Quran Elmə Yol Göstərir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 9

I kitab
Din elmə ilham verir

İslam ağıl və vicdanın dinidir. İnsan dinin açdığı həqiqətləri öz ağlı ilə görür və gördüklərindən öz vicdanına uyğun nəticə çıxarır. Şüurlu və vicdanlı insan kainatda mövcud olan hər hansı bir şey haqqında anlayışı olmasa belə, onu öyrənərək kainatın ali şüura, ali biliyə və sonsuz qüdrətə malik olan uca Yaradan tərəfindən yaradıldığını dərk edəcək. Və yaxud, məsələn, Yer üzündə yaşamaq üçün vacib olan yalnız bir neçə şərti təhlil edərək anlamaq olar ki, Yer kürəsi insanın yaşaması üçün xüsusi şəkildə yaradılmış planetdir. Şüurlu və vicdanlı insan Yerin təsadüflər nəticəsində yaranması müddəasının cəfəngiyat olduğunu çox asanlıqla dərk edir. Başqa sözlə, ağılın və vicdanın kateqoriyaları ilə düşünən hər bir insan Allahın varlığının sübutlarını bütün aydınlığı ilə görə bilər. Qurani-Kərimdə bu cür insanlar haqda belə deyilir:

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər. "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" ("Ali-İmran" surəsi, 3/191)

Bu səbəblə, Allah Quranda insanları onları əhatə edən yaradılanların sübutu haqqında düşünməyə və onları diqqətlə öyrənməyə çağırır. Kainatdakı sistemləri, canlı orqanizmləri və cansız təbiəti öyrənməyə başlayan hər bir insan öz müşahidələri üzərində düşünəcək, bunlarla əlaqədar ortaya çıxan hər bir suala cavablar axtaracaq və tezliklə Allahın müdrikliyini, sonsuz biliyini və hədsiz qüdrətini etiraf etməyə başlayacaq. Allahın, insanları üzərində düşünməyə çağırdığı bəzi suallar ayələrdə bu şəkildə müəyyən edilir:

"Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?! Dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları bitirdik". ("Qaf" surəsi, 50/6-10)

bitki
 

Yaradan Allahın mövcudluğunun sübutları ağlı və vicdanı olan hər bir düşünən insan üçün aydındır.

"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!" (Mülk Surəsi, 3)

"Elə isə insan nədən yaradıldığına bir baxsın!" ("Tariq" surəsi, 86/5)

"Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göy necə ucaldılmışdır? Dağlar necə dikəldilmişdir? Və yer necə döşədilmişdir?" ("Ğaşiyə" surəsi, 88/17-20)

Yuxarıda gətirilən ayələrdən də göründüyü kimi, Allah insanları göyü, yağışı, bitkiləri, heyvanları, doğulma prosesini, təbiətin coğrafi xüsusiyyətlərini və digər hadisələri öyrənməyə və tədqiq etməyə çağırır. Bu xilqətlərin öyrənilmə və tədqiq edilmə vasitəsi isə az öncə qeyd etdiyimiz kimi, yalnız elmdir. Elmi tədqiqatların nəticəsində əldə edilmiş biliklər isə insana Allahın sonsuz biliyini, idrakını, qüdrətini, yaradılanların sirrini açıqlayır. Tarix boyu bəşəriyyətin inkişafında böyük rolu olmuş əksər alimlərin Allaha dərindən inanması faktı isə onunla izah edilir ki, elm Allahın varlığını dərk etməyin əsas yoludur.

qalaktika
 

"Göyləri və yeri yoxdan yaradandır…" ("Şura", 11)

Allaha inam alimlərə böyük ilham və ruh yüksəkliyi bəxş edir

Əvvəl qeyd etdiyimiz kimi, din elmi təşviq və təqdir edərək rəğbətləndirir və elmlə məşğul olan şüurlu və vicdanlı insanlar Allahın mövcudluğunun sübutları ilə başqalarından çox rastlaşırlar. İş burasındadır ki, alimlər hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl sistem, çox gözəl mexanizm və ya qüsursuz təfsilatla qarşılaşmalı olurlar.

Məsələn, insan gözünün öyrənilməsi ilə məşğul olan alim insanın quruluşunun kompleks sistemini gördükdə dərhal başa düşəcək ki, bu gözlər təsadüfən, tədricən, mərhələli şəkildə yarana bilməz. Gözü daha dərindən öyrəndikdə isə onun quruluşundakı hər bir detalın heyrətamiz şəkildə yaradılmasının şahidi olacaq. Alim gözün öz aralarında tam harmoniyada fəaliyyət göstərən onlarla ayrı-ayrı elementlərdən ibarət olduğunu görəcək. Onun bu harmoniyanı Yaradanın qarşısında ehtiramı böyük olacaq.

Bu şəkildə, kainatı öyrənən alim, eyni zamanda, minlərlə möcüzəvi uyğunluqlar görəcək. Ucsuz-bucaqsız kosmosda milyardlarla qalaktikanın və milyardlarla ulduzun bir-biri ilə böyük harmoniyada olmasının dərk edilməsi onu daha böyük tədqiqatlara ruhlandıracaq.

Albert Eynşteyn

Albert Eynşteyn

Mömin insan kainatın sirlərini dərk etməkdə və elmi tədqiqatlar aparmaq təşəbbüsündə məhz bu səbəbdən çox qətiyyətli və inadkardır. Bizim dövrün görkəmli dahilərindən hesab edilən mömin alim Albert Eynşteyn öz əsərlərinin birində dindən aldığı həyatverici gücü belə təsvir edir:

"Mən hansısa kosmik mənbəyi olan dini hissin elmi tədqiqatlarda xüsusilə kəskin surətdə yaşanıldığını iddia edə bilərəm. Şübhəsiz, ilk elmi konsepsiyaları yaradanlar bu hissi daha güclü yaşayıblar. Kainatın quruluşunun elmi, rasional dərk edilməsi insana ən dərin inam hissi verir. Uzunmüddətli çalışmalardan sonra kainatı anlamaq Keplerə və Nyutona bu cür dərin hissləri bəxş etdi.

Elmi tədqiqatların yalnız praktiki sahəsində qalanlar isə bu fakta hər zaman və hər yerdə yanlış izahlar verirdilər. Bu intuisiya və ilham yalnız ömrünü elmə həsr edənlərin ürəklərini doldurur və ancaq bu insanlar min bir əziyyətə baxmayaraq öz axtarışlarını davam etdirirlər. Onlar bu gücü dini hissdən alırlar. Müasirlərimizdən biri çox düzgün ifadə edib ki, bizim materialist əsri-mizdə ən dərin dini duyğuları pozitiv elmə ilk yol açanlar yaşadılar"1

İohann Kepler qeyd edirdi ki, o, elmlə Yaradanın xəlq etdiklərinin ləzzətini hiss etmək üçün məşğul olub. Tarixdə ən dahi alimlərdən olan İsaak Nyuton onu elmi tədqiqatlara sövq edən səbəb kimi Allahı tapmaq və anlamaq istəyini göstərirdi.

Biz sizin nəzərinizə dünya tarixində ən əhəmiyyətli rol oynayan alimlərdən yalnız bir neçəsinin dediklərini çatdırdıq. Bizim növbəti bölümlərdə bəhs edəcəyimiz bu insanlar və onlara bənzəyən yüzlərlə tədqiqatçılar kainatı öyrənərək Allahın yaratdığı qanun və fenomenlərin gözəlliyinə heyran qalaraq Allahın mövcudluğuna inandılar və elmdə daha çox işlər görmək arzusunu hiss etdilər.

Aydın olduğu kimi, Allahın kainatı necə yaratdığını görmək arzusu bir çox alimlər üçün ən böyük ilham mənbəyi idi. Kainatın və onda olan canlıların yaradıldığını anlayan insan, eyni zamanda, bu yaradılma aktının müəyyən məqsəd daşıdığını dərk edir. Təbii ki, hər məqsədin bir mənası var. Onun mənasını tutmaq, varlığının sübutlarını tapmaq, təfsilatı ilə öyrənmək arzusu elmi tədqiqatlara böyük güc verir. Lakin kainatın və canlı orqanizmlərin yaradılma faktı inkar edilirsə, adıçəkilən məna da itir. Məsələn, materialist fəlsəfəni və darvinizmi əsas götürən alim kainatda heç bir məqsədin olmadığını, bütün varlıqların kor-koranə şəraitin bəhrəsi olduğunu hesab etməlidir. Buradan belə nəticə çıxır ki, nə kainatda, nə də canlı orqanizmlərin tədqiq edilməsində həqiqi məna yoxdur. Eynşteyn bu həqiqəti bu sözlərlə ümumiləşdirir: "Dini hiss itdikdə elm heç bir ilham qaynağı olmayan xalis eksperimentçiliyə çevrilir. 2

Bu halda, alimin yeganə məqsədi öz kəşfinin sayəsində məşhurlaşmaq, tarixdə iz qoymaq və ya çoxlu pul qazanmaq istəyi ola bilər. Bu cür məqsədlər onu səmimiyyətdən və elmi ləyaqət hissindən uzaqlaşdıra bilər. Əgər onun elmi kəşflərindən doğan nəticə elm aləmində geniş yayılan və üstünlük təşkil edən nöqteyi-nəzərə ziddirsə, bu alim öz şöhrətini itirməkdən, alçaldılmaqdan və töhmətlənməkdən qorxaraq meydana çıxarılmış həqiqəti gizlətmək məcburiyyətində qala bilər.

Bu cür qeyri-səmimiliyə nümunə olaraq elm aləminin uzun illər qəbul etdiyi təkamül nəzəriyyəsini göstərmək olar. Reallıqda elmi faktlarla üz-üzə qalan əksər alimlər təkamül nəzəriyyəsinin həyat fenomenini izah etməkdən çox uzaqda olduğunu gördülər, ancaq onların bir çoxu bu cür addımın nəticələrindən qorxaraq öz mülahizələrini söyləmədilər. Amerika fiziki X.S.Lipson isə bu barədə öz etirafını söylədi:

"Biz canlı orqanizmlər haqda Darvinin bildiklərindən xeyli çox bilirik. Məsələn, biz sinirlərin necə işlədiyini bilirik və mənim fikrimcə, hər sinir elektrik mühəndisliyinin şah əsəridir. Milyardlarla belə sinir bizim bədənimizdə yerləşib... Bu halda, mənim ağlıma "məna" sözü gəlir. Ancaq bu söz mənim bioloq həmkarlarımın heç də xoşlarına gəlmir".3
neyron

1- Mielin 2-Akson 3-Hüceyrənin bədəni 4- Dendrit 5-Hüceyrənin nüvəsi

Kainatda yaradılan hər şeydə ən mükəmməl bir məna var. Məsələn, fizik Lipsonun sözlərinə görə, ən kiçik sinir hüceyrəsi elektrik mühəndisliyi nöqteyi-nəzərindən bir şah əsəridir.

Yaradılma aktını bildirən "layihə" sözünü elmi ədəbiyyatdan bu söz, yalnız kiminsə ürəyinə yatmadığı üçün kənarlaşdırmaq istəyirlər və bir çox alimlər bu cür ehkamçı xəttin qarşısında baş əyirlər. X.S.Lipson bunu özünün aşağıdakı sözləri ilə təsdiqləyir:

"Əslində, təkamül nəzəriyyəsi elmi dinə çevrilib; demək olar ki, bütün alimlər bu dini qəbul ediblər və onların əksəriyyəti bu nəzəriyyə ilə razılaşmaq üçün şəxsi müşahidələrinin nəticələrinə düzəliş etməyə hazırdır".4

XIX əsrin ortalarından etibarən elmi aləmdə bərqərar olmuş bu cür əyrilik Eynşteynin təbirincə desək, "topal" elmin nöqsanlarının nəticəsi oldu. 5 Bu səbəblə də bu yanılma, eyni zamanda, elm aləmini yalançı məqsədlərə doğru yönəldir və bu məqsədlərin yanlışlığını görən, ancaq susmağa üstünlük verən alimləri tərbiyələndirir. Qeyd etdiyimiz iki amillərdən birincisini biz bu kitabın növbəti səhifələrində nəzərdən keçirəcəyik.

İman gətirən alimlərin şövqlü xidməti

Allahın varlığına və Onun əzəmətinə inanan alimlərdə şöhrət, pul, hansısa mühüm vəzifəni tutmaq və ya ad-san almaq arzusu yoxdur, onların öz tədqiqatlarına sərf etdiyi səylər tamamilə səmimidir. Bu insanlar kəşf etdikləri hər sirrin insanlara Allah haqqında bilik verəcəyini, onlara sonsuz ilahi qüdrəti və ilahi biliyi nümayiş etdirəcəyini bilirlər. Şübhəsiz ki, insanlara Allahın mövcudluğu haqda danışmaq, onlara yaradılışın həqiqiliyini çatdırmaq dindar insan üçün bir növ Allaha itaətdir.

Qəlblərində bu cür səmimi hisslər bəsləyən dindar alimlər kainatın qanunlarını açmaq, canlı orqanizmlərdəki mükəmməl mexanizmləri, təbiətin qəribə sistemlərini öyrənmək və onları dərk etmək üçün bütün ömürləri boyu böyük şövq və ilhamla işləyirlər. Bu işlər çox səmərəli olur və önə doğru xeyli irəliləyişi təmin edir. Bu yolda qarşılaşdıqları çətinliklər onları qorxutmur. İnsanlardan öz əməklərinin qarşılığında heç bir mükafat almamaq qorxusu onların ruhunu zəiflətmir, çünki onların əməyinin məqsədi yüksək rəğbəti - uca Allahın rəğbət və təqdirini qazanmaqdır.

İlahi tərəfindən bəyənilmək üçün onlar başqa mömin insanlara da xeyir gətirməyə səy göstərirlər. Bunun üçün onlara heç bir sərhəd yoxdur. Allah bu insanlara bu cür səmimi cəhd üçün istedad və işləmək qabiliyyəti bəxş edib, onların əməkləri daima yalnız xeyirli bəhrələr verir.

Kim elmin dindən kənar inkişaf etməli olduğunu düşünürsə, o, şübhəsiz ki, ciddi yanlışlığa yol verir. Hər şeydən əvvəl Allaha inanmayan alimlər dinin verdiyi mənəvi şövq və ilhamı, ruh yüksəkliyini hiss edə bilməzlər. Onların şövqlə başladıqları elmi tədqiqatlar bir müddətdən sonra onlara bəlkə də usandırıcı və cansıxıcı gəlir. Belə dünyagörüşünə malik olan insanların həyati məqsədi bu fani və qısamüddətli dünya həyatında mənfəətə nail olmaqdır. Qəlbini fani dünyaya hərislik hissi çulğamış bu insanlar bir qayda olaraq yalnız onların istəklərini təmin edə bilən tədqiqatlarla məşğul olurlar.

Məsələn, əgər bu cür alimin qarşısında iki mövzunu tədqiq etmək seçimi durubsa, o, əlbəttə, xeyli maddi nailiyyətlər, daha artıq nüfuz gətirən və ona hansısa hörmətli vəzifə tutmaq imkanı verən işi seçər, digər mövzudan isə imtina edər. Hətta bu tədqiqatın insanlara daha çox xeyir gətirəcəyini bilsə belə. Başqa sözlə, belə alimlər öz şəxsi mənfəətlərini təmin etmədikdə heç vaxt digər insanların rifahı naminə çalışmaz, bəşəriyyətə xidmət etməyə razı olmazlar. Onların məşğul olduqları işin maddi tərəfi, hansısa vəzifə və ya rütbə almaq, insanların nəzərində şöhrətlənmək və hörmət qazanmaq və ya şəxsi maraqlarını hansısa şansla təmin etmək imkanı itsə, işə olan həvəsləri də o saat sönərək yoxa çıxar.

Allaha inanan insanın keçirdiyi sevinc və ruh yüksəkliyi hissi onun qarşısında tək elmdə deyil, incəsənətdə və mədəniyyətin başqa sahələrində də geniş imkanlar açır. Bu hisslər daimidir. Onlar tükənmirlər, əksinə, zaman keçdikcə daha da güclənirlər.

 

QEYDLƏR

1. Albert Einstein, Ideas and Opinions, Crown Publishers, New York, 1954

2. Letter to Maurice Solovine, 1 Ocak 1951; Einstein Archive 21-174, 80-871, Letters to Solovine'de yayınlandı, s. 119

3. H. S. Lipson, A Physicist's View of Darwin's Theory, Evolutionary Trends in Plants, vol. 2, no. 1, 1988, s. 6

4. H. S. Lipson, A Physicist Looks at Evolution. Physics Bulletin, vol. 31 (1980) s. 138

5. Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, ch1.3

2 / total 9
"Harun Yəhyanın Quran Elmə Yol Göstərir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com