Adnan Oktarın Misirin "Al-Masry Al-Youm" qəzetinə müsahibəsi

Adnan Oktarın Misirin "Al-Masry Al-Youm" qəzetinə müsahibəsi

1. Əsl adınızın Adnan Oktar olmasına baxmayaraq, daha çox Harun Yəhya təxəllüsü ilə tanınırsınız. Niyə başqa addan istifadə edirsiniz?
 
Allah Quranda hz. Harunun hz. Musaya, hz. Yəhyanın da hz. İsaya kömək və dəstək üçün göndərildiyini bildirir. Müsəlmanlar da Rəsulullahın yardımçıları, qardaşları, dostlarıdır. Mən də axırzamanda Rəsulullahın yardımçısı  olmaq niyyətinin və duasının bir işarəsi olaraq Harun Yəhya adından istifadə edirəm. Harun və Yəhya kimi peyğəmbərlərə yardım edən, onlara dəstək olan, onları qoruyan insan olmağa niyyətlə deyilmiş bir sözdür.

2. Niyə darvinizm, təkamül nəzəriyyəsi, romantizm kimi nəzəriyyələri tamamilə aradan qaldırmağı özünüzə hədəf etmisiz?

Bütün insanlar müharibələrdən, sürgünlərdən, haqsızlıqlardan, ədalətsizliklərdən şikayət edir və bunun dəyişməsini istəyirlər. Amma əksəriyyəti dünyanı belə amansız, eqoist, sevgisiz və ruhsuz hala gətirən əsl səbəbin nə olduğunu müəyyən edə bilmir, yaxud bunu heç araşdırmırlar. İnsanlara sanki arxadan caynaq keçiriblər, amma dönüb bu caynağı keçirənə baxmırlar. Eqoist olmağı, qəddar olmağı öyrədənin nə olduğunu düşünmürlər. Darvinizm nə deyir? "Hər şey təsadüflərin nəticəsidir, həyatın hər hansı bir məqsədi yoxdur, siz də heyvandan əmələ gəlmisiniz, bir-birinizlə mübarizə aparın, ancaq bu şəkildə güclü ola bilərsiniz". Darvinizm bu azğın iddia ilə ortaya çıxır. Üstəlik, heç bir dəlili olmadığı halda, bunu elm adından irəli sürür. İnsanlara zalımlığı, qəddarlığı, eqoizmi elmi zərurət kimi təqdim edir. İnsanlara bunun yalan olduğunu göstərmək münaqişələrin, mübahisələrin, ədalətsizliklərin kökündən aradan qaldırılması deməkdir.

Təkamül elm deyil. Şumerlərdən və qədim Misir dövründən qalma bütpərəst inancdır. İnsanların ağlını bir növ ələ salan bütpərəst düşüncədir. "Bananı, çiyələyi, pişiyi, dovşanı, çobanyastığını, insanı və bunların hər birindəki böyük nizamı, informasiyanı, estetikanı kim yaradıb?" - deyə soruşuruq. "Təsadüf" deyirlər. Təsadüf böyük bir şəhər kimi işləyən hüceyrəni əmələ gətirə bilməz. Təsadüf DNT-də şifrlənmiş milyonlarla səhifəlik məlumatı yarada bilməz. Təsadüf simmetriya, qızıl nisbət, estetika ortaya çıxara bilməz. Hamısını qüsursuz şəkildə yaradan Allahdır.
 
Romantizm də şeytanın insanları ağıldan, məntiqdən, sevgidən, dostluqdan uzaqlaşdırmaq üçün meydana gətirdiyi bir cərəyandır. Romantizmin sevgi ilə heç bir əlaqəsi yoxdur. Romantizm insanların vicdanla və ağılla mühakimə yeritməkdən uzaqlaşıb ani qərarlarla, qəzəblə həm özlərinə, həm də ətrafdakılara zərər vurmalarına səbəb olur. Ona görə bu düşüncənin yanlışlığının izah edilməsi insanlara ağıllı və doğru davranmağa səbəb olan düşüncə tərzi qazandırar.

3. Fikirlərinizin dünya miqyasında yayılmasından sonra əldə etdiyiniz konkret nəticələr nələrdir?

Elmi fəaliyyətimə 1979-cu ildə başlamışam. Universitet tələbəsi idim. Təkamül nəzəriyyəsinin əsassızlığını dəlilləri ilə ortaya qoyan broşüra hazırladım. Bu gün 73 dildə 300-dən çox kitabım var. 43 ölkədə 216 qəzet, jurnal və internet saytında yazılarım mütəmadi dərc olunur. Hər gün çıxdığım canlı verilişlər ingilis, ərəb, rus və fransız dilində milyonlarla insana xitab edir. Allahın izni ilə bu böyük işlərin nəticəsində bu gün darvinizmə inananların sayı çox azalıb. Darvinizmin ən tanınmış müdafiəçiləri belə geri addım atıblar. Aparılan sorğular da bunu açıq şəkildə göstərir. Quran müsəlmanlığının dünyaya yayılmasında da, Allaha çox şükür ki, Allah məni və dostlarımı vəsilə etdi. Həyatımızla bütün dünyaya göstərdik ki, müsəlmanlar  incəsənətdən zövq ala, elmə, keyfiyyətə əhəmiyyət verə, şən, həyat dolu yaşaya bilərlər.

Əvvəllər, İslam dedikdə insanların ağlına musiqiyə, rəsmə, heykələ, gözəlliyə qarşı olan, təmizliyi bilməyən, baxımlı olmayan, gettolarda yaşayan insanlar gəlirdi. Bunun İslam olmadığını, İslamın Quranda izah edilən və insanların həyatını gözəlləşdirən din olduğunu göstərdik. Beləliklə, insanları İslamdan uzaqlaşdıraraq ateizmə yönəldən sistemin də təsirini aradan qaldırdıq.

4. Qadınların tam azadlığını bikini geyinmiş qadınlarla şəkil çəkdirəcək dərəcədə dəstəkləyən feministsiniz. Bu mövzudakı fikirlərinizi öyrənə bilərikmi?
 
Qadınlara bu azadlığı Allah verir. Quranı təhlil etdikdə, məsələn, "Nur" surəsinin 31-ci ayəsində qadınların çox azad olduğunu görürük. Bu ayədə qadının örtünməli yerlərinin sinə və cinsiyyət orqanı olduğunu görürük. "Əhzab" surəsinin 59-cu ayəsində isə qadının lazım gəldikdə öz ağlı və vicdanı ilə qərar verərək müvəqqəti olaraq dekoltesini bağlamaq üçün çarşab geyinməsi hökmü var. Amma diqqət edin, çarşabı hansı şəraitdə geyinəcəyinə vicdanı ilə qadın qərar verir. Əgər qadın özünü təhlükəsiz mühitdə hiss edir, ağlına, imanına, vicdanına güvəndiyi insanlarla birlikdə olduğuna inanırsa, həmin mühitdə bikini ilə gəzə bilər. Bunda Qurana uyğun olmayan bir hal yoxdur. (Bu barədə ətraflı məlumatı “Qaranlıq təhlükə: xurafat” kitabından əldə edə bilərsiniz)

Qadınları potensial günahkar, cinayətkar kimi görmək və onlara nə edəcəklərini diktə etmək düşüncəsi həm darvinist-materialist ideologiyalarda, həm də ənənəvi İslam anlayışında var. Allah bütün bu təzyiqlərin aradan qaldırılmasını istəyir.

5. Qadın-kişi bərabərliyi haqqında fikriniz nədir?

Kişinin qadına, qadının isə kişiyə təzyiq göstərmə üstünlüyü yoxdur. Ancaq diqqətlə baxdıqda qadınların kişilərə nisbətən daha incə düşündüyünü, mərhəmətli olduğunu, dərinliyi bildiyini və dərinlikdən zövq aldığını, hadisələrin dolaşıq tərəflərini qavradığını, daha səbirli olduqlarını görürük. Bu da qadına daha çox üstünlük qazandırır. Mənim düşüncəmə görə, həyatın hər sahəsində qadınlara üstünlük verilməli və hər yerdə qadınlar çoxluq təşkil etməlidir. Məsələn, dünyanın hər yerində parlament nümayəndələrinin ən az yarısı qadın olmalıdır. Qadın ağlı, qadın incəliyi, qadın gözəlliyi və qadın şəfqəti ilə idarə olunan dünya cənnət kimi olar.


6. Qadınların örtünməsinə razısınız, yoxsa qarşısınız?
 
Bir az əvvəl dediyim kimi, Quranda baş örtüsü yoxdur, qadının özünü qoruması lazım gəldikdə çarşab geyinmək hökmü var. Yəni belə vəziyyətdə qadın başdan-ayağa tamamilə görünməyəcək şəkildə çarşabla örtünərək küçəyə çıxmalıdır. Lakin bacılarımız özlərini təhlükəsiz mühitdə hiss etməyib çarşab hökmünə niyyətlə hicabdan istifadə edirlərsə, bu, Qurana uyğundur. Özlərini təhlükəsiz hiss etdikləri mühitlərdə dekolte geyinirlərsə, bu da Qurana uyğundur.


7. Burkininin (hicablıların çimərlik geyimləri) bəzi Qərb və Şərq sahillərində yayılması ilə razısınızmı?

Bir qadın burkini geyindikdə rahat olursa, onu geyinsin, bikini geyindikdə rahat olursa, onu geyinsin. Qadınlara qarışmamaq lazımdır. Qadınlar öz ağıl və vicdanları ilə özlərini necə qoruyacaqlarını çox yaxşı bilirlər. Qərbdə də, Şərqdə də qadınların nə geyinəcəyinə, necə yaşayacağına qarışırlar. Heç kim kişilərin nə geyindiyinə, nə etdiyinə, dənizə necə girdiyinə qarışmır. Qadınlara müdaxilə etməyin də bir məntiqi yoxdur.
 
 8. Türkiyə, ərəb bölgələri və İslam dünyasında qadınların vəziyyəti ilə bağlı fikirləriniz nədir?

Acınacaqlı vəziyyətdir, təbii ki. Lakin Quranın verdiyi bütün azadlığa baxmayaraq, Yaxın Şərq və İslam regionunda qadınlar Qərbə nisbətən daha çətin şəraitdə yaşayırlar. Türkiyədə nisbətən daha azaddırlar, amma tam mənim idealımdakı, Qurandakı azadlıq yoxdur. Əlbəttə, bunda ənənəvi İslam anlayışının böyük rolu var. Qadını yarım varlıq kimi görən, “döyülməlidir” deyə düşünən, qadına gülməyi, danışmağı, küçəyə çıxmağı qadağan edən, cəhənnəmin qadınlarla dolu olacağına inanan bir mentalitetin olduğu yerdə qadınların azad olması mümkün deyil.  Allahın izni ilə Mehdiyyət dövründə qadınlar məhz Quranda təsvir edildiyi kimi azad olacaqlar. Rəsulullah (səv) hədisdə qadınların Mehdi dövründə təkbaşına Şamdan Məkkəyə qədər gedəcəklərini deyir. Elə azad olacaqlar ki, heç bir narahatçılıq keçirmədən, təkbaşına istədikləri kimi səyahət edəcəklər. Heç yerdə xor görülməyəcəklər, təcavüz və təzyiqə məruz qalmayacaqlar.

9. Niyə İslam cəmiyyətində axına qarşı gedirmiş kimi görünüşünüz var? Bunun səbəbi sadəcə diqqət çəkməkdir? Yoxsa post-modernizm və dünyəviliyə uyğunlaşdırılmış yeni metodunuz var?

Mənim yeganə məqsədim, niyyətim Allahın razılığının ən çoxunu qazanmaqdır. Quranı oxuyur və Qurandan anladığımı qüsursuz olaraq yerinə yetirməyə çalışıram. İnsanlara da “mənim kimi olun” demirəm, “Qurana tabe olun” deyirəm.
 
Qurana baxdıqda da mənim təbliğ etdiyim metodların və həyat tərzimin Qurana uyğun olduğunu görürəm. Quran tələbəsi olduğum üçün məni tənqid edən şəxslərdən iradlarını Qurana görə bildirmələrini istəyirəm. Mənə "Bu ayəyə görə etdiyiniz səhvdir" deyib sübut etsinlər, tənqidə qapalı insan deyiləm. Ancaq bu günə qədər ayələrdən dəlil göstərərək səhv etdiyimi deyən olmayıb. İnsanlar bu günə qədər Quran müsəlmanlığını heç görmədikləri üçün məni və dostlarımı görəndə təəccüblənirlər. Gözəlliyin, zənginliyin, keyfiyyətin, incəsənətin və elmin sadəcə küfrə aid olmasına o qədər özlərini inandırıblar ki, müsəlmanın həyatında bu gözəlliklərin olmasını qəbul edə bilmirlər. Halbuki müasirlik də, dünyəvilik də Quranın ruhunda var. Peyğəmbərlər öz dövrlərinin ən müasir insanları olmuşlar. Çox müasirdir hamısı. Dünyəvilik isə Quranın "Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 6) hökmü ilə ən əsaslı şəkildə ifadə edilmişdir.


10. Mühafizəkarlar tərəfindən liberal İslam tərəfdarı və dünyəvi-islami şəxsiyyət kimi tanınırsınız. Bu barədə rəyiniz nədir?
 
Mənim tənqid etdiyim və qarşı olduğum fikir Qurana əlavələr və ya təhriflər edilməsidir. Diqqət etsəniz, sizin "liberal İslam" kimi ifadə etdiyiniz fikirin əsasında Quranı təhrif etmə var. Mən isə Quranla tam yaşamağın tərəfdarıyam. Məsələn, mühafizəkar dediyiniz təbəqəyə diqqət edin, çox böyük əksəriyyəti, Quranda olmasına baxmayaraq, çarşab hökmünü açıqlamır və müdafiə etmir. Çarşabı müdafiə edəcəkləri təqdirdə mənfi reaksiya ilə qarşılaşacaqlarını düşünürlər. Mən isə Allahın Quranda bildirdiyi şəkildə - qadınların lazım gəldikdə  çarşab geyinməsinin vacib olduğunu açıq və dəqiq olaraq izah edirəm.

11. Bəzi dairələr tərəfindən "təriqət lideri” kimi təqdim edilirsiniz. Bu barədə sizin fikriniz nədir?
 
Mən təriqət və ya dini qrup lideri deyiləm, hər hansı bir təriqətə də mənsub deyiləm. Bu məsələnin tez-tez gündəmə gəlməsinin səbəbi 1980-ci illərdə haqqımda çıxan ilk xəbərdə “Adnan xoca” deyə qeyd edilməsi, mənim və dostlarımın dini qrup kimi təqdim edilməsidir. Həmişə deyirəm ki, mən xoca deyiləm, alim deyiləm, səmimi müsəlmanam. Dostlarım da mənə təriqət lideri kimi baxmırlar. Mən onların çox sevdikləri dostlarıyam. Onlar da mənim çox sevdiyim dostlarımdır. Əylənməyi, şən olmağı, gözəlliyi, incəsənəti sevən insanam mən. Düşünürəm ki, Allahın Quranda qoyduğu hədlər çərçivəsində həyatı mükəmməl şəkildə, Allah eşqi və sevgisi ilə, coşğunluqla yaşamaq lazımdır.
 
12. A9 TV ekranlarında gördüyümüz "kediciklər" kimi tanınan xanımlar haqqında məlumat verə bilərsinizmi? Niyə "kedicik"?

Pişikləri çox sevirəm, çünki pişiklər sevgini çox yaxşı hiss edən, çox yaxşı ifadə edən, şirin varlıqlardır. Qadınların da sevgini hiss etmə gücü çox yüksəkdir. Bu cəhətləri ilə pişiklər və qadınlar bir-birilərinə çox bənzəyirlər. Mən də bir sevgi ifadəsi olaraq qız dostlarıma bəzən "sənin kedi canını sevərəm" ifadəsini işlətdiyim üçün "kedicik" adı Türkiyədə sabit ifadəyə çevrildi.
 
 13. İslamın islahata ehtiyacı olduğunu düşünürsünüzmü?

İslamda islahat deyə bir şey yoxdur. Dinin islahata ehtiyacı yoxdur. Sadəcə Qurana qayıtmaq lazımdır. Quranın kafi olduğu qəbul edilməlidir. Quranda Peyğəmbərimizin (səv) ümmətindən bircə şikayəti var. "Furqan" surəsinin 30-cu ayəsində Peyğəmbərimiz: "Rəbbim, mənim qövmüm Quranı tərk etdi," - deyir. Bu gün İslam aləmində baş verən bütün problemlərin səbəbi də budur. Allah: "Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik", (Nəhl surəsi, 89) - deyə bildirir. Allahın sözünə baxmayaraq, haşa, "Yox biz daha yaxşı bilirik, Quran kifayət deyil" deyirlər. O zaman da bərəkətsizlik, geridə qalmışlıq, zövqsüzlük, keyfiyyət əskikliyi hər yerə hakim olur.

14. Terrorizmlə mübarizə məsələsində istifadə ediləcək ən yaxşı vasitələr və imkanlar nələrdir?

Maarifləndirmə. Terrora qarşı maarifləndirmə aparılmadıqca hərbi tədbirlər əsla nəticə verməz. Vermədiyini də dünya miqyasında görürük. Terror təşkilatları öz üzvlərinə silahdan istifadə etməyi öyrətməzdən əvvəl fəlsəfi təlim keçir. Əvvəlcə, inanc əsasını formalaşdırırlar. İnsanı ölməyə və öldürməyə razı salırlar. Bu, kommunist terror təşkilatlarında  darvinist-materialist ideologiyanın tədrisi ilə həyata keçirilir. Onlara heyvan olduqları, ibtidai icma quruluşuna qayıtmaq üçün münaqişənin zəruri olduğu, eqoistlik və qəddarlıq öyrədilir. Radikal terror təşkilatlarının əlində isə bir çox İslam mənbələrində olan, Qurandan kənar batil inanc və xurafatlar var. Namaz qılmayanın, içki içənin, oğurluq edənin öldürülməsi kimi xurafata inandırılan birinin vəhşilik etməsi labüddür. Bu təşkilatların dediklərinin əsassızlığını ortaya qoymaq, yəni bu insanların səhv inanclarını aradan qaldırmaq lazımdır. Darvinizmin əsassızlığı elmi dəlillərlə izah edilsə, Quranın həqiqətləri və möcüzələri öyrədilsə, Quranın kifayət etdiyi qəbul edilib izah edilsə, dünyada terror deyə bir problem qalmaz.

15. “Adamlıq dini” adını verdiyiniz və içində adət-ənənələrin bir qismini tənqid etdiyiniz bir kitab nəşr etdirmisiniz. Bildiyiniz kimi, Seyid Qutub da öz fikirlərini "XX əsrin cahiliyyəsi" adını verdiyi bir kitabda nəşr etdirmişdi. Onun fikirləri ilə razısınızmı?

Seyid Qutub İslam ənənəsinin mühüm simalarındandır, fikirləri və əsərləri dəyərlidir. Ancaq mən bütün fikirləri ilə razı olduğumu deyə bilmərəm. Cahiliyyə əxlaqı və mədəniyyəti Quranda yer alan və yanlışlığı izah edilən bir anlayışdır. Quranın nazil olmasından əvvəlki sistemi ifadə edir. Bu gün Qurandan uzaqlaşma nəticəsində də oxşar cahiliyyə mədəniyyəti bir çox ölkədə inkişaf edib. Ancaq əsas odur ki, bu cahilliyyə mədəniyyətinə qarşı necə mübarizə aparılmalıdır. Mən bunun elmlə, incəsənətlə, gözəlliklə və sevgi ilə olacağına inanıram. Sevgi və şəfqətlə yanaşdıqda həll edilməyəcək heç bir məsələ yoxdur.

16. Bəzi dostlarınız İsrailin Baş naziri Netanyahu ilə görüşüblər. Bu məsələ İslam dünyasında çox həssas bir mövzu ikən, siz bu görüş ilə necə bir mesaj vermək istəmisiniz?

İsrailin aparıcı dairələri ilə danışıqlarımız uzun illərdir ki, davam edir. Sanhedrindən yüksək dərəcəli ravvinlər, siyasətçilər və mütəfəkkirlər tez-tez Türkiyəyə gəlir və qonağımız olurlar. Mənim dostlarım da İsrailə gedir, konfranslar keçirir, əsl İslamı insanlara izah edirlər. Yəhudilər və müsəlmanlar arasında belə bir əlaqə və müştərək fəaliyyətin olması Qurana uyğun olan və Peyğəmbərimizin (səv) də seçdiyi yoldur. Peyğəmbərimizin (səv) də tez-tez xristian və yəhudi qonaqları olur, bu qonaqlar çox vaxt səhabələrin evində qalırdı. Rəsulullah yəhudi birinin cənazəsi keçəndə ayağa qalxaraq hörmətini ifadə edirdi. Qurana baxdıqda da Kitab əhli ilə müsəlmanlar arasında çox yaxın münasibətlər olduğunu görürük. Allah onların yeməyini müsəlmanlara halal etmişdir. Müsəlmanların yəhudi və xristian qadınlarla evlənməsi halaldır. Evlilik iki xalq arasındakı ən yaxın münasibətdir. Dövrümüzdə də iki xalq arasında dostluq əlaqələrinin yaradılması həm Yaxın Şərq, həm də dünya sülhü üçün lazımdır.

17. Bir kitabınızda tək Allaha inanan bütün dinlərin ibadətxanalarından bəhs edərkən izah edirsiniz ki, yəhudilər müsəlmanlarla birlikdə sülh və sevgi içində yaşamalıdır. İslam və ərəb dünyasında bu mövzuda fərqli fikir hakim olmasına baxmayaraq, nə üçün belə bir həll yolunu təklif edirsiniz?

Bu torpaqlar müsəlmanlar üçün də, xristianlar və yəhudilər üçün də müqəddəs torpaqlardır və hamısının birlikdə qardaş kimi yaşaya biləcəyi qədər genişdir. Biz -  yəhudi, xristian və müsəlmanlar bu torpaqlarda 400 il ərzində bir yerdə yaşamışıq. Bu gün də daha müasir, daha mədəni, daha mehriban şəkildə birlikdə yaşamağımız mümkündür. Qurana görə İsrail oğulları bu ərazilərdə olacaq. Bu region bizim əcadadlarımızın olduğu qədər onların da əcdadlarının torpaqlarıdır. İsrail xalqı və Fələstin xalqı eyni Peyğəmbərin övladlarıdır, ikisi də hz. İbrahimin nəvələridir. Peyğəmbər nəvələrinin birlikdə sülh içində yaşamasını qəribə qarşılamaq, əslində, təəccübləndirici haldır. Normal olan dostluq və sevgidir. Lakin insanlar davaya, münaqişəyə, ayrılığa o qədər öyrəşiblər ki, sevgi içində həll yolu təqdim edilən zaman "mümkündürmü?" deyirlər. Bundan əvvəl də açıqlamışdım. Mən hər cür terrora qarşıyam, dövlət terroruna da qarşıyam. İsrailin yanlış davranışları da var, lakin hər ölkənin yanlış davranışları olur. Hər cəmiyyətin pis insanları olur. Amma siz pisləri bir yana qoyub yaxşılarla ittifaq qursanız, onda pisliyin təsirini zəiflətmiş olarsınız. Mən də pisliyin azalması üçün dua və cəhd edirəm.

18. Şübhəli qrup hesab edilən masonlarla niyə görüşürsünüz və nə üçün onlardan rütbə qəbul edirsiniz? Masonsunuz? Bu mövzuda vermək istədiyiniz mesaj var?

Masonluq təxminən 12 min illik çox qədim sistemdir. Hz. Süleymanın dövründə də var idi. Bildiyiniz kimi, “mason” sözünün mənası “bənna” deməkdir. Hz. Süleymanın əmri altında çoxlu sayda bənnanın işlədiyi məlumdur. Masonlar dünya siyasətində fəal rol oynayan bir qrupdur. Belə bir qrup içərisində İslamın izah edilməsi, Quranın təbliğ edilməsi çox vacibdir. Mənim 33-cü dərəcəlik mason diplomum var. Amma mən heç bir mason lojasına getməmişəm, hər hansı bir mason mərasimində iştirak etməmişəm. Mənimlə görüşməyə gələn masonlar canlı televiziya verilişində mənə bu dərəcəni təqdim ediblər. Bu, bütün tamaşaçıların gözü qarşısında canlı yayımda baş verdi. Bundan sonra mason lojasında Quran möcüzələri, iman həqiqətləri mövzusunda konfranslarımız oldu. Bir çox mason namaz qılmağa başladı. Eyni şəkildə “Məbəd cəngavərləri” ilə də görüşlərim olur. Bu əsrdə İslamın təbliğində və hakimiyyətində masonların da mühüm rolunun olacağını düşünürəm.

19. Müsəlman millətlərin və ya ümmətin hazırda üzləşdiyi çətinliklər hansılardır?

Müsəlmanların ən təcili ehtiyacı Qurana yönəlmək, Quranın sevgi dolu, maarifpərvər, mərhəmətli, müasir, keyfiyyətli, incəsənət və elmə əsas yer verən ruhunu mənimsəmək və yaşamaqdır. Bu gün İslam aləminin parça-parça olması müsəlmanları “rahat tikə”yə çevirir. İstehsal edilən silahların, demək olar ki, hamısı İslam regionunda tətbiq edilir, onlarla dinc müsəlman şəhid edilir və adları belə bilinmir. Aralıq dənizində boğulanlar, demək olar ki, hər gün başlarına bomba düşənlər, ibadət edərkən, toyda olarkən, yolda ikən pilotsuz uçan aparatların hədəfi olanlar həmişə müsəlmanlardır. Müsəlmanın həyatı, demək olar ki, dəyərli hesab edilmir. Çünki müsəlmanların çoxu onsuz da özünü dəyərli görmür, özünə hörmətini itirib. Məhz hörməti qazanmağın yeganə yolu Qurana bağlanmaq və Allahın Quranda bildirdiyi kimi, mənəvi lider ətrafında birləşməkdir. İslam aləmində birlik olsa, müsəlmanlar Quranın maarifpərvərliyini və müasirliyini əsas götürsə, bizim üçün çətin heç nə qalmaz.

20. Hansı İslam məzhəbinə bağlısınız?
 
Hənəfiyəm. Mehdi açıq-aşkar zühur edənə qədər hamının bir məzhəbə tabe olması zəruridir. İnşaAllah, Mehdi zühur etdikdə məzhəblərin hamısı ləğv olunacaq, eynilə Peyğəmbərimiz (səv) dövründə olduğu kimi, din əslinə qayıdacaq.
 
21. Şiə-sünni qarşıdurması, yəni regiondakı İslam məzhəbçiliyi haqqında nə düşünürsünüz? Buna necə son qoyula bilər?

Sünni də, şiə də, vəhabi də tərtəmiz müsəlmandır. Kitabı, peyğəmbəri, qibləsi bir olan insanların bir-birini düşmən kimi görməsi fitnədir. İngilis dərin dövlətinin ən böyük oyunlarından biridir. Qurana görə qardaş olan müsəlmanları bir-birinə düşmən edir, qardaşı qardaşa qırdırır. Bu münaqişəni qızışdırmaq üçün də ingilis şiəliyi və ingilis sünniliyindən istifadə edir. İngilis şiəliyi sünnilərə nifrət edir. İngilis sünniliyi də şiələrə nifrət edir. Bir-birilərinin qətlini vacib hesab edirlər. Bu şeytani düşüncəni müsəlmanlar əsla qəbul etməməlidir. Allahımız bir, qibləmiz bir, peyğəmbərimiz birdir. Doğma qardaşların bir-birini əzməyə cəhd etməsi böyük ağılsızlıq və vicdansızlıqdır. Sünnilərlə şiələr dərhal birləşməlidirlər. Sünni-şiə ziddiyyətini aradan qaldırmalı, qardaş kimi birləşməliyik. Hər iki tərəfin öndə gələnləri toplanıb qardaşlıq barədə söhbətlər etsələr, birlikdə namaz qılsalar, dünyaya çox gözəl mesaj vermiş olarlar. Beləliklə, ingilis dərin dövlətinin əlindən böyük bəhanəsini almış olarıq.


22. Türk xarici siyasəti haqqındakı fikirləriniz nələrdir, xüsusilə də Misirlə bağlı münasibətlər məsələsində nə düşünürsünüz?

Türkiyə Misir xalqına dəstək olan siyasət yeritməlidir. Bu, təkcə Misir üçün deyil, Türkiyənin bütün ölkələrlə münasibətlərinə aiddir. Türkiyə bir ölkənin, bir məzhəbin, bir qrupun tərəfdarı ola bilməz. Haqq və ədalət üçün bütün qruplarla və görüşlərlə əlaqə içində olmalı, hamısına dostcasına yanaşmalı və hamısının birlikdə qardaş kimi yaşayacağı mühiti yaratmaq üçün səy göstərməlidir.

Misirlə Türkiyənin əlaqələrinin də yaxın zamanda düzələcəyini ümid edirəm. Bilirsiniz ki, Türkiyə və Rusiya arasında da müxtəlif problemlər baş vermişdi. İranla aramızda münaqişələr olmuşdu. Mən hökumətimizə israrla bu problemlərin aradan qaldırılması, dostluğun qurulması üçün müraciət etdim. Allaha şükür, bu səylərimizdən də çox müsbət nəticələr aldıq. İndi növbə Misirdədir, inşaAllah. Misir xalqı hər inanca, hər düşüncəyə malik insanları ilə tərtəmiz xalqdır, bizim qardaşımız, canımızdır. Misirlə münasibətlərimizin tezliklə əvvəlki kimi, əvvəlkindən daha güclü olmasını arzu edirəm.

23. Bir çox türk siyasətçi kimi siz də keçmiş günlərin ehtişamı içində "Osmanlı xilafətinin intibahı" ilə bütün regiona yenidən hakim olacağına inanırsınızmı?
 
Osmanlıya duyulan həsrət müsəlmanların birləşməsinə, yəhudilərin, xristianların azad yaşamalarına və ibadət etmələrinə, ehtişamın və incəsənətin hakim olmasına duyulan həsrətdirsə, bu, əlbəttə, gözəldir. Amma Osmanlını yenidən inşa etmək dedikdə, o dövrdə baş verən hər şeyi müqəddəs və düzgün hesab etmək olmaz. Osmanlının bir çox səhvi vardı. Bizim indi istədiyimiz isə oxşar səhvlərlə yeni bir Osmanlı deyil, tamamilə Quran əxlaqına əsaslanan çox maarifpərvər, azad, müasir və keyfiyyətli bir ruhun, yəni Quran müsəlmanlığının İslam regionuna hakim olmasıdır.
 
24. Türk xalqı arasındakı kürd əsillilərin yeni "Kürdüstan" içində muxtariyyət qazanmaları haqqında nə düşünürsünüz?

Kürdlər çox gözəl insanlardır. Şərəfli, təvazökar, qonaqpərvər, dindardırlar. Bir çox insan kürdlərin dəyərini bilmir, amma onlar dünyanın bəzəyi, sərvətidir. Türkiyədə kürd-türk ayrı-seçkiliyi deyə bir məsələ yoxdur. Türk ordusunda, hökumətində, kəşfiyyatında çox sayda kürd çalışır. Ölkəmizin kürd prezidentləri, nazirləri olmuşdur. Kürdlərlə biz qardaşıq. Kürd qardaşlarımız ayrılmaq, parçalanmaq düşüncəsinə qəti şəkildə qarşıdırlar. PKK-nın isə kürdlük adından ortaya çıxması yalandır. PKK-nı narahat edən kürdlər deyil. Dindar xalq olan kürdlər də PKK-nı qəbul etmir. PKK təzyiq, təhdid və terrorla kürdlərin bir hissəsinin zorla dəstəyini alır. Əsl məqsədi isə marksist-leninist ideologiya əsasında kommunist Kürdüstan qurmaqdır. Bu plan İngilis Dərin Dövləti tərəfindən qurulub və dəstəklənir. Yaxın Şərqdə yeni Şimali Koreya inşa edilməsi mənasına gələn bu hədəf təkcə Türkiyə üçün deyil, bütün region ölkələri üçün ciddi təhlükədir. İslam aləminin mərkəzində, Türkiyə ilə müsəlman dünyasının arasında kommunist dövlət inşa etmək və bu sistemdən müsəlmanları kütləvi şəkildə qətlə yetirmək üçün istifadə etmək planı var. Türkiyə bu plana heç vaxt icazə verməyəcək.

25. Xobbiniz nədir?
 
Rəsm çəkməyi sevirəm. Yağlı boya və sulu boya işlərim var. Rəsm əsərlərimi görmək istəyən qardaşlarımız bu sayta baxa bilərlər. Heyvanlarla, təbiətlə məşğul olmağı çox sevirəm. Təxminən 8 ildir hər gün canlı yayım edirəm. Orta hesabla 3-4 saat davam edir bu yayımlar. Bütün vaxtımı Allahın razılığının ən çoxunu qazanmaq niyyəti ilə keçirirəm. Mənim üçün İslam ayrı, həyat ayrı deyil, İslam həyatımın hər anını əhatə edir.

 

2018-03-12 21:33:32

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top