< <
8 / total: 9

İznik Məclisindən Bu Günə Qədərki Üçləmə Əleyhdarı Olan Xristianlar

Üçləmə etiqadı əsrlər boyunca xristian dünyasında bir çox insanlar, qruplar və məzhəblər tərəfindən qəbul edilmədi. Bəzi qruplar bu etiqadın tamamilə əleyhinə oldular, digərləri də bu səhv inancın bəzi məqamlarını rədd etdilər. Üçləmə inancını rədd edən qruplar tarixin hər dövründə böyük təzyiqlərə məruz qaldılar. Onlar öz torpaqlarından sürgün edildilər, diri-diri yandırıldılar, işgəncələrlə öldürüldülər. Ancaq bu təzyiqlərin heç biri onları tarix səhnəsindən tamam silməyə kifayət etmədi. Üçləmə əleyhdarlarının böyük əksəriyyəti öz etiqadlarına sadiq qaldı və "Allah birdir, təkdir" deməkdən çəkinmədi. Kitabın əvvəlki fəsillərində qeyd etdiyimiz ariusçular sözügedən "anti-triniteryen" (üçləmə əleyhdarı) xristianların qabaqcılları idi. Bundan sonra da ariusçuların ardınca gedən çoxlu sayda qruplar ortaya çıxdı.

Anti-Triniteryenlər

Ariusdan sonra ortaya çıxan anti-triniteryen cərəyanlarından biri İrlandiyada qurulan Kelt kilsəsi idi ("Celtic Church of Ireland"). Bu kilsə Avropa qitəsindən tamamilə təcrid edilmiş bir vəziyyətdə, "ariusçuluq" xəttində quruldu və inkişaf etdi. Üçləmə etiqadı Katolik kilsəsinin İrlandiya Kelt kilsəsini rəsmi şəkildə öz hakimiyyəti altına saldığı 644-cü ilədək İrlandiyaya yad idi.

İrlandiya kilsəsinin nəsrani təlimi ilə paralelliyini göstərən mühüm bir xüsusiyyəti vardı: yəhudi mənbələrinə olan sədaqət. Kelt kilsəsi "Hz.İsanın yəhudi hökmlərinə həssaslıqla tabe olduğuna" inanır, buna görə də Əhdi-Ətiqə böyük dəyər verirdi.78 Bu meyl o qədər güclü idi ki, o, kilsə Roma hakimiyyətinin hegemonluğu altına düşəndən sonra da davam etdi. 754-cü ildə bəzi katolik rahiblər "İrlandiyalı rahiblərin kilsənin müqəddəs mətnlərinə əhəmiyyət vermədiklərini, kilsə rəhbərlərinin yazılarını rədd etdiklərini və konsillərin (məclislərin) qərarlarını əsas götürmədiklərini" bildirərək bu vəziyyətlə bağlı şikayət edirdilər.79 Ancaq Kelt kilsəsinin bu müqaviməti də qısa bir müddətdən sonra zəifləyib tamam kəsildi. Bununla da Katolik kilsəsi dördüncü əsrdə başlayan yeni bir mərhələdə "səhv yola düşən"ləri "düz yola" qaytarırdı. Halbuki "düz yola" qaytarılan cərəyanlar Hz.İsanı tanrılaşdıran batil təlimləri rədd edir, bir və tək olaraq Allaha iman gətirməyi təbliğ edirdilər. Katolik kilsəsi bu gedişlə Qərb dünyasının ən böyük söz sahibinə çevrildi.

Pravoslavlar (Ortodokslar) Və Protestantlar

Katolik kilsəsinin hökmranlığı IX əsrdə kilsənin özünün daxilində baş verən parçalanma ilə sarsıldı. Uzun müddətdən bəri Roma kilsəsi ilə ixtilafda olan Şərq kilsələri - bunlar İstanbul, Qüds, Antakya və İsgəndəriyyə patriarxlarına bağlı idilər - Roma Katolik kilsəsindən qəti şəkildə ayrıldılar. Roma kilsəsi ilə Şərq kilsələri arasındakı bu ziddiyyət və parçalanmanın əslində siyasi xarakterli mənşəyi vardı və Roma imperatorluğunun Şərqi və Qərbi Roma imperatorluğu şəklində iki yerə ayrılmasından sonra ortaya çıxmışdı. Əsrlər boyunca hər iki tərəf arasında müxtəlif fikir ayrılıqları və anlaşılmazlıqlar olmuşdu. Sonda Roma kilsəsinin Müqəddəs Roma Cermen imperatorluğunu müqəddəs hesab etməsi nəticəsində iki tərəf arasındakı əlaqələr tamamilə kəsildi. Tərəflər arasındakı mövcud fərqli cəhətlərdən özünü ən qabarıq şəkildə göstərən fərq Roma kilsəsinin müqəddəs dil kimi latın dilindən, Şərq kilsələrinin isə yunan dilindən istifadə etmələri idi.

Şərq kilsələri və ya digər adları ilə desək, ortodoksal (pravoslav) kilsələr Romadan ayrılandan sonra öz aralarında bir iyerarxiya yarada bilmədilər. İstanbuldakı patriarxiat həmişə daha üstün kimi görünürdü, amma digərləri öz daxillərində müstəqil idilər. Zaman ötdükcə yeni qopmalar oldu və milli kilsələr meydana gəldi. Erməni, rumın, bolqar, serb, rus kimi xalqlar müxtəlif dövrlərdə öz milli kilsələrini qurdular.

Katolik kilsəsi isə başqa heç bir əsaslı parçalanmaya məruz qalmadan XVI əsrə kimi Avropadakı hegemonluğunu qorudu. 1520-ci ildə Almaniyada səhnəyə çıxan Martin Lüter adlı bir rahib bu hegemonluğu sarsıdan şəxs oldu. Əvvəlcə Lüterin, sonra da Kelvin və Zwingli (Zvinqli) kimi rahiblərin rəhbərliyi altında inkişaf edən protestant cərəyanı Roma kilsəsinin və Papanın avtoritetinə qarşı böyük bir üsyan idi. Üsyan böyük olduğu qədər həm də qanlı idi. Avropa bir əsrdən də çox müddət ərzində katoliklərlə protestantların bitib-qurtarmaq bilməyən savaşlarına səhnə oldu. "Dini savaşlar" kimi görünən bu müharibələrin arxasında isə yenə də siyasi məqsədlər, Papa hakimiyyətinin boyunduruğu altında yaşamağı və ona vergi ödəməyi istəməyən şahzadələrlə bu hegemonluğu itirmək istəməyən dairələrin maddi mənfəətə bağlı olan qarşıdurma və ziddiyyətləri dayanırdı. İki tərəf arasındakı ən qanlı toqquşma 1618-ci ildən 1648-ci ilə kimi fasiləsiz surətdə davam edən və buna görə də tarixə "Otuzillik müharibələr" kimi düşən döyüşlər idi. Avropa əhalisinin üçdə birindən də çoxunun ölümü ilə nəticələnən bu qanlı mərhələdən sonra iki tərəf arasında davamlı bir razılaşma təmin edildi. Otuzillik müharibələrin sonunda imzalanmış məşhur Vestfaliya sülhü ilə təmin edilən tarazlıq həmin gündən bu günə kimi elə də çox dəyişməyib.

Protestantlar Papanın avtoritetinin rədd edərkən onun əvəzinə başqa avtoritet irəli sürməmişdilər. Buna görə də protestantlıq katolik xristianlıqdakı iyerarxiyanın əksinə olaraq çox dağınıq və "liberal" bir din şəklində inkişaf etdi. Demək olar ki, hər ölkə özünə milli bir kilsə qurdu. Bununla yanaşı çoxsaylı fərqli məzhəb və cərəyanlar da ortaya çıxdı. Buna görə də hazırda protestantlığın yüzlərlə növü və yüzlərlə fərqli protestant kilsəsi var. Bunların əksər hissəsi də Şimali Avropada və ABŞ-da fəaliyyət göstərir.

Protestantlığın ortaya çıxması üçləmə əleyhdarı olan cərəyanlar üçün də əhəmiyyətli idi. Qeyd etdiyimiz kimi, protestantlar özlərini Katolik kilsəsinin hegemonluğundan qurtardılar. Bu, həm iyerarxik, həm də təməl xristianlıq inancları baxımından böyük azadlıq demək idi. testantlar Müqəddəs Kitabı artıq özləri sərbəst oxuyur və özləri onu yenidən təfsir edirdilər. Bunun nəticəsində bəzi protestantlar,-onların çox az hissəsi olsa da,-çox mühüm bir həqiqəti dərk etdilər: Katolik kilsəsinin təməlini təşkil edən üçləmənin Əhdi-Cədiddə heç bir əsası yoxdur. Hətta bəzi ayələrin bu inancı təkzib etməsi faktı ortada idi. Bu ayələrdə Allahın "bir və tək" olduğu qeyd edilir, "üçlü birlik" etiqadına isə Əhdi-Cədidin əsas məntiqində yer verilmirdi. Bəzi protestantlar,-onların əslində çox az hissəsi,-bu nəticəyə gələrək üçləməni rədd etdilər. Beləliklə, uniteryen (birləməçi) kilsələr ortaya çıxdı.

"Tövhidi Müdafiə Edən" Xristianlar

testant islahatından sonra xristianlar Əhdi-Cədidi katolik inanclarından asılı olmadan sərbəst şəkildə oxumağa başladılar. Bunun yekununda da İtaliyada üçləmənin yanlışlığı nəticəsinə inanan ilk xristian cərəyanı ortaya çıxdı. Əsası Lelio Socianus (1525-1562) və onun əmisi oğlu Fausto Socianus (1539-1604) tərəfindən qoyulan bu cərəyan qurucularının adı ilə sosianizm (socianism) kimi tanındı. Sosianistlər gizli toplantılar yolu ilə yayılırdılar. «The Catholic Encyclopedia» bu cərəyanın etiqadını belə şərh edir:

"(Sosianistlərə görə), üçləmə adlı bir şey yox idi. Hz.İsa Rəbblə və ya Müqəddəs Ruhla eyni cövhərdən (dolayısı ilə Tanrı) deyildi... Onun ölümü və işgəncələrə məruz qalması insanları xilas etmək üçün deyildi".80

Sosianistlər müxtəlif təzyiqlərə məruz qaldılar. Çox keçmədən kilsə onları aforoz etdi. Fausto Socianus "Allahdan vəhy alan Hz.İsa həyatının müqəddəsliyi ilə əlbəttə ki, başqa insanlardan fərqli olmalıdır. O, ilahi görünüşə və ilahi ilhama malik idi, amma qətiyyən bir yaradan deyildi. Bənzərsiz bir qabiliyyətlə zinətləndirilərək insanlığa bir vəzifə məqsədilə göndərilmişdi" deyirdi.81 Üçləməni rədd edən Socianus Allahın Zatının bir olduğunu deyir, üç varlıqdan bəhs etməyin ağıldankənar olacağı fikrini dəstəkləyirdi. Sosianizm təlimi İngiltərəyə qələr gedib çıxdı. Ancaq bu məsələ kilsəni çox narahat edirdi. Bu narahatçılıq Norveç Yepiskoplar Birliyi tərəfindən belə ifadə edilmişdi:

"Xristianlığı məhv etmək qorxusu yaradan anti-təslisçilər və yeni ariusçular tərəfindən azdırılmış Socian xristianların düşüncələrini yoldan çıxarır".82

Eyni dövrdə sosianistlərə oxşar fikirlər yayan, xüsusilə üçləmə etiqadına radikal şəkildə qarşı çıxan cenevrəli Michael Servetus (Mişel Servetus) fikirlərinə görə Kalvin tərəfindən dirəyə bağlanıb yandırılaraq edam edildi. O, yandırılarkən üçləmə əleyhinə yazdığı kitab da sinəsindən asılmışdı. Servetus xristianlığın İznik məclisində dəyişdirildiyini söyləmiş və bu təhriflərdən xilas olmaq üçün İznik məclisindən əvvəlki mənbələrə qayıdılmasının vacibliyini yazmışdı. 1638-ci ildə sosianistlərə qarşı hücumlar başlandı. Onların Rokoudakı kolleci bağlandı və tövhidi qəbul etmiş bir çox insan diri-diri yandırıldı.

Sosianistlərin irsini təhvil alan uniteryen (tövhidçi) cərəyanı isə XVI əsrin axırlarında Transilvaniyada ortaya çıxdı və sonra da başda Polşa olmaqla Avropanın dörd bir tərəfinə yayıldı. Uniteryen kilsəsinə məxsus olan internet saytında uniteryen cərəyanının ortaya çıxması belə bildirilir:

"İlk dövrün xristianları Hz.İsa haqqında fərqli inanclara malik idilər. Bunların arasında Hz.İsanın tanrı olmadığı etiqadı da var idi. Ancaq Ata-Oğul və Müqəddəs Ruhla qeyd edilən üçləmə doktrinası zorla qəbul etdirilərkən bundan kənarda qalan başqa inanc sahibləri "azğın" elan edildilər. XVI əsr xristian humanistləri İncili diqqətlə tədqiq etdilər və müqəddəs mətnlərdə üçləməni tapa bilmədilər. İncillərə görə, Hz.İsanın da təsdiq etdiyi kimi, onlar da Tanrının bir və tək olduğunu qəbul edib təsdiqlədilər. Bundan sonra da uniteryen adını aldılar. Uniteryenlər qarşılaşdıqları amansız və əzazil ortodoksal basqısına və zülmünə qarşı, yəni öz rasional fikirlərinə uyğun şəkildə kilsələr qurdular və din məsələsində vəzlər verdilər. Hamının din azadlığını dəstəkləyəcək şəkildə hərəkət etdilər. İman Tanrının bir hədiyyəsi (neməti) olduğu üçün heç kim seçmədiyi bir dinə daxil olması üçün məcbur edilməməli idi".83

Polyak uniteryen rahiblərin nəşr etdirdikləri və tək Tanrı fikrinin xüsusi şəkildə vurğulandığı Racovan Catechism adlı sənəd bu cərəyanın ən mühüm mənbələrindən biri halına gəldi. Bu sənəddə kəffarə inamı rədd edilirdi. Racovan Catechism adlı sənəddə bunlar bildirilirdi:

"İsa Məsihə tanrılıq "bəxş" edənlərin fikri ancaq adi məntiqə zidd olmaqla qalmaz, o, həmçinin Müqəddəs Kitablara da ziddir. Eyni zamanda təkcə Atanın deyil, oğlun və Müqəddəs Ruhun tək bir Tanrı olan üç fərqli varlıq olduğuna inananlar da böyük səhvə yol verirlər. Tanrı...mütləq şəkildə təkdir və buna görə üç müstəqil varlıq kimi yeni bir Tanrı açıqlaması ilə gələnlər bu əsasla tam ziddiyyət təşkil edirlər... İznik məclisinə kimi davam edən müddət ərzində və həmin dövrdə yaşayanların yazılarına görə, məclisdən bir müddət sonraya kimi Ata həqiqi Tanrı kimi bilinir və qəbul edilirdi. Bu fikrə qarşı çıxanlar isə azğın kimi dəyərləndirilirdi..."84

Uniteryenlər XVIII-XIX əsrlərdə xüsusilə də anqlo-sakson dünyasında təsirli oldular. Əvvəlcə İngiltərədə, sonra da ABŞ-da uniteryen kilsələri quruldu. Təkcə xristianların deyil, bütün insanların Allaha iman gətirəcəkləri təqdirdə qurtulacaqlarına inanan bu insanlar özlərini universalist kimi tanıtdılar. Bir-birindən asılı olmadan inkişaf edən uniteryen və universalist kilsələri 1961-ci ildə birləşdilər. "The New Catholic Encyclopedia" uniteryen kilsələrin müştərək etiqadlarını belə xülasə edir:

"Hz.İsa (uniteryenlərə görə), Tanrının yeganə Oğlu və Xilaskar deyil, amma yəhudi peyğəmbərləri ənənəsində mövcud olan bir dini rəhbərdir. Dolayısı ilə "Hz.İsa ilə bağlı din" (yəni ənənəvi xristianlıq) "Hz.İsanın dini" ilə dəyişdirilməlidir. Müqəddəs Kitab ağıl və elm işığında tədqiq edilməli və qəti şəkildə dəyişilməz bir mənbə kimi yox, insan yazısı olan bir əsər kimi qəbul olunmalıdır".85

Qısası, Hz.İsa uniteryenizmdə həqiqətdə olduğu kimi, yəni bir yəhudi peyğəmbəri kimi qəbul edilir, Əhdi-Cədiddə onun barəsində işlədilən "oğul" ifadəsi məcazi mənada başa düşülür. Allahın bir və tək olduğu həqiqəti təsdiq edilir. Uniteryenlərin etiqad əsasları bir internet səhifəsində belə tərif edilir:

"Uniteryenlərin etiqadının əsasları Tanrının birliyindən, Tanrını və insanları sevməkdən, əbədi bir həyata inanmaqdan ibarətdir... Hz.İsanın xatirəsinə hörmət göstərir, ancaq onun "tanrılığını" rədd edir və "səhvsiz" olduğunu qəbul etmirlər. Xristian müqəddəs kitablarını insan təcrübəsinin bir sənədi kimi görür, lakin onların müəllifləri insan olduğu üçün səhv edə biləcəklərini düşünürlər... Tanrının hər dövrdə insanlara doğru yol göstərmək üçün peyğəmbərlər göndərdiyini qəbul edirlər. İsa Məsihi də bunların ən üstünü kimi qəbul edirlər..."86

Uniteryenlərin Hz.İsa haqqındakı fikirləri öz internet səhifələrində belə ifadə edilir:

"O (Hz.İsa), bir çox uniteryen üçün bir yolgöstərən idi və hələ də elədir... Biz Hz.İsanın insan kimi həyatını və təlimlərini yəhudi peyğəmbərlər və alimlər ənənəsinin bir davamı kimi başa düşürük. O bu ənənəni nə dağıtdı, nə də tərk etdi".87

Uniteryenlər ənənəvi xristian etiqadının bir hissəsini rədd edir, inanclarını gözəl əxlaq, ağıl, sağlam düşüncə və Allahın birliyi üzərində qururlar. Onlar öz saytlarında dini inanclarını belə ifadə edirlər:

"Biz ən əvvəl Allahın birliyinə, tək və ancaq bir tək Allah olduğuna inanırıq. Hər hansı bir insan faydasız fəlsəfə ilə bizim beynimizi qarışdırmasın deyə bu həqiqətə sonsuz əhəmiyyət veririk və özümüzü diqqətli olmaq məcburiyyətində qoyuruq. Tək bir olan Allahın olduğu məsələsi bizə olduqca aydın görünür. Bizim başa düşdüyümüz şey bir tək varlıq, tək bir ağıl, tək bir fiziki varlıq, tək bir ağıllı vəkil olmasıdır ki, O da heç bir şeydən ortaya çıxmamışdır, sərhədsiz mükəmməlliyə malikdir və hakimiyyət yalnız Ona məxsusdur. Biz üçləmə doktrinasına qarşı çıxırıq..."88

Ancaq bunu da bildirmək lazımdır ki, bu gün uniteryenizm adı altında müdafiə edilən fikirlərin bir qismi də özündə Allaha və Onun vəhyinə imanla uyğun gəlməyəcək bəzi ünsürləri ehtiva edir. Bəzi uniteryenlər dini hökm və ibadətlərin ortadan qalxdığı bir növ "humanist din" anlayışına malikdir. Bəziləri heç bir möcüzəni qəbul etmirlər. Məsələn, Hz.İsanın atasız anadan olduğunu və göstərdiyi möcüzələri də rədd edirlər. Bu da Haqqdan başqa cür azmaqdır. Bu kitabda da uniteryenlərdən Hz.İsa dövründəki həqiqi xristianlığı təmsil edən bir icma kimi bəhs edilmir, ancaq uniteryenlərin üçləmə və kəffarə kimi inancları ilə bağlı fikirləri qeyd edilir. Üçləməni müdafiə edən cəmiyyətlərin arasında belə bir cərəyanın olması əlbəttə ki, çox vacibdir, lakin bu cür qrupların Qur’an ayələri ilə ziddiyyət təşkil edən batil etiqadlara malik olması faktı da əsla yaddan çıxarılmamalıdır.

Tövhidə İnanan Bir Xristian: Servetus

Arius kimi üçləmə əleyhdarı olduğu üçün bəzilərinin böyük etirazına tuş gələn xristian ilahiyyatçılarından biri Michael Servetus-dur (Mişel Servetus) (1511-1553). Servetus əsrlərdən bəri kilsə tərəfindən öyrədilən bir çox məsələnin İncildə olmadığını bildirirdi. Servetus bu fikirlərini bütün dünyaya elan etməyə qərar verəndə iyirmi yaşlarında idi. Onun "De Trinitatis erroribus libri vii" ("Təslisin səhvləri") və "Dialogorum de Trinitate libri ii" ("Təslisə dair iki dialoq") adlı kitabları Avropada çox böyük səs-küyə səbəb oldu. O günə kimi heç kim bu cür cəsarətli bir kitab yaza bilməmişdi. Servetus Antakya təliminə bağlı ilk həvarilərin yolunu davam etdirdiyini söyləyirdi. Kilsə bu kitablarından sonra Servetusu ölkədən-ölkəyə sürgün etdi. Servetus adını dəyişdirdi, amma fikirlərini heç vaxt dəyişmədi. Buna görə də 1553-cü il yanvarın 26-da Cenevrədə yandırılaraq öldürüldü.

Servetusun başqa bir xüsusiyyəti də onun İslam dininə bəslədiyi sevgi və maraq hissi idi. Yazılarında İslam dinindəki güclü tövhid inamına, Hz.Muhəmmədin (s.ə.v.) sözlərinə çox yer ayıran Servetus işgəncələrə məruz qalmasına səbəb olan "Təslisin səhvləri" kitabında üçləmənin ağla uyğun olmadığını belə vurğulayırdı:

"...Çox cəfəng olan bu üçləmə ənənəsi yalnız Allahı tanıyan müsəlmanlara çox gülməli gəlir. Yəhudilər də bizim xəyala bağlılığımızdan hürkürlər. Üçləmə haqqındakı düşüncələrimizə gülür və onu küfr hesab edirlər... Təkcə müsəlmanlar və ibranilər deyil, hətta tarla heyvanları da halımıza gülür, heyvanlar bizim axmaqvari xəyalımızı başa düşməlidir, çünki Rəbbin bütün varlıqları bir və tək olan Allahı qəbul etmişdir".89

Servetusun yazdıqları və danışdıqları onun insanlıqdan kənar şəkildə öldürülməsinə səbəb oldu. Ancaq hazırda o, hələ də bir çox insan tərəfindən xristian dünyasında "Müasir tövhidçiliyin qurucusu" kimi qəbul edilir.

Yəhova Şahidləri

Xristian dünyasında üçləmə inancını rədd edən bir sıra cərəyanlardan biri də Yəhova şahidləridir. Yəhova şahidləri ənənəvi xristianlıqla bir çox məsələdə uzlaşma içində olsa da üçləməni rədd etmələri səbəbilə xristian sayılmırlar. Halbuki Yəhova şahidlərinin yəhudiliyin və xristianlığın dini və mədəni təlimlərindən ortaya çıxdığı tamamilə aydın olan məsələdir.

Yəhova şahidlərinə görə, xristianlıqdakı təslis etiqadı Müqəddəs Kitabda mövcud olan bir inanc deyil. Onlar: "Əgər insanlar bir təslis etiqadına əvvəlcədən malik olmadığı halda Müqəddəs Kitabı (Tövratı və İncili) əvvəldən axıra kimi oxusalar, heç cürə belə bir fikrə rast gələ bilməyəcəklər" deyirlər.

Kitab boyunca üzərində dayandığımız kimi, bir çoxları təslis inancının xristianlığa Hz.İsadan sonra əlavə edildiyi fikrini müdafiə edirlər. Yəhova şahidləri bir Tanrı anlayışı yönündən yəhudilərə oxşarlığı olsa da Hz.İsa haqqındakı inamları onları yəhudilikdən qoparır. Yəhova şahidləri onların həqiqi xristian olduqlarını, digərlərinin isə səhv etdiklərini vurğulayaraq belə deyirlər:

"Tanrı haqqında Müqəddəs Kitabın təlimi və onun hədəfləri açıq, asan başa düşülən və ağlabatandır, lakin xristianlıqda kilsələrin təlimləri belə deyil, daha pisi də odur ki, onlar Müqəddəs Kitaba ziddirlər. Xristianlıq aləminin üçləmə inancı Tanrını bir Tanrıda üç anlaşılmaz şey kimi təsvir edir, lakin bu təlim Müqəddəs Kitabda yoxdur".90

Yəhova şahidlərinin 2001-ci il statistik məlumatlarına görə, təxminən 6 milyon Yəhova şahidi yaşayır.

Uniteryen Cərəyanının Güclənməsində İslam Dininin Təsiri

Uniteryen kilsəsinin güclənməsi prosesini araşdıranda qarşımıza çox qəribə bir məqam çıxdı. Bu məqam Osmanlı imperatorluğunun bu cərəyanın güclənməsindəki təsiri ilə bağlıdır.

Bundan əvvəlki fəsildə də vurğuladığımız kimi, XVI-XVII əsrlərdə Osmanlı torpağı olan Transilvaniya tövhid etiqadının çox gücləndiyi bir bölgə olmuşdu. Florida uniteryen kilsəsinin rahibi Yack Donova-nın (Cek Donovan) "Islam, US and Yeats' Dilemma" ("İslam, Amerika və Yeats dilemması") sərlövhəli vəzində bu məsələ belə vurğulanır:

"Polşa, Macarıstan və Transilvaniyadakı bəzi islahatçı protestant xristianlar bir inanc əsası olaraq "Allah birdir" deməyə başladılar: "Başqa tanrılar yoxdur, Allah vardır". Xristianlıqdakı ümumi etiqada zidd olan bu düşüncə həmin günlərdə ortaya çıxmışdı. Ölümə meydan oxuyan bu ifadə haradan qaynaqlanmışdı? testantlıq 1520-ci və 1530-cu illərdə çox yeni və üçləmə əleyhdarı ikən müsəlman Osmanlı imperatorluğu Xorvatiya, Macarıstan və Transilvaniyanı fəth etmişdi".91

Osmanlı torpaqlarında xristianlığın içindən çıxmış bu tövhid inancını əsas götürən cərəyanın güclənməsinin səbəbi əksər tarixçi və uniteryen din xadimi tərəfindən də təsdiq edildiyi kimi, İslam dininin gətirdiyi xoşməramlılıq mühiti ilə bağlı idi. "North Unitarian Universalist" ("Şimali Ümumdünya Uniteryen Kilsəsi") kilsəsindən olan Susan Ritchie (Süzen Raytç) "The mise of Postmodernism for Unitarian Universalist Theology" ("Postmodernizmin ümumdünya uniteryen ilahiyyatına vədləri") başlıqlı vəzində bu mühiti belə səciyyələndirir:

"Çoxlu sayda bitərəf beynəlxalq tarixçi osmanlıların siyasi himayədarlığının protestantlığın inkişafına şərait yaratdığını qəbul etməklə kifayətlənmir, həmçinin Osmanlı rəhbərliyinin yerli ənənələrə və dinlərə münasibətdəki xoş rəftarına bağlı olaraq bəzi təsirlərə malik olduğunu da qəbul edir".92

İslam dinindəki güclü tövhid inancı üçləmə etiqadını rədd edən xristianlar üçün çox böyük bir güvənc və istinad yeri idi. Onlar fikir azadlığının hakim olduğu Osmanlı torpaqlarında öz fikirlərini rahat şəkildə ifadə edə bildilər, öz kilsələrini yaratdılar və xristian tövhid ənənəsini çox gücləndirdilər.

İslam dini ilə uniteryen kilsəsi arasındakı əlaqələr neçə əsrdir ki, tədqiqatçıların böyük marağına səbəb olub. Məsələn, Alexander Sandor Unghvary-nin (Aleksandr Şandor Unqvari) "The Hungarian testant Reformation in the Sixteenth Century under the Ottoman Impact" ("XVI əsrdə Osmanlı təsiri altındakı macar protestant islahatları") adlı kitabında bu məsələ araşdırılır. Unghvary əvvəlki səhifələrdə qeyd etdiyimiz tövhid etiqadının müdafiəçisi olan Servetusun İslam dininə verdiyi əhəmiyyətin üzərində dayanır.93 Mathurin Veyssiere de la Croze (Maturin Veyssie de la Kroze) də sosianizmlə İslamın əlaqəsini əsas götürdüyü əsərində Transilvaniya uniteryenlərinin uniteryenizm və Qur’anda öyrədilən Allahın birliyi ideyası arasında bir oxşarlıq olduğunu qəbul etdiklərini iddia edir.94

Uniteryen din xadimi Yack Donovan isə özünün bir vəzində bu məsələlərə diqqəti belə cəlb edirdi:

"İki İslam təlimi daha geniş yayılmış və böyük marağa səbəb olmuşdur. Birincisi, hər gün məscid minarələrindən camaata oxunan azandakı "Allah birdir, başqa tanrılar yoxdur, Allah vardır, Allahdan başqa tanrı yoxdur" ifadələri idi. Və ikincisi, Qur’anın çox aydın bir məsələsi olan və Hz. Muhəmmədin xüsusilə vurğuladığı məqam "bütün dinlərə göstərilən xoş münasibət"dir, çünki hər din Allaha bir cavabdır... Bu təlimlər Hz.İsanın İncilinə uyğunlaşdırılanda XVI əsr uniteryenizmini əldə edərsiniz. Mənim tezisim ənənəmizin İslama 450 illik bir borcunun olmasıdır... XVII və XVIII əsrlərdə yaşamış avropalı sosianistlər İslamı xristian kilsəsindəki dini mövhumatçılığın əksəriyyətini düzəldən "xalis monoteizm" ("təktanrılıq") şəklində tərifləməkdən çəkinməmişdilər. Andrew Ramsey (Endryü Ramsey) 1727-ci ildə sosianizmdən "ideal İslam"dan təsirlənən möhtəşəm bir din kimi bəhs edib. Henry Stubbe, Yohn Toland, Arthur Bury, William Feke və Stephen Nye (Henri Stabb, Con Toland, Artur Böri, Uilyam Feke və Stefan Nay) də İslama qarşı müsbət fikirdə olan sosianist müəlliflər idilər. Bu müəlliflər nəzəri İslamı, -xüsusilə də anqlikan ortodoksalizmində narahatçılığa səbəb kimi gördükləri ən qədim xristianlıqdan sapmaları,-maarifləndirmə yolu kimi görmüşdülər".95

Toronto uniteryen kilsəsindən olan Mark D.Morrison-Reed (Mark D.Morrison-Rid) isə "The Islamic Connection" ("İslami əlaqə") başlıqlı vəzində İslam dinindən belə bəhs edir:

"Houston Smith (Hyuston Smit) "İslamın gətirdiyi yeniliyin bütləri dini mühitdən yığışdırmaq və hamı üçün görünməyən yeganə bir İlahi Varlıq olan Allaha bağlanmaq olduğunu" yazmışdı. İslam xristianlıqdan fərqli olaraq şübhəyə yer qoymayacaq dərəcədə təktanrılıdır və yəhudilikdən fərqli olaraq tək bir xalqla məhdudlaşmayıb. İslam dinini bizimki ilə bağlamağa bu nöqtədən başlaya bilərik: Allahın birliyini dərketmə məsələsində müştərək tarixi əsasları paylaşdığımızı qəbul etmək.

Xristianlıqla İslam arasında mədəniyyət amili baxımından bir körpü yaranmasını təmin edən faktor orta əsrlərdəki İslamın xoşməramlılığıdır. Bu ispan intibahı bizim intellektual atamız olduğunu iddia etdiyimiz bir şəxsə - Michael Servetusa təsir etmişdi. Servetus 1511-ci ildə Şimali İspaniyada anadan olmuşdu. Servetusun həyatına təsir edən bəzi məqamları bilsək də onun fikirlərinin necə inkişaf etdiyini və ya "Təslisin səhvi" adlı kitabını 1531-ci ildə çap etdirməsində təkanverici faktorun nə olduğunu tam şəkildə bilmirik... İslam Qərbdə Servetusun fikirlərinin yüksəlməsinə təsir edən siyasi və intellektual şərtləri meydana gətirərkən uniteryenizmin Avropanın qərbində yayılmasını və inkişafını təmin edən siyasi zəmini də formalaşdırmışdı... Bir mənada biz İslama çox şey borcluyuq. İslama əcnəbi və dərkedilməz bir şey kimi münasibət bəsləməyə son qoymalıyıq. Əksinə, təkcə tarixi baxımdan əlaqəli olduğumuzu deyil, həmçinin bəzi müştərək dəyərləri də paylaşdığımızı dərk etməyin vaxtıdır".96

Müxtəlif uniteryen kilsələrində din xadimlərinin verdiyi bu açıqlamalar İslam torpaqlarında mövcud olan xoşməramlılığı, müsbət vəziyyəti və bu iki haqq dinin malik olduğu müştərək dəyərləri göstərir.

 

İqtibaslar

78. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, s.157

79. Leslie Hardinge. The Celtic Church in Britain. S.P.C.K. for the Church Historical Society, London, 1972. s. 37

80."Socinianism". The Catholic Encyclopedia, coryright c 1913 by the Encyclopedia Press, Inc. Electronic version coryright c 1996 by New Advent, Inc. (http://www.newadvent.org/cathen/14113a.htm)

81. "Bir İslam Peygamberi, Hz.İsa", Muhammed Ataur Rahim, III nəşr, İnsan yayınları, səh.140.

82. "Bir İslam Peygamberi, Hz.İsa", Muhammed Ataur Rahim, səh.139; Anti-Trinitarian Biograrhies, A. Wallace, Introduction, s. 79.

83. Unitarian Community Victoria, http://www.anzua.org/ucv/

84. Muhammed Ata'ur Rahim and Ahmad Thomson, Yesus Prophet of Islam, s. 187-188

85. "Unitarians". The New Catholic Encyclopedia, http://www.newadvent.org/cathen/15154b.htm

86. "Unitaryenizm", http://dunyadinleri.com/unitaryen.html

87. Unitarian Community Victoria, http://www.anzua.org/ucv/

88. Unitarian Christianity, William Ellery Channing, http://www.uuchristian.org/channing/unitarianchristianity.htm

89. Muhammed Ata'ur Rahim and Ahmad Thomson, Yesus Prophet of Islam, s. 167

90. Yəhova Şahidləri rəsmi internet (Web) səhifəsi "Christendom Nas Betrayed God and the Bible", http://www.watchtower.org/library/rr/index.htm

91. Yack Donovan, "Islam, US, and Yeats' Dilemma", http://www.uuf.org/Sermon01/011104sIslam,Us,and Yeats'Dilemma.htm

92. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, Yournal of Liberal Religion Summer 2002, http://www.nuuc.org/academic.html

93. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, http://www.nuuc.org/academic.html

94. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, http://www.nuuc.org/academic.html

95.Yack Donovan, "Islam, US, and Yeats' Dilemma", http://www.uuf.org/Sermon01/011104sIslam,Us,andYeats'Dilemma.htm

96.Mark D.Morrison-Reed, The Islamic Connection, http://www.firstunitariantoronto.org/Sermons/Th_%20Islamic_Connection.htm

8 / total 9
"Harun Yəhyanın İslam Və Xristianlıq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top