Quranda qadın

İnsanlara həyatları boyu hər mövzuda ehtiyac duya biləcəkləri lazımlı bütün məlumatları Allah Quranda açıqlamışdır. Dünya həyatının əsl üzünü, insanların yaradılış məqsədlərini, gözəl həyat yaşaya bilmələrinin sirrlərini, insan fitrətinə ən uyğun olan əxlaq anlayışını insanlara bildirmişdir. Allah’ın bildirdiyi bu həqiqətlərə iman gətirib, həyatlarını bu istiqamətdə quran insanlar dünyada və axirətdə əsl xoşbəxtliyi əldə edə bilərlər.

Cahil cəmiyyətlərdə isə insanların həyatlarını istiqamətləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əksinə arxasından getdikləri qaydaların böyük əksəriyyətinin nə vaxt, kim tərəfindən və hansı məlumatlara əsaslanaraq qoyulduğu  naməlumdur. Bu adı qoyulmayan, amma bütün cahil insanların illər boyu şüursuzca təslim olduqları qaydalar atalarından qalan bir ənənə olaraq yaşanır. Cahil insanların həyat məqsədləri, idealları, dəyər mühakimələri, qısası, cəmiyyət nizamı üzərində inşa edilən bütün təməllər həmişə bu anlayış ilə yönləndirilir. Cəmiyyətdəki hər fərdin tutduğu mövqeyə, sahib olduğu ictimai statusa, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş bir yeri vardır.

Qadının cəmiyyətdəki yeri də insanların böyük hissəsinin təsiri altında qaldığı bu sabit dünyagörüşləri və dəyər mühakimələri istiqamətində təyin olunmuşdur. Bəzi cəmiyyətlərdə qadının fiziki cəhətdən daha zəif olduğu səbəbindən ruhən də kişidən daha zəif olduğu kimi yanlış bir inanc vardır. Qadının şəxsiyyəti, əxlaqi xüsusiyyətləri və qabiliyyətinin də fiziki görünüşü ilə mütənasib olaraq daha məhdud olduğuna inanılır. Məsələn, cəmiyyətdə "kişi işi", ya da "qadın işi" deyə ayırd edilən mövzular var. Əlbəttə ki, fiziki gücləri və görünüşləri baxımından qadının edə biləcəyi ilə kişinin edə biləcəyi işlər bir-birindən fərqlidir.  Cahil cəmiyyətlərdəki bu ayrı-seçkiliyin bir səbəbi də qadının ağıl və bacarıq cəhətdən kişidən daha zəif olması düşüncəsidir.

Hal-hazırda qadınlar bir çox sahədəki məlumat və bacarıqları ilə bu düşüncənin doğru olmadığını sübut edirlər. Ancaq hələ də cəmiyyətin bir qismində qadının müəyyən işləri edə bilməyəcəyi, ya da heç olmasa kişinin bu işləri daha ağıllı və daha yaxşı həll edə biləcəyi şəklində bir inanc vardır.

Qabiliyyətlə yanaşı, bəzi insanlarda şəxsiyyət mövzusunda da qadının kişiyə görə daha zəif olduğuna dair bir qənaət vardır. Məsələn, kişinin soyuqqanlılıqla qarşıladığı bir hadisə qarşısında, qadının həyəcanlanıb özünü itirməsi, ya da kişinin iradə istifadə edərək qarşı qoya bildiyi bir çətinlik qarşısında, qadının iradəsiz və gücsüz davranması cahil cəmiyyətlərdə bəzi şəxslər tərəfindən adi bir rəftar olaraq qəbul edilir və bu qəbul uşaqlıq illərindən etibarən, verilən təhsil ilə qız uşaqlarına da təsir edir. Oğlanlarını güclü bir xarakterdə böyüdən ailələr qız uşaqlarına qarşı belə olmurlar. Hər hansı bir çətinliklə qarşılaşdıqda oğlanlarına “kişilər ağlamaz, kişi kimi davran, cəsur ol” deyərkən, uşaqları əks bir rəftar göstərdikdə bu vəziyyəti onlara “qız kimi qorxaqlıq etmə”, “qız kimi ağlayırsan”, “qız kimi ürkək davranırsan” kimi sözlərlə izah etməyə çalışırlar. Eyni şəkildə, qız uşaqlarını tərbiyə edərkən də onlara davamlı olaraq kişilərdən fərqli olduqlarını, rəftarlarını bu istiqamətdə tənzimləməli olduqlarını deyirlər.

Cahiliyyə əxlaqının yaşandığı cəmiyyətdə qadının bütün vəzifə və məsuliyyətləri bu dünyagörüşü istiqamətində, yalnız müəyyən mövzularla məhdudlaşdırılmışdır. Dövrümüzdəki cəmiyyətlərin böyük bir qismində qadının bir çox sahədə kişiyə görə daha geri planda olması həmişə bu sabit qiymətləndirmənin bir nəticəsidir.

Qadınlarla bağlı bu yanlış dünyagörüşü tarixin fərqli dövrlərində də müxtəlif şəkillərdə ortaya çıxmışdır. Xüsusilə keçmişdə yaşamış, cahiliyyə inanclarını mənimsəmiş cəmiyyətlərdə bu düşüncə olduqca yanlış tətbiqlərə gətirib çıxarmışdır. Allah Quranda bu cəmiyyətlərdə insanların qız uşaqlarını dəyərsiz görərək, diri-diri torpağa basdırdıqlarını bildirir:

“Diri-diri torpağa gömülən körpə qızdan; “Axı o, hansı günaha görə öldürüldü?”” (Ət-Təkvir surəsi, 8-9)

Başqa ayələrdə isə Allah, “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!” (Ən-Nəhl surəsi, 58-59) sözləri ilə qız uşağı olacağını öyrənən şəxslərin üzlərinin qəzəbdən qaraldığını, yaşadıqları bu vəziyyətə görə ətraflarındakı insanlardan utanıb gizləndiklərini bildirir. Allah həm də bu insanların, qız uşaqlarını "bəzək içində yetişdirilmiş və mübarizəyə uyğun olmayan şəxslər" olaraq qiymətləndirdiklərinə də diqqət çəkir:

“Onlardan birinə Rəhmana isnad etdikləri ilə müjdə versən, qəzəbdən boğularaq üzü qapqara qaralar. Onlar bərbəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən qızlarını Allah’a övlad isnad edirlər?” (Əz-Zuxruf surəsi, 17-18)

Allah, İslam əxlaqından xəbərsiz olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və endirdiyi haqq kitabları ilə qız uşaqlarına qarşı olan bu dünyagörüşün yanlış olduğunu bildirmişdir. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsi ilə birlikdə, qız uşaqlarını bir utanc vəsiləsi olaraq görmə düşüncəsi qismən aradan qalxmışdır.

Allah Quranın “Göylərin və yerin hökmü Allah’ın əlindədir. O, istədiyini yaradır, istədiyini ancaq qız, istədiyinə də oğul verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir. İstədiyini də sonsuz edir. O, biləndir, qadirdir”(Əş-Şura surəsi, 49-50) ayələri ilə insanlara çatan hər cür neməti onlara verənin Allah olduğunu xatırladır. Oğlan kimi qız uşağı da Allah’ın insanlara lütf olaraq verdiyi bir nemətdir. İnsanın vəzifəsi isə Allah’ın nemətinə qarşı nankorluq etmədən, ən gözəl şəkildə şükür edə bilməkdir.

Göründüyü kimi, tarixin müxtəlif dövrlərində qadınlar haqqında fərqli şəkillərdə ortaya çıxan yanlış bir dünyagörüşü hakim olmuşdur. Ancaq bir həqiqət üzərində dərindən düşünmək lazımdır. Cahil cəmiyyətlərdə görünən qadın xarakteri bu dünyagörüşü bir mənada dəstəkləyir və təsdiqləyir. Cahiliyyə əxlaqına yiyələnən qadınlar göstərdikləri xarakter, ortaya qoyduqları rəftarlar və mənimsədikləri əxlaq anlayışı ilə özləri haqqındakı bu sabit dünyagörüşünün yanlış olmadığını ortaya qoyurlar.

Halbuki, əslində istər qadın olsun, istərsə də kişi olsun mömin olan kəslər, iti bir ağla, dərin bir qavrayış qabiliyyətinə, güclü bir şəxsiyyətə sahib olan, üstün əxlaqlı insanlardır. Allah’ın Quranda nümunə verdiyi hz.Məryəm və Fironun xanımı bütün qadınlara ən gözəl nümunədirlər. Ancaq bəzi qadınların din əxlaqından uzaq həyatı mənimsəyərək cahiliyyə qaydalarına görə yaşamaları onların bu üstün məqamlarının korlanmasına səbəb olur. (http://qurandaqadin.com/)


2009-11-05 21:16:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top