atası Hz. İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:

"...Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" ("Məryəm" surəsi, 46).

Ancaq təmkinini heç vaxt pozmayan Hz. İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz. İbrahimin cavabı belədir:

"İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım" ("Məryəm" surəsi, 47-48).

Hz. İbrahim qövmünə onun sitayiş etdiyi bütlərin həqiqi bir tanrı ola bilməyəcəyini təbliğ etmişdir

Hz. İbrahim qövmünə onun sitayiş etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürüklüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz. İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz. İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:

"O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü? - Sizin və ulu babalarınızın?" ("Şuəra" surəsi, 70-76).

Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına malik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.

Hz. İbrahim isə öz sualları ilə qövmünün insanlarının sitayiş etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.

Yenə Hz. İbrahim qövmünə sitayiş etdiyi bütlərdən əl çəkmək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstəqil gücləri olmayan "rəmzi bir heykəl" və "özlərinin düzəltdiyi saxta tanrılar" olduğunu xatırlatmışdır. Hz. İbrahimin qövmünə sitayiş etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tanrı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:

"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!" - demişdi. Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?" - deyə soruşduqda belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!" ("Ənbiya" surəsi, 52-56).

"Dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"" ("Səffat" surəsi, 95-96).

Hz. İbrahim bütün varlıqların Allahın nəzarətində olduğunu və bütün hadisələrin Allahın izni ilə baş verdiyini bildirmişdir

Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı qövmlər kimi Hz. İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördükləri üçün bütlərə sitayiş edirdilər. Yəni bu batil sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz. İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayiş etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz. İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:

"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).

Hz. İbrahim ağıllı üsullarla insanların vicdanını oyatmışdır

Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayiş məsələsində inadkarlıq etdiyi halda Hz. İbrahim onları düşünməyə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünün bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sındırıb dağıtmışdı. Ancaq bunu edərkən qövmünün insanlarının nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sındırmamışdır. Qövmü "Tanrılarımızı sənmi bu günə saldın?" ("Ənbiya" surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:

"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi"  ("Ənbiya" surəsi, 63).

Hz. İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdılar. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükləri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:

"Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?" Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq"  ("Ənbiya" surəsi, 64-70).

Hz. İbrahim ən çətin vəziyyətdə belə Allaha olan inamı və təslimiyyəti ilə möminlərə örnək olmuşdur

Hz. İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələlər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlara yol verməyən Hz. İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:

"Dedi: "Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"" ("Saffat" surəsi, 99).

Hz. İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. "Şübhəsiz, mən Rəbbimə gedəcəyəm" deyən Hz. İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.

Allah Hz. İbrahimi və yanındakı möminləri inananlara gözəl bir örnək olaraq göstərmişdir

Hz. İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona "səmimi bir qəlblə təslim olan" Hz. İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir:

"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahimin öz atasına: "Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!" - deməsi istisnadır. "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır"" ("Mumtəhinə" surəsi, 4).

Quranda Hz. İbrahimin üstün əxlaqı və seçilmiş insan olması haqqında ayələr

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

"...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 114).

"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi" ("Ali-İmran" surəsi, 67).

"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).

"Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi" ("Saffat" surəsi, 83-84).

"Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə - bir peyğəmbər idi" ("Məryəm" surəsi, 41).

"Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi" ("Hud" surəsi, 75).

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. "İbrahimə salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111).

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Əmrimə təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 130-131).

"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik" ("Ənbiya" surəsi, 51).

 


2011-01-27 01:25:31
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top