< <
4 / total: 15

İnkarçılar dinə də lağ edirlər

İnsanların yer üzündə var olma məqsədi Allah`a qulluq etmək, Allah`ın bəyəndiyi əxlaqı yaşamaq, Quranla özlərinə göstərdiyi doğru yola tabe olmaqdır. Allah Quranda "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zariyat surəsi, 56) şəklində bildirmişdir. Ancaq əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi, insanların bir çoxunda təkəbbür hissi olduğuna görə, Allah`a təslim olmaz və ibadət etməkdən çəkinərlər. Lakin bu insanlar, əslində, Allah`ın onlardan nə istədiyini çox yaxşı bilirlər. Allah Quranda özlərinə bildirilən doğruları vicdani olaraq anlayan, amma qürurlarından dolayı haqq olanı yerinə yetirməyən insanlardan belə bəhs edir:

Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər. Buna qəti inandıqları halda, haqsızlıqla və təşəxxüslə onları inkar etdilər. Gör, fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 13-14)

Vicdanları rahat olmadığı üçün Allah`ın və haqq dinin varlığını bilmək, eşitmək və görmək bu insanlarda böyük narahatlıq meydana gətirir. Onlar Allah`ın adının xatırlanmasını, insanların dinə etibar etməsini istəməzlər və hər kəsin özləri kimi olmasını istərlər. Çünki ancaq o zaman rahat olacaqlarını zənn edərlər. Əks halda isə Allah`ın varlığına və ya din əxlaqına aid hər şey onlara öz əxlaqi pozuntularını və pis rəftarlarını xatırladacaq.

Bundan başqa, Allah`ın sonsuz qüdrət və güc sahibi olması, canlı və cansız bütün varlıqların Allah`a boyun əyməsi daxilən əsla çata bilməyəcəkləri böyüklük hissi bəsləyən bu insanlara çox ağır gəlir. Çünki bunları gördükdə özlərinin Allah`a qarşı nə qədər aciz olduqlarına şahid olurlar. Bu səbəblə, Allah`ın xatırladılmasına, Onun böyüklüyünün təqdir edilməsinə dözə bilmirlər. Onlar bu açıq-aşkar həqiqəti heç bir əsasları olmadan rədd etməklə, yaradılış dəlillərini inkar etməklə və ya açıq şəkildə Allah`ın gücünün göstəricisi olan bu möcüzələri görməzlikdən gəlməklə rahat olacaqlarını zənn edərlər. Məhz belə yanlış düşünənlərin vicdanın səsindən xilas olmaq üçün əl atdıqları yollardan biri də dinə lağ etməkdir. Bu insanların yaradılış dəlilləri qarşısındakı mövqeləri bir ayədə belə izah edilir:

Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edirlər. (Saffat surəsi, 12-14)

Ayədə xəbər verildiyi kimi, bu insanlar qarşılarındakı möcüzəvi həqiqətlərə istehza edərlər. Bu, elə böyük bir ağılsızlıqdır ki, çox açıq olan dəlillər də bu insanların iman etmələrinə səbəb olmur. Onlar Allah`ı və Quranı inkar edərək üstünlük əldə edəcəklərini, ətrafdakı insanların gözündə böyüyəcəklərini düşünürlər. Halbuki, həmin insanlar da Allah`a möhtac olan, axirətdə hesaba çəkiləcək aciz varlıqlardır. Onların gözündə böyüyüb-böyüməmələri heç bir şey ifadə etməz. Üstəlik, qürurlanmalarına səbəb olan şeylər də yenə Allah`ın özlərinə verdiyi xüsusiyyətlərdir. Sahib olduqları hər şeyi Allah`a borcludurlar. Lakin bunun qarşılığında onlar şükür etmək əvəzinə lağ etməyi üstün tutarlar.

 

Bu hissədə inkar edənlərin Allah`ın dininə olan yanaşmalarını Quranda bizə bildirilən nümunələrlə açıqlayacaq və bu insanların istehzalı yanaşmaları ilə, əslində, özlərini nə qədər sıxıntıya saldıqlarını və axirətdə qarşılaşacaqları sonu xatırladacağıq.

Allah`ın ayələrini qavraya bilməmələri

Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): "Bu, hansınızın imanını artırdı?"– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. (Tövbə surəsi, 124)

Yuxarıdakı ayədə xəbər verildiyi kimi, Allah`ın ayələrini ancaq səmimi qəlblə iman edənlər qavraya bilər, ayələrdəki hikməti ancaq onlar görə bilərlər. İnkar edənlər isə Allah`ın ayələrini qavramaqdan acizdirlər. Hətta: "Bu hansınızın imanını artırdı?" - deyə soruşaraq guya lağ etmək istəyirlər. Ancaq iman edənlər üçün müjdə olan Allah`ın bu nemətindən də məhrum olmuş olurlar. İnkar edənlərin bu ağılsızlığına və ayələrə olan yanlış yanaşmalarına bir başqa Quran ayəsində belə diqqət çəkilmişdir:

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Yuxarıdakı ayədə xəbər verildiyi kimi, Allah`ın bir ayəsində ağcaqanaddan bəhs etməsinin hikmətini inkar edənlər anlamamışlar. Sahib olduqları zəif dərrakəyə görə: "Allah bu örnəklə nə demək istəyir?" - deyərək, guya istehza edirlər. Ancaq bu gün elm dünyası insanların kiçik hesab etdiyi canlıların bir çox möcüzəvi xüsusiyyətlərə sahib olduqlarını ortaya çıxarmışdır. (daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, Ağcaqanad möcüzəsi). Allah bu canlıdakı heyrətamiz xüsusiyyətləri bundan 1400 il əvvəl xəbər vermiş və o dövrün inkarçıları bu məlumatlardan məhrum olduqları üçün sərf etdikləri istehzalı sözlərlə gülünc vəziyyətə düşmüşlər.

İnkar edənlərin Allah`a və Onun dininə qarşı qürurlu olmaları, xüsusilə də Allah`ın ayələri özlərinə oxunduqda və özlərinə ayələrlə nəsihət verildikdə ortaya çıxır. Allah`ın göndərdiyi elçilər və saleh müsəlmanlar qövmlərinə yaşadıqları batil sistemin yanlışlığını təbliğ edirlər. Tək doğru yolun Allah`ın endirdiyi din olduğunu izah edərkən onlara Allah`ın ayələrindən oxuyur və ayələrin hikmətlərini açıqlayırlar. Ayələrdəki məna o qədər mükəmməldir ki, inkar edənlər bu sözlərdəki fövqəladə yönü görür, lakin bu üstünlüyü sezmələrinə baxmayaraq, qürurları səbəbi ilə izah edilən gerçəkləri inkar edir və çağırışı rədd edirlər. Hələ bu azmış kimi, azğınlıq səbəbi ilə Allah`ın ayələrini istehza mövzusu edirlər. Quranda onların bu qürurlu rəftarları və istehzalı yanaşmaları belə izah edilir:

O, Allah`ın ona oxunan ayələrini eşidir və sonra sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. (Casiyə surəsi, 8-9)

Allah inkar edənlərin bu cür məsxərəsini bir çox ayəsi ilə xəbər vermiş və möminlərə belə şeylərlə qarşılaşdıqda nə edəcəklərini belə bildirmişdir:

Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma. (Ənam surəsi, 68)

İbadətlərə istehzalı münasibətləri

Allah`ın əmr etdiyi ibadətlərə, bu ibadətlərin hikmətinə və xüsusilə də namaz və oruca lağ etmək inkar edənlər arasında çox məşhurdur. Allah bir ayəsində inkar edənlərin ağılsız davranışlarını belə xəbər vermişdir:

Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə surəsi, 58)

İnkar edənlərin ibadətlər mövzusundakı istehzalarına gündəlik həyatda da çox rast gəlmək mümkündür. Məsələn, belə bir insana beş vaxt namaz qılmasının və oruc tutmasının gərəkdiyini xatırlatdıqda buna istehza edər. Danışıq üslubuna, seçdiyi sözlərə, mimika və hərəkətlərinə, üz ifadəsinə tamamilə istehza hakim olar.

Bu məsxərəçi hərəkətlərinin əsl səbəbi digər insanların şüur altı olaraq dinə və dini dəyərlərə qarşı hörmətini azaltmaq istəmələridir. Beləliklə, möminlərin təbliğinə də guya mane olmaq istərlər. Xüsusilə din əxlaqını yaşayan gənc insan gördükdə istehzalı üslubları daha da diqqətə çarpar. Onu görüncə daha çox günahkarlıq hiss etdikləri üçün bu günahkarlıq duyğusunu ona lağ etməklə örtməyə çalışar, bu şəkildə, onu doğru yoldan çəkindirməyə cəhd edərlər.

"Cavanlığını keçir, gələcəkdə dini ibadətlərini yerinə yetirərsən", "bu yaşda dünyadan əlini üzmüsən" kimi eyhamlı və istehzalı sözlərlə qarşılarındakı insana lağ edərlər. "Orucunu poz, günahı mənim boynuma" ya da "namaz qılmağına nə ehtiyac var, hələ cavansan, qocalanda qılarsan" kimi axmaq sözlərlə onu doğru yoldan çıxartmağa çalışarlar. Halbuki, insan axirətdə ibadətlərini yerinə yetirib-yetirmədiyinə görə sorğu-sual olunacaq. Məsələn, beş vaxt namaz dəqiqliklə, tam vaxtında, şövq və huşu ilə yerinə yetirilməsi gərəkən ibadətdir. Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində beş vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah (s.ə.v) belə buyurur:

"Beş vaxt namaz böyük günahlardan çəkindikdə gələcək həftənin cüməsinə və gələcək ramazana qədər səhvlər üçün kəffarədir". (Müslim), (Riyazüs-salehin, İmam Nəvəvi, çevirən: Mehmet Əmrə, Bədir nəşriyyat, s. 698)

Din əxlaqının tələbi olan ibadətlərə lağ etməyə çalışanlar hər nə etsələr də, möminlərə zərər vermələri, onları hörmətdən salmaları mümkün deyil. Çünki möminlər inkar edənlərin Quranda yazılan bu rəftarları ilə qarşılaşdıqlarında daha da şövqlənər və ibadətlərinə daha həyəcanla davam edərlər.

İnkar edənlər lağ etməklə guya möminlərə zərər vermək istəyər, ancaq bu səylərində uğursuz olarlar, hətta bilmədən onların axirətdəki dərəcələrini yüksəltmiş olarlar. Yəni başqa sözlə, möminlərə xidmət etdiklərini demək olar. Ancaq bunu bilmədiklərinə görə, yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi, anlamaz olduqlarını yenidən büruzə verirlər.

Yenidən dirilməyi inkar etmələri

İnkar edənlərin lağ etdiyi digər bir mövzu isə yenidən dirilməkdir. Ölümdən sonra insanların yenidən diriləcəyi həqiqətini israrla və ağılsızlıqla rədd edərlər. Çünki bunu qəbul etsələr, din əxlaqı ilə yaşamağın lazım olduğunu görəcəklər. Bundan başqa, insanlar ölümdən sonra dünyada etdiklərinə görə hesab verəcək və o gün yalnız dünyada Allah`ın Quranda əmr etdiyi kimi yaşayanlar nicat tapacaqlar. Hesab gününün ardından, əlbəttə ki, Allah`ın sonsuz ədaləti təcəlli edəcək, günahkarlar cəzalandırılacaq, gözəl rəftar göstərən, Allah`a itaətli olanlar isə mükafatlandırılacaq. Bu, açıq həqiqətdir. Din günü inkar edənlərin yanıldıqları ortaya çıxacaq. Ancaq onlar dünyada etdiklərindən məsul olduqlarını qəbul etmək istəməyərək Allah`ı və hesab gününü unudurlar. Bunun nəticəsində, əvvəlcə, ölümün çox yaxın olduğunu ağıllarından çıxarmağa çalışarlar. Hətta bu mövzuda istehzalı söhbət və zarafatlar edərək mövzunun ciddi olmadığına özlərini inandırmaq istərlər. Ətrafdakı insanlara ölümün uzaq olduğunu, bunu düşünməyin isə lazım olmadığını işarə verərlər. Ancaq nə qədər unutmaq istəsələr də, ölüm qəti həqiqətdir. Ayədə belə buyurulur:

De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir".(Cümə surəsi, 8)

Buna görə, yenidən dirilib hesab verəcəkləri həqiqətini rədd edərlər. Şübhəsiz, onların hesab gününü rədd etmələri onları o günlə qarşılaşmaqdan uzaqlaşdırmaz, ancaq yenə də bu mövzunu anlamazlıqdan gəlib xilas ola biləcəklərini zənn edərlər. Hətta daha da irəli gedərək bu mövzuya lağ da edərlər. Bu şəkildə, yenidən dirilməyə inanmadıqlarını və bu mövzunu ciddi qəbul etmək istəmədiklərini ətraflarına sübut etmək istəyərlər. Quranda onların lağlağı hərəkətlərinə nümunələr verilmişdir:

(Kimisi də) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?"– deyər. Onlar Allah`dan yardım diləyərək: "Vay sənin halına! İman gətir, Allah`ın vədi haqdır!"– deyərlər. O isə: "Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!"– deyər. (Əhqaf surəsi, 17)

Öz axmaq ağıllarını bəyənən və bundan çox əmin olan inkarçıların dirilmək haqqındakı bu cür suallarına və yanlış məntiqlərinə ən gözəl nümunə olaraq Quranda belə xəbər verilmişdir:

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o, indi açıq-aşkar mübahisə edir. O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 77-79)

İnsanı və yer üzündəki canlı-cansız bütün varlıqları yaradan Allah`dır. İnsan Allah`ın endirdiyi din əxlaqını yaşamaqla məsuldur və inkar etməsi onu bu məsuliyyətdən qurtarmaz. Bu vəziyyətdə din günü gəldiyində etdiklərinin cəzasını mütləq alacaqdır. Bunu da əlavə etmək lazımdır ki, Allah`a və Onun dininə istehza etmək çox böyük günahdır və heç şübhəsiz, bunun qarşılığı çox şiddətli olacaq. Bu insanlar Quranda belə təhdid edilirlər:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah`dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqlarına görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə, onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)

Qarşılaşacaqları bu əzabı görməzlikdən gələn insanlar həmişə olduğu kimi, yaşadığımız dövrdə də var. Bu şəxslər hər fürsətdə dini dəyərlərə və müqəddəs anlayışlara lağ etməkdən çəkinməzlər. Zarafat və lətifələrinin dini məzmunlu olması ilə yanaşı, karikaturalarda da dini dəyərlərə lağ edərlər. İstər içində yaşadığımız dövrdə, istərsə də tarix boyunca inkar edənlərin bu çirkin davranışlarının məqsədi həmişə eyni olmuşdur. Məsxərəçi yanaşmaları ilə həm iman edənləri çətinliyə salmaq istəyər, həm də insanlara şüur altı dini dəyərlər mövzusunda mənfi yöndə təsir etməyə çalışarlar. Ancaq unutmaq olmaz ki, müsəlmanlar üçün inkarçıların bu davranışları ilə qarşılaşmaq böyük bir şərəfdir. Çünki Allah Quranda saleh müsəlmanların bu cür davranışlara məruz qalavaqlarını və bunların qarşılığının özlərinə ən gözəl şəkildə veriləcəyini vəd etmişdir. Bundan başqa, Allah bu lağlağı insanların mövqeyini Quranda bildirmiş və möminlərin onlardan uzaq olmalarını əmr etmişdir:

Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri dost tutmayın. Əgər möminsinizsə, Allah`dan qorxun. (Maidə surəsi, 57)

 

4 / total 15
"Harun Yəhyanın İstehza Deyilən Zülm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net