Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 18

Birinci Fəsil: Təlqin Edilən Yanlış Fikirlərdən Qurtulmaq

Bir çox insanlar elə hesab edir ki, hər hansı bir elmi dərəcəyə layiq görülmüş alimin dediyi hər şey ən son mərhələdə olan həqiqətdir. Biz adətən fikirləşmirik ki, hər bir alimin adi insanda olduğu kimi öz mənfi rəyi və ideologiyası var. Belə ki, təkamül nəzəriyyəsinin tərəfdarı olan alimlər öz iddialarını guya elmi açıqlamalarla əsaslandırır, əslində isə onlar yalnız öz şəxsi baxışlarını və subyektiv rəylərini kütlənin şüuruna yeridirlər. Onlar təsadüfün nizamsızlıq və qarışıqlıqdan başqa heç bir nəticəyə gətirməyəcəyini çox gözəl anladıqları halda bütün kainatda mövcud olan bütün canlılara və qeyri-canlılara aid olan mükəmməl harmoniya, dizayn və planlı həyatın təsadüf nəticəsində əmələ gəldiyini yenə də iddia edirlər.

Bu bioloqların hər biri mikroskopa baxıb qarşısındakı orqanizmin bir tikinti materialı olan zülal molekulunun quruluşunun təkrarolunmaz mükəmməlliyini görməli, belə bir mükəmməlliyin öz-özünə əmələ gələ bilməyəcəyini bilməlidir. Amma bütün bu faktlara baxmayaraq bu alimlər inadla israr edirlər ki, ilk canlı hüceyrə milyardlarla illər bundan əvvəl primitiv dünya şərtləri çərçivəsində hadisələrin təsadüfi çulğaşması nəticəsində əmələ gəlmişdir. Bundan başqa, onlar bu mənasız iddia ilə kifayətlənməyərək bir qədər də irəli gedərək bildirirlər ki, bir deyil, milyonlarla zülal molekulu öz-özünə əmələ gəlmiş, sonra isə ağlasığmaz və müəmmalı bir şəkildə bir yerə toplaşaraq ilk canlı hüceyrəni əmələ gətirmişlər. Sözügedən insanlar "təkamülçü alimlərdir".

Onda bunu necə anlamaq olar ki, elə həmin bu alim boş bir sahədə üst-üstə qoyulmuş üç kərpic gördüyü zaman heç vaxt düşünməz ki, bu kərpiclər özü-özünə əmələ gəlmiş və düzülmüşlər. Bunun belə olduğunu iddia edəni isə dəli kimi qəbul edərlər.

Belə çıxır ki, ətrafındakılara məntiqli qiymət verə bilən insanlar həyatın yaranması barədəki mövzu və təcrübələrə məntiqsiz qiymət verirlər?

Bəzi alimlərin bu hərəkətlərini çətin ki, elmi saymaq mümkün olsun. Belə ki, fundamental elmin prinsiplərinə görə, əgər hər hansı bir faktın iki ehtimal edilən səbəbi varsa, onların ikisinin də tədqiq edilməsi lazım gəlir. Əgər səbəblərdən birinin ehtimalı digərindən, məsələn, 1 faiz azdırsa, o zaman şübhəsiz ki, yüksək ehtimalı olanı (99 faizlini) tədqiq etmək daha məntiqlidir. Gəlin bu sarsılmaz elmi prinsipi yadda saxlayaq və bir az düşünək. Elmdə həyatın yaranması ilə bağlı iki versiya var: birincisinə görə, bütün canlı orqanizmlər onların mükəmməl kompleks quruluşları ilə Allah tərəfindən yaradılmışdır; ikinci versiyaya görə, yer əzəldən mövcud olmuşdur və onun üzərində olan bütün canlılar öz-özünə, bir sıra təsadüflər nəticəsində əmələ gəlmişlər. Sonuncu iddia təkamül nəzəriyyəsinin tərəfdarları tərəfindən dəstəklənir.

Elmi faktlara, məsələn, molekulyar biologiyaya müraciət etdiyimiz zaman görərik ki, canlı hüceyrənin və ya hüceyrənin tərkibində olan milyonlarla mikroskopik zülal molekulundan hər hansı birinin təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Amma təkamül nəzəriyyəsinin tərəfdarları bunun əksini iddia edirlər. Kitabın sonrakı fəsillərində biz həyatın öz-özünə yaranmasının qeyri-mümkünlüyü faktını sübut edən ehtimali hesablamaları sizin diqqətinizə çatdıracağıq. Bu hesablamaların sonucunda canlıların təkamül nəticəsində əmələ gəlməsi ehtimalı sıfra enir.

Bu halda birinci ehtimalın doğruluğu 100 faizə bərabərdir. Bu isə o deməkdir ki, bütün canlı orqanizmlər şüurlu bir şəkildə yaradılmış, başqa sözlə, böyük Qüdrət və Hikmət sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət yalnız inanc deyil, həm də ağlın və elmin üzə çıxardığı faktdır. Təkamülçü alimlər belə inkaredilməz nəticə ilə qarşılaşdıqları zaman öz səhvlərindən, əsassız isrardan o andaca əl çəkməli və açıq-aydın sübut edilmiş həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə onların hərəkətini elmə sədaqət yox, şəxsi fikir və rəylərinin müdafiəsi üçün həqiqəti inkar etmək kimi qiymətləndirmək olar.

Amma buna baxmayaraq belə bir alim həqiqətlə üz-üzə gəldiyi zaman daha da azğınlaşır, onun iddialarında israr isə daha da sərt olur. Belə davranışı yalnız "inam" sözü ilə izah etmək olar. Amma belə bir inam çox yanlış inamdır. Çünki aşkar faktları inkar edən, bütün ömrünü yalnız öz fantaziya və arzularındakı fikirlərə həsr edən insanın bu davranışını başqa cür izah etmək və anlamaq mümkün deyil.

Kor Materializm

bilim adamı, michale behe

Michael Behe: "An embarrased silence surrounds the stark complexity of the cell"

Yuxarıda qeyd olunan inam materializmin ideologiyasıdır, bu ideologiya maddənin əbədi və əzəli olduğunu iddia edir. Materialist fəlsəfənin "elmi əsası" kimi qəbul edilən həyatın Yerdə təkamül nəzəriyyəsi öz doğruluğunu sübut etmək üçün israrla mübarizəni davam edir, belə ki, öz məğlubiyyətini qəbul etsə, təkamül nəzəriyyəsi bununla materializmin əsasını da dağıdacaq.

XX əsrin sonlarına doğru fundamental elm təkamül nəzəriyyəsinin qəbuledilməz olduğunu bütün sahələrdə tamamilə sübuta yetirib, ancaq nəzəriyyənin tərəfdarları elmi faktları yalanlamaqda və saxtalaşdırmaqda, materializm ideologiyasının həyat qabiliyyətini təmin etmək üçün onları özlərinə lazım olan şəkildə kütləvi informasiya vasitələri ilə yaymaqdadır.

Aparıcı təkamülçü bioloqlardan birinin sözləri yanlış subyektiv fikirlərə kor-koranə inancın insanın sağlam məntiqlə düşünmək bacarığını necə məhv etdiyini açıq şəkildə nümayiş etdirir. Bu bioloq canlıların varlığı üçün vacib olan mürəkkəb sitoxrom-C zülalının təsadüfən əmələ gəlməsinin mümkünlüyü barədə düşünərkən aşağıdakıları demişdir:

"Sitoxrom-C zülalının təsadüfən əmələ gəlmə ehtimalı demək olar ki, sıfra bərabərdir. Yəni əgər canlının yaranması üçün müəyyən sistematiklik, plan və nizam tələb olunursa, bu zaman iddia etmək olar ki, bütün kainatda bu təsadüfi rastlaşma bir dəfədən çox baş verə bilməz. Yaxud bu prosesdə bizim müəyyən edə bilməyəcəyimiz fövqəladə güclər iştirak etmişlər. Ancaq axırıncının qəbul edilməsi bizim elmi məqsədlərimizə ziddir. Belə bir vəziyyətdə birinci iddianı nəzərdən keçirmək lazımdır"..2

Gördüyümüz kimi, bioloq-alim yaradılış faktını qəbul etməkdənsə ehtimalı sıfra bərabər olan "elmi" versiyanı qəbul etməyi üstün tutur. Ancaq dediyimiz kimi, elmin əsas prinsipinə görə, əgər bu hadisənin izahının iki versiyası varsa və bunlardan birinin doğru olmaq ehtimalı sıfra bərabərdirsə, o birisi doğru sayılır. Amma doqmatik materializm öz doğruluğuna az da olsa şəkk gətirməyi və hər şeyi yaradan Ali Yaradanın mövcudluğunun mümkünlüyü fikrini qadağan edir. Təəssüf ki, bu qadağa materializmin əsassız, kor ehkamlarına inanan bir çox alimləri bütünlüklə düşüncəyə zidd, sağlam məntiqə isə yad olan fikirləri qəbul etməyə vadar etmişdir.

Belə alimlərin kitablarını oxuyaraq son mərhələdə bütün deyilənləri həqiqət kimi qəbul edən insanlar materializmin "qara magiyası"nın təsiri altına düşür, bunun nəticəsində inamsızlığa və etinasızlığa düçar olurlar.

Məşhur alimlərin bir çoxunun ateist olmasının səbəbi isə bizim müzakirə etdiyimiz kor materializmdir. Kor materializm tilsimindən qurtulan və problemi aylıq gözlə araşdıran alimlər isə Ali Gücün varlığını -Yaradanın olduğunu tərəddüdsüz qəbul edirlər. Belə alimlərdən son zamanlarda elm dünyasında geniş yayılmış "Şüurlu quruluş" nəzəriyyəsinin tərəfdarı kimi tanınan böyük ABŞ biokimyaçısı, professor Maykl Bexe yaradılış faktını qəbul etməyən alimlər haqqında belə deyir:

"Son 40 il ərzində müasir biokimya canlı hüceyrənin sirlərinin böyük hissəsini açmışdır. On minlərlə insan bu sirri açmaq üçün öz həyatlarını laboratoriya tədqiqatlarına həsr edib. Hüceyrənin öyrənilməsinə sərf olunmuş bütün cəhdlər aydın şəkildə və yüksək səslə bir nəticəni təsdiqlədilər - "Şüurlu iradə". Bu nəticə o qədər aşkardır ki, onu elm tarixində ən vacib kəşflərdən biri kimi nəzərdən keçirmək lazımdır. Amma yox, əksinə, canlı hüceyrənin təkrarolunmaz mükəmməl quruluşunun kəşf olunmasının nəticəsi utandırıcı bir sükut oldu. Bəs niyə? Niyə elm dünyası bu sübut olunmuş həqiqəti qəbul etməmək niyyətində israrlıdır? Ona görə ki, əgər onlar planlı və şüurlu yaradılışı qəbul etsə, bu zaman Allahın varlığını da qəbul etməyə məcbur olacaqlar".3

bilim adamı, richard dawkins

Richard Dawkins, busy with propagating evolution.

Məhz bunlar kütləvi informasiya vasitələrində, televiziyada, kitablarda və ya jurnallarda fəal şəkildə təbliğ olunan təkamülçü ateist alimlərin düşüncələridir. Onlar tərəfindən aparılmış bütün tədqiqat və təcrübələr yalnız Yaradana işarə edir. Amma aldıqları materialist təhsil onları o qədər kor etmişdir ki, heç nəyə baxmayaraq göz qarşılarında olan faktı qəbul etmirlər. Yaradanın varlığının israrla rədd edilməsi bir müddət sonra onların qəlbində ətraf aləmə qarşı etinasızlıq və biganəlik yaradır, onların hissiyyatını öldürür. Bundan başqa, bu etinasızlıq onların öz fikirlərinin mütləq doğru olmasına ağlasığmaz inamının qaynağına çevrilir. İş o yerə çatır ki, onlar açıq bir cəfəngiyyatın qəbulunu faydalı bir iş hesab edirlər. Elmi dairələrdə məşhur olan təkamülçü bioloq Riçard Doukins xristianlara müraciət edərək belə demişdir: "Əgər siz görsəniz ki, Müqəddəs Məryəmin heykəli sizə əl yellədi, fikirləşməyin ki, siz möcüzə gördünüz. Bunun olma ehtimalı azdır; ola bilər ki, sadəcə heykəlin sol əlinin bütün atomları birdən hansısa bir anda sadəcə olaraq bir tərəfə hərəkət etməyə başlasınlar".4

Bəşəriyyətin bütün tarixi boyu mövcud olan kafirlərə və ateistlərə xas olan bu psixoloji tip Quranda dəqiqliyi ilə təsvir olunub:

"Əgər biz mələkləri onlara göndərsək, ölülər onlarla danışsa və hər şeyi dəstə-dəstə başlarına toplasa, əgər Allah istəməsə, yenə də iman gətirməzlər. Lakin onların əksəriyyəti bilməz" ("Ənam" surəsi, 111).

 Quran ayələrindən də göründüyü kimi, təkamülçülərə aid olan ehkamçı düşüncə orijinal və müasir bir şey deyil, bu iddialarda heç bir yenilik yoxdur. Təkamülçülər sadəcə olaraq bütpərəstlərin, kafirlərin ibtidai cəmiyyətinin cəhalətini israrla davam etdirir, amma heç cür müasir elmin həqiqi baxış və kəşflərini etiraf etmirlər. Quran'ın bir ayəsində belə insanların psixologiyası aşağıdakı şəkildə təsvir olunur:

"Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də "gözümüz bağlanmış, biz sehrlənmişik" deyərlər"   ("Hicr" surəsi, 14-15)

Təkamülün Kütləvi Şəkildə Təbliğ Olunması

icons of evolution, jonathan wells

Icons of Evolution, by Jonathan Wells

Müqəddəs Quran'ın ayələrində bizə bildirildiyi kimi, bəşəriyyətin korluğunun əsas səbəbi onun yaradılış həqiqətini görmək istəməməsidir - bu, bir növ zəkanı açmağa yol verməyən "sehrdir". Cəmiyyətin böyük bir hissəsinin təkamül nəzəriyyəsini əlbir şəkildə qəbul etməsinin və bu nəzəriyyənin geniş yayılmasının səbəbləri məhz burada gizlənir. Sehr deyəndə də kütləvi təlqinin nəticəsini nəzərdə tuturuq. İnsanlar təkamülçülər tərəfindən təlqinə elə planlı şəkildə məruz qalırlar ki, bütün canlıların təsadüf nəticəsində əmələ gəlməsinə asanlıqla inanır və bunda adətən heç bir təhrif hiss etmirlər.

Təlqin insanın zəkasına mənfi təsir edir, belə ki, zəka (şüur) təlqin nəticəsində müstəqil mülahizə yürütmək bacarığını itirir. Təlqinə məruz qalan zəka həqiqəti olduğu kimi deyil, ona təlqin edildiyi kimi qəbul edəcək. Məsələn, əgər hipnoz altında olan insana üzərində oturduğu çarpayının maşın olduğunu təlqin etsək, o zaman hipnoz seansından sonra o, çarpayını həqiqətən də maşın kimi görməyə başlayacaq. O, bunu özlüyündə çox ağıllı və məntiqli sayacaq, ona görə ki, həqiqətən də o, belə görür, özünün haqlı olmasına az da olsa şübhə etmir. Təlqin texnikasının təsiri və gücü haqqında bir çox elmi əsərlər yazılmış, oxşar misallar müxtəlif təcrübələrlə təsdiq olunmuşdur.

Təkamül nəzəriyyəsi və ona əsaslanan materialist dünyagörüşləri cəmiyyətə analoji təlqin metodları ilə zorla qəbul etdirilir. İnsanlar onlara kütləvi informasiya vasitələrində, akademik qaynaqlarda "elmi platforma"da təqdim olunan həyatın təkamül yolu ilə əmələ gəlməsi və inkişafı ideyası təlqini ilə qarşılaşır, buna əhəmiyyət vermir, onu həqiqət kimi qəbul etdikləri zaman zəkanın elementar prinsiplərinə qarşı çıxdıqlarını bilmirlər.

Bu təlqin alimlərə də təsir göstərir. Gənc alimlərdən bir çoxu peşələrində yüksəldikləri zaman daha çox materialist baxışlara istinad edirlər. Təkamülçü alimlərdən bir çoxu təlqinin təsiri altında təkamülçü fərziyyələrə elmi izah tapmaq cəhdlərini davam etdirirlər, halbuki bu cəhdlər hələ XIX əsrdə elm tərəfindən birdəfəlik rədd olunub...

Amma ən böyük təhlükə ondadır ki, alimləri materialist və təkamülçü olmağa məcbur edən mexanizmlər də var. Gənc alim Qərb ölkələrində peşə nərdivanında yüksəlmək, dosent, professor olmaq, elmi jurnallarda məqalə dərc etmək üçün elmin ümumi şəkildə qəbul olunmuş müəyyən standartlarına uyğun gəlməlidir. Bu standartlarla görə, gənc alim təkamül nəzəriyyəsinin həqiqiliyini tərəddüdsüz qəbul etməlidir. Bu sistem alimləri öz həyatını və karyerasını materialist inamın ehkamları naminə qurban verməyə məcbur edir.

"Elm dünyası təkamül nəzəriyyəsinə əsaslanmağa davam edir" kimi cümlələrin arxasında gizlənən həqiqət də məhz budur. Ancaq təkamül nəzəriyyəsinin belə müdafiə olunmasının səbəbi onun hər hansı bir elmi fakta əsaslanması deyil, yalnız onun bir növ ideoloji zərurət olmasıdır və yalnız bəzi alimlər həqiqəti görərək belə demək qərarına gəlirlər: "Kral ki, çılpaqdır". 5

Bu kitabın digər bölmələrində biz sizlərin diqqətinə alimlərin təkamül nəzəriyyəsini süquta uğradan müasir kəşflərini çatdıracaq, eləcə də Yerdə həyatın şüurlu şəkildə yaradılmasını sübut edən danılmaz faktları müzakirə edəcəyik. Oxucu təkamül nəzəriyyəsinin yeganə məqsədi insanın yaradılışı faktını inkar etmək olan aşkar bir yalan olmasının şahidi olacaq. Ümid edirik ki, oxucu bizə ilahi töhfə olan məntiqli düşüncə bacarığını və təmiz ağlı dumanlandıran materializmin "sehrli cazibəsindən" ayılacaq və bu kitabda oxuduqları haqqında özü ilə təklikdə qalanda ciddi fikirləşəcək.

Bu sehrdən qurtulmağı düşünən insan əsassız, subyektiv rəyləri bir kənara ataraq açıq və təlqinsiz düşünərsə, aşkar həqiqəti görəcək. Müasir elmin faktları canlı orqanizmlərin yaranmasının hadisələrin təsadüfi zənciri yox, Ali Zəkanın şüurlu yaratmasının nəticəsi olduğunu isbat edir. İnsanın heç nədən, bir damcı mayedən necə dünyaya gəldiyini düşünmək yaxud da Yerdə bütün canlıların mükəmməl quruluşunu görmək kifayəidir. O zaman həyatın yaranma həqiqəti onun qarşısında bütün dəqiqliyi ilə sərgilənəcək.

Əgər oxucularımız Yerdə həyatın yaranma məsələsini daha dərindən nəzərdən keçirmək istəsə, biz onlara Harun Yəhyanın "İnsanın yaradılması möcüzəsi" və "Hüceyrə möcüzəsi" kitablarını oxumağı tövsiyə edirik. Təkamülçü alimlərin yalanını açan bu tədqiqatlar darvinizmi uzun müddət təbliğ edənlərə də cavab verir...

 

Qaynaqlar

2. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 61

3. Michael J. Behe, Darwin's Black Box, New York: Free Press, 1996, ss. 232-233

4. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton, 1986, s. 159

5. Jonathan Wells, Icons of Evolution: Science or Myth? Why Much of What We Teach About Evolution is Wrong, Regnery Publishing, 2000, s. 235-236

3 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com