< <
5 / total: 9

Xristianların Üçləmə Səhvləri

Allah bəşər tarixi boyunca insanlara düzgün yol göstərmək və yanlış həyat tərzlərini onlara bildirmək üçün peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti hidayət yoluna dəvət etmiş, Rəbbimizdən aldığı vəhyi öz camaatına, xalqına çatdırmışdır. Hər dinin hökmlərində, ibadətlərində və onların tətbiq olunma formalarında bəzi fərqlər olsa da bütün peyğəmbərlərin həyata keçirdiyi təbliğin əsası eyni tövhid inancıdır. Tövhid "Allaha bir və tək tanrı olaraq iman gətirmək" deməkdir. Tövhid etiqadına inanan bir adam yeganə güc və qüdrət sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu bilir, bütün insanların Allaha möhtac olan aciz bəndələr olduğunu və bütün varlıqların Allaha boyun əydiklərini dərk edir. Başqa sözlə, İslam dinindən başqa iki böyük haqq din olan yəhudilik və xristianlıq özlərinin təhrif olunmamış halları ilə heç bir varlığı Allaha şərik qoşmamaq əsası üzərində qurulmuşdur.

Allahın varlığına və birliyinə inanan hər üç səmavi dinin mənsubları da əslində Rəbbimizin Hz.İbrahimə göndərdiyi haqq dinə tabe olurlar. Qur’anda Hz.İbrahimin dininin "hənif" din olduğu bildirilmiş və Peyğəmbərimizə (s.ə.v.) bu dinə tabe olması əmr edilmişdir:

"Sonra sənə: "Hənif (muvahhid) olaraq müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik" ("Nəhl" surəsi, 123).

"Hənif" kəlməsi "yalnız Allaha inanıb yalnız Ona qulluq edən adam" mənasına gəlir. Hz.İbrahimin hənif kimi qeyd edilən xüsusiyyəti onun yalnız Allaha bir və tək tanrı olaraq iman gətirməsi və Ona təslim olmasıdır. O, bütpərəst olan tayfasının batil etiqadlarından uzaqlaşmış, yalnız Allaha üz tutmuş hənif bir bəndə idi. Qövmünə də bütpərəst inanclarından əl çəkmələri, bütlərə ibadət etməkdən uzaqlaşmaları ilə bağlı xəbərdarlıq etmişdi (ətraflı məlumat üçün Harun Yəhyanın "Hz.İbrahim və Hz.Lut" adlı kitabına müraciət edə bilərsiniz).

Allahın Hz.İbrahimə vəhy etdiyi haqq din onun nəslindən gələn saleh möminlər tərəfindən qüvvədə saxlanılmışdır:

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib dedi: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)" -dedilər" ("Bəqərə" surəsi, 130-133).

Buradan da aydın olduğu kimi, Hz.İbrahimin hənif dini yəhudilər, xristianlar və müsəlmanlar arasında müştərək bir dindir. Yəhudilər Hz.İbrahimi bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və Hz.İbrahimin yolunu davam etdirdiklərini söyləyirlər. Xristianlar da Hz.İbrahimin yəhudilərin olduğu kimi özlərinin də peyğəmbəri olduğunu qəbul edirlər. Hz.İbrahimə iman gətirmək, ona sevgi bəsləmək və hörmət etmək yəhudilər və xristianlar kimi müsəlmanlar üçün də əhəmiyyətlidir. Rəbbimiz "Nisa" surəsində belə buyurur:

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, hənif olan İbrahimin dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

Rəbbimizin Qur’anda əmr etdiyi kimi, müsəlmanlar bütün peyğəmbərlərə "göndərilənlərə heç birini digərindən ayırmadan" iman gətirərlər:

"Belə deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha olanlarıq!"" ("Bəqərə" surəsi, 136).

Ancaq unutmaq olmaz ki, Allaha olan coşğulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün möminlərə nümunə olan Hz.İbrahimə ən yaxın olanlar əlbəttə ki, onun əxlaqını yaşayanlar və tövhid yolunu davam etdirənlərdir. Rəbbimiz Qur’anda belə buyurur:

"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" ("Ali-İmran" surəsi, 68).

Dolayısı ilə Allaha könüldən iman gətirən xristian və yəhudilərin də Hz.İbrahim və ona tabe olan möminlər kimi yalnız Allaha üz tutmaları, Hz.İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərin imanı nümunə götürmələri lazım gəlir. Onlar da Hz.İbrahimin hənif dininə tabe olan muvahhidlər kimi Allahın birliyinə iman gətirən və Ona heç bir şeyi şərik qoşmayan səmimi bəndələr olmalıdırlar. Amma xristianlıq hal-hazırda üçləmə inancı ucbatından bu tərifdən uzaqlaşmışdır. Xristianlıq Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra ortaya atılan üçləmə inancı səbəbi ilə səhv yola girib və tövhid inancı dəyişdirilərək fərqli bir inam meydana gətirilib.

"Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!" (Ənam surəsi, 21)

"Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər." (Ənam surəsi, 26)

Üçləmə Yanlışlığı

Xristianlar Üçün Nə Deməkdir?

Xristianlıq Fələstində yaşayan yəhudilərin arasında ortaya çıxdı. Hz.İsanın ətrafındakı adamların və ona inanan insanların böyük əksəriyyəti yəhudi idi. Onlar Hz.Musanın şəriətinə görə yaşayırdılar. Yəhudiliyin əsas xüsusiyyəti isə bir və tək olan Allaha iman gətirmək idi.

Amma sonrakı fəsillərdən daha müfəssəl görəcəyimiz kimi, xristianlıq Hz.İsanın Allah dərgahına yüksəldilməsindən və yəhudilərin dünyasından çıxıb bütpərəst dünyaya tərəf yayılmasından sonra dəyişməyə başladı. Hz.Musanın şəriətinin əsası olan tövhid etiqadı böyük bir dəyişikliyə məruz qaldı. Hz.İsa üçləmə etiqadı ucbatından bir tanrı kimi qəbul edilməyə başlandı.

Qeyd: Bu fəsildə üçləmə inancını tərif etmək məqsədilə istifadə edəcəyimiz bütün batil ifadələrdən Allaha sığınırıq.

Üçləmə inancı bundan sonra ortaya çıxdı. Bu anlayışdan "Ata, Oğul və Müqəddəs Ruh"dan törəmiş üçlü tanrı inancı mənasında istifadə edilir. Üçləmə ənənəvi xristianlığın əsas imani şərtlərindən biridir. Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inancı ilə kəskin ziddiyyət təşkil edən bu yanlış etiqadı aşağıdakı şəkillərdə tərif etmək mümkündür:

Təslis etiqadına görə, Allah "üçlü birlik" anlayışı ilə Özünü üç formada göstərmişdir və "Ata, Oğul və Müqəddəs Ruh" eyni şeydir. Bu inanc bu cümlələrlə xülasə edilir: "Ata, Oğul, Müqəddəs Ruh elə tək olan tanrının Özüdür", "Tanrı "Ata, Oğul, və Müqəddəs Ruh" şəklindədir"... Ağıla və məntiqə zidd olan bu səhv etiqada görə, üçləmədəki üç şəxsin hər biri Allahdır, dolayısı ilə onların hər biri eyni gücə və səlahiyyətə malikdir (bu fikirdən Allaha sığınırıq).

Hz.İsanın sözdə "Allahın oğlu" olduğuna inanırlar. Bu yanlış inanca görə, Hz.İsa Allahla eyni xüsusiyyətə malikdir. Bu etiqadı "homoousnius" adlandırır və onu "Ata ilə Oğul eyni əsasdan, cövhərdən ibarətdir" şəklində xülasə edirlər.

Hz.İsanın yaradılmadığına, "Allahın oğlu" kimi sonsuzluqdan gəldiyinə inanırlar. Bu yanlış inama görə, Hz.İsa insanların xilası üçün göydən yerə enmiş, ətə-qana dolub, yəni bədən (cism) şəklinə düşüb insan olmuşdur. Bu inanca da inkarnasiya deyilir.

Üçləmə inancı sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə batil bir anlayışla baxan, Allahın insanlara peyğəmbər kimi göndərdiyi Hz.İsaya tanrılıq statusu verən yanlış bir inancdır. Amma üçləmə özündə bir çox ziddiyyətləri daşımasına və tövhidə tamamilə zidd olmasına baxmayaraq xristianlıqda çox böyük və əhəmiyyətli bir yer tutur. Üçləməyə, yəni Hz.İsanın Allahın oğlu olduğuna inanmayan bir adam üçləmə tərəfdarları tərəfindən həqiqi xristian kimi qəbul edilmir.

Burada qəribə və diqqətçəkici bir məsələ də tarix boyunca üçləməyə qarşı çıxıb Hz.İsanın Allahın yalnız bir peyğəmbəri olan bir bəşər olması fikrini müdafiə edən müxtəlif şəxs və icmaların şiddətli təzyiq və basqılara məruz qalmalarıdır. Bu adamların İncildən və Hz.İsanın həyatından gətirdikləri dəlillər həmişə qulaqardına vurulmuş və bu məsələ haqqında danışmaq qadağan edilmişdi. Sonrakı fəsillərdə daha ətraflı şəkildə araşdıracağımız həmin tövhid etiqadında olanlar Hz.İsanın "Allahın oğlu" olduğunu söyləyənlərə şiddətlə qarşı çıxmış, bunun açıq-aşkar "Allaha şirk qoşmaq" olduğunu söyləmişlər. Buna görə də həmin adamlar əsrlər boyunca "kafir", "azğın", hətta "din düşməni" kimi tanıdılmış, onlara dəstək verənlər də eyni aqibət və təzyiqlərlə üzləşmişlər. Onların bəziləri yaşadıqları yerlərdən sürgün edilmiş, bəziləri də inkvizisiya məhkəmələri tərəfindən yandırılaraq öldürülmüş və ya edam edilmişlər. Bu cür şiddətli təzyiqlər üçləmə əleyhdarlarının sayının artmasının və onların öz fikirlərini yaymasının qarşısını ala bilməmişdir. Ancaq üçləmə tərəfdarları həmişə əksəriyyət təşkil etmişlər.

Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
(Ənam surəsi, 48)

Məsələni bitərəf mövqedən araşdıranlar da həqiqi xristianlığın tarix boyunca təzyiqlərə məruz qalan muvahhid (tövhidə inanan) xristianlıq olduğunu müəyyən və təsbit edirlər. Xüsusilə də XVIII əsrdə başlayan bitərəf Müqəddəs Kitab araşdırmalarının əksəriyyətində üçləmə, kəffarə və buna oxşar etiqadların xristianlığın müqəddəs kitablarında mövcud olmaması nəticəsi əldə edilib.

Bu tarixi dəlillərin də təsiri ucbatındandır ki, hazırda bəzi xristian məzhəbləri üçləməni rədd edirlər. Məsələn, dünyanın hər bir tərəfində kilsələri olan Uniteryen kilsəsi üçləmə inancını qəbul etməyən çox böyük xristian icmasıdır. Bu cür icmalar, -onların öz aralarında müxtəlif fikir ayrılıqları olsa da- Hz.İsanın "Allahın oğlu" olduğunu qəbul etmir, həqiqi xristianlığın bir və tək olaraq Allaha iman gətirməyi əmr etdiyini söyləyirlər. Onların əksəriyyəti Hz.İsanın bütün insanların günahlarına kəffarə kimi çarmıxa çəkildiyinə dair iddianın yanlışlığını vurğulayır. Hal-hazırda üçləmə əleyhdarı olan xristianlara fərqli adlar altında və fərqli kilsələr şəklində rast gəlmək mümkündür. Xüsusilə də Amerikada üçləmə əleyhdarları gündən-günə daha da güclənir və xristian dünyasında həqiqətləri aydın şəkildə dilə gətirənlərin sayı daha da çoxalır. Bunların arasında "The Worldwide Church of God" diqqəti xüsusilə cəlb edir. Bu kilsənin qurucusu Herbert U.Armstronq üçləmə inancının bütpərəst mədəniyyətlərin təsiri ilə ortaya çıxan batil bir etiqad olması fikrini müdafiə edir.

Digər tərəfdən, bəzi xristian kilsələri arasında üçləmə əleyhinə bir sıra fikirlərin ortaya çıxması, ancaq onların səsinin batırılması faktı da bir həqiqətdir. Məsələn, Şimali Amerikada XIX əsrdə ortaya çıxan və Hz.İsanın qayıdışının çox yaxın olduğuna diqqət çəkən "Seventh Day Adventist" ("Yeddinci günün adventistləri") hərəkatının qurucuları "ariusçu" əsasda fəaliyyət göstərib və üçləməni rədd ediblər (Sonrakı səhifələrdə də qeyd edəcəyimiz kimi, Arius üçləmə inancını və Hz.İsanın adına çıxılmış tanrılıq iddiasını rədd edən, III əsrdə yaşamış əhəmiyyətli bir xristian din adamıdır). Ancaq başqa xristian kilsələrinin "Seventh Day Adventist" məzhəbini "xristianlıqdan kənara çıxmaqda" günahlandırması "ariusçu inancın" tərk edilməsinə və bunun yerinə üçləmə etiqadının qəbul edilməsinə səbəb olub. Bu inanc haqqında bəhs edilən kilsənin mənsubları tərəfindən də qəbul edilir.1

Bu məsələdə ən çox diqqət yetirilməli olan məqamlardan biri üçləmə inancına Müqəddəs Kitabın heç bir yerində rast gəlinməməsidir. Bu inanc nə yəhudilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabları olan İncildə mövcud deyil. Üçləmə inancı İncildəki bəzi ifadələrin yanlış şərhinə əsaslanır. Bu ifadə ilk dəfə II əsrin axırlarında Antakyalı Teofilus (Theophilus) tərəfindən istifadə edilib. Bu inancın qəbul edilməsi isə daha sonralar baş verib. Buna görə də Müqəddəs Kitabın tədqiqatçıları və üçləməyə qarşı çıxanlar xüsusilə "Əgər bu inanc həqiqətən də düz olsaydı, Hz.İsanın bu məsələni bütün təfərrüatı ilə insanlara çatdırması lazım gəlməzdimi? Üçləmə inancının Müqəddəs Kitabda aydın şəkildə, açıq ifadələrlə yer alması lazım gəlməzdimi?" sualları üzərində dayanırlar. Onların bu suallara cavabları isə aydındır: İncildə bütün açıqlığı ilə mövcud olmayan, dolayısı ilə ilk xristianlar üçün naməlum olan bir inanc xristianlığın əsası ola bilməz. Bu, Hz.İsadan sonra yunan mədəniyyətinin təsiri ilə ortaya çıxan bir səhvdir.

Üçləmə İnancı Qur’an Tərəfindən Rədd Edilir

İncil bütövlükdə araşdırılanda Allahın sonsuz güc və qüdrətinin orada tez-tez qeyd edildiyini, Hz.İsanın bəşəri xüsusiyyətlərə malik olan mübarək bir elçi kimi tərif edildiyini görmək olar. Üçləmə etiqadını dəstəklədiyi iddia edilən bir neçə ifadənin isə İncilin bütün mətni ilə çox aydın şəkildə ziddiyyət təşkil etdiyi aydın olur. Kitabın sonrakı fəsillərində müfəssəl şəkildə araşdıracağımız bütün bu dəlillər üçləmə etiqadının Hz.İsanın Allah dərgahına yüksəldilməsindən çox-çox sonralar ortaya çıxdığını bütün aydınlığı ilə göstərir. Ancaq həmin fəsillərə keçməzdən əvvəl üçləmə etiqadının insanlara xristianlıq və Hz.İsa haqqında ən doğru məlumatları verə biləcək yeganə mənbə olan Qur’anda necə izah edilməsinin üzərində dayanmaq lazım gəlir.

Qur’anda İncilin Tövratı təsdiqləyən kitab kimi göndərildiyi xəbər verilir:

"Onların ardınca Məryəm Oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik" ("Maidə" surəsi, 46).

Hz.İsa təhrif edilmiş Tövratın inanclarını ona vəhy edilən İncilin hökmləri ilə düzəldib. Allahın Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) vəhy etdiyi Qur’anda isə həm İncil, həm də Tövrat təsdiq edilir, ancaq bu iki səmavi kitabın sonralar təhriflərə məruz qalan tərəfləri də insanlara xəbər verilir. Ayədə Qur’anın "təsdiq edən və onu qoruyan" olduğu bildirilir:

"Biz sənə də (ey Muhəmməd) haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan kimi kitabı (Qur’anı) endirdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" ("Maidə" surəsi, 48).

Qur’anın yuxarıdakı ayədə bildirilən xüsusiyyəti çox əhəmiyyətlidir. Qur’an ayələri İncilin və Tövratın Allahdan göndərilən ilk vəziyyətlərini təsdiq etdiyi kimi həm də onlara şahiddir, onları qoruyandır. Hz.Musaya və Hz.İsaya vəhy edildikləri ilk vəziyyətlərindən uzaqlaşan bu səmavi kitablardakı təhrifləri göstərmək, yəhudiləri və xristianları haqq yola dəvət etmək də bu xüsusiyyətin bir təzahürüdür. Bu mərhələdə xristianlığın yeri çox fərqlidir. Çünki Rəbbimiz Qur’anda müsəlmanlara ən yaxın olanların "biz xaçpərəstlərik (xristianlarıq)" deyənlər olduğunu bildirir:

"Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir" ("Maidə" surəsi, 82).

İslam tarixi boyunca bu ayənin təzahürləri görünüb. Xristianlarla müsəlmanlar arasında yaxın əlaqə İslamın ilk dövrlərində başlayıb, Həbəşistandakı xristian hakimiyyətinin bütpərəstlərin zülmündən qaçan müsəlmanlara sığınacaq verməsi bu əlaqələri daha da gücləndirib. İslam torpaqlarında yaşayan xristianlar həmişə ədalətli, rahat, rifahlı və dinc bir həyat yaşayıblar (ətraflı məlumat üçün Harun Yəhyanın "Gəlin bir olaq" kitabına müraciət edə bilərsiniz).

Rəbbimiz Qur’anda İncilin "haqq yol, nur, müttəqilər üçün doğru yol və nəsihət" ("Maidə" surəsi, 46) və Hz.İsanın dövründəki insanlara "bir hidayət" ("Ali-İmran" surəsi, 3-4) olaraq göndərildiyini xəbər verir. Xristianları İncildəki haqqa tabe olmağa dəvət edən bəzi Qur’an ayələri isə bu şəkildədir:

"İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır" ("Maidə" surəsi, 47).

"De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə siz heç bir şey üzərində deyilsiniz..." ("Maidə" surəsi, 68).

Ayələrdən də göründüyü kimi, İslam dininin həqiqi xristianlara çox isti münasibəti var. Qur’anda xristianların əxlaqı təriflənir və onlar daha da dindar olmağa dəvət edilir. Bir çox Qur’an ayələrində isə üçləmə etiqadının yanlışlığı xəbər verilir. Məsələn, "Nisa" surəsində Rəbbimiz belə buyurur:

"Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, bu sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın vəkil olması bəs edər! İsa Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!" ("Nisa" surəsi, 171-172).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Rəbbimiz üçləmə etiqadının nə qədər böyük bir yanlışlıq olduğunu bildirir və bu inancı müdafiə edənlərə hesab günü ilə bağlı xəbərdarlıq edir.

Ayələrdə Hz.İsanın "tanrı" olması (Allaha sığınırıq) ilə bağlı səhv inanclar da açıq-aşkar rədd edilir. Rəbbimiz bu əsassız iddiaları Hz.İsanın adına çıxan insanların aşkar küfrə qapıldıqlarını bildirir:

"Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımlərin heç bir köməkçisi yoxdur!"" ("Maidə" surəsi, 72).

Ayədə də bildirildiyi kimi, Hz.İsa onların bu iddialarından uzaqdır. O, Allahın yaratdığı bir bəşər, Rəbbimizə təslim olmuş, yüksək əxlaqlı, aləmlərə üstün edilmiş çox mübarək bir peyğəmbərdir. Hz.İsa insanlara haqq dini çatdırarkən də həmişə Rəbbimizin üstün gücünü və qüdrətini ifadə edib, özünün də Allahın bir bəndəsi olduğunu bildirib. Ayədə Hz.İsanın "tanrı" olduğunu iddia edərək küfrə düşənlərin Allahı da lazımınca təqdir edə bilməməsi xəbər verilir:

""Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. De: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!" ("Maidə" surəsi, 17).

Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi” – deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir.
(Maidə surəsi, 19)

Ayədə xəbər verildiyi kimi, bütün insanlar Rəbbimizin hüzurunda aciz və möhtacdır. Allah bütün kainatı yoxdan yaradan, bütün yaradılanların üzərində mütləq güc və hakimiyyət sahibi olandır. Canlı-cansız hər şeyə nəzarət yalnız Allaha məxsusdur. Hz.İsa da Allahın yaratdığı və Ona boyun əyən bir bəndə və Allahın elçisidir.

Hz.İsanın onun haqqında ortaya atılan əsassız iddiaları rədd etməsi "Maidə" surəsində belə bildirilir:

"Allah: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin?", - buyuranda (İsa) deyəcək: "Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!" ("Maidə" surəsi, 116).

Hz.İsanın insanlara göndərdiyi həqiqi ismarıc digər ayələrdə belə bildirilir:

"İsa dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu" ("Məryəm" surəsi, 30-31).

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 50-51).

Allahın Qur’an ayələrində xəbər verdiyi başqa həqiqət isə peyğəmbərlərin apardığı təbliğatın təməli ilə bağlıdır. "Ali-İmran" surəsində belə buyrulur:

"Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!" -deyər" ("Ali-İmran" surəsi, 79).

Rəbbimiz bu səhv inanclardan uzaqdır. "İxlas" surəsində Allahın sifətləri belə bildirilir:

"De: "O Allah birdir. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"" ("İxlas" surəsi, 1-4).

Həqiqət budur. Allah təkdir və Hz.İsa Onun qulu və peyğəmbəridir. Eynilə Hz.İbrahim, Hz.Musa, Hz.Muhəmməd və başqa peyğəmbərlər kimi...

Üçləmə etiqadının bütün yanlış tərəfləri Qur’an ayələrinin işığında xristianların öz mənbələrindən də istifadə edilməklə kitabın sonrakı fəsillərində ətraflı şəkildə açıqlanacaqdır.

Üçləmə Etiqadı Hz.İsadan Əsrlərlə Sonra Ortaya Çıxıb

Xristianlar Əhdi-Cədidə, yəni İncilə inandıqları kimi Əhdi-Ətiqə də iman gətirirlər. Yəni xristianların müqəddəs kitabı özündə həm Əhdi-Ətiqi, həm də Əhdi-Cədidi ehtiva edən Kitabi-Müqəddəsdir (Müqəddəs Kitab). Qeyd etdiyimiz kimi, bu kitablar təhrif edilib. Bununla birlikdə xristianlığın əsaslarını, bir xristianın həyatı boyunca tabe olmalı olduğu əmr və qadağaları, göstərməli olduğu gözəl əxlaqi xüsusiyyətləri Kitabi-Müqəddəsdə tapmaq mümkündür. Ancaq üçləmə etiqadını, bu və buna oxşar bir kəlməni İncildə tapmaq mümkün deyil. "Yeni Katolik Ensiklopediyası" (The New Catholic Encycloredia) da üçləmənin ilk xristianlara bəlli olmadığını, onun yalnız IV əsrdə bu formaya salındığını bildirir:

"XX əsrin içində olduğumuz bu ikinci yarısında üçləmə sirrinin açıq, obyektiv və doğru, həmçinin teoloYi izahını vermək həqiqətən də çox çətindir. Roma Katolik kilsəsinin və xristianlığın müxtəlif qollarının üçləmə məsələsi ətrafındakı mübahisələri ortaya xəyali görüntüdən başqa bir şey qoymur. Ortaya iki məsələ çıxıb: bir tərəfdə aralarında çoxlu sayda Roma katolikinin də olduğu İncil təfsirçilərinin Əhdi-Cədiddəki üçləmə anlayışından - bu mövzuda kifayət qədər dəlil olmadığı üçün - bəhs etməmələrinin lazım olmasının etiraf və qəbul edilməsi, digər tərəfdə isə tarixçi və xristian ilahiyyatçılarının üçləmədən bəhs edən bir adamın ancaq Hz.İsadan sonrakı dördüncü əsrin son rübünə aid ola biləcəyinə dair etirafı. Həqiqətən də "üçşəxsiyyətli bir tanrı" etiqadı xristian inanc və düşüncəsinə dördüncü əsrin son rübündə daxil olmuşdur".2

Üçləmə inancı kilsənin gündəminə IV əsrdə gəlib, ancaq bu mərhələyə gələnə kimi üçləməni müdafiə edənlərlə tövhid inancına sahib olan xristianlar arasında çox uzun mübahisələr baş verib. Bu mübahisələrin kulminasiya nöqtəsi İznik məclisi idi.

Bizim eranın 325-ci ilində təşkil edilən İznik məclisi həmin dövrə kimi xristian kilsəsi tarixində həyata keçirilən ən böyük belə məclis idi. Romadan, Anadoludan, Suriyadan, Finikiyadan, Fələstindən və Misirdən 300-dən çox din adamını bir yerə yığan həmin məclis Roma imperatoru I Konstantinin dəvəti ilə toplanmışdı. Konstantinin məqsədi imperiyanın gələcəyini və təhlükəsizliyini nəzərə alaraq bu mübahisələri aradan qaldırmaq idi. Bu məclisdə xristianlığın əsaslarını təşkil edən etiqad "imperiyanın təhlükəsizliyi üçün" və "insanların verəcəyi bir qərara görə" müəyyən və qəbul ediləcəkdi. Nissalı Saint Gregory (Müqəddəs Qreqor) bu məclis zamanı xristianlar arasında baş vermiş mübahisələri belə qeyd edir (burada yer alan bütün ifadələrdən Allaha sığınırıq):

"Konstantinopolun hər tərəfi onların mübahisələri ilə dolu idi: küçələr, bazar yerləri, zərgərlərin dükanları... Bir tacirdən dükanındakı bəzi əşyalara görə neçə gümüş sikkə istədiyini soruşun. Sizə doğulmuş və doğulmamış varlıq haqqında ətraflı araşdırma ilə cavab verəcəkdir. Bu gün çörəyin qiymətini soruşanda çörəksatandan "Oğul Atanın buyruğu altındadır" cavabını eşidərsiniz. Evdəki xidmətçidən hamamın hazır olub-olmadığını soruşun. Cavabı "Oğul yoxdan ortaya çıxmışdır" olacaqdır... Katoliklər "tək övlad qəbul edilən ucadır" dedilər, ariusçular isə "Yaradan hər şeydən ulu olandır" dedilər".3

Konstantin imperatorluq torpaqlarında yaşayan xristianlara geniş bir etiqad və ibadət azadlığı vermişdi. Amma özü xristian deyildi və Romanın ənənəvi bütpərəst etiqadlarını qorumaqda davam edirdi. O, öz mənafelərini qoruyan bir dövlət başçısı idi. Onun arzusu imperiyanın sərhədləri daxilində yaşayan bütün dinlərin mənsubları, xüsusilə də Günəşə sitayiş etməyə əsaslanan batil Sol Invictus (Sol İnviktus) dini ilə xristianlıq arasında bir uzlaşmanı, hətta çulğaşmanı, qaynayıb-qarışmanı təmin etmək idi. Konstantin bu çulğaşmanı təmin etməyə çalışdığı bir vaxtda xristianların öz aralarında dini mübahisələrin başlamasından çox narahat olmuş və buna görə də adıçəkilən məclisi təşkil edərək imperatorluğun sərhədləri daxilindəki bütün nüfuzlu və sözükeçən rahibləri İznikə çağırtdırmışdı. İznik məclisində iki tərəf vardı. Bunlardan biri Hz.İsanın Allahın yer üzündəki vücudlaşmış (cismə, bədənə çevrilmiş) şəkli olmasına inanan batil inkarnasiya inancı idi (Allaha sığınırıq). Bu etiqadda olanların başçısı İsgəndəriyyə yepiskopu Atanasius (Athanasius) idi. Atanasiusun qarşısında isə məşhur misirli rahib Arius dayanırdı.

İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.
(Fəth surəsi, 28)

Liviya əsilli misirli bir ailənin oğlu olan Arius dövrünün mühüm şəhəri olan İsgəndəriyyədə böyümüş və 312-ci ildə kilsəyə gedərək rahib olmuşdu. Arius Allahın birliyinə iman gətirir və həmin vaxtlar Roma kilsəsi tərəfindən qəbul olunaraq Hz.İsanı "tanrı" hesab edən təlimin səhv olduğunu insanlara çatdırırdı. O, Hz.İsa barədə işlədilən "Allahın oğlu" sifətinin tamamilə məcazi məna daşıdığını və onu tanrılaşdırmaq kimi bir məna kəsb etmədiyini söyləyirdi. Bunu sübut etmək üçün Matta İncilindəki "Sülhsevərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək" ("Matta", 5/9) sözlərini göstərir və Allahın istəyinə uyğun hərəkət edən hər bir adamın bu sifətə layiq olduğunu, bunun Hz.İsaya aid edilən xüsusi bir ifadə olmadığını vurğulayırdı. Arius bir əsərində "Əslində biz də Tanrının oğulları halına gələ bilərik" deyə yazmışdı.4 Arius bu fikrini müdafiə etmək üçün Hz.İsanın İncildə qeyd edilən və "Tanrım" deyə başlayan dualarını misal göstərirdi. Bu duaların Hz.İsanın Allaha bağlı və başqa insanlar kimi aciz bir bəndə olduğunu göstərdiyini söyləyirdi. Arius Hz.İsanın Əhdi-Cədiddə özü haqqında tez-tez "insan oğlu" deyə bəhs etməsinə də diqqəti cəlb edir və bunun Hz.İsanın bəşəri təbiətini göstərdiyini vurğulayırdı.

Arius İsgəndəriyyənin bir qəsəbəsi olan Banealisin rəsmi rahibi kimi bu fikirlərini geniş və çoxsaylı insan kütləsinə çatdırdı. Ariusa qulaq asan camaat onun həm danışdıqlarının məntiqli və ağlabatan olmasına, həm də təvazökar və riyadan uzaq həyat sürdüyünə görə fikirlərini asanlıqla qəbul etdi. Ancaq İsgəndəriyyənin yepiskopu Aleksandr "ariusçuluq" cərəyanından çox narahat olmağa başladı. Aleksandr Hz.İsanı məcazi mənada deyil, ləfzi, yəni kəlmənin zahiri mənasında "Allahın oğlu" sayan və tanrı qəbul edən Roma kilsəsinə bağlı idi (Allaha sığınırıq). O, əvvəlcə Ariusu öz fikirlərini dəyişməyə razı salmağa çalışdı. Buna nail ola bilməyəndə isə ariusçuluğun üzərinə güclü hücuma keçdi. O, bunu öz yazılarında belə qeyd edirdi:

"Bu cərəyan getdikcə hər yerə, bütün Misirə, Liviyaya və Yuxarı Tebesə yayıldı. Bundan sonra biz də Misir və Liviyanın yepiskopları ilə bir yerə yığışdıq və təxminən yüz nəfərlik bir məclisdə bu cərəyanı və onun bütün ardıcıllarını lənətlədik".5

Bu lənətlər yalnız söz olaraq qalmadı. Arius və davamçıları 318-ci ildə kilsədən kənarlaşdırıldılar. Arius və onun ən yaxın köməkçiləri olan yepiskop Teonas (Theonas) və Sekundusla (Secundus) birlikdə on iki rahib sürgünə göndərildi. Arius sürgünə getməmişdən əvvəl öz fikirlərini "Talia" (Thalia) adlı lirik kitabda topladı. Onun sürgün edildiyi yer isə Fələstin idi.

Amma Arius bu bölgədə də ona rəğbət bəsləyən insanlar tapdı. Beləliklə, Roma kilsəsinin bəzi etiqadlarına güclü şəkildə müxalifətdə dayanan bir hərəkat hər cür maneəyə baxmayaraq yayılmaqda davam etdi. Bu xəbərlər Roma kilsəsini himayə edən imperator Konstantinə çatdırılanda o, böyük bir problemlə qarşı-qarşıya olduğunu başa düşdü. İmperator Romada dini birliyi təmin etmək üçün səy göstərmiş, bu məqsədinə nail ola bilmək üçün kilsəni öz himayəsi altına almışdı. Lakin indi kilsə daxildən parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Buna görə də Konstantin vaxt itirmədən bu məsələni həll etməyə və dini birliyi yenidən təmin etməyə qərar verdi. Xristianlıq tarixinin ən mühüm hadisələrindən biri olan İznik məclisi bu məqsədlə toplandı.

İznik Məclisi

... Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq surəsi, 12)

İmperator Konstantin ariusçuluqla onun müxalifləri arasındakı qarşıdurmanı əvvəlcə hər iki tərəfə məktub göndərərək və "birliyin hər şeydən daha əhəmiyyətli" olduğunu izah edərək həll etməyə çalışmışdı. Ancaq bu səylərinin heç bir xeyrinin olmadığını görəndən sonra yepiskop Hosiusun tövsiyəsi ilə böyük "Dünya Kilsə Məclisi" və ya başqa adı ilə desək, bir "Sinod" toplamağa qərar verdi. İznikdə yığışan bu məclisdə üçləmə etiqadına günümüzə qədər gəlib çıxmış bir tərif verildi. Bu etiqadı qəbul etməyənlərin isə "azğın" (eretik, heretik) olduqları elan edildi.

"Demokratik" bir forum kimi göstərilməyə çalışılan İznik məclisinə imperator Konstantinin əslində böyük təsiri vardı və burada çıxarılan qərar da onun müdafiə etdiyi tərəfin lehinə oldu. Konstantinin dəstəklədiyi tərəf isə təbii ki, onun himayəsi altına girmiş Roma kilsəsi idi. Məclisdə iştirak edən 300-dən çox rahibin yalnız 20-si Ariusa yaxın olanlar idi. Burada Konstantinin ilk öncə Ankarada təşkil edilməsi planlaşdırılan məclisi sonradan şimal-şərqdə yerləşən İznikə təyin etməsi və bununla da ariusçuluğun daha güclü və təsirli olduğu Şərq kilsələrinə bağlı olan rahiblərin məclisdə iştirakını çətinləşdirməsinin də rolu vardı.6 İznikin başqa bir xüsusiyyəti isə imperatorun burada yayda istirahət etmək üçün tikilən bir sarayının olması və məclis təşkil edilən vaxt da onun özünün şəhərdə olması idi. Buna görə də imperator məclisin bütün iclaslarında iştirak etdi və onun nüfuzu verilən qərarlara da təbii olaraq öz təsirini göstərdi.

Hz.İsanın "tanrılaşdırılması"nın o vaxta qədər ən açıq və ən konkret ifadəsi olan İznik Əhdnaməsində belə deyilirdi (aşağıdakı bütün ifadələrdən Allaha sığınırıq):

"İnanırıq ki..., Rəbb İsa Məsih Tanrının oğludur, Ata Tanrıdan ortaya çıxmışdır. Ata Tanrı ilə eyni əsasdandır. Tanrıdan Tanrıdır, İşıqdan İşıqdır. Tanrı ilə eyni əsasdan olub Tanrıdan ortaya çıxmışdır, yaradılmamışdır. Onun (Hz.İsanın) vasitəsilə göylərdə və yerdə mövcud olan hər şey yaradılmışdır. O ki biz insanlar üçün və xilasımız üçün aşağı enmiş və bədən olmuş və insana çevrilmişdir. Əziyyət çəkmiş, üçüncü gün dirilmiş və göyə yüksəlmişdir. Və ölüləri və diriləri mühakimə etmək üçün yenidən gələcəkdir. Və inanırıq ki, Müqəddəs Ruh (da Tanrıdandır).

Və əgər kim "Tanrının Oğlunun mövcud olmadığı bir dövr vardı" desə yaxud da "ortaya çıxmamışdan əvvəl yoxdu" desə və ya "əvvəllər mövcud olmayan şeylərdən düzəldildi" deyəsi olsa yaxud "Atadan fərqli bir əsasdandır" söyləsə yaxud da onun yaradıldığını və ya nəyəsə çevrilməyə açıq olduğunu bildirsə, Katolik kilsəsi bütün bu sözləri deyənləri lənətləyər".7

Göründüyü kimi, ilk paraqrafda ariusçuların qarşı çıxdığı təlimlər qeyd edilib. İkinci paraqrafda hədəfə götürülən və özünə Katolik (Universal) kilsə sifətini vermiş Roma kilsəsi tərəfindən lənətlənən adamlar isə Hz.İsanın Allahın elçisi və yaratdığı bir bəndə olduğunu söyləyən adamlardır, yəni ariusçular və bu düşüncəyə sahib olan başqalarıdır...

İznik Əhdnaməsi yayıldığı tarixdən sonra xristian etiqadının əsas sənədinə çevrildi və bu əhdə bağlı olmayan hər bir kəs yolunu azmış sayıldı. Roma Katolik kilsəsi "Tanrının iradəsinin bu məclisdə təcəlla etdiyini" elan etdi. Dolayısı ilə İznik Əhdnaməsi də sanki vəhy kimi müqəddəs və qüsursuz bir mətn sayıldı. Halbuki təcəlla edən iradə əslində Roma imperatorluğunun iradəsi idi.

Ariusçular isə məclisdən sonra daha böyük təzyiqlərə məruz qaldılar. İznik məclisinə imza atmaq təklifini rədd edən Arius tərəfdarları qovuldular. Buna baxmayaraq təxminən yarım əsr boyunca müqavimət göstərməkdə davam etdilər. Amma kilsənin davamlı təzyiqləri qarşısında IV əsrin axırlarında yavaş-yavaş tarix səhnəsindən silindilər. Ancaq üçləmənin kilsə tərəfindən rəsmən qəbul edilməsi də ixtilafları aradan qaldırmadı. Yeni məclislər təşkil edildi, yeni fikirlər ortaya atıldı, mübahisələr oldu. Amma bütün mübahisələrə baxmayaraq "Üçdə Bir, Birdə Üç" şəklində ifadə edilən batil etiqad həmişə qorundu.

Qeyd: Bu batil etiqad Allahın üç müxtəlif şəxsdə olması və bu üç şəxsin də bərabər, sonsuz və müştərək dəyərdə olmaları mənasını daşıyırdı.

Konstantinin dövründə həm İznik Əhdnaməsi kimi etiqadlar inkişaf etdirildi, həm də bu gün əlimizdə mövcud olan Əhdi-Cədidə (İncilə) sonuncu forması verildi. Bu gün əlimizdə olan heç bir Əhdi-Cədid nüsxəsi Konstantin dövründəkindən daha qədim deyil.8

İznik məclisindən sonrakı yarım əsr boyunca Atanasius İznik düsturunu müdafiə etdi və onu getdikcə daha da təkmilləşdirdi. Çünki İznik məclisində üçləmə etiqadı hələ son şəklini almamış, onun sadəcə olaraq əsası qoyulmuşdu. Üçləmənin üçüncü elementi olan Müqəddəs Ruh məsələsi qeyri-müəyyən qalmışdı. IV əsrdə İstanbul patriarxı olan Makedoniusun (Makedonius) rəhbərliyi altında ikinci baş məclis Konstantinopolda (İstanbulda) toplandı və orada "Müqəddəs Ruhun üçləmə etiqadının üçüncü hissəsinin olduğu, üçünün də uluhiyyət baxımından eyni səviyyədə olması" elan edildi (Allaha sığınırıq).9 Beləliklə, üçləmə etiqadı Hz.İsanın Allah dərgahına yüksəldilməsindən təxminən dörd əsr sonra özünün son şəklini aldı. Bu məclisdə Kitabi-Müqəddəsdə olmayan bir etiqad da ortaya atıldı: homoousios (Nomoousios). Bu kəlmə ilə üçləməni təşkil edən hər üç şəxsin eyni cövhərə və bərabər səlahiyyətlərə malik olduqları ifadə edilirdi (bundan Allaha sığınırıq).

Burada vurğulanmalı olan başqa bir mühüm məsələ isə üçləmə inancının insanlara təqdim edilmə şəklidir. Üçləmə etiqadı xristianlar arasında bütövlükdə "başa düşülməsi çətin, dərk edilməsi mümkün olmayan, ancaq mütləq qəbul edilməli olan" bir etiqad kimi qəbul edilir. Bunun səbəbi üçləməni müdafiə edənlərin bir tərəfdən də tövhid inancının qəbul etdiklərini söyləmələridir. Halbuki üçləmə etiqadı ilə tövhid inancının bir yerdə mövcud ola bilməyəcəyi gün kimi aydın olan məsələdir. İnsanların beynindəki sual işarələrinə məqbul və başadüşülən şəkildə cavab verilə bilməyib. Buna cavab verə bilmələri də mümkün deyil. Buna görə də üçləmənin bir iman mövzusu olması, bu haqda düşünməyə və ya onu başa düşməyə ehtiyacın olmaması, sadəcə onun olduğu kimi inanılması lazım gələn bir etiqad olduğu fikri müdafiə edilir.10 Bu vəziyyət üçləmə etiqadının yanlışlığı və ziddiyyətləri haqqında danışmağa əsrlərdir ki, mane olur. Söylənənləri xülasə edəsi olsaq deyək ki, üçləmə etiqadı barəsində danışmağın və mübahisə etməyin qadağan olunduğu bir etiqaddır.

Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra Kadıköy məclisində üçləmə inancının bugünkü halı ilə ortaya çıxması arasındakı mərhələ hazırda bir çox tədqiqatçılar tərəfindən "Allahın elçisi olan Hz.İsanın tanrılaşdırılması" dövrü kimi təqdim edilir. Bu dövr müəyyən mərhələlərdən keçmiş, ən axırda da Hz.İsanın özünün də bir tanrı olması istiqamətindəki yanlış bir etiqad şəklini almışdır (Allaha sığınırıq). Bu məsələ sonrakı fəsillərdə ətraflı şəkildə incələnəcək.

Hz.İsa Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir

Tövhid etiqadını insanlara təbliğ edən bütün peyğəmbərlər özlərinin üstün əxlaqı və səmimi imanları ilə çox mübarək şəxslər olub. Allah "Nəhl" surəsində Öz elçilərini yaşadıqları cəmiyyətlərdə tövhid etiqadını təbliğ etmək üçün vəzifələndirdiyini belə bildirir:

"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə elçi göndərdik..." ("Nəhl" surəsi, 36).

Amma tövhid etiqadı peyğəmbərlərdən sonra zaman ötdükcə insanlar tərəfindən təhrif edilərək dəyişdirildi. Hər təhrifdən və əxlaqi tənəzzüldən sonra Allah həmin cəmiyyətlərə Onun ayələrini oxuyacaq və insanlara axirət gününü xatırladacaq yeni bir elçi göndərmiş, insanları yenidən tövhiddə birləşdirmişdir. Hz.İsa da Hz.Musanın gətirdiyi vəhyin təhrif edilməsindən sonra insanları Allahın birliyinə çağırmaq, Ondan başqa tanrı olmadığını təbliğ etmək üçün göndərilmişdi. O, Hz.Musanın gətirdiyi haqq dini aşındırıb dəyişdirən İsrail oğullarını öz lovğa ənənələrindən uzaqlaşaraq batil etiqadlarından əl çəkməyə və yalnız Allaha təslim olmağa çağırmışdı. Hz.İsanın İsrail oğullarına təbliği ayələrdə belə xəbər verilir:

"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur"" ("Zuxruf" surəsi, 63-64).

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 50-51).

Hz.İsa özünün təbliğat aparmaq vəzifəsini yerinə yetirməyə başlayanda Hz.Musanın hökmlərindən uzaqlaşan yəhudi din adamları öz şərhləri ilə yeni haramlar və halallar müəyyənləşdirib ortaya atmışdılar. Onlar formal, yalançı, lovğa, batil və maddiyyatçı bir din meydana gətirmişdilər. Belə ki, Allahın Rəsulu Hz.İsa insanları iman gətirməyə və batil ənənələrini tərk etməyə çağıranda ona təhqiramiz sözlərlə və düşməncəsinə cavab verdilər:

"Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!" Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər!" ("Zuxruf" surəsi, 57-58).

Amma əngəllərin artmasına baxmayaraq xüsusilə də kasıb camaat arasında Hz.İsaya inananların sayı sürətlə çoxalmağa başlamışdı. Roma imperatorluğunun qəddar və zülmkar rəhbərləri ilə bəzi yəhudi din adamları Hz.İsanın və onun apardığı təbliğatın qarşısını almaq məqsədilə hiylə qurdular və axırda Hz.İsanı çarmıxa çəkərək öldürməyə qərar verdilər. Rəbbimizin onların bu səylərinə verdiyi cavab Qur’anda belə bildirilir:

"Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir" ("Ali-İmran" surəsi, 54).

Rəbbimiz Hz.İbrahimi atəşdən xilas etdiyi kimi Hz.İsanı da düşmənlərinin hiyləsindən qurtardı. Onu öldürmək istəyənlərin planlarını pozdu və onların bu müqəddəs insana zərər verməsinə mane oldu. Bu həqiqət ayələrdə belə qeyd edilir:

""Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - dediklərinə görə, onlara belə cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməyiblər" ("Nisa" surəsi, 157).

Ayələrdə bildirilən həqiqət çox aşkardır. Yəhudilərin qızışdırması ilə Hz.İsanı öldürmək istəyənlər buna nail ola bilmədilər. Qur’anın digər ayələrində də xəbər verildiyi kimi, Hz.İsa ölməyib və o, Allah dərgahında diridir. Allahın Qur’anda Hz.İsaya qurulan hiylələrin pozulduğunu bildirməsi də Hz.İsanın Allahın dərgahında diri olduğunu göstərən mühüm dəlillərdən biridir. Tələ quraraq Hz.İsanı öldürmək istəyənlərin hiyləsini Rəbbimiz pozdu. Allahın peyğəmbərini öldürdükləri iddiasını ortaya atanların bu iddiaları sadəcə olaraq bir zənndən ibarətdir. Onlar Hz.İsanı çarmıxa çəkdiklərini güman edirlər, lakin onlar əslində başqa bir adamı çarmıxa çəkərək öldürüblər.

Ancaq Hz.İsanın Allah dərgahına yüksəldilməsindən sonra xristianlıq zaman keçdikcə üçləmə etiqadı ilə dəyişikliyə məruz qaldı. Hz.İsanın gətirdiyi muvahhid dinin xüsusiyyətlərini, onun dünyada olduğu müddət ərzində yaşadıqlarının bir qismini və Allah dərgahına yüksəldilməsini Peyğəmbərimiz Hz.Muhəmməd (s.ə.v.) vasitəsilə bütün insanlara göndərilən və qiyamətə kimi öz qüvvəsində qalacaq Qur’andan öyrənə bilərik. Unutmaq olmaz ki, Qur’an buradakı sözlərin dəyişdirilməsinin mümkün olmadığı haqq bir Kitabdır. Allah Qur’anın bu xüsusiyyətini "Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamamdır. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!" ("Ənam" surəsi, 115) ayəsi ilə bildirir.

Qur’anda Hz.İsanın Allahın oğlu (bu ifadədən Allaha sığınırıq) deyil, peyğəmbəri, bəndəsi olması ilə bağlı bir çox açıqlamalar var. Bu açıqlamaların bəziləri bunlardır.

"Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın."
(Kəhf surəsi, 16)

Uca Rəbbimizin Övladı Yoxdur

Üçləmə etiqadının ən əsas məntiqi Hz.İsanın "Allahın oğlu" olması ilə bağlı iddiadır. Allahın sifətləri isə onların bu iddialarını tamamilə alt-üst edir. Aləmlərin Rəbbi olan Allah insanların heç nəyi bilmədən, cahilcəsinə və qeyri-ciddi şəkildə ortaya atdığı bu cür bənzətmələrdən, hər cür qüsur və nöqsanlardan uzaqdır. Bu həqiqət Qur’an ayələrində belə bildirilir:

"Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" -deyər, o da dərhal olar" ("Məryəm" surəsi, 35).

""Allah Özünə övlad götürdü!" - dedilər. Allah pak və müqəddəsdir. O, möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?" ("Yunus" surəsi, 68).

Rəbbimizin hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız "Ol!" deməsi kifayətdir. Göylərdə və yerdə nə varsa Onundur. Bütün varlıqlar Onun mülkü, Onun yaratdıqlarıdır. Hər şey Onun əmrinə boyun əyib, Onun sonsuz güc və qüdrətinə təslim olub:

"...Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar" ("Ali-İmran" surəsi, 83).

Allah bütün bu səbəblərin fövqündədir, çünki meydana gələn bütün hadisələri və bu hadisələrin baş vermə səbəblərini də yaradan Onun Özüdür. Dünyadakı hər şey müəyyən səbəblərə bağlı olaraq inkişaf edir. Doğulmaq, böyümək, öyrənmək və ya qocalmaq zaman və məkan kimi müəyyən səbəblərə bağlı şəkildə həyata keçir. İnsanlar zamana və məkana bağlı olaraq yaşayırlar. Halbuki Rəbbimiz zamanın və məkanın fövqündə dayanır, zamanı da, məkanı da O, yaradıb. Ata, oğul, övlad sahibi olmaq kimi insan həyatına xas məsələləri də Rəbbimiz var edib. Dolayısı ilə "Allah Özünə övlad götürdü!" (bu ifadədən Allaha sığınırıq) deyənlər Rəbbimizin bənzərsiz sifətlərini unudur və öz məhdud anlayışlarına uyğun olaraq düşünürlər. Halbuki bu dedikləri Allah dərgahında çox böyük yalandır. "Kəhf" surəsində belə bildirilir:

"O, həm də (Qur’anı) : "Allah Özünə övlad götürdü!" -deyənləri qorxutmaq üçün nazil etdi. Bu barədə nə onların özlərinin, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər!" ("Kəhf" surəsi, 4-5).

Rəbbimiz başqa bir ayədə isə belə buyurur: "Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir! O, bir olan, qəhr edən (hər şeyə gücü yetən) Allahdır!" ("Zumər" surəsi, 4). Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin bu ayədə hər şeyi Öz istədiyi kimi yarada biləcəyi xəbər verilir. Allahın üçləmə etiqadını müdafiə edərək əsassız iddialarla çıxış edən adamlara verdiyi cavab başqa ayələrdə belə vurğulanır:

"Dedilər: "Allah övlad götürmüşdür". Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da dərhal olar" ("Bəqərə" surəsi, 116-117).

""Rəhman Özünə övlad götürmüşdür" - dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana Özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü onun hüzuruna gələcək" ("Məryəm" surəsi, 88-95).

Ayələrdə də bildirildiyi kimi, bu, "olduqca pis bir şey"dir. Göylərdə və yerdə olan hər şeyin sahibi olan Rəbbimiz bütün bu cür pis bənzətmələrdən uzaqdır.

Üçləmə etiqadını müdafiə edənlər Hz.İsanın Allahla eyni səlahiyyətlərə malik olması ilə bağlı çox azğın iddia da irəli sürürlər. Halbuki Rəbbimiz Qur’anda "...Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir" ("Furqan" surəsi, 2) ayəsi ilə bu iddiaların mənasızlığını açıqlayır. Çünki O, bütün kainatın mütləq hakimidir, Onun heç bir şəriki və ya köməkçiyə ehtiyacı yoxdur. "İsra" surəsində belə buyrulur:

"Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir köməkçiyə ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı bütün eyb və nöqsanlardan uzaq bilib təqdis et şəninə təriflər de!" ("İsra" surəsi, 111).

Allah Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) bu iddia ilə ortaya çıxanlara belə deməsini vəhy edib:

"De: "Əgər Rəhmanın bir övladı olsa, ona ibadət edənlərin birincisi mən olardım!" ("Zuxruf" surəsi, 81).

Ayədə xəbər verilən bu cavab üçləmə etiqadını müdafiə edənlərin böyük bir yanlışlıq içində olduqlarını göstərir. Allah yuxarıdakı ayənin davamında bunları bildirir:

"Göylərin və yerin Rəbbi, ərşin Rəbbi olan Allah Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Qoy onlar vəd olunduqları günə qovuşana qədər qurşanaraq oynayıb əylənsinlər! Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, biləndir!" ("Zuxruf" surəsi, 82-84).

Ayənin açıq ifadəsindən də aydın olduğu kimi, Allah bu çirkin iddiaları ortaya atan adamların Onun qədrini lazımınca təqdir etmək qabiliyyətində olmadığına diqqəti cəlb edir, onları axirətin mövcudluğundan bixəbər olan və vaxtlarını qəflətdə keçirən insanlar kimi tanıdır.

Göydə Və Yerdə Nə Varsa Hamısı Allahındır, Bütün Varlıqlar Ona Möhtacdır

"Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir."
(Muminun surəsi, 116)

Əvvəl də qeyd etdiyimiz kimi, üçləmə etiqadında Hz.İsanın yaradıldığı qəbul edilmir, əksinə, onun Allahla eyni səlahiyyətlərə malik bir güc olduğu bildirilir. Halbuki bu düşüncə şəkli Rəbbimizin peyğəmbərlərə vəhy etdiyi tövhid etiqadının tamamilə əks tərəfində dayanan çirkin bir böhtandır. "Bəqərə" surəsində belə qeyd edilir:

"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255).

Rəbbimiz yeganə haqq və hökm sahibidir. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey: bütün insanlar, heyvanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Uca Allahdır. Hər şey Onun əmri ilə hərəkət edir və öz mövcuduluğunu Onun istədiyi vaxta kimi davam etdirə bilər. Bütün canlı varlıqları yedirib-içirən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq bir işığa çevirən, fəsilləri yaradan Allahdır. Dünyanın yaradılışından etibarən yaşamış olan, dünyalarını dəyişən, hazırda yaşayan və dünyaya gələcək bütün insanları yaradan da Allahdır. Hər insan öz varlığına görə Allaha borcludur və hər şeyi ilə Ona möhtacdır. Allahın seçərək insanların Ona iman gətirməsi üçün elçilik vəzifəsi verdiyi peyğəmbərləri də Allahın yaratdığı bəndələrdir. Bütün peyğəmbərlər Onun əmri ilə hərəkət edən mübarək insanlardır. Hz.İsa da həmin elçilər kimi Allahın yaratdığı bir bəndədir. Şanı uca, seçilmiş, şərəfli, hörmətə layiq ("Ali-İmran" surəsi, 45) etdiyi dəyərli peyğəmbəridir. Belə ki, Allah Hz.İsa haqqında belə buyurur:

"İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!" ("Nisa" surəsi, 172).

Ayədə də bildirildiyi kimi, Hz.İsa Allaha qulluq etmək vəzifəsini yerinə yetirməkdən ləzzət alan, Rəbbimizə təslim olan çox səmimi bir insandır. Onun tanrılıq iddiasında olması ilə bağlı bütün açıqlamalar sonradan "istehsal" edilən hədyan və sayıqlamalardır. Uca Rəbbimiz bütün yaradılanlar üzərində mütləq hakimiyyətə sahibdir. Ondan başqa hər şey yaradılmaq və öz varlığını davam etdirmək üçün yalnız Rəbbimizə möhtacdır.

Allah kainatı yoxdan yaradıb. Dünyadakı bütün canlılar doğulur və ölür. Hər şeyin müəyyən bir ömrü var. Kainatda yox olmayacaq heç bir əşya və ya ölümsüz olacaq heç bir canlı mövcud deyil. Halbuki Qur’anda bildirildiyi kimi, Allah əvvəldir, axırdır ("Hədid" surəsi, 3). Yəni Onun başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah sonsuzluğun sahibi, zamanın və məkanın üstündə olandır. O, hər şeydən əvvəl də vardır, sonra da olacaqdır. Kainatın, canlıların, planetlərin, qalaktikaların və kainatın hələ yaradılmadığı anda da yalnız Allah var idi. Hər şey yox olandan sonra yenə də təkcə O, qalacaqdır. Ömrü və zamanı yaradan Allah maddəyə xas olan bütün xüsusiyyətlərdən uzaqdır.

Allah bu məfhum və anlayışları yaradıb və insanların zamana və məkana tabe olaraq yaşamasını məsləhət bilib. İnsan başına bir gün sonra, hətta bir saat sonra nələrin gələcəyini heç vaxt bilə bilməz. Allah isə bir işin olmasını hökm edəndə bir gün sonra, illər sonra və qiyamətə qədər həmin işin necə nəticələnəcəyini bilir və bu nəticələrin özünə də hakimdir. Dolayısı ilə Onun verdiyi hökm həmişə ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Kainatdakı bütün varlıqların bir sonu, bir axırı var. Bir insan anadan olur, yaşayır və bu dünyadakı məhdud ömrünün axırında qaçılmaz bir həqiqət olan ölümlə qarşılaşır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin yox olması da qaçılmazdır. Onlar da dünyaya gələndən bir müddət sonra bir-bir ölürlər. Canlı olan hər şey həyatını başa vurub axırda torpağın altına girəcək. Baqi olan Rəbbimiz isə Öz mütləq varlığını həmişə davam etdirəcək. Sonsuzluq yalnız Ona məxsusdur.

İnsan acizdir, o, həyatı boyunca müxtəlif qayğıya və köməyə möhtacdır. İnsanın həyatının böyük hissəsi onun öz bədəninə baxması, onu təmizləməsi, qidalanmasını və yuxusunu tənzimləməsi ilə keçir. Canlı-cansız bütün varlıqların və bütün kainatın yaradanı olan Allah isə Hayydır. O, həmişə diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə gücü çatandır, O, mürgüləməz və yatmaz, hər cür acizlikdən uzaqdır. Allah yaratdıqlarına müxtəlif acizliklər verib və yaradılanların özlərinin bu qüsurlarını dərk edib ancaq Ona üz tutaraq qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib. İnsanın üzərinə düşən vəzifə isə Allah istəmədiyi təqdirdə onun heç bir şeyə gücünün çatmayacağını, həyatını bircə saniyə də olsa davam etdirə bilməyəcəyini dərk edərək Rəbbimizə tərəf üz tutmasıdır. Allah Ondan başqa heç bir tanrının olmadığını Qur’an ayələrindəki hikmətli misallarla belə xəbər verir:

"Göylərdə və yerdə olan məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər. Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı. Ərşin sahibi olan Allah ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər. Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: "Dəlilinizi gətirin. Bu mənimlə olanların Kitabı, bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də üz döndərər!"" ("Ənbiya" surəsi, 19-24).

"Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmaqa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır! O qeybi də, aşkarı da bilir. Allah onların Ona qoşduğu şəriklərdən çox ucadır!" ("Muminun" surəsi, 90-92).

Hz.İsa Rəbbimizə Onun bütün bu sifətləri ilə könüldən iman gətirən səmimi bir insandır. O, Allahın sonsuz güc sahibi olmasına iman gətirmiş, Ona heç bir şeyi şərik qoşmamışdı. Qur’anda Hz.İsanın Allahın qulu, bəndəsi olduğu belə bildirilir:

"İsa dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi" ("Məryəm" surəsi, 30).

Başqa bir ayədə isə Hz.İsanın da ölümlü olduğu, hər bir insan kimi onun da öldükdən sonra axirət günü yenidən dirildiləcəyi bildirilir:

"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" ("Məryəm" surəsi, 33).

Başqa insanlar və peyğəmbərlər kimi Hz.İsanı da Allah yaradıb, dünyada tövhid inamını çatdırmaq üçün ona möhlət verib. Sonra isə Hz.İsaya hiylə Qur’anların məkrli planlarını puça çıxararaq onu Öz dərgahına yüksəldib. Hz.İsa Allahın onun üçün müəyyən etdiyi vaxt gəlib çatanda təkrarən dünyaya gələcək və Allahın əmr etdiyi kimi elçilik vəzifəsini tamamlayacaq. Onun bütün taleyini - həyatı boyunca qarşısına çıxan hər şeyi, başına gələn hər bir hadisəni müəyyən edən və vaxtı gələndə bütün bunları həyata keçirən yeganə güc Allahdır. Hz.İsanın göstərdiyi bütün möcüzələri də yaradan məhz Allahdır. O, bunları özü deyil, Allahın mərhəməti ilə gerçəkləşdirib. Hz.İsa dünyadakı həyatı boyunca Allaha olan güclü imanını ifadə edib və insanları Allahın doğru yoluna çağırıb. Hz.İsanın insanları Allaha iman gətirməyə dəvət etməsi "Məryəm" surəsində belə bildirilir:

"Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!" ("Məryəm" surəsi, 36).

Hz.Yəhyanın Anadan Olması Da Allahın Bir Möcüzəsidir

"Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır."
(Qasas surəsi, 68)

Üçləmə etiqadının əsaslarından biri də Hz.İsanın həyatındakı möcüzələrdir. Həqiqətən də Rəbbimiz Hz.İsaya fövqəladə möcüzələr verərək ona böyük lütf göstərib. Bu müqəddəs şəxsin anadan olmasından Allah dərgahına yüksəldilməsinə qədər keçən həyatı möcüzələrlə doludur. Bunlardan biri də Hz.İsanın atasız dünyaya gəlməsidir. Hz.İsanın anadan olması həqiqətən də Rəbbimizdən gələn çox böyük möcüzədir. Cəbrailin Hz.Məryəmə insan şəklində görünməsi və ona Allahdan bir möcüzə göstərməsi Qur’an ayələrində müfəssəl şəkildə qeyd edilir. Hz.Məryəm ona heç bir insan toxunmadığı halda Allahın istəyinə uyğun olaraq Hz.İsaya hamilə qalıb. Onun hamiləliyi dünyadakı bütün səbəblərdən asılı olmadan, yəni möcüzəvi şəkildə baş verib:

"Məryəm dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" Cəbrail dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" Məryəm artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi" ("Məryəm" surəsi, 20-22).

Ayədən də göründüyü kimi, Hz.İsa bizə məlum olan yaradılışdan fərqli şəkildə - atasız dünyaya gəlib. O, anadan olmamışdan əvvəl Allah bir çox xüsusiyyətlərini və onu insanlar üçün bir rəhmət şəklində göndərdiyini mələkləri vasitəsilə anası Hz.Məryəmə bildirib:

"Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm! Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik..." ("Məryəm" surəsi, 18-21).

Bu möcüzəvi yaradılış üçləməni müdafiə edənlər üçün onların dəlillərindən birini təşkil edir. Hz.İsanın anadan olmasındakı fövqəladəlik aşkar bir həqiqətdir. Ancaq Qur’anda Hz.Yəhyanın da yenə möcüzəvi bir şəkildə anadan olması xəbər verilir. Ona bir varis verməsi üçün Allaha dua edən Hz.Zəkəriyyanın duaları ayələrdə belə bildirilir:

"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Rəbbinə gizlicə dua edib yalvarıb belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır, Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o razı qalınanlardan olsun!" ("Məryəm" surəsi, 2-6).

"Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"" ("Ali-İmran" surəsi, 38).

Ayələrdə də qeyd edildiyi kimi, Hz.Zəkəriyyanın təbii şərtlər daxilində övlad sahibi olması mümkün deyil. Amma o, ona bir köməkçi və varis verməsi üçün Rəbbimizə səmimi qəlbdən dua edib. Rəbbimizin bu qiymətli insanın duasına verdiyi cavab ayələrdə belə xəbər verilir:

"Allah buyurdu: "Ey Zəkəriyya! Biz səni adı Yəhya olan bir oğlun olacağı ilə müYdə veririk. Biz bu adı əvvəllər heç kəsə verməmişik!"" ("Məryəm" surəsi, 7).

"O mehrabda namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, rəhbər, nəfsinə hakim və əməli salehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müYdə verir"" ("Ali-İmran" surəsi, 39).

Rəbbimiz Hz.Zəkəriyyəni adı Yəhya olan bir oğlan övladının olacağı ilə müYdələyib. Bu da Hz.İsanın anadan olması kimi möcüzəvi bir vəziyyətdir. Çünki həm yaşları etibarilə, həm də səhhətləri baxımından Hz.Zəkəriyyanın və onun həyat yoldaşının övladlarının olması qeyri-mümkün görünür. Hz.Zəkəriyyə də bu müYdəni eşidəndə: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" ("Məryəm" surəsi, 8) deyib. Ancaq bütün kainatı yoxdan yaradan Rəbbimiz hər şeyə gücü çatandır. O, sonsuz qüdrəti ilə istədiyi hər şeyə "Ol!" deyir və istədiyi hər şey dərhal olur. Allah belə bir yaratmaq gücünə sahibdir. Ayələrdə belə bildirilir:

"Onun yanına gələn mələk: "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 9).

"Zəkəriyya: "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər?" - söylədi. Allah: "Dediyin kimidir, lakin Allah nə istəsə, onu da edər", - deyə buyurdu" ("Ali-İmran" surəsi, 40).

İncildə də Hz.Yəhyanın anadan olması ilə bağlı oxşar ifadələr mövcuddur:

"Rəbbin bir mələyi Zəkəriyyaya göründü və buxur qurbangahının sağında durdu. Zəkəriyya onu gördükdə çaşdı və onu qoxu bürüdü. Mələk isə ona dedi: "Qorxmu, Zəkəriyya, çünki sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan. Sevinc və səfa tapacaqsan. Və onun doğulmasına bir çoxları da sevinəcəklər. Çünki o, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək və hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaqdır. Və İsrail oğullarından bir çoxunu, onların Allahın olan Rəbbə tərəf döndərəcəkdir. Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrətilə Rəbbin önündə yeriyəcəkdir". Və Zəkəriyya mələyə dedi: "Mən bunu nədən bilim? Çünki mən qocayam, arvadım da çox yaşlıdır"" ("Luka İncili", 1/11-18).

Rəbbimiz Öz dərgahından bir möcüzəsi ilə Hz. Zəkəriyyaya Hz.Yəhyanı bağışladı. Bu müqəddəs insana uşaq yaşlarından etibarən itaət etməyi sevdirdi, ona hikmət, sevgi və təmizlik bəxş etdi. Ayələrdə Hz.Yəhya haqqında bunlar bildirilir:

"...O, çox müttəqi idi. Ata-anasına qarşı da olduqca itaətkar idi: zalim, asi deyildi. Ona doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!" ("Məryəm" surəsi, 13-15).

Ayələrdən də göründüyü kimi, Hz.Yəhyanın anadan olması böyük möcüzədir. Allah dünyəvi səbəblərdən asılı olmadan Hz.Zəkəriyyaya bir övlad hədiyyə etdi, duasını qəbul edərək ona Hz.Yəhyanın varis etdi. Bu müYdəni Hz.Məryəmə olduğu kimi Hz.Zəkəriyyaya də bir mələk vasitəsilə bildirdi. Hz.Zəkəriyyanın xanımının hamilə qalması üçün lazım olan şərtlər də mövcud deyildi. Dolayısı ilə Hz.Məryəmin Hz.İsanı dünyaya gətirməsi ilə Hz.Yəhyanın dünyaya gəlməsi arasında çox böyük oxşarlıqlar var. Bu isə üçləmə etiqadının əsaslarından daha birinin etibarsızlığını göstərir.

Hz.Adəmin Torpaqdan Yaradılması

Hz.Yəhyanın və Hz.Adəmin anadan olmasının fövqəladəliyi Hz.İsanın möcüzəvi şəkildə dünyaya gəlməsindən üçləmə etiqadının əsaslarından biri kimi istifadə olunmasını qeyri-mümkün edən dəlillərdən biridir. Qur’an ayələrində Hz.Adəmin də möcüzəvi şəkildə yaradıldığı xəbər verilir. "Hicr" surəsində belə bildirilir:

"Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və dəyişib başqa şəklə düşmüş palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!"" ("Hicr" surəsi, 28-29).

Ayədə bildirilən həqiqət çox fövqəladə yaradılışa işarə edir. Hz.Adəm anası və atası olmadığı halda "quru və dəyişib başqa şəklə düşmüş palçıqdan" yaradılıb. Torpaqdan yaradılışla bağlı başqa ayələrdə belə bildirilir:

"Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, yada salın ki, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək..." ("Həcc" surəsi, 5).

"Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir" ("Rum" surəsi, 20).

"Allah sizi torpaqdan, sonra bir damcı sudan (nütfədən) xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır" ("Fatir" surəsi, 11).

Qur’anda Hz.Adəm haqqında verilən başqa əhəmiyyətli məlumat isə Hz.İsanın yaradılışı ilə olan oxşarlıqdır:

"Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol!" - dedi, o da oldu. Şübhəsiz ki, bunlar Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!" ("Ali-İmran" surəsi, 59-60).

Yuxarıdakı ayədə Allah Hz.Adəmlə Hz.İsanın oxşar şəkildə yaradıldıqlarını bildirir. Əvvəl də qeyd etdiyimiz kimi, Hz.Adəm hər hansı bir atası olmadığı halda, yalnız Allahın "Ol" deməsi ilə torpaqdan yaradılıb. Hz.İsa da atası olmadığı halda Allahın "Ol!" əmri ilə yaradılıb. Eyni ayənin axırında isə insanlara bu həqiqətin Rəbbimizdən gəldiyi xəbər verilir və bu məsələdə şübhəyə qapılmamağın zəruriliyi vurğulanır. Dolayısı ilə bu böyük həqiqət dərk edilməli və Hz.İsanın da eynilə Hz.Adəm kimi Allahın yaratdığı bir bəndə, Allaha möhtac bir insan olduğu qəbul edilməlidir.

Qur’anda Da Bildirildiyi Kimi, Hz.İsa Bir Bəşərdir

Rəbbimiz Qur’anın "Qəsəs" surəsində Peyğəmbərimizə (s.ə.v.) özündən əvvəlki peyğəmbərlərin də bir bəşər olduqlarını bildirir:

"Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir! Bizimlə qarşılacaqlarına inanmayanlar: "Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar" ("Furqan" surəsi, 20-21).

Başqa ayələrdə də Rəbbimiz belə buyurur:

"Biz səndən əvvəl də onlara vəhy etdiyimiz kişilərdən başqa elçi göndərmədik. Əgər bilmirsinizsə, kitab əhlindən soruşun! Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər. Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik" ("Ənbiya" surəsi, 7-9).

Qur’an ayələrində peyğəmbərlərin və Hz.İsanın bəşəri xüsusiyyətləri çoxsaylı misallarla bildirilib. Hz. Məryəm Hz.İsaya möcüzəvi şəkildə hamilə qalıb. Ancaq Hz.İsanın dünyaya gəlməsi mərhələləri, doğuş əsnasında anası Hz.Məryəmin yaşadıqları Hz.İsanın hər bir insan kimi eyni çətin mərhələlərdən keçərək dünyaya gəldiyini açıq şəkildə ortaya qoyur. Bu müddət ərzində baş verənlərin fərqli şəkildə şərh olunması və ya bundan fərqli mənası çıxarılması Allahın izni ilə mümkün deyil:

"Beləliklə hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!" Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da utanmaz deyildi!"" ("Məryəm" surəsi, 22-28).

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin...
(Ənkəbut surəsi, 46)

Hz.İsanı Allah yaradıb və ona müxtəlif möcüzələrlə yardım edib. Onun ölüləri diriltmək, palçıqdan quş düzəldib ona can vermək, anadangəlmə koru və cüzamlı xəstəni sağaltmaq kimi göstərdiyi bəzi möcüzələr, həmçinin atasız dünyaya gəlməsi kimi özünün yaradılışı ilə bağlı fövqəladəliklər isə bizim dünya həyatında yaşadığımız və bağlı olduğumuz qaydalardan kənar hadisələrdir. Rəbbimiz Qur’anın bir çox ayələrində peyğəmbərlərin göndərildikləri xalqlara göstərdiyi möcüzələrdən bəhs edib. Məsələn, Hz.Adəmin torpaqdan və atasız yaradılmasını, Hz.Saleh, Hz.İbrahim və Hz.Musa kimi peyğəmbərlər tərəfindən də insanlara çoxlu möcüzələr göstərildiyini xəbər verib. Hz.Musa sehrbazlarla rastlaşanda Rəbbimiz onun əsasını ilana döndərərək ona çox böyük möcüzə ilə kömək edib ("Taha" surəsi, 69). Həmçinin Fironun və onun əsgərlərinin təqib etməsi nəticəsində dəniz kənarına gələn Hz.Musa və İsrail oğulları dənizdə yol açılması ilə qarşı tərəfə keçə biliblər. Firon və ordusu isə suların altında qalıb ("Taha" surəsi, 77-78). Qur’an ayələrində də Peyğəmbərimizin (s.ə.v.) çoxlu möcüzələri, qeybdən verdikləri xəbərlər bildirilir. Allah "İsra" surəsində Peyğəmbərimizi (s.ə.v.) bir gecə Məscidi-Əqsaya apardığını və oranı göstərdiyini bildirir. Bu isə Rəbbimizdən çox böyük bir möcüzədir ("İsra" surəsi, 1). Haqqında bəhs edilən möcüzələrin baş verməsini təmin edən güc sahibi isə aləmlərin Rəbbi olan Allahdır. Bu möcüzələrin meydana gəlməsi Peyğəmbərimizə (s.ə.v.), Hz.Musaya və başqa peyğəmbərlərə tanrılıq məqamı verilməsi mənasına gəlmir (bu ifadədən Allaha sığınırıq). Çünki bu mübarək insanlar göstərdikləri möcüzələrin həmişə Allahın istəyi ilə həyata keçdiyini həmişə biliblər. "Maidə" surəsində də Hz.İsanın bu möcüzələri "Allahın icazəsi ilə" həyata keçirdiyi xəbər verilir:

"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən onların bəlasını səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"" ("Maidə" surəsi, 110).

Hz.Məryəmə və Hz.İsaya tanrılıq məqamı "verən" bütün iddialar Qur’an ayələri ilə aradan qaldırılıb. Bunlardan biri də "Maidə" surəsindədir:

"Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak bir qadın idi. Onların hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar gör necə üz çevirirlər?" ("Maidə" surəsi, 75).

Ayədə onların xüsusilə də yemək yemələrindən bəhs edilməsi çox hikmətlidir. Çünki yemək, acmaq, susamaq, yatmaq ehtiyacı hiss etmək canlılara xas olan xüsusiyyətlərdir və onların acizliyini ifadə edir. Haqqında bəhs edilən bütün bəşəri xüsusiyyətlərə malik olan Hz.İsa üçün "uluhiyyət" ("tanrılıq") iddiasında olmaq isə son dərəcə böyük səhvdir. Mülkün sahibi olan Rəbbimiz Özünün Rəzzaq sifəti ilə bütün canlıları ruziləndirir, onlara nemətlər bağışlayır. O, heç bir şeyə və heç kimə möhtac olmayandır. Ancaq bütün canlılar var olmaq və öz varlıqlarını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdırlar.

Hz.Məryəmin və Hz.İsanın yemək yemələrinə diqqət çəkilməsinin başqa bir hikməti də ayələrdə Hz.İbrahimə insan surətində gələn mələk elçilər haqqında verilmiş məlumat ola bilər (ən doğrusunu Allah bilir). Ayələrdə həmin elçilərin "yemək yeməməsinə" diqqət cəlb edilib:

"İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə o, salamı alıb: "Bunlar tanımadığın kimsələrdir!" - dedi. O ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi. Qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə qorxuya düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müYdə verdilər" ("Zariyat" surəsi, 24-28).

"Həqiqətən, elçilərimiz İbrahimin yanına müYdə ilə gəlib: "Salam!" - dedilər. İbrahim də: "Salam!" - deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi. Qonaqların əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik!"" ("Hud" surəsi, 69-70).

Allah Hz.İsanı tanrı hesab edən üçləmə iddiası tərəfdarlarına ayələrdə çox fərqli şəkillərdə xəbərdarlıq edir. Bu ayələrdən bəziləri belədir:

""Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. Onlara de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!" ("Maidə" surəsi, 17).

Hz.İsa da Allahın yaratdığı aciz və möhtac bəndələrdən biridir, Allahın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır, amma son nəticədə yenə də Allahın bir quludur, bəndəsidir. Hz.İsanı tanrılaşdıranlar üçün Qur’anda belə bir buyruq var:

"Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cəənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!" "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!" ("Maidə" surəsi, 72-74).

Ayədə də bildirildiyi kimi, Rəbbimiz bütün varlıqlar üzərində yeganə hökm sahibidir. O, bir şey istəyəndə bunu təxirə sala və ya rədd edə biləcək başqa bir güc yoxdur. Allahdan başqa tanrıların olduğunu söyləyən "Allah Özünə övlad götürdü" deyənlər üçün Qur’anda belə buyrulur:

"Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək. Onlar: "Rəhman övlad götürdü!" -dedilər. O, pak və müqəddəsdir! Xeyr, (mələklər) möhtərəm qullardır. Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. Allah onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar. Onlardan hər kəs; "Mən Ondan başqa bir tanrıyam!" - desə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalimlərə belə cəza veririk" ("Ənbiya" surəsi, 25-29).

Hz.İsa Allahın Oğlu Deyil, Onun Peyğəmbəridir

Qur’anda Hz.İsanın anadan olması, həyatı boyunca onun başına gələn hadisələr, ailəsi, ətrafındakı insanların vəziyyəti və s. bu kimi çoxlu sayda məsələdən bəhs edilib. Qur’anda Hz.İsa bizə "Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsih" kimi tanıdılır. Məsələn, "Ali-İmran" surəsində Hz.İsanın özünün göndərilməsinin səbəbini İsrail oğullarına belə izah etdiyi bildirilir:

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 50-51).

Hz.İsanın bu dəvətinə az sayda həvari tabe olub. Qur’anda bu səmimi insanlardan belə bəhs edilir:

"...Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol! Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!"" ("Ali-İmran" surəsi, 52-53).

Qarışıqlıq və ixtilaf içində olan bir xalqa hidayət rəhbəri olaraq göndərilən Hz.İsa həyatı boyunca ətrafındakı insanları Allaha səmimi şəkildə iman gətirməyə və təslim olmağa çağırıb. Bununla yanaşı, Qur’an ayələrindən aydın olur ki, Hz.İsa öz dinləri məsələsində ixtilaf içində olanlara yol göstərib. İncildə qeyd edilən bəzi ifadələrdən Hz.İsanın ilk öncə ikiüzlü, qeyri-səmimi din adamlarını, dindar cildinə girib xalqı aldadanları özlərinin bu əməllərindən əl çəkməyə, Allaha iman gətirməyə dəvət etdiyi aydın olur. Allah Qur’anda belə bildirir:

"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63).

Hz.İsa da bütün peyğəmbərlər kimi əxlaqi tənəzzülü və dinsizliyi hədəf seçdi, insanların yol verdiyi bütün ədalətsizlikləri, haqsızlıqları, əxlaqsızlıqları və batil dinlərini tərk etmələrini, Allahın istədiyi əxlaqla və ancaq Allahın razılığını qazanmaq üçün yaşamalarını istədi.

Hz.İsa insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edir, onların batil qaydalardan, mənasız ənənələrdən uzaqlaşmalarını, yalnız Allaha ibadət edib etdikləri hər işdə Allaha üz tutmalarını əmr edirdi. Göstərdiyi möcüzələr isə onun Allahın seçib bəyəndiyi, elm və qüdrəti ilə dəstəklədiyi çox qiymətli bir elçisi olduğunu açıq şəkildə göstərir. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün idrak qabiliyyəti və hikmətli açıqlamaları insanlarda böyük heyranlığa səbəb olurdu.

Hz.İsa ona qarşı qurulan bütün hiylələrə, ona atılan böhtanlara və ona edilən hücumlara qarşı çox üstün səbr göstərdi, Allaha təvəkkül edib təbliğinə davam etdi. Bu vaxt isə yanında çox az köməkçisi var idi. O, dini öz əslinə qaytarmaq, onu xurafatlardan və batil metodlardan təmizləmək üçün böyük səylər göstərdi. Rəbbimizin ona bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına çox təsirli sözlər dedi və hikmətli misallar verdi.

Hz.İsa Tövratı təsdiq etmiş, Allahın insanlara bir rəhbər və nəsihət üçün göndərdiyi İncillə hökm etmişdi:

"Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır" ("Maidə" surəsi, 46-47).

Hz.İsanın bu dəvətinə cavab verənlərin sayı ilk öncə çox az idi. Çünki bu çağırış həm güzəranını mövhumat, xurafatlar və ənənələr hesabına təmin edən rahib təbəqəsinin, həm də Allahın hakimiyyətini qəbul etməyən dövlət adamlarının imtiyazlarını aradan qaldırırdı. Hz.İsanın təbliği yayılmağa, onun ardınca gedənlərin sayı çoxalmağa başlayanda onların qurduqları tələlər də, Hz.İsaya mane olmaq üçün hazırladıqları planlar da çoxaldı. Tarix boyunca bütün peyğəmbərlər bu cür tələlərə məruz qalıblar. Müşriklərin elçilərə münasibətdə göstərdiyi bu qeyri-insani davranışlar Qur’anda belə bildirilir:

"...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz" ("Bəqərə" surəsi, 87).

Cəmiyyətdə Hz.İsaya qulaq asıb ona inananlarla onu inkar edənlər ayrılmağa başlamış, iki qrup arasındakı fərqlər aydın şəkildə ortaya çıxmışdı. Bir tərəfdə həqiqi dinə dəvət edən və insanları Allaha iman gətirməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hansı möcüzəni, hansı dəlili görsə də inanmamağa qərar verən bir qrup var idi. Hz.İsanın düşmənləri özlərini açıq şəkildə büruzə verirdilər. Ona tabe olan, yanından ayrılmayan insanlardan da sonralar onu inkar edənlər olub. Allah bu vəziyyəti bizə "Onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü..." ("Zuxruf" surəsi, 65) ayəsi ilə xəbər verir. Buna görə də Hz.İsa öz qövmünün arasından iman gətirən və etibar edə biləcəyi adamları seçib müəyyənləşdirmişdi. Bu məsələ Qur’anda belə bildirilir:

"İsa onların küfrünü hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim olacaqdır?!" - deyə soruşdu. Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!"" ("Ali-İmran" surəsi, 52).

Qur’anda inkarçıların Hz.İsanı öldürmək məqsədilə tələ qurduqları xəbər verilir. İncilə görə, Hz.İsanın yanındakı adamlardan birinin xəyanət etməsinə nail olan bəzi qudurğan din adamları Allahın elçisini tutdurub romalılara vermək istəyirdilər. Yenə eyni mənbəyə görə, ölüm cəzasını tətbiq etməyə səlahiyyətləri çatmayan rahiblər Romanın dövlət adamlarını qızışdırmaq üçün bir plan hazırlamışdılar. Onlar romalıların bu məsələdə çox həssas və mərhəmətsiz olduğunu bildikləri üçün Hz.İsanı romalı idarəçilərə qarşı çıxan bir şəxs kimi tanıtmışdılar. Bu məkrli planın nəticəsi Qur’anda belə bildirilir:

"Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir" ("Ali-İmran" surəsi, 54).

Ayələrdə də bildirildiyi kimi, inkarçılar Hz.İsanı öldürmək üçün fəaliyyətə başlamış və hər cür hiyləyə əl atmışdılar. Ancaq bu adamlar Hz.İsanı öldürə bilmədilər, onun bir oxşarını Hz.İsa zənn edərək öldürdülər. Allah Hz.İsanı Öz dərgahına yüksəldərək hazırlanan məkrli planları alt-üst etdi. Halbuki romalıların Hz.İsanı çarmıxa çəkərək öldürdükləri inamı xristianlığın əsasını təşkil edir. Bu səhv inanca görə, Hz.İsanı tutan romalılar və yəhudi din adamları ona çarmıxa çəkib və beləliklə, onu öldürüblər. Xristianların əksəriyyəti hadisənin bu cür baş verdiyini qəbul edir, ancaq onlar çarmıxa çəkilərək öldürülən Hz.İsanın yenidən dirilərək göyə yüksəldiyinə inanırlar. Ancaq Qur’ana nəzər yetirəndə hadisənin əslinin belə olmadığını görürük:

"Və: "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - dediklərinə görə onlara belə cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara yalnız oxşarı göstərildi. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər" ("Nisa" surəsi, 157).

"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!"
(Ənbiya surəsi, 22)

Həmin ayənin axırında Hz.İsanın vəziyyəti belə bildirilir:

"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!" ("Nisa" surəsi, 158).

Ayədə bildirilən həqiqət birmənalıdır. Yəhudilərin qızışdırması nəticəsində Hz.İsanı öldürməyə çalışan romalılar buna nail ola bilməyiblər. Ayədə qeyd edilən "...Onlara yalnız oxşarı göstərildi..." ifadəsi bu məsələni açıq-aşkar xəbər verir. Allah insanlara Hz.İsanın oxşarını göstərmiş və Hz.İsanı da Öz dərgahına yüksəltmişdir. Bundan başqa, Rəbbimiz bu iddiada olanların həqiqətlə bağlı bir məlumatlarının olmadığını da bildirir (Daha müfəssəl məlumat almaq üçün Harun Yəhyanın "Hz.İsa ölməyib" adlı kitabına baxa bilərsiniz).

Hz.İsanın çarmıxa çəkilməsi məsələsi ilə bağlı ilk dövrlərdə müxtəlif fikirlər ortaya atılmışdı. Bəzi xristian məzhəblərinin eynilə Qur’anda bildirildiyi kimi, Hz.İsanın çarmıxa çəkilmədiyinə inandıqları məlumdur.

Hz.İsanın Qur’an ayələrində bəhs edilən həyatından, təbliğindən, dualarından onun Allahın peyğəmbəri olduğu bütün aydınlığı ilə görünür. Hz.İsa Allahın insanları xəbərdar etmək üçün göndərdiyi hidayət rəhbəridir. Həmçinin "Məryəm" surəsində qeyd edilən "İsa dedi: "Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi"" ("Məryəm" surəsi, 30) şəklindəki ayə bu məsələni də açıq-aşkar göstərir. "Səff" surəsində belə bildirilir:

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müYdə verən Allahın elçisiyəm!" Lakin o, aşkar möcüzələrlə gəldikdə onlar: "Bu, açıq-aydın sehrdir!" -dedilər" ("Səff" surəsi, 6).

Başqa bir Qur’an ayəsində isə belə deyilir:

"Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!" - deyər" ("Ali-İmran" surəsi, 79).

Hz.İsanın ölmədiyi və öldürülmədiyi, Allahın dərgahına yüksəldildiyi və yer üzünə ikinci dəfə gələcəyi Qur’an ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində çox açıq şəkildə bildirilib. Allah Rəsulunun (s.ə.v.) hədislərində Hz.İsanın gəlişi ilə bağlı çoxlu əlamət bildirib.

 

İqtibaslar

1. Erwin Roy Gane, «The Arian or Anti-Trinitarian Views Presented in Seventh-day Adventist Literature and the Ellen G. White Answer»; httr://www.sdanet.org

2. The New Catholic Encycloredia, XIV cild, səh.295, httr://www.triumrhrro.com

3. Muhammed Ataur Rahim and Ahmad Thomson, "Yesus Prophet of Islam", Revised Edition, Ta-Na Publishers Ltd, noyabr 1996-cı il, London, səh.93

4. Fazal Ahmad, "Arius: The Trinity Controversy in the Church", The Review of Religions, Londra, sentyabr 1996-cı il.

5.Athanas., Hist.Tr.; P Yohnson. "History of Christianity", Pelican Books 1976, səh. 89.

6. Fazal Ahmad, "Arius: The Trinity Controversy in the Church", The Review of Religions.

7. "The First Council of Nicaea", The Catholic Encyclopedia, copyright c 1913 by the Encyclopedia Press, Inc. Electronic version copyright c 1996 by New Advent, Inc. http://www.newadvent.org

8. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Mssianic Legacy, Corgi Books, London, 1991. s. 66

9. Prof.Dr.Mehmet Aydın, "Müslümanların hristiyanlara karşı yazdığı reddiyeler ve Tartışma konuları", Türkiye Diyanet Vakfı nəşriyyatı, Ankara-1998, səh.96.

10. Mahmut Aydın, "İsa Tanrı mı, İnsan mı?", Dinler Arası Diyalog Bağlamında İsa-Mesihin Konumu Sorunu, İz yayıncılık, səh.47.

5 / total 9
"Harun Yəhyanın İslam Və Xristianlıq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top