< <
2 / total: 8

Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı

Sözlərinə və Andlarına Sadiq Deyillər

Cahil cəmiyyətindəki insanların sədaqət anlayışını formalaşdıran əsas ünsür mənfəətdir. Bu yanlış düşüncəni mənimsəyən insanlar mənfəətləri üçün kimə və ya nəyə sədaqət göstərilməlidirlərsə, bunu sevərək yerinə yetirərlər. Halbuki bu, tamamilə saxta və səmimiyyətsiz sədaqət növüdür. Sədaqətlərinin dərəcəsi əldə edəcəkləri mənfəətin dəyərindən və ölçüsündən asılıdır. Əgər mənfəətlərinə çatmağın tək yolu sədaqətli və itaətli davranmaqdırsa, bunu çətinlik çəkmədən zövqlə yerinə yetirərlər.

Bununla yanaşı, insanlar arasında yaranan anlaşılmazlıq və münaqişələrin böyük hissəsi isə onların bir-birlərinə verdikləri sözlərini tutmamalarından irəli gəlir. Bunun əsas səbəbi, yuxarıda izah edildiyi kimi, bu insanların mənfəətpərəst olmalarıdır. İman gətirməyən insan hər zaman mənfəət əldə etmək istədiyi üçün qarşısındakı insandan da istifadə etməyə və əsil niyyətini gizlətməyə çalışır. Bunun ən gözəl yolunu isə qarşısındakı insanın etibarını qazanmaqda görür. Beləliklə, qarşısındakının etibarını qazanaraq həm o insanın özü haqqında müsbət düşünməsini təmin edəcək, həm də ona hiss etdirmədən rahatlıqla məqsədinə çata biləcəyi bir mühit yaradacaq. Məhz bu yanlış düşüncədə olan insanlar bəhsi keçən “etibarlı mühiti” təmin etmək və mənfəət əldə etmək üçün həmişə yalandan and içir və tutmayacaqları vədlər verirlər. Quranda bildirilən şeytanın hz. Adəmi aldatmaq üçün and içməsi də pis niyyətli insanların etibar qazanmaq və insanları aldatmaq üçün bu yola baş vurduqlarını göstərən nümunədir. Allah bu hadisəni Quranda belə bildirir:

“Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”. (Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi. (Əraf surəsi, 20-21)

Şeytan bu yalanın doğruluğuna hz. Adəmi inandırmaq və onun etibarını qazanaraq aldatmaq üçün dediklərinin ardınca and içmişdir. Allah Quranın bir çox ayəsində insanların müxtəlif mənfəətlər əldə etmək üçün bu cür hərəkət etdiklərini bildirir.

Allah Quranda “münafiq” adlandırılan, qəlblərində xəstəlik olan insanların da imanlarının zəifliyini gizlətmək və möminləri səmimi insanlar olduqlarına inandırmaq üçün and içmə üsuluna üz tutduqlarına diqqət çəkmişdir. Allah üçün ən doğru yola yönəlmək, Quran əxlaqına ən gözəl şəkildə tabe olmaq və insanları haqq dinə dəvət edərkən qarşılaşdığı çətinliklərə səbir etmək ancaq Allaha güclü iman və sədaqət hissi ilə mümkündür. Buna görə də, səmimi imandan məhrum olan münafiq xarakterli insanların Allahın razılığını qazanmaq üçün ciddi səy göstərmələri və peyğəmbərlərin yolunu izləmələri mümkün deyil. Bunun şüurunda olan bu səmimiyyətsiz insanlar da peyğəmbərləri və saleh möminləri aldada bilmək üçün Allah adından and içərlər. Ancaq qarşılaşdıqları hər hansı bir çətinlikdə də verdikləri bu andları və Allaha qarşı verdikləri sözləri pozmaqdan çəkinmirlər. Allah Quranda iman gətirənlərlə birlikdə hərəkət edəcəklərinə dair söz verib and içən, ancaq Peyğəmbərimiz (s.ə.v)-lə birlikdə döyüşmək məsələsi ortaya çıxdıqda verdikləri bu sözdən geri dönən insanların vəziyyətini belə bildirir:

“(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. (Nur surəsi, 53)

“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsa idi, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsa idi, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir”. (Tövbə surəsi, 42)

Bu insanlar pis niyyətlərini gizlətmək və Peyğəmbərimiz (s.ə.v)-in etibarını qazana bilmək üçün Allah adına and içirlər. Bu şəkildə sədaqətsizliklərini və qəlblərindəki həqiqi niyyəti gizlədə biləcəklərini və özlərinə mənfəət əldə edə biləcəkləri mühitlər yarada biləcəklərini düşünürlər. Halbuki, göstərdikləri rəftar onların həqiqi niyyətlərini aşkar şəkildə ortaya qoyur və ifşa olmalarına şərait yaradır. Çünki bir insanın Allaha olan sədaqət və bağlılığının ən açıq dəlillərindən biri Onun razılığını qazana bilmək üçün lazım gələrsə, hər cür fədakarlığı sevə-sevə edə bilməsidir. Bu bağlılığı və sədaqəti hiss etməyən insanlar isə fədakarlıqdan qaçmaq üçün əsassız bəhanələr uydurur və insanları bu bəhanələrin doğru olduğuna inandırmaq üçün Allah adına and içirlər.

Bu insanların yalan yerə and içmələrinin bir səbəbi də iman edənlərin səmimiyyətlərindən istifadə edərək onlardan mənfəət əldə etmək istəmələridir. Bu cür davranaraq fədakar, yardımsevər və mərhəmətli əxlaqa sahib möminlərin yaşadığı hüzurlu həyatı özlərinin də yaşaya biləcəklərinə və heç bir səy göstərmədən onların sahib olduqları nemətləri əldə edə biləcəklərinə inanırlar. Allahın həqiqi niyyətlərini ortaya çıxardığı anda isə aralarından ayrılmalı olacaqlarından qorxaraq möminlərlə birlikdə olmaq üçün yalandan and içirlər. Allah bu səmimiyyətsiz insanların xarakterlərini Quranın Tövbə surəsində bizlərə belə tanıdır:

“Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaatdan razı qalmaz”. (Tövbə surəsi, 96)

“Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır”. (Tövbə surəsi, 56)

Ancaq bu insanların and içmələrinin yeganə səbəbi həqiqi niyyətlərini gizlədərək özləri üçün mənfəət əldə etmək deyil. Digər bir hədəfləri də iman gətirənləri Allah yolundan uzaqlaşdırmağa çalışmaqdır. Eynilə şeytanın hz. Adəmi və xanımını and içərək aldatmağa və Allahın əmrinə uymalarına mane olmağa çalışması kimi, bu insanlar da şeytanın məntiqi ilə hərəkət edirlər. Yanındakı möminləri doğru yoldan azdırmaq və ya ən azından onlara zərər verə bilmək üçün şeytanın tətbiq etdiyi “and içmə” üsulundan istifadə edirlər. Allah bir ayədə bu insanların andlarını “sipər” kimi istifadə etdiklərini belə xəbər verir:

“Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir”. (Mücadilə surəsi, 16)

Ancaq Allahın ayədə bildirdiyi kimi, qəlblərində xəstəlik olan bu insanların möminlərə yönəlmiş bu pis niyyətli təşəbbüsləri Allahın izni ilə hər dəfə boşa çıxır və onlar üçün əzaba çevrilir.

Andlarını pozaraq və sözlərində durmayaraq möminlərin arasında fitnə-fəsad salmağa çalışmaları, bu insanların içlərində gizlətdikləri sədaqətsizliyin açıq göstəricisidir. Bu əxlaqı mənimsəyən insanlar verdikləri sözlərlə, etdikləri böyük andlarla ətraflarındakı insanlarda olduqca sadiq olduqlarına dair təəssürat yaratdıqlarını zənn etsələr belə, sədaqətlərini sübut etmələri tələb edilən bir vəziyyətlə qarşılaşdıqda həqiqi niyyətlərini dərhal ortaya qoyurlar. Allah bu insanların əxlaqlarını Quranda belə bildirir:

“Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı”. (Fatir surəsi, 42)

Quranda diqqət çəkilən bu insanlar göndərilən elçiyə itaət edəcəklərinə Allaha and içmişlər. Ancaq onlara bir elçi göndərildikdə bəslədikləri nifrət, verdikləri sözə sədaqətsiz olduqlarını açıq şəkildə göstərmişdir.

Bu insanlar “Həqiqətən də, Allahla olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır” (Ali-İmran surəsi, 77) ayəsi ilə Allahın bildirdiyi kimi andlarını “az bir dəyər” qarşılığında satmışlar. Bu səbəbdən, Allah axirət günü onları mərhəmətindən məhrum edəcək. Allah bu insanların qiyamət günü Allahın hüzuruna çıxdıqlarında Allahın əzabından da yenə and içərək xilas olacaqlarını zənn etdiklərini Quranda belə xəbər verir:

“Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır”. (Mücadilə surəsi, 18)

Bu cür yaşamağı özlərinə prinsip hesab edən insanlar eyni rəftarı öz aralarında bağladıqları andlaşma və müqavilələrdə də göstərirlər. İnsanların bir-birlərinin haqlarını tanımamaları və verdikləri sözə uyğun davranmamaları göstərəcəkləri sədaqətin maraqlarına tərs düşməsindən irəli gəlir. Bu səbəbdən, bu düşüncədə olan insanlarla bağlanan müqavilələr, demək olar ki, sədaqətsizliklə nəticələnir. Allahın, "Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük” (Əraf surəsi, 102) ayəsi ilə bildirdiyi kimi, bu insanlar verdikləri sözlərə heç bir bağlılıqları olmadığı üçün verdikləri andları ilk fürsətdə pozmağa çalışırlar. Allah bu insanların vəziyyətini Quranda belə təsvir etmişdir:

“Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər.” (Ənfal surəsi, 56)

Bundan başqa, Allah münafiq xarakterli bu səmimiyyətsiz insanların, əvvəlcə, Allahın razılığını qazana bilmək üçün fədakarlıqdan qaçmayacaqlarına dair Allaha söz verdiklərini, lakin sözlərinin üstündə durmadıqlarını bildirmişdir:

“Baxmayaraq ki, onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar”. (Əhzab surəsi, 15)

Bu əxlaqa sahib insanlar həyatları boyunca Allaha, elçilərinə və ətraflarındakı digər insanlara xəyanət edirlər. Şeytanın ikiüzlü rəftarı bu cür insanların əxlaqını ortaya qoyan mühüm nümunələrdən biridir. Şeytan insanlara saxta vədlər vermiş, ancaq daha sonra bu vədlərinin yalan olduğunu açıqlamışdır. Allah Quranda şeytanın bu ikiüzlü əxlaqını bizlərə belə bildirir:

“O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.” (Ənfal surəsi, 48)

Bu pis əxlaqı mənimsəyən insanların Allaha və elçilərə qarşı səmimi bağlılıq hiss edə bilmələri və rastlaşdıqları çətinlik və sıxıntılara səbir edə bilmələri mümkün deyil. Azğın niyyətlərini və sədaqətsizliklərini gizlətmək, iman gətirənlərlə birlikdə olub onların hər cür imkan və vasitələrindən faydalana bilmək üçün hər fürsətdə and içərək söz verirlər. Ancaq səmimiyyətsizlikləri o qədər böyükdür ki, hər dəfə andlarını pozmalarına və içlərində gizlədikləri düşmənçiliyin açığa çıxarmalarına səbəb olur. Buna görə də verdikləri sözlərlə, andlarla möminləri nə qədər aldatmağa çalışsalar da, Allah bu insanların səyini həmişə boşa çıxarır və onların həqiqi niyyətlərini səmimi insanlara göstərir.

Bu insanların bu cür ağılsız və şüursuz davranmalarının bir səbəbi də, Allahın qəlblərini sərtləşdirmiş olmasıdır. Allah Quranda verdikləri sözləri pozmaları səbəbindən bu əxlaqı mənimsəyən insanları lənətlədiyini bildirmiş və iman edənləri onların niyyətləri barədə xəbərdar etmişdir:

“(İsrail oğulları) verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”. (Maidə surəsi, 13)

Allahın Quranda bildirdiyi bu yanlış düşüncədə olan insanların sədaqətdən nə qədər xəbərsiz olduqları açıq şəkildə aydın olur. Verdikləri andları davamlı pozmaları, verdikləri sözləri tutmamaları, bağladıqları müqavilələrə riayət etməmələri bu insanların sədaqət anlayışlarını açıq şəkildə göstərir.

Atalarının Dininə Sadiqdirlər

İnsanlar həyatlarını ətraflarından öyrəndikləri məlumatlara və yaşadıqları cəmiyyətdə tətbiq olunan adət-ənənələrə görə nizamlayırlar. Etdiklərinin yanlış olduğu onlara göstərildikdə və doğrular izah edildiyi halda, bəzi insanlar həyatlarını, fikirlərini və davranışlarını yenə də bu prinsiplərinə görə formalaşdırmağı seçirlər. Sahib olduqları yanlış dünya görüşü isə bu insanları yeniliklərə üz çevirən, hətta bunlara şiddətlə qarşı çıxan insanlar halına gətirir. Keçmişdən qalan bəzi qaydaların, fikir və düşüncələrin, deyilən sözlərin, tətbiq olunan müxtəlif adət-ənənələrin yanlış və mənasız olduğunu bilmələrinə baxmayaraq, bunları müdafiə edib, bunlara bağlı qalmaqda israr edirlər. Keçmişdən gələn bütün qaydaların daha məqbul və etibarlı olduğuna özlərini inandırmışlar. Yaşadıqları mühit, uyğunlaşmaq məcburiyyətində olduqları qaydalar və dəyərləndirmələr nə qədər dəyişsə də, bəzi insanlar bütün bu dəyişiklikləri “pislik” gözü ilə qiymətləndirirlər. Bu səbəbdən, həmişə bunların və bunlara bağlı olaraq da müsbət olan hər hərəkətin əleyhində olurlar. Həmişə atalarını nümunə götürür, qarşılaşdıqları hər şeyi atalarının tətbiqlərinə görə qiymətləndirir və onlara görə hərəkət edərlər. Bu səbəbdən, qədimdən qalan mədəniyyət və inanclarına əks olan hər düşüncəni böyük təhlükə hesab edirlər. Onlara inandıqlarından daha doğrusu gətirilsə belə, bunu heç anlamadan və ya anlamağa çalışmadan, hətta dinləmədən imtina edirlər. Özlərinə izah edilənləri böyük qəzəblə qarşılamaları və dinləməyi şiddətlə rədd etmələri bu insanların batil dinlərinə kor-koranə bağlandıqlarını açıq şəkildə göstərir. Allahın, Şüəra surəsində bildirdiyi kimi, cəmiyyətin öndə gələnlərinin onları Allaha iman gətirməyə çağıran hz. İbrahimə verdikləri cavab bu insanların ata-babalarına kor-koranə bağlandıqlarını göstərən nümunələrdəndir. Allah bu mövzunu Quranda belə bildirir:

“Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o, öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız?” (Şüəra surəsi, 69-76)

Quranda bəhs edilən bu hekayə insanların heç bir məlumata əsaslanmadan atalarına şüursuz şəkildə inandıqlarını göstərir. İbadət etdikləri bütlərin əsil mahiyyətini izah etdikdə etiraz etmələri və bu cür hərəkət etmələrinin tək səbəbinin də, ataları olduğunu irəli sürmələri, onların bütlərinə olan sadaqətlərinin tamamilə boş bir inancdan ibarət olduğunu ortaya qoyur.

Göründüyü kimi, batil sədaqət hissi bu insanların Allahın hökmlərinə qarşı çıxmalarına, bunları inkar etmələrinə, hətta din əxlaqını mənimsəyib yaymağa çalışan insanlara düşmən gözü ilə baxmalarına səbəb olur. Allah atalarının batil dininə qarşı duyduqları sədaqətə görə bu düşüncədə olan insanların hətta Peyğəmbərimiz (s.ə.v)-dən Quranın dəyişdirilməsi tələbində olduqlarını da bildirir:

“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. (Yunis surəsi, 15)

Bu insanlar öz batil dinlərini yıxdığına görə Peyğəmbərimiz (s.ə.v)-dən Quranı “yeniləşdirməsini” və ya “dəyişdirməsini” tələb etmişlər. Öz batil dinlərinə qarşı duyduqları sədaqət onları Allahın ayələrinə itaət etməkdən yayındırmışdır. Buna görə də, əsrlər boyunca Allahın dinini təbliğ edib yayması üçün göndərilmiş elçilər qövmlərinin bu batil inanclarına olan sədaqətləri və qəzəbli davranışları ilə qarşılaşmışlar. Yalnız doğru və gözəl olana çağırdıqları üçün onların düşmənçiliyini qazanmış, müxtəlif təhdid və böhtanlara məruz qalmışlar. Elçilərə göstərdikləri mənfi reaksiyalar bu insanların “batil” dinlərinə çox ciddi şəkildə bağlandıqlarını və bu bağlılıqda da israrlı olduqlarını ortaya çıxarır. Allah bu insanları onları haqq dinə itaət etməyə çağıran elçilər üçün, "... Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!...." (Səba surəsi, 43) deyərək onların yolundan üz çevirdiklərini bildirmişdir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Cahillik inanclarını tətbiq etməkdə qətiyyət göstərən bu insanların başqa bir azğın rəftarları isə atalarının dininə itaət etmələrini özlərinə Allahın əmr etdiyini irəli sürmələridir. (Allahı tənzih edirik) Doğru olmadığını bilərək etdikləri çirkin davranışların “Allahın əmri” olduğunu söyləyərək atalarının azğın dininə əməl etmələrini məqbul hala gətirməyə çalışırlar. Ancaq əlbəttə, bu səmimiyyətsizliklərinə özləri də şahiddirlər. Əsil məqsədləri Allahın razılığını qazana bilmək deyil, nəfslərinin istəklərinə və maraqlarına uyğun həyat yaşaya bilməkdir. Bu səmimiyyətsizliklərini gizlətmək və öz cahil sistemlərini davam etdirə bilmək üçün bu cür azğın bəhanə irəli sürərlər. Yoxsa əlbəttə ki, özləri də Allahın əmr etdiyi əxlaqdan çox uzaq yaşadıqlarını və etdiklərini Allahın əmri olduğu üçün deyil, yalnız atalarının dini əmr etdiyi üçün tətbiq etdiklərini bilirlər.

Bu insanların düşüncələri din əxlaqını əsil qaynağından öyrənmədikləri, dillərini əyib-bükdükləri və atalarının adət-ənənələrindən qopa bilmədikləri üçün çox qarışıqdır. Buna görə də Allahın qadağan etdiyi və çirkin qarşıladığı bir davranışın məqbul olduğunu iddia edirlər. Allah bu insanların bu cür səmimiyyətsiz davranışlarını Quranda belə bildirmişdir:

“Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)

Bu fikirdə olan insanlar başlarına gələn hər hadisəni atalarını nümunə alaraq həll etməyə çalışdıqları üçün Allahdan və haqq dindən daima uzaqlaşarlar. Allah Quranda insanların bu yanılmasını belə açıqlayır:

Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq. (Əraf surəsi, 95)

Allah bu insanları sınamaq məqsədilə onların üzərindən pisliyi və çətinliyi qaldırmış və onlara rəhmətini çatdırmışdır. Ancaq bunun qarşılığında, səhvlərini anlayıb Allaha yönələcəkləri və şükür edəcəkləri halda, nankorluq edərək başlarına gələnləri keçmişdəki atalarının vəziyyətləri ilə müqayisə etmişlər. Çətinliyi üzərlərindən qaldırıb özlərinə nemət verənin Allah olduğunu təqdir edə bilməmiş, bunun ata-babalarından davam edən bir nizamın davamı olduğunu irli sürərək azğın rəftar göstərmişlər.

Onların bu cür yanlış düşüncəyə sahib olmalarının və bunun nəticəsində də həqiqi sədaqət anlayışı ilə hərəkət edə bilməmələrinin səbəbi, Allahın “Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey mi gəldi?” (Muminun surəsi, 68) ayəsi ilə açıqladığı kimi, Quran ayələri ilə düşünməmələri və buna görə də Quranın özlərinə qazandıracağı həqiqi ağıldan məhrum qalmalarıdır.

Sədaqət Göstərmək Üçün Mütləq Üstünlük Görmək Istəyərlər

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların çox əhəmiyyət verdikləri, həyatları boyunca əldə etmək üçün böyük səy göstərdikləri bəzi sosial dəyərlər və ölçülər var. Bunlardan ən mühüm olanları karyera sahibi olub cəmiyyətdə nüfuzlu mövqeyə sahib olmaq, bütün insanların tanıdığı, izlədiyi nümunəvi insan olmaq və zəngin olub lüks həyata sahib olmaqdır. Bunlara sahib olan insanlar cəmiyyət tərəfindən təqdir edildiyi üçün hər kəs bu xüsusiyyətlərə sahib olmaq və insanlar arasında yaxşı mövqe əldə etmək məqsədini güdür. Çünki bu düşüncəyə görə ən məqbul insan ən zəngin insandır, ən ağıllı insan karyera qurmuş insandır, ən təqdir ediləcək insan hər kəs tərəfindən tanınan və bəyənilən insandır. Bu yanlış düşüncə tərzinin nəticəsində də bir qisim insanlar aralarındakı münasibətləri, bir-birlərinə olan fikirlərini, hörmət və bağlılıq anlayışlarını bütün bu sadaladığımız dəyərlər üzərində qururlar. Buna görə də bir insanı qiymətləndirərkən, ümumiyyətlə, ilk nəzər yetirilən şeylər, o insanın nə qədər pulu və ya var-dövləti olduğu və ya etibar sahibi bir insan olub-olmamasıdır. Bu səbəbdən, cəmiyyətdə bunlara ən çox kim sahibdirsə, ən çox hörmət edilən, təqdir edilən, hər mövzuda söz sahibi olan və ən çox qorunan da o insan olur.

Bütün bu sadaladıqlarımıza sahib olan bir insan digər insanlar tərəfindən hər yerdə hörmətlə qarşılanır və marağa səbəb olur, sözləri və ya düşüncələri yanlış olsa belə, doğru qəbul edilir. Buna görə də, bu insanlara xüsusi hörmət, sevgi və bağlılıq hissi duyulur. Bu insan ideya insanıdırsa, hər kəs onun əsərlərini oxuyur. Onun söylədiklərini və yazdıqlarını araşdırmadan, sorğulamadan dərhal qəbul edirlər. Böyük hörmətlə qarşılanır, müdafiə edilir və izlənilir. Bu insana heç bir məlumata əsaslanmadan mənasız bağlılıq və sədaqət duyulur. Tanınmış və şöhrətli insanlar üçün də eyni şey keçərlidir. İnsanların böyük qismi onlara heyrandır. Onlar hara getsələr, heç vaxt tək qalmır, hər zaman dəstək görürlər.

Bütün bu izah edilənləri bir yerə topladıqda qarşımıza belə bir mənzərə çıxır; cəmiyyətdə öndə gedən, insanların çox əhəmiyyət verdikləri, mal-mülk, şan-şöhrət və müəyyən vəzifə sahibi insanlar və onları dəstəkləyib müdafiə edən və heç bir zaman tək buraxmayan bir çox insan. Bunun səbəbi isə, insanların sədaqət duyub bağlanmaları üçün qarşılarındakı insanlarda mütləq özlərinə görə bir üstünlük ünsürü görmək istəmələridir. Əsrlər boyunca insanların bu yanlış düşüncələri heç dəyişməyib. Guya soylu olan və maddi gücünə görə hörmət görən insanlar dikbaş və zalım xarakterə sahib olsalar belə, cəmiyyətlərini idarə etməyi bacarmışlar. Sədaqət və bağlılıq anlayışları bir neçə müvəqqəti dünyəvi dəyərə görə formalaşmış bəzi insanlar üçün mühüm olan doğrunu və gözəli tapmaq deyil, yalnız bu maddi dəyərləri əldə edə bilməkdir. Bu səbəbdən, bu dəyərlərə sahib olanlar hər kəs tərəfindən ən bilikli, ən ağıllı, ən qabiliyyətli, qısacası, ən ideal insanlar olaraq qəbul edilirlər.

Məhz Allahın insanlara yol göstərici olaraq göndərdiyi peyğəmbərlər də yaşadıqları cəmiyyətləri Allahın yoluna tabe olmağa dəvət edib onları Allaha və elçilərinə sədaqət göstərməyə çağırdıqda inkar edənlərin çirkin və üsyankar davranışları ilə qarşılaşmışlar. Bu, cahil düşüncədə olan insanların elçilərə böyük vəzifənin verilməsində zənginlik, var-dövlət, etibar və ya mövqe sahibi olmaq kimi üstünlük ünsürü axtarmalarından irəli gəlir. Elçilərin sözlərinə inanmaq və çağırıldıqları haqq dinə tabe olmaq üçün üstünlük ünsürü olaraq onlardan möcüzələr istəmişlər. Allah inkar edənlərin bu gözləntilərini Quranda belə bildirir:

Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. (İsra surəsi, 90-93)

Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-in, iman gətirməmək üçün bəhanələr axtaran bu səmimiyyətsiz insanların onlardan istədikləri möcüzələr qarşısında belə cavab verdiyini bildirir:

“…sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram…” (Ənam surəsi, 50)

Göründüyü kimi, bu insanlar sözlərini təsdiqləmələri üçün peyğəmbərlərdən bir insanın güc yetirə bilməyəcəyi möcüzələri tələb etmişlər. Öz yararsız məntiqlərinə görə, kiməsə tabe olmaları və onun sözünü dinləmələri üçün həmin insanın cahillik ölçüləri baxımından özlərindən mütləq daha üstün olması lazımdır. Bu səbəbdən, Allahın “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən birinin böyük bir adamına nazil edilmədi?” (Zuxruf surəsi, 31) ayəsi ilə bildirdiyi kimi, özlərinə göndərilən elçilərə bu cür böyük məsuliyyət verilməsini “təəccüb”lə qarşılamışlar. Sadəcə buna görə, Allahın peyğəmbərlərini inkar etmiş və çətinlik yaradaraq onların insanları doğru yola çatdırmalarına mane olmağa çalışmışlar. Allah Quranda insanların bu rəftarları ilə bağlı belə bir nümunə vermişdir:

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 247)

Bu insanlar onları idarə idarə edəcək peyğəmbərlərdə cahillik dəyərlərinə görə üstünlük ünsürü axtarırlar. Bu da onların Allahın peyğəmbərlərə verdiyi “elm və bədən üstünlüyü”nü görüb anlamalarına mane olmuşdur. Peyğəmbərlərin nə qədər dəyərli və üstün insanlar olduqlarını qavraya bilmədikləri üçün onların çağırışlarına həmişə üz çevirmişlər. Allah aşağıdakı ayədə bu insanların peyğəmbərlərə sadəcə bu səbəblə inanmadıqlarını belə bildirmişdir:

“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanı mı elçi göndərdi?”– demələri mane oldu.” (İsra surəsi, 94)

Bu insanlar peyğəmbərlərə inanmayıb onların yolundan getməmiş və onları mənfəət dalınca qaçmaqla da günahlandırmışlar. Heç bir üstünlüyə sahib olmadığını düşündükləri birinin onun özünə sadiq qalmasını və uyulmasını istəməsi onların fikrinə görə, ancaq üstünlük əldə etmə niyyətindən irəli gəlir. Bu səbəbdən də, inkar edən qövmün zəngin və tanınmış “öndə gələnləri” peyğəmbərləri üstünlük və mənfəət əldə etməyə çalışmaqla günahlandırmış və hər fürsətdə onları haqsız yerə tənqid etmişlər. Fironun, onu Allaha qulluq etməyə dəvət edən hz. Musa və qardaşı hz. Haruna verdiyi reaksiya bu yanlış düşüncədə olan insanların rəftarını ortaya qoyan nümunələrdəndir. Allah bununla bağlı Fironun hz. Musaya yönəlmiş danışıqlarını Quranda belə bildirir:

Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər. Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?” deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”. Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 76-78)

İnkar edənlərin onları doğru və gözəl olana çağıran peyğəmbərlərə verdikləri reaksiya də məhz Fironunkundan fərqli deyil. Sədaqət göstərmələri üçün üstünlük axtarışları bu insanların ağıllarını örtərək onları dünyada və axirətdə qurtuluşa yönəldəcək peyğəmbərlərin çağırışlarını qavramalarına və doğru yola yönəlmələrinə mane olmuşdur.

Həqiqi üstünlük isə ancaq Allaha aiddir. İnsanların ətraflarında gördükləri hər şeyin həqiqi sahibi Allahdır. Əsil sədaqət duyulacaq və səmimi sevgi ilə bağlanılacaq tək varlıq Allahdır. Allah dilədiyi zaman dilədiyi şəkildə göndərdiyi elçilərinə Öz fəzlindən və rəhmətindən bol-bol vermiş və onları zəngin edərək insanların çoxundan üstün etmişdir. Allah hz. Davud və hz. Süleymanı digər insanlardan üstün etdiyini belə bildirir:

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!” (Nəml surəsi, 15)

İnkar edənlərin bu yanlış düşüncələri əsrlər boyunca onları həmişə Allahın yolundan döndərmişdir. Halbuki, həqiqi sədaqət yalnız Allaha və Onun elçilərinə qarşı duyulan sədaqətdir. Bu batil düşüncədə olan insanlar olduqları vəziyyəti bir an əvvəl tərk etməli, Allahın gücünü və ucalığını təqdir etməyə çalışmalı və əsil sədaqətin ancaq Allaha göstərilməli olduğunu qavramalıdırlar.

Sədaqət Göstərə Bilmələri Müəyyən Şərtlərə Bağlıdır

Keçmişə dönüb baxdıqda bir çox insan həyatı boyunca müxtəlif problem və çətinliklərlə qarşılaşdığını xatırlayacaq. Allah dünya həyatını kimin daha gözəl davranacağını sınamaq üçün çətinlik və asanlıqla birlikdə yaratmışdır. Buna görə də, insanın həyatı boyunca heç bir maneə və ya çətinliklə qarşılaşmaması mümkün deyil. Ancaq Allahın yaradışındakı bu hikmətlərdən xəbərsiz olan insanlar həyatın bu çətinliklərini “həyat mübarizəsi” adlandırırlar. Halbuki, bütün bunlar insanların Ondan başqa sığınılacaq və kömək istəniləcək bir güc olmadığını görərək doğru yolu tapmaları üçün Allahın hikmətlə yaratdığı hadisələrdir.

İnsanların duyğuları, düşüncələri, niyyətləri və buna uyğun davranışları qarşılaşdıqları bir-birinə zidd iki vəziyyətdə, yəni çətinlik və asanlıq anlarında fərqlənir. İnsanlar çətinlik anlarında qəlblərində saxladıqlarını gizlədə bilmirlər. Çətinliklər qarşısında göstərdiyi səbir bir insanın Allaha olan bağlılığını, səmimiyyətini və sadiqliyini ortaya qoyar. Bu səbəbdən, bir insanın daxili aləmini ən yaxşı və ən doğru şəkildə ortaya çıxaran anlar insanın keçirdiyi çətinlik və sıxıntılı anlardır. Bu baxımdan, bir insanın məqsədinə çatmasındakı istək və cəhdinin nə qədər ciddi, öz inancına olan sədaqətinin isə nə qədər güclü olduğunu bu kimi hallarla rastlaşdıqda göstərəcəyi rəftarlardan görmək olur.

Cahil cəmiyyətində bu mövzuya verilən ən bariz nümunələrdən biri evlilikdir. Evlilik çox müqəddəs bir qurum olmasına baxmayaraq, bəzi insanlar tərəfindən mənfəət əldə etməyə çevrilir. Bu düşüncədə olan insanlar üçün evlilikdəki sədaqət və bağlılıq müəyyən şərtlərə bağlıdır. Buna görə də, zamanla ortaya çıxan çətinliklər və problemlər bu insanlar arasında yavaş-yavaş böyük müzakirələrə və bədbəxtliyə çevrilə bilir. Müəyyən bir müddət sonra isə artıq tərəflərin bir-birlərindən ala biləcəkləri bir şey qalmır və ayrılıq zəruri hala gəlir.

Bu vəziyyət cahillik əxlaqını yaşayan insanların müxtəlif hadisələr qarşısında yaşadığı psixologiyadır. Bəzi insanlar səbir edilməli bir hadisə ilə rastlaşdıqda, asan olanı seçib dərhal bundan qaçmağı prinsip halına gətirmişlər. Allaha qəlbən bağlı və Ona güclü sədaqət hissi duyan möminlərlə kafirlər arasındakı fərq məhz bu cür vəziyyətlərdə açıq şəkildə ortaya çıxır. İnkar edənlər Allaha və axirət gününə iman etmədikləri üçün qarşılaşdıqları çətinliklərlə mübarizə aparacaq gücü və səbri özlərində tapa bilmirlər. Yaşadıqları ən kiçik bir problemdə və ya qarşılarına çıxan bir maneədə dərhal geri çəkilir, reallaşdırmaq istədikləri işdən imtina edərək asan olanı seçirlər. Allah Quranda hz. Loğmanın səbir mövzusunda oğluna verdiyi nəsihəti bizlərə belə bildirir:

“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”. (Loğman surəsi, 17)

İnkar edənlərin belə gücsüz xarakterə sahib olmalarının səbəbi həqiqi mənada sədaqət duyğusundan və bunun özlərinə gətirəcəyi güc və əzmdən məhrum olmalarıdır. İnkarçılar həyatları boyunca şirk içində yaşayır və bir çox saxta ilahlara itaət edirlər. Həyatları boyunca yalnız bunlara bağlı qalır və bu bağlılığın tələbinə uyğun yaşayırlar. Ancaq ilah kimi sitayiş etdikləri bu varlıqlar onlara çətinlik anlarında səbir edəcək və mübarizə aparacaq gücü və köməyi verə bilmədiyindən, saxta ilahlarına qarşı duyduqları bu batil sədaqət və bağlılıq duyğusu da dərhal yox olur. Buna görə də, çətinlik və sıxıntılı vəziyyətlər bu cür insanların həqiqi şəxsiyyətlərini tanımaq baxımından çox böyük əhəmiyyət kəsb edir.

İnsanların çətin vəziyyətlər qarşısındakı psixologiyaları qəlblərində xəstəlik olan münafiq xarakterli insanların Allaha olan bağlılıqlarının və səmimiyyətlərinin saxtalığını də ortaya çıxarır. Bu insanlar Allaha qarşı həqiqi mənada sədaqət və bağlılıq hissi duymadıqları üçün Allahın rizası üçün hər hansı bir çətinliyə qarşı səbir göstərə bilmirlər. Bu səbəbdən də, özlərinə çətin gələcək mühitlərdən qaçmaq üçün daim bəhanələr irəli sürərlər. Allah Quranda bu kimi çətin vəziyyətlə qarşılaşdıqda Peyğəmbərimiz (s.ə.v)-dən izin istəyərək qaçmağa çalışan insanların səmimiyyətsizliklərini xəbər vermişdir. Allah bu xarakterdəki insanların sözlərini və həqiqi niyyətlərini bir ayədə belə bildirmişdir:

“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir”. (Tövbə surəsi, 42)

Bu insanlar Allaha qəti olaraq iman gətirmədikləri üçün fədakarlıq tələb olunan anlarda Allaha və Onun Elçisinə qarşı sədaqət və bağlılıq göstərə bilməmişlər. Allaha və Onun Peyğəmbərinə sadiq qalmağın və Allahın razılığına uyğun davranmağın dünyada və axirətdə gətirəcəyi böyük qazancı və qurtuluşu görə bilməmişlər. Dünya həyatının keçiciliyinə aldanmış, Allahın rizası üçün səbir etməkdən qaçmışlar. Allah Nisa surəsində imanı lazımınca yaşamayan insanların çətinliklərə səbir edə bilmədikləri üçün möminlərdən uzaq durmağı seçdiyini bildirmişdir:

“İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyər.” (Nisa surəsi, 72)

Allah bu ayə ilə bu insanların içində olduqları vəziyyətin əhəmiyyətini və ciddiliyini heç cür qavraya bilmədiklərini xəbər verir. Özlərinə Allahın razılığını qazandıracaq fədakarlıqlardan qaçmağı “nemət” olaraq görmələri bu insanların necə yanlışlıq içərisində olduqlarını açıq şəkildə ortaya qoyur.

Bu cür insanların digər səmimiyyətsiz rəftarları isə istədikləri mənfəətləri əldə etdikdə və xoşladıqları şərtlər təmin olunduqda çox sadiq olmalarıdır. İstədiklərinə qovuşduqda rahat və hüzurlu həyat yaşadıqları üçün belə vəziyyətlərdə Allaha və elçisinə sədaqət göstərməkdə tərəddüdə düşməz və bunda çətinlik çəkməzlər. Ancaq xoşlarına gəlməyən və ya maraqlarına zidd olan bir şey etmələri lazım olduqda dərhal içlərində gizlətdikləri səmimiyyətsizliyi üzə vurarlar. Allah Quranda bu insanların rəftarlarına belə diqqət çəkir:

“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsa idilər, itaət edib onun yanına gələrdilər”. (Nur surəsi, 48-49)

İkiüzlü xarakterdə olan bu insanların əxlaqı saleh möminlərin Allahın rizası üçün göstərdikləri səbir və fədakarlıqdan çox uzaqdır. Bu insanların –səmimi qəlblə iman etmədikləri müddətcə- həyatlarının hər anında yalnız Allahın razılığını axtarmaları, Allahın əmr və qadağanlarına qeyd-şərtsiz tabe olmaları və peyğəmbərlərə inanıb-güvənmələrindən danışmaq olmaz. Bütün bunlar ancaq Allaha sadiq olan həqiqi iman sahiblərinin göstərə biləcəyi davranışlardır. Səmimiyyətsiz insanlar isə içlərində saxladıqları saxta sədaqətlərini sonsuza qədər gizlədə bilməyəcəklər. Allah bu ikiüzlü insanları sadiq və təslimiyyətli olan möminlərdən daim ayıracaq və möminlərə onların həqiqi üzlərini görüb tanıya biləcəkləri mühitlər meydana gətirəcək.

 

2 / total 8
"Harun Yəhyanın Quranda Sǝdaqǝt kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com