Məryəm surəsi ( 98 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Kəf. Ha. Yə. Ayn. Sad.

2 . Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır.

3 . Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib

4 . "demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam."

5 . "Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,"

6 . "o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”"

7 . Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”

8 . "O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”"

9 . "Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»"

10 . "O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”"

11 . "O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”"

12 . Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik.

13 . "Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi."

14 . Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.

15 . " Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!"

16 . "Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş"

17 . "və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu."

18 . "Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”."

19 . Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.

20 . "Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”"

21 . "Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”»."

22 . Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.

23 . Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”

24 . "Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı."

25 . "Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün."

26 . "Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”»."

27 . Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.

28 . "Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”."

29 . Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”

30 . " Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi."

31 . "Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi"

32 . Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi.

33 . "Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”"

34 . Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!

35 . "Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar."

36 . "İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”."

37 . Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!

38 . "Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər."

39 . Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.

40 . "Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır."

41 . "Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi."

42 . "Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?"

43 . "Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim."

44 . "Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu."

45 . "Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”."

46 . "Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”"

47 . "İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır."

48 . "Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”."

49 . İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.

50 . Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik.

51 . "Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi."

52 . Biz Musanı sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.

53 . Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.

54 . "Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi."

55 . "O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı."

56 . "Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi."

57 . Biz onu yüksək bir məqama ucaltdıq.

58 . "Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır."

59 . Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.

60 . Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.

61 . Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.

62 . "Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır."

63 . Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur.

64 . "Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”."

65 . "O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!"

66 . İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?”

67 . Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

68 . "Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik."

69 . Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq.

70 . "Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq."

71 . "İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır."

72 . "Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik."

73 . "Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”"

74 . Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.

75 . "De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”."

76 . "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır."

77 . Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!” – deyən adamı gördünmü?

78 . "Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır?"

79 . Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.

80 . "Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir."

81 . "Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar."

82 . Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.

83 . Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?

84 . "Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq."

85 . O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.

86 . Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.

87 . Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.

88 . Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” – dedilər.

89 . Siz olduqca pis bir iş tutdunuz.

90 . "Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –"

91 . Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə.

92 . Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz.

93 . Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək.

94 . Allah onları hesablamış və bir-bir saymışdır.

95 . Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.

96 . İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.

97 . "Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən."

98 . Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?

 

 

 

Bu səhifədə Məryəm surəsi Türkcə tərcüməsi, Məryəm surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Məryəm surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Məryəm surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Məryəm surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top