Kitab əhlinə təbliğ necə olmalıdır?

Musəvilər və xristianlar Allahın Quranda Kitab əhli olaraq bildirdiyi insanlardır. Müsəlmanların Kitab əhlinə qarşı necə münasibət göstərməli olduğu Quranın bir çox ayələrində açıqlanmışdır. Peyğəmbərimizin (səv) həyatına baxdığımız zaman da Quranın bu ayələrinin necə tətbiq ediməli olduğunun şahidi oluruq. Müsəlmanlar Kitab əhlinə qarşı şəfqət göstərməklə, onları qorumaqla, nəzakətli və gözəl üslubla onları İslama dəvət etməklə məsuldurlar.

- Müsəlman hər kəsə təbliğ etməklə mükəlləfdir-

Allahın Quranda müsəlmanlara fərz buyurduğu hökmlərdən biri də yaxşılığı əmr edib, pislikdən çəkindirmək, insanları doğru yola dəvət etmək və İslam əxlaqının yer üzünə hakim olması üçün çalışmaqdır.

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub, pis əməlləri qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ!

(Tövbə surəsi, 112)

Allahın bütün peyğəmbərləri, elçiləri və saleh möminlər Onun bu əmrini əskiksiz yerinə yetirmişlər, yaşadıqları dövrdə hər təbəqədən olan insanlara təbliğ etmişlər. Təbliğ edərkən heç bir zaman "bu mövqedəki insana din izah edilməz", "bu irqdən, bu düşüncədən, bu dindən olan insan doğru yola dəvət edilməz", "belə geyimli insanla danışılmaz" kimi düşüncələrlə yanaşmamış, ayrı-seçkilik etmədən hər kəsi Allahın haqq dininə çağırmışlar.

Peyğəmbərimiz (səv) məkkəli müşriklərə, Əbu Cəhlə, Əbu Ləhəbə, həcc mövsümündə qurulan yarmarkalara gələn bütün qəbilə və ziyarətçilərə, xristian və musəvi icmalara təbliğ etmişdir. Qarşısındakı insanları cəmiyyət içərisindəki mövqeyinə, İslama yanaşma tərzinə, düşüncəsinə, əxlaqi vəziyyətinə, geyiminə görə ayırmadan, dəfələrlə, müxtəlif hikmətli üsullarla Bir olan Allaha iman gətirməyə dəvət etmişdir. “Bu insana danışılmaz”, “bu insana təbliğ edilməz” kimi düşüncədə olmamışdır.

Hz. İbrahim (əs) dövrünün ən azğın, ən qəddar və zalım insanı olan Nəmruda Allahın varlığını və birliyini izah etmişdir. Hz. Musa (əs) dövrün müsəlmanları olan İsrail oğullarının oğlan uşaqlarını öldürən, onlara ağlasığmaz işgəncələr verən fironun yanına gedib, onu Allahın dininə tabe olmağa çağırmışdır. Allah hz. Musaya (əs) təbliğ zamanı firona "həlim söz" söyləməsini əmr etmişdir:

 İkiniz firona gedin, çünki o azmışdır. Onunla yumşaq danışın, bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun. Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Allah buyurdu: "Qorxmayın, çünki Mən sizinlə birlikdəyəm; eşidirəm və görürəm." (Taha surəsi, 43-46)

Göründüyü kimi, Allah hz. Musa (əs) və hz. Harunu (əs) həmin dövrün ən əxlaqsız, ən azğın, İslam düşməni insanına təbliğ etməyə göndərmişdir. Hz. Musa (əs) və hz. Harun (əs) dövrün dinsizlik və əxlaqsızlıq mərkəzi olan fironun sarayına gedərək ona təbliğ etmişlər. Allah firon kimi din düşməni insanla belə "yumşaq danışmağı” əmr etmişdir.

Allahın Quranda bildirdiyi bu qissədən də aydın olduğu kimi, müsəlmanlar hər təbəqədən insana təbliğ etməklə mükəlləfdirlər. Təbliğ zamanı son dərəcə nəzakətli, şəfqətli və səbirli üslubdan istifadə etməlidirlər. İslamda  sərt, xurafatçı, kobud üslub yoxdur. Müsəlmana hər şəraitdə, qarşısındakı insanın kimliyindən asılı olmayaraq dini sevgi və şəfqətlə izah etmək əmr olunmuşdur. Müsəlman dini Allahın Quranda bildirdiyi şəkildə izah etməli və hidayəti verənin Allah olduğunu bilərək, təzyiq göstərmədən, ən gözəl tərzdə doğrunu bildirməlidir.

Müsəlmanlar, həmçinin Kitab əhlinə də doğrunu göstərməklə, onları Allah Qatında haqq din olan İslama dəvət etməklə məsuldurlar. Müsəlman, hətta əxlaqsız, dinsiz insanlara, materialist və ateistlərə dini izah etməli olduğu halda, Allahın varlığına iman gətirən, peyğəmbərlərə inanan, Allahın göndərdiyi kitablara tabe olan Kitab əhlini də haqq yola dəvət etməklə mükəlləfdir. Allahın Quranda bildirdiyi bu məsuliyyətin yerinə yetirilməsi üçün də Kitab əhli ilə yaxın ictimai əlaqədə olunmalıdır. 

 - Kitab əhlindən səmimi iman gətirənlər vardır -

Quranda bildirilən açıq hökmləri qulaqardına vuran, Peyğəmbərimizin (səv) həyatını görməzlikdən gələn, daş ürəkli, ayəyə və hədisə yox, xurafata tabe olan bəzi insanlar Allahın bütün musəvi və xristianları lənətlədiyinə inanırlar. Bu azğın inanclarını yayaraq Kitab əhli ilə müsəlmanlar arasına kin və nifrət toxumları əkməyə çalışır, qarşıdurmanı, savaşı və qan tökməyi təşviq edirlər. Halbuki Quranda Allahın bütün musəviləri, İsrail irqini və bütün xristianları lənətlədiyi hökmü yoxdur.

Allahın Quranda xristianların və musəvilərin inanc və əxlaq pozğunluğunu bildirdiyi gerçəyi var. Yanlış davranışları və səhvləri səbəbindən onları tənqid etdiyini, qınadığını və bu vəziyyətdən razı olmadığını da bildirmişdir. Amma bu, istisnasız bütün musəvi və xristianlara aid olan vəziyyət deyil. Bu qınama və xəbərdarlıq həmin əxlaqsızlığı edənlərə aiddir. Allah hz. Musaya (əs) əziyyət edən musəviləri, xəbərdar edilmələrinə baxmayaraq, hər dəfə dinlərindən dönən musəviləri, Samiriyə tabe olub bütü ilah qəbul edən musəviləri, hz. Musanı (əs) Allah yolunda mübarizəsində tək qoyan musəviləri xəbərdar etmiş, onların əxlaqsızlığını Quranda bizlərə xəbər vermişdir. Həmçinin hz. İsanı (əs), haşa, ilah qəbul edən, “Allah birdir” deməyən, haşa, “Allah oğul seçdi” - deyən xristianların küfür içində olduğunu söyləmişdir.

Bundan əlavə, Quranda Kitab əhlinin hamısının eyni olmadığı, içlərində Allaha səmimi iman gətirən, Allaha dərin hörmət göstərənlər olduğu da bildirilir:

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. (Ali-İmran surəsi, 114)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

(Qurandan) əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər (Qəsəs surəsi, 52- 53)

Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali-İmran surəsi, 75)

Göründüyü kimi, bəzi insanların irəli sürdüyü "musəvilər, xristianlar lənətlidir, hamısı düşməndir" sözləri Qurana görə, doğru deyil. Allah Ədalətlidir, haqqla hökm verəndir. Allah heç kimi işləmədiyi günah, etmədiyi pislik səbəbindən, sırf daha əvvəl həmin qövmdən əxlaqsızlıq edənlər olduğu üçün cəzalandırmaz. Bu, Allahın şanına, ədalətinə, üstün əxlaqına uyğun deyil. Bir qövmün toplu halda lənətlənib, cəzalandırılması Quranda yox, bəzi mifoloji, azğın inanclarda vardır. Bir sözlə, müsəlmanların Kitab əhlinə qarşı münasibətlərində bu cür batil düşüncələr yox, Quran ayələri və Peyğəmbərimizin (səv) tətbiqləri əsas olmalıdır. 

- Kitab əhlini əvvəlcə "Allah birdir" deməyə dəvət etmək lazımdır - 

Allah Quranda müsəlmanların Kitab əhlinə qarşı münasibətinin necə olmalı olduğunu açıqlayarkən onlara necə təbliğ etməli olduğumuzu da bildirmişdir. Allahın hökmünə əsasən, müsəlmanlar Kitab əhlini əvvəlcə "Bir olan Allaha imana", yəni tövhid inancına dəvət etməlidirlər.

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)

Allahın Quranda Kitab əhlini "Allah birdir" deməyə dəvət etməyi bildirməyinin hikmətlərindən biri də Allahın onların "LailahəillAllah" deməsini bəyəndiyini göstərməsidir. Kitab əhli "LailahəillAllah" dediyi vaxt Allaha bir olaraq iman gətirdiyini, Allaha dərin hörmət və sevgi ilə bağlandığını ifadə edir ki, bu da çox mühüm bir xüsusdur. "LailahəillAllah" deyərək Allahı sevdiyini, Onu dost qəbul etdiyini ifadə edən Kitab əhli Allahın da onları sevməsi və dost seçməsi üçün mütləq "Muhammədən Rəsulullah" deməli və Qurana tabe olmalıdır. Müsəlmanlar Kitab əhlinin "Allah birdir" deməsinə vəsilə olduqdan sonra onları hz. Məhəmmədin (səv) son peyğəmbər və Quranın son haqq kitab olduğuna iman gətirməyə dəvət etməklə mükəlləfdirlər. Allah Quranda bu dəvətin hansı üslubla edilməli olduğunu bildirmişdir.

- Kitab əhlinə təbliğ edərkən "ən gözəl söz" deyilməlidir -

Quranın heç bir ayəsində Kitab əhlinə qarşı düşmən münasibət göstərməyi, onlara qarşı amansız nifrət duymağı təlqin edən ifadə yoxdur. Belə bir düşüncə Qurana və sünnəyə uyğun deyil. Müsəlman yalnız musəvi və xristianların içərisindən yox, digər irq və cəmiyyətlərdən də Allah və dini ilə mübarizə aparanlara büğz edər. Amma bu büğz müsəlmanı onlara qarşı ədalətsiz, zalım münasibət göstərməyə  yönəltməz və yönəltməməlidir. Necə ki Allah Quranda

"Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun! (Hər hansı bir) camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin! Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. " (Maidə surəsi, 8) - buyurmuşdur.

Belə ki, müsəlmanlar aman istədikdə onlara qarşı olan müşrikləri belə qorumaqla mükəlləfdirlər. 

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin! Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.

(Tövbə surəsi, 6)

Söhbət Allahın varlığına iman gətirən, peyğəmbərləri sevən, Allahdan qorxan, "LailahəillAllah" deyən Kitab əhlindən gedirsə, bu insanlara qarşı şəfqətli və mehriban münasibət göstərilməli olduğumuz aydındır. Necə ki Allah da onlara qarşı ən gözəl üslubdan istifadə etməyimizi istəyir:

İçərilərindən zülm edənlər istisna olmaqla, Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

 - Peyğəmbərimiz (səv) Kitab əhlinə sevgi və şəfqətlə təbliğ etmişdir -

Allahın Quranda bildirdiyi hökmlərin ən gözəl və ən hikmətli şəkildə necə tətbiq olunduğunu Peyğəmbərimizdən (səv) öyrənərik. Belə ki, müsəlmanlar üçün əsas olan Allahın ayəsi və Rəsulullahın (səv) o ayəni təfsiri və tətbiqidir. Peyğəmbərimizin (səv) Kitab əhli ilə necə ünsiyyət qurduğunu araşdırdığımız zaman onlara qarşı şəfqətli və nəzakətli olduğunu, onları qoruyub, dinlərini azad yaşamalarına şərait yaratdığını görürük. Peyğəmbərimizin (səv) şəxsən hazırladığı Mədinə Vəsiqəsi, Nəcran xristianları ilə olan razılaşmalar, Peyğəmbərimiz (səv) tərəfindən müxtəlif  xristian və musəvi qəbilələrə verilən əmannamələr Rəsulullahın (səv) Kitab əhlinə qarşı şəfqətli, qoruyucu və ədalətli münasibətinin gözəl nümunələridir. Bundan əlavə, Peyğəmbərimizin (səv) musəvi cənazəsi keçdiyi əsnada ayağa qalxdığı, xristianların öz ibadətlərini Məscidi Nəbəvidə etmələrinə icazə verdiyi, onu ziyarətə gələn xristianların oturması üçün əbasını çıxarıb altlarına sərdiyi, hicrət edən ilk müsəlmanlara təhlükəsiz mühit təmin etmək üçün xristian Nəcaşinin yanına göndərdiyi səhih hədis kitablarında mövcud olan gerçəklərdir. Buna görə də bütün müsəlmanlar da bu gerçəklərə görə hərəkət etməli, Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olaraq Kitab əhlinə gözəl tərzdə davranmalı, onları sevgi və nəzakətlə İslama dəvət etməlidirlər. (Peyğəmbərimizin (səv) həyatından gözəl nümunələri buradan oxuya bilərsiniz.)

- Kitab əhli gerçək İsəvi və gerçək Musəvi olmaq üçün Məhəmmədi olmalı, Qurana tabe olmalıdır -

Qurandan və Peyğəmbərimizin (səv) həyatından dəlilləri ilə gördüyümüz kimi, müsəlmanlar Kitab əhlinə qarşı şəfqətli olmalı, onları gözəl sözlə Allahın birliyinə və İslama dəvət etməlidirlər.

Kitab əhlinin Allahın birliyinə iman gətirib, "LailahəillAllah" deməsi, şübhəsiz, çox mühüm gözəllikdir. Lakin Allah Qatında din İslamdır. Kitab əhli Allahın onları sevməsini və onlardan razı olmasını istəyirsə, mütləq hz. Məhəmmədin (səv) son haqq peyğəmbər olduğunu qəbul etməli və Qurana tabe olmalıdırlar. Allahın hz. Musaya (əs) və hz. İsaya (əs) endirdiyi haqq dinlər zaman keçdikcə təhrif olmuş, hz. Musanın (əs) və hz. İsanın (əs) əsla təbliğ etmədiyi və əsla qəbul etməyəcəkləri bəzi düşüncələr əlavə olunmuş, bəzi haqq məfhumlar çıxarılmışdır.

Buna görə də əgər Kitab əhli Allahın peyğəmbərlərinə endirdiyi haqq dinlərə Allah Qatındakı halı ilə tabe olmaq, hz. Musa (əs) dövründəki saleh bir musəvi, hz. İsa (əs) dövründəki kimi saleh bir İsəvi olmaq istəyirlərsə, eyni zamanda, Məhəmmədi olmalı və Qurana tabe olmalıdırlar. Allah Quranda bütün peyğəmbərləri ayırd etmədən iman gətirməyi əmr etmişdir. Necə ki müsəlman “hz. Məhəmmədə (səv) inanıram, amma Hz. İbrahimi  (əs) qəbul etmirəm” dedikdə dindən çıxırsa, İsəvi və Musəvilər də hz. Məhəmmədin (səv) Allahın peyğəmbəri olduğunu qəbul etməli və onu ürəkdən sevməlidirlər. Bu, onların hz. Musanı (əs) və hz. İsanı  (əs) gözardı etdikləri, onları sevmədikləri mənasına gəlmir. Əksinə, bu mübarək peyğəmbərləri Allahın istədiyi, Allahın razı olacağı kimi sevmələrinə vəsilə olar. Hz. Musaya (əs) və hz. İsaya (əs) daha yaxın olmalarını, onları daha doğru anlamalarını, onlara tam bağlanmalarını təmin edər.

Əgər Kitab əhlindən bəzi kəslər, bu açıq həqiqətə rəğmən, öz düşüncələrində və öz inanclarında qalmaq istəsələr, bu zaman müsəlmanlar əsla onları məcbur edib, dinlərini dəyişdirtə, onlara təzyiq göstərə bilməzlər. Allahın Quranda bildirdiyi kimi, müsəlmanların bütün insanlara və Kitab əhlinə söyləyəcəyi söz "Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun Surəsi, 6) - dir.

2011-06-07 16:08:44

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top