Hormon Möcüzəsi
GirişZehnimizdə yaşadığımız əsrdə fəaliyyət göstərən beynəlxalq bir şirkət canlandıraq. Fərqli xüsusiyyətlərdəki yüz minlərlə insanın belə bir ticari təşkilat altında və müəyyən hədəf üçün bir yerə toplandıqlarını gözlərimizin önündə canlandıraq. Bu nəhəng şirkətin dünyanın müxtəlif ərazilərinə paylanmış fabrikləri, istehsal müəssisələri, idarəetmə mərkəzləri, şöbələri və filiallarının olduğunu düşünək. Fərz edin ki, bu şirkətin İngiltərədəki şöbəsi öz ölkəsindəki istehlakçıların tələblərini ABŞ-dakı ana mərkəzə çatdırsın; ABŞ-dakı idarə heyəti, son gözləntiləri nəzərə alaraq İtaliyadakı araşdırma və inkişaf ofisinə direktiv (əmr) versin; İtaliyada dizayn edilən prototiplər ictimai fikir sorğusu aparılaraq İngiltərədə sınaqdan keçirilsin; bəyənilənlər bu beynəlxalq təşkilatın Çindəki fabriklərində istehsal olunmağa başlansın; bir tərəfdən də yeni məhsulların təqdimatı üçün bütün dünyada böyük reklam kampaniyası təşkil edilsin… Şübhəsiz ki, yuxarıdakı nümunədə ümumi şəkildə təsvir edilən bu təşkilatın hər mərhələsində mütəmadi rabitə əlaqəsi mövcuddur. İnzibatçılar, mühəndislər, işçilər, reklamçılar, alverçilər və daha bir çox insan bir-birləriylə daimi uyğunluq içindədirlər. Elə belə də olmalıdır. Çünki müvəffəqiyyət qazanılması rabitə amili ilə birbaşa əlaqəlidir. Əks halda bu təşkilatın əsrin sürətlə dəyişən və inkişaf edən şərtlərinə ayaq uydurması qeyri-mümkündür. İndi isə, zehnimizdə olduqca böyük bir təşkilat canlandıraq. Bu təşkilata qoşulan insanların sayını da xəyal edək. Dünyada yaşayan bütün insanlara, yəni təxminən 6 milyard insana bu təşkilatda vəzifə başına gətirək. Hər insanın müəyyən və xüsusi bir vəzifəsi olsun. Bəzən yüz minlərlə, bəzən də milyonlarla insanı bir yerdə toplayaraq ortaq bir iş görmələrini təmin edək və hər insana bir cib telefonu verək. Elə bir idarəetmə mərkəzi və informasiya şəbəkəsi quraq ki, 6 milyard insanın hər birinə əlində olan cib telefonu vasitəsilə nə etməli olduqları tək-tək bildirilsin. Məsələn, bu insanlardan birinə hər hansı fabrikdə vəzifə verildisə, özündən bəzən istehsal prosesini daha da sürətləndirməsi, bəzən yavaşlatması, bəzən də istehsal etdiyi məhsulu dəyişdirməsi tələb olunsun. Nəticədə elə bir planlama icra olunsun və elə bir rabitə şəbəkəsi qurulsun ki, dünyanın yüz minlərlə fərqli yerindəki milyardlarla insan ortaq bir plan əsasında hərəkət etsin. İndi nümunəmizi bir qədər də genişləndirək. Dünya əhalisinin hazırkından daha çox olduğunu, ancaq bəhs olunan təşkilatın olduqca mükəmməl şəkildə işlədiyini fərz edək və dünya əhalisinin sayını 15 min qat artıraq. Yəni dünya kimi 15 min fərqli planet olduğunu və hər planetdə olan 6 milyard insanın tək bir planetə toplaşaraq 100 trilyonluq insan kütləsi meydana gətirdiyini fərz edək. Eləcə də, bu insan kütləsinin yenə birlikdə mükəmməl uyğunlaşma içində çalışdıqlarını, hər fərdin nə etməli olduğunun özünə cib telefonu vasitəsilə bildirildiyini düşünək. İnsanın təsəvvür belə edə bilmədiyi bu nümunə, əslində həqiqətən mövcud bir təşkilatın sadələşdirilmiş izahatıdır və bu mükəmməl təşkilat dünya üzərindəki bütün insanların çox yaxınlığında hər saniyə işləməkdədir. Bu təşkilat öz orqanizminizi meydana gətirən təxminən 100 trilyon hüceyrə arasında qurulmuşdur.
Siz bu yazını oxuyarkən orqanizminizdə milyonlarla əməliyyat reallaşır. Bu əməliyyatlarla orqanizminizin hansı hissəsində hansı hüceyrələrin nəyə ehtiyacları olduğu və hansı vəzifələri etməli olduqları müəyyənləşdirilir, hüceyrələrin ehtiyaclarını ödəyəcək tədbirlər alınır, eləcə də, hüceyrələrə nə etməli olduqları tək-tək bildirilir. Məsələn, bu yazını oxumağınızı təmin edən göz hüceyrələrinizin bəslənmək üçün qlükozaya ehtiyacları var. Bunun üçün də, qanınızda nə qədər şəkər olmasını hesablayan və şəkər miqdarını sabit saxlayan bir sistem qurulmuş və orqanizminizə yerləşdirilmişdir. Ürəyinizin dəqiqədə neçə dəfə vurmalı olduğu, sümüklərinizdə yığılan kalsium nisbəti, böyrəklərinizin dəqiqədə süzdüyü qan miqdarı və bunlara bənzər minlərlə təfərrüat böyük planlama və hüceyrələr arasındakı rabitə şəbəkəsi sayəsində hesaba alınır və təşkil edilir. 100 trilyon hüceyrənin bir-birləri ilə uyğunluq içində işləmələrini təmin edən bu kimyəvi rabitə sistemi hormon sistemi adlandırılır. Hormon sistemi, sinir sistemi ilə birlikdə orqanizm hüceyrələri arasında uyğunlaşma təmin edir. Əgər sinir sistemi internet vasitəsilə göndərilən mesajlara bənzədilsə, hormon sistemi də məktub vasitəsilə göndərilən mesajlara bənzəyər; daha yavaşdır, ancaq daha uzun müddət təsirli qalar. İnsan orqanizmini idarə edən bu sistemlər araşdırıldıqda insanların xəbərsiz olduqları böyük bir həqiqət də ortaya çıxar. İnsanların əksəriyyəti öz həyatlarına özlərinin hökm etdiyi, həyatlarına özlərinin istiqamət verdikləri qənaətindədirlər. Belə düşünən bir insana; "özünə, öz orqanizminə nə qədər hakimsən?" sualı verildikdə verəcəyi cavab, əlbəttə ki, "tamamilə" olacaq. Ancaq bu cavab elmi həqiqətlərlə ziddiyyət təşkil edir. İnsan, öz orqanizminin çox az bir hissəsinə (özü də qismən) hakimdir. Məsələn, orqanizmindən istifadə edərək yeriyə bilər, danışa bilər və ya əllərindən istifadə edərək bir iş görə bilər. Ancaq insanın məlumatı və iradəsi xaricində, orqanizminin dərinliklərində minlərlə kimyəvi və fiziki hadisə reallaşır. Öz orqanizminə və öz həyatına hakim olduğunu zənn edən bir insan, bu səbəbdən ötrü böyük yanılma içindədir. Bu kitab boyunca araşdıracağımız mükəmməl rabitə sisteminin bizə göstərəcəyi digər bir əhəmiyyətli həqiqət isə, cansız maddələrin təsadüflər nəticəsində öz-özlərini təşkil edərək canlıları meydana gətirmələrinin qətiyyən mümkün olmamasıdır. Darvinistlər və materialistlər, Allahın varlığına inanmazlar və canlıların təsadüflər nəticəsində cansız maddələrdən öz-özlərinə meydana gəldiyini iddia edərlər. Lakin 20-ci əsrdə hüceyrə və hüceyrədaxili sistemlər mövzusunda minlərlə şey kəşf edilmiş və canlıların yüksək səviyyəli mürəkkəb dizayna sahib olduqları aydın olmuşdur. Təkcə hormonlar və hüceyrələr arasındakı rabitə əlaqəsi belə, canlılarda nə qədər fövqəladə sistemlərin olduğunu və bunların təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərmək baxımından kifayətdir. Dolayısilə bu kitabın iki yazılma məqsədi var. Bunlardan birincisi, təsadüfləri ilah qəbul edən darvinist materialistlərə, inandıqları fəlsəfənin nə qədər məntiqsiz olduğunu, elmi dəlillər və açıqlamalar əsasında göstərməkdir. İkinci məqsəd isə, Allahın varlığına iman edənlərə, Allahın mükəmməl yaratmasını yenidən nümunələrlə göstərmək, Rəbbimizin şəninin, qüdrətini və üstünlüyünü görərək, Onu ən gözəl adlarıyla ucaltmaqdır. Sonrakı səhifələrdə insan orqanizmini insanın yerinə idarə edən hormon sistemi üzərində təcəlli edən yaradılış möcüzələrini araşdıracaq və Allahın yaratma sənətinə birlikdə şahid olacağıq. Ağıllı Dizayn, Yəni YaradılışKitabda hərdənbir qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda mükəmməl dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olar. Allah bu cür nöqsanlarn uzaqdır. Allahın bir şeyin və ya bir işin olmasını istədiyi vaxt, onun olması üçün təkcə "Ol" deməsi kifayətdir. Ayələrdə belə buyurulur: Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82) Göyləri və yeri (bənzərsiz şəkildə) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar. (Bəqərə surəsi, 117)
|