HZ. ŞUEYB

Allah Hz. Şueybi Mədyənə peyğəmbər kimi göndərmişdi. Quranda bu qövmün də digər qövmlər kimi Allaha iman etmədiyi və yer üzündə fitnə-fəsad törətdiyi bildirilmişdir. Hz. Şuayb Allahı inkar etdiklərinə görə böyük bir əzabla məhv olan bu qövmü son ana qədər tövbə etməyə və Allaha qulluq etməyə çağırmışdır.

Allahdan qorxmayan insanların sahib olduğu pis əxlaq onların həyatının hər anında ortaya çıxır. Bura qədər haqqında bəhs etdiyimiz qövmlərə diqqət etsək görərik ki, Allahdan qorxmayan bu insanlar çirkin azğınlıqlar edən, yol kəsən, başqalarının haqqına təcavüz edən, utanc hissini itirmiş, öz mənfəətlərindən və dünyəvi maraqlarından başqa heç bir şeyi düşünməyən insanlardır. Bu pis əxlaqlı davranış və xüsusiyyətlərin hamısı bugünkü cəmiyyətlərdə son dərəcə geniş yayıldığı üçün Allahın peyğəmbərlərinin öz qövmlərinə verdiyi öyüdlərin hamısı bütün dünyada olan insanlara eynilə şamil edilə bilər. İnsanların bu xatırlatmalardan öyüd alması bu gün də lazımdır.

Məsələn, Hz. Şueybin qövmünün ən mühüm xüsusiyyətlərindən biri onun ticarətdə hiyləyə əl atan bir qövm olmasıdır. Hz. Şuayb öz qövmünü bu barədə xəbərdar etmiş və bu əmri yerinə yetirməyin onlar üçün daha xeyirli olacağını belə xatırlatmışdır:

"...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir!" ("Əraf" surəsi, 85).

Mədyən xalqının bu pis xüsusiyyəti bugünkü dindən uzaq cəmiyyətlərdə tez-tez görünən, hətta bəzən təbii qarşılanan xüsusiyyətlərdəndir. Bu səbəblə Hz. Şueybin öz qövmünə etdiyi çağırışların hər biri bu gün yaşayan insanlara da şamil edilə bilər. Bu gün də insanlar ticarət edərkən heç bir əskiltmə etməməli, dürüst bir davranış göstərməli, yer üzündə nizam-intizamı qorumalı, fitnə-fəsaddan uzaq durmalıdır. Əks təqdirdə keçmişdə yaşayan qövmlərin başına gələn fəlakətlərin bənzəri ilə qarşılaşmaqdan çəkinməlidirlər. Möminlərin vəzifəsi də yaşadıqları cəmiyyətləri Allahın peyğəmbərlərindən nümunə götürərək bu mövzuda xəbərdar etməkdir.

Hz. Şuayb etibarlı bir elçi olduğunu və Allahdan qorxub çəkinməyin vacibliyini təbliğ etmişdir

"O zaman ki, Şüeyb onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 177-180).

Qövmünə halal qazancın haram yolla qazanılanlardan daha çox xeyirli olduğunu təbliğ etmişdir

Hz. Şuayb öz qövmünə belə müraciət etmişdir:

"Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!"" ("Hud" surəsi, 85-86).

İnsan Allahın haram etdiyi yollardan dünyada bir var-dövlət əldə edə bilər. Ancaq bu yolla qazanılan pul və mal sahibinə heç vaxt fayda verməz. Əksinə, bu adam qazandıqları ilə heç bir zaman xoşbəxt və rahat ola bilməz, əlindəkilərin bərəkəti gedər və onlardan istədiyi kimi faydalana bilməz. Amma bundan daha önəmlisi odur ki, Allahın rizasına əhəmiyyət vermədən harama girən və bu yolla qazanc əldə edən adam bu əməlini ölənə qədər davam etdirdiyi halda əməlinin əvəzini axirətdə də əbədi bir cəhənnəm əzabı ilə alır. Allahın halal bildiyi yollarla əldə edilən qazanc isə hər zaman xeyir gətirir. Çünki Allahın insanlara göstərdiyi yol ən doğru və ən faydalı olandır. Buna görə də Allahın dininə uyğun şəkildə yaşayanlar və qazancı halal yolla əldə edənlər bunun faydasını və bərəkətini həmişə görərlər. Allah dünyada və axirətdə iman edənlərə qorxub-çəkinmələrinin əvəzində qat-qat artıq nemət verir. Allah bir ayəsində halal qazancla haram qazanc arasındakı fərqi belə bildirir:

"Sərvətinizin xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz. Allah rizasını diləyərək  verdiyiniz sədəqə isə belə deyildir. Bunu edənlər qat-qat artıranlardır!" ("Rum" surəsi, 39).

Ona itaət etməyən qövmünə məqsədinin yalnız onları islah etmək olduğunu söyləmişdir

"Onlar dedilər: "Ey Şueyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!"" ("Hud" surəsi, 87).

Bütün peyğəmbərlər kimi vəzifəsinin yalnız təbliğ etmək olduğunu, ancaq təbliğ etdiyi adamlara Allahın hidayət verəcəyini bilən Hz. Şuayb bu sözlər qarşısında qövmünə belə cavab vermişdir:

"Belə cavab verdi: "Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə necə? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!" ("Hud" surəsi, 88).

Hz. Şuayb Allahın elçisi olduğunu bir daha xatırlatmışdır. Və gətirdiyi dinin hökmlərinin Allahın hökmləri olduğunu vurğulayaraq yeganə məqsədinin onları doğru yola çağırmaq olduğunu söyləmişdir. Həmçinin Hz. Şuayb öz vəzifəsini haqq ilə yerinə yetirən bir peyğəmbər olaraq uğur qazanmasını da yalnız Allahın istəyi ilə gerçəkləşəcəyini bilir. Qövmünə də bunu xatırladaraq hər şeyin Allahın diləməsi ilə olduğunu təbliğ etmişdir.

Hz. Şueyb da qövmünü əzab barədə xəbərdar etmişdir

Hz. Şueyb haqqında bura qədər bəhs etdiyimiz digər peyğəmbərlər kimi qövmünə onlara verilən nemətləri xatırlatmış və bunlar üçün Allaha şükr etmələrini əmr etmişdir. Bundan başqa, əgər Allahın əmrlərinə qarşı çıxsalar, onlara başlarına bir əzab gələcəyinə dair xəbərdarlıq etmişdir:

"Mədyən əhlinə də qardaşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram!" ("Hud" surəsi, 84).

Bundan başqa, Hz. Şueyb bu insanlara keçmişdə yaşayan qövmlərin inkarçılıqları nəticəsində necə bir cəza gördüklərini də xatırlatmışdır. O qövmlərin də peyğəmbərlərinə qarşı çıxdıqları üçün Allahın əzabı ilə qarşılaşdıqlarını vurğulayaraq qövmünün belə bir xətaya düşməməsi üçün onları xəbərdar edib qorxutmuşdur:

"Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! Rəbbinizdən bağışlanmanızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!"" ("Hud" surəsi, 89-90).

Hz. Şueyb qövmünün zülm və zorakılığını üzünə vurmuş, Allaha olan bağlılığını və qəti qərarlılığını vurğulamışdır

"Şueyb tayfasının özlərinə sığışdırmayan əyanları: "Ey Şueyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. Şueyb belə cavab verdi: "Dininizə nifrət etdiyim halda beləmi bizi bu işə məcbur edəcəksiniz?" ("Əraf" surəsi, 88).

Tarix boyunca Allahın bütün elçiləri inkarçı qövmləri tərəfindən oxşar hücumlara məruz qalmışlar. Bu qövmlər peyğəmbərləri və yanlarındakı möminləri Allahın dininə uyduqları üçün günahlandırmış, onların öz batil dinlərinə dönməsi üçün səy göstərmiş, hətta onlara zor tətbiq edərək bunu həyata keçirməyə çalışmışdılar. Mədyən xalqının məşhur inkarçıları da Hz. Şueybi və onunla birlikdə olanları dinlərindən döndərmək istəmiş, onlara tabe olmayacaqları təqdirdə onları yurdlarından çıxarmaqla hədələmişdilər. Hz. Şueyb bu hədə-qorxuya belə cavab vermişdir:

"Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et! Axı Sən hökm verənlərin ən yaxşısısan!"" ("Əraf" surəsi, 89).

Allahın rəsulunun buradakı sözləri qəti qərarlılığın aşkar bir göstəricisidir. Hamıya nümunə olan bu qərarlılıq bütün möminlərdə də olması vacib olan xüsusiyyətdir. Çünki Allaha iman edən insan Hz. Şueybin söylədiyi kimi, Allahın "elm baxımından hər şeyi əhatə etdiyi"ni bilir. Onun istəyi olmadan heç kimsənin özünə bir zərər verə bilməyəcəyinə və ya heç kimsədən bir fayda götürməyəcəyinə qətiyyətlə  inanır. Buna görə də ona qarşı son dərəcə təvəkküllü bir davranış göstərir. Və ən önəmli olanı da budur ki, mömin insan Allahın əmrlərini yerinə yetirməkdə ən kiçik bir güzəştə də getməz.

Hz. Şueyb qövmünə əsl qorxub çəkinmək lazım gələn varlığın Allah olduğunu təbliğ etmişdir

Müşrik qövmlərin ən qabarıq xüsusiyyətlərindən biri də bu insanların başqa insanlardan və ya varlıqlardan Allahdan qorxduqlarından da çox qorxması, bunları Allahdan da çox sevməsi və ya bu varlıqların rizasını Allahın rizasından üstün tutmasıdır. Hz. Şueybin qövmü də Allahın böyüklüyünü qiymətləndirməyən insanlardan ibarət idi. Bu insanların Allahdan qorxuları yox idi, amma insanlardan çəkinirdilər. Həmçinin Hz. Şueybi öldürmək istədiklərini, ancaq onun ətrafında olan yaxınlarından çəkindiklərini söyləmişdilər:

"Onlar dedilər: "Ey Şueyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!"" ("Hud" surəsi, 91).

Halbuki mütləq güc sahibi olan yalnız Allahdır. Qorxulacaq tək varlıq da Allahdır. Hər varlıq və hər hadisə Allahın elmi və nəzarəti altındadır. Hz. Şueyb da qövmünün bu hədə-qorxusuna qarşı Allahın hər şeydən üstün olduğunu belə xatırlatmışdır:

"Dedi: "Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!"" ("Hud" surəsi, 92-93).

Allahın elçisini və ayələrini inkar etməkdə israrla davam edən bütün qövmlər kimi Mədyən xalqının da hələ dünyada ikən aldığı əvəzi Allah belə bildirmişdir:

"Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şueybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi uzaq oldu!" ("Hud" surəsi, 94-95).

 


2011-01-27 01:36:05

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top