< <
13 / total: 16

Xəbərdarliq

Oxuyacağınız bu hissə, həyatın ÇOX ƏHƏMİYYƏTLİ bir sirrini ehtiva edir. Maddi dünyaya baxış bucağınızı kökdən dəyişdirəcək bu mövzunu, çox diqqətli bir şəkildə və dərk edərək oxumalısınız. Burada izah ediləcək şeylər yalnız bir baxış bucağı, fərqli bir yanaşma tərzi və ya hər hansı bir fəlsəfi düşüncə deyil; dinə inanıb-inanmayan hər kəsin qəbul edəcəyi, bugünkü gündə elmin də sübut etdiyi qəti bir həqiqətdir.

Yeni Bir Ölçü

Əhəmiyyətli Açiqlama: Maddənin Ardindaki Sirr Mövzusu Vəhdəti-Vücud Deyil

Maddənin ardındakı sirr mövzusu bəzi insanların etirazlarına səbəb olmuşdur. Həmin bu insanlar bu mövzunun təməlini səhv anladıqları üçün, bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.

Əvvəla qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına çox bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, yaddan çıxartmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox tanınmış İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.

Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi yanlış fikirlərə qapılaraq Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır.

Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, bir sözlə gördüyümüz hər şey Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanlarının vasitəsiylə ilə görə, hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əsliylə təmasda ola bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beynin arxasındakı görmə mərkəzinə ötürülərək onu xəbərdar edir və insan beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə önünüzdəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı yazı surətidir. Bu yazının əslini isə Allah görür.

Beləliklə də, maddənin beynimizdə əmələ gələn xəyal olması onun yox olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.

Çöldə Maddə Vardır Ancaq Biz Maddənin Əsliylə Təmasda Ola Bilmərik!

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin xəyal olduğunu demək, maddənin yox olduğu demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə də, maddə bizim üçün xəyaldır.

Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.

Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:

...Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir”. (İsra surəsi, 96)

Bundan əlavə, yaddan çıxartmaq olmaz ki, Allah bütün hadisələri "lövhi-məhfuz" adlı kitabda qeyd etmişdir. Biz görməsək də, bunların hamısı lövhi-məhfuzda mövcuddur. Hər şeyin Allah qatında lövhi-məhfuz adlandırılan ana kitabda qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hökm və hikmətlə doludur. (Zuxruf surəsi, 4)

...Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır! (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)

Maddənin Əsli Həqiqətini Bilmək

Ağıl və vicdanla ətrafını seyr edən hər hansı bir şəxs kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs, bütün bunlar kim tərəfindən yaradılmışdır?

Məlumdur ki, kainatın hər yerində özünü bəlli edən “yaradılış” kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü yaratmamışdır. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, hemoqlobinlər, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların “təsadüfən” əmələ gəlməsi kimi ehtimal da qeyri-mümkündür.

Ona görə, bu nəticəyə gələ bilirik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradan” deyil. Deməli, Yaradan gözümüzlə gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeyin Onun varlığını və vəsflərini göstərdiyi üstün gücdür.

Allahın varlığını qəbul etməyənlər də elə bu nöqtədə azırlar. Bu şəxslər öz qabaqlarına; Allahı gözləri ilə görmədikləri müddətcə, Onun varlığına iman gətirməməyi şərt kimi qoymuşlar. Ancaq bu təqdirdə kainatın hər yerində açıq-aşkar görünən “yaradılış” həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmadığını iddia etməyə məcbur olurlar. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda əl atılan yalanların və nəticəsiz çırpınışların ən bariz iki nümunəsidir.

İnkar edənlərin etdiyi bu xətanı əslində Allahın varlığını inkar etməyən, ancaq azğın Allah inancına malik olan bir çox şəxs də edir. Bəzi ölkələrdə cəmiyyətin əksəriyyətini təşkil edən bu şəxslər yaradılışı inkar etmirlər, ancaq Allahın “harada” olduğuna dair batil inancları var. Əksəriyyəti Allahın “göydə” olduğunu zənn edir. Onların şüur altındakı batil düşüncəyə əsasən, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir hallarda “dünyanın işlərinə” müdaxilə edir və ya heç etmir, kainatı yaratmış və nəzarətsiz qoymuşdur, insanlar öz talelərini özləri yazarlar...

Bəziləri də Quranın Allahın “hər yerdə” olduğuna dair bildirdiyi həqiqəti bilər, lakin bunun mənasını tam olaraq anlaya bilməzlər. Onların şüurunun altındakı batil düşüncəyə görə, Allah radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi (Allahı tənzih edirik) maddələri əhatə etmişdir.

Lakin bu düşüncə və əvvəldən bəri sadaladığımız “Allahın harada olduğunu” tapa bilməyən (bəlkə də buna görə Onun açıq-aydın görünən varlığını ağılsız şəkildə inkar edən) düşüncələr ortaq xətadan qaynaqlanır: Heç bir əsası olmayan bir ön mühakiməni mənimsəyir, ondan sonra da Allahla bağlı zənnə qapılırlar.

Bu ön mühakimə nədir?

Bu ön mühakimə maddənin varlığı və xüsusiyyəti ilə bağlıdır. Bəzi insanlar maddənin gerçək mahiyyətiylə əlaqədar səhv düşüncələrə elə qapılmışdırlar ki, bəlkə də, bu mövzuda heç ətraflı düşünməmişdirlər. Halbuki, müasir elm maddənin mahiyyətiylə əlaqədar bu ön mühakiməni də məhv edərək, çox mühüm və diqqət çəkici bir həqiqəti üzə çıxarmışdır. Sonrakı səhifələrdə Quranda da işarə edilən bu böyük həqiqəti açıqlamağa çalışacağıq.

Elektrik Siqnallarından Ibarət Kainat

Yaşadığımız dünya ilə bağlı bütün məlumatlarımız bizə beş duyğu orqanımız vasitəsilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Anadan olduğumuzdan bəri bu hisslərə bağlı olduğumuz üçün, “xarici dünyanın” hisslərimizin bizə tanıtdığından fərqli olacağını heç düşünməmişik.

Halbuki bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar olduqca fərqli bir anlayış üzə çıxarmış, hisslərimiz və hiss etdiyimiz dünya ilə bağlı ciddi şübhələrin əmələ gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayış isə buradan meydana gəlmişdir: Bizim “xarici dünya” kimi hiss etdiklərimiz sadəcə elektrik siqnallarının beyində əmələ gətirdiyi təsirlərdir. Almanın qırmızılığı, taxtanın bərkliyi, habelə ananız, atanız, malik olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri ancaq və ancaq beyninizdəki elektrik siqnallarından ibarətdir. Yəni, biz heç vaxt xarici dünyadakı almanın əsl rəngini, taxtanın əsl quruluşunu, anamızın, atamızın, sevdiklərimizin əsl hallarını bilmərik. Allah bunların hamısını xarici dünyada yaratmış və onlar mövcuddurlar, amma biz həyatımız boyu yalnız beynimizdəki surətləriylə təmasda oluruq.

Mövzunu tam şəkildə açıqlamaq üçün ilk olaraq xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.

Necə Görürük, Eşidirik, Dadırıq?

Görmə hadisəsi çox mərhələli şəkildə baş verir. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq şüaları (fotonlar) gözün önündəki göz büllurunun içindən sınaraq keçir və gözün arxa tərəfindəki torlu qişaya tərs halda düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinirlər vasitəsilə beynin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik bölgəyə çatır. Bu elektrik siqnalı bir sıra ardıcıl prosesdən sonra beyindəki bu mərkəzdə görüntü kimi qavranılır. Yəni görmə hadisəsi əslində beynin arxasındakı kiçik, işığın heç cür daxil ola bilmədiyi qapqaranlıq nöqtədə baş verir.

İndi hər kəsə məlum olan bu məlumatı bir daha diqqətli təhlil edək: Biz “görürük” dediyimiz anda, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilib beynimizdə əmələ gətirdiyi “təsiri” görürük. Yəni “görürük” deyərkən əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

Həyatımız boyu gördüyümüz hər görüntü bir neçə sm3-lik görmə mərkəzində əmələ gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqdə gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Burada diqqət edilməli bir cəhət də var. Bir az əvvəl qeyd etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirmir, yəni beyinin içi qapqaranlıqdır. Ona görə də beynin xarici dünyadakı işıqla təmasda olması qətiyyən mümkün deyil.

Buradakı maraqlı vəziyyəti bir nümunə ilə izah edək: Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb onu uzun müddət seyr edə bilərik. Amma bu müddət boyu beynimiz şamdan gələn işığın əsli ilə heç vaxt təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.

R.L. Qreqori görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:

Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavablandırılmalı suallar olduğunu anlamaq böyük təxəyyül gücü tələb edir. Lakin bunu nəzərə alın. Gözlərimizə kiçik başıaşağı görüntülər göndərilir və biz ətrafımızda bunları düzgün cisimlər kimi görürük. Torlu qişaların üzərində yaranan xəbərdarlıqlar nəticəsində cisimlər dünyasını hiss edirik və bunun əslində bir möcüzədən fərqi yoxdur. (R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, səh. 9)

Eyni vəziyyət digər hisslərə də aiddir. Səs, toxunma, dad və qoxu - hər biri elektrik siqnalı şəklində beynə ötürülür və burada əlaqədar mərkəzlərdə şərh olunur.

Eşitmə hadisəsi belə baş verir: Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürür, orta qulaq da qəbul etdiyi səs titrəyişlərini gücləndirib daxili qulağa ötürür, daxili qulaq isə bu titrəyişləri elektrik siqnallarına çevirərək beynə göndərir. Eynilə görmə hadisəsində olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində baş verir. Kəllə işığı içəri keçirmədiyi kimi, səsi də keçirmir. Buna görə də insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu da olsa, beynin içi tamamilə səssizdir.

Buna baxmayaraq, ən aydın səslər beyində şərh olunur. Bu, elə bir şeydir ki, sağlam bir insan qulağı heç bir cızıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı mühitin bütün hay-küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər böyük bir tezlik intervalındakı bütün səsləri eşidə bilirsiniz. Amma o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada tam səssizliyin hakim olduğu məlum olar.

Qoxu hissimizin əmələ gəlməsi də buna bənzərdir: vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar burnun epitel hissəsindəki titrək tükcüklərdəki reseptorlara çatırlar və bu reseptorlarda qarşılıqlı təsirə girirlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı şəklində ötürülür və qoxu kimi şərh edilir. Nəticədə bizim gözəl və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların girdikləri qarşılıqlı təsirlərin elektrik siqnallarına çevrildikdən sonra beyindəki şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, çiçəyi, sevdiyiniz yeməyi, dəniz qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç vaxt daxil ola bilməzlər. Səs və görüntüdə olduğu kimi, qoxuda da beyninizə daxil olan ancaq elektrik siqnallarıdır. Beləliklə, doğulduğunuz andan etibarən kənardakı cisimlərə aid sizə məlum olan qoxular duyğu orqanlarınız vasitəsilə hiss etdiyiniz elektrik siqnallarıdır. Bir qoxunun xarici dünyadakı əsliylə heç vaxt təmasda olmazsınız.

Buna bənzər şəkildə insan dilinin ön hissəsində də dörd müxtəlif növdə kimyəvi reseptor var. Bunlar, duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorlarımız bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beynə ötürürlər. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh olunur. Bir şokoladı və ya sevdiyiniz bir meyvəni yedikdə aldığınız dad elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Xarici aləmdəki cisimlə isə əsla təmasda ola bilməzsiniz, şokoladın özünü görə bilməz, qoxulaya bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə ötürülməsi mümkün olmaz, dad duyğunuzu tamamilə itirərsiniz.

Burada qarşımıza bir həqiqət də çıxır: bir qidanı daddıqda başqa birinin o qidadan aldığı dadın və ya bir səsi eşitdikdə başqa birinin eşitdiyi səsin bizim aldığımız dad və eşitdiyimiz səslə eyni olduğundan əmin ola bilmərik. Bu həqiqətlə bağlı Linkoln Barnet belə deyir:

Heç kimin öz gördüyü qırmızı rəngin və ya eşitdiyi “do” notunun başqa bir insanınkı ilə eyni olub-olmadığını bilməsi mümkün deyil. (Lincoln Barnett, Evren ve Einstein, Varlık Nəşriyyatı, Çev: Nail Bezel, səh. 20)

Toxunma hissimizə gəlincə dəyişən bir şey olmadığını görərik. Bir cismə toxunduqda xarici aləmi və cisimləri tanımamıza kömək edən məlumatlar dəridəki duyğu sinirləri vasitəsilə beyinə ötürülür. Toxunma hissi beynimizdə əmələ gəlir. Zənn edildiyi kimi, toxunma duyğusunu hiss etdiyimiz yer barmaq uclarımız və ya dərimiz deyil, beynimizdəki toxunma mərkəzidir. Biz cisimlərdən gələn elektrik siqnallarının beynimizdə şərh olunması nəticəsində bərklik və ya yumşaqlıq, istilik və ya soyuqluq kimi cisimləri tərif edən müxtəlif duyğuları hiss edirik. Hətta bir cismi tanımağa kömək edən hər cür incəliyi də bu siqnallar nəticəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B. Rasl və L. Uittqeynsteyn kimi məşhur filosofların fikirləri aşağıdakı kimidir:

...Bir limonun həqiqətən mövcud olub-olmadığı və necə bir proses nəticəsində mövcud olduğunu soruşmaq və tədqiq etmək qeyri-mümkündür. Limon ancaq dil ilə hiss edilən dad, burunla hiss edilən qoxu, gözlə görülən rəng və formadan ibarətdir. Ancaq bu xüsusiyyətləri ilə elmi tədqiqatın və mühakimənin mövzusu ola bilər. Elmin maddi dünyanı bilməsi qeyri-mümkündür. (Orhan Hançerlioğlu, Düşünce Tarihi, İstanbul: Remzi Kitabevi, 1987, səh. 447)

Yəni beynimizdən kənardakı maddi dünya ilə təmasda olmağımız qeyri-mümkündür. Təmasda olduğumuz cisimlər əslində görmə, eşitmə, toxunma kimi duyğuların cəmindən ibarətdir. Duyğu mərkəzlərindəki məlumatları şərh edən beynimiz həyatımız boyu maddənin bizdən kənardakı “əsli” ilə deyil, beynimizdəki surətləri ilə təmasda olur. Biz isə bu surətlərin əslinin necə olduğunu heç vaxt bilmərik.

Beynimizin Içində Əmələ Gələn "Xarici Dünya"

Buraya qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisəsiz nəticəyə gətirir: bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və “maddə”, “dünya” və ya “kainat” adlandırdığımız anlayışların əsliylə heç vaxt təmasda ola bilmərik. Biz ancaq bunların beynimizdəki surətlərindən xəbərdarıq.

Məsələn, meyvə yeyən biri əslində meyvənin beyindəki hissi ilə təmasda olur, əsli ilə təmasda olmur. İnsanın “meyvə” adlandırdığı şey meyvənin forması, dadı, qoxusu və bərkliyinə aid informasiyanın beyində şərh olunmasından ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də bir anda yox olar və ya burundakı reseptorlardan beynə uzanan sinirdəki bir qırılma halı, qoxu hissinizi tamamilə məhv edər. Çünki meyvə beynin bəzi elektrik siqnallarını şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünməli olduğumuz başqa bir cəhət də uzaqlıq hissidir. Uzaqlıq, məsələn, bu kitabla aranızdakı məsafə sadəcə beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və onların milyonlarla işıq ili uzaqlığında olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beynindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində oturduğunuzu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz, əksinə, otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın: bədəniniz də beyninizdə əmələ gələn bir görüntüdür.

Eyni vəziyyət digər bütün hisslərinizə də aiddir. Məsələn, siz qonşu otaqdakı televizorun səsini eşitdiyinizi hesab edirsiniz, əslində beyninizin içindəki səslə təmasda olursunuz. Metrlərlə uzaqdan gəldiyini hesab etdiyiniz səs də, yanınızdakı insanın söhbəti də əslində beyninizdəki bir neçə sm3-lik eşitmə mərkəzində hiss olunur. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çata bilməz, səsin gəldiyi bir istiqamət yoxdur.

Hiss etdiyiniz qoxular da elədir, heç biri uzaq məsafədən sizə gəlmir. İybilmə mərkəzinizdə əmələ gələn siqnalları kənardakı maddələrin qoxusu zənn edirsiniz. Halbuki bir gülün görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə iybilmə mərkəzinizin içindədir, kənardakı gülün və qoxusunun əsli ilə təmasda ola bilməzsiniz.

Çünki bizim üçün “xarici aləm”, yalnız eyni anda beynimizə gələn “elektrik siqnallarının cəmindən” ibarətdir. Beynimiz həyatımız boyu bu siqnalları şərh edir. Biz də bunları maddənin “xarici aləmdəki” əsli hesab edərək yanıldığımızı dərk etmədən ömür sürürük. Yanılırıq, çünki hisslərimizlə maddənin əsli ilə əsla təmasda ola bilmərik.

Əsliylə təmasda olduğumuzu hesab etdiyimiz “xarici aləm”lə əlaqədar siqnalları şərh edib mənalı hala gətirən də beynimizdir. Məsələn, eşitmə duyğusunu nəzərdən keçirək. Qulağımızın içinə gələn səs dalğalarını şərh edib onu simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi beynimizin əmələ gətirdiyi bir hissdir. Rəngləri görərkən də əslində gözümüzə çatan sadəcə işığın müxtəlif dalğa uzunluqlarıdır. Bu müxtəlif dalğa uzunluqlarını rənglərə çevirən də beynimizdir. Xarici dünyadakı rənglərin necə olduğu bizə məlum deyil. Biz nə almanın əsl qırmızı rəngiylə, nə göy üzünün əsl mavi rəngiylə, nə də ağacların əsl yaşıl rəngiylə heç vaxt təmasda ola bilmərik. Xarici dünya tamamilə hiss edəndən asılıdır.

Belə ki, gözdəki torlu qişada əmələ gələn kiçik bir pozulma rəng korluğuna səbəb olur. Bəzi insanlar mavini yaşıl, bəziləri qırmızını mavi, bəziləri də rəngləri boz rəngin müxtəlif çalarları şəklində görürlər. Ona görə də xarici dünyadakı cismin rəngli olub-olmaması vacib deyil.

Xarici Dünya Olmadan Da Hisslər Dünyası Meydana Gələ Bilər

Gördüyümüz və yaşadığımız hər şeyin beynimizdə mövcud olduğunu, xarici dünyada mövcud olan maddənin əslini heç bilmədiyimizi göstərən həqiqətlərdən biri də, beynimizdə hisslərin meydana gəlməsi üçün xarici dünyaya ehtiyacımızın olmamasıdır. Bugünkü gündə simulyatorlar kimi bir çox texnoloji inkişaf və həmçinin yuxularımız bu həqiqətin ən əhəmiyyətli dəlillərindəndir.

Elmi yazıçı Rita Carter “Mapping The Mind” adlı kitabında, "görmək üçün gözlərə ehtiyac yoxdur" deyərək, elm adamları tərəfindən aparılan əhəmiyyətli bir təcrübəyə yer verir. Təcrübədə görmə əlilli kəslərə, video görüntüləri titrəyişlərə çevirən bir cihaz taxılmışdır. Bu kəslərin gözlərinin yanına taxılan bir kamera isə xəbərdarlıqları bu adamın beyninə göndərir. Beləliklə, bu adam daim vizual dünyadan xəbərdarlıq ala bilir. Xəstələr bir müddət sonra həqiqətən görürmüş kimi davranmağa başlamışlar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün bir linza var, məhz bu linza xəstə xəbərdar edilmədən işə düşdükdə, xəstə görüntünün böyüyərək üstünə gəldiyini görürmüş kimi hərəkət etdiyi üçün iki qolu ilə özünü qoruma ehtiyacı hiss etmişdir. (Rita Carter, Mapping The Mind, səh. 113)

Bu təcrübədən də görüldüyü kimi, hisslərimizin meydana gəlməsi üçün xarici dünyada maddi bir qarşılıqlarının olması vacib deyil. Bütün xəbərdarlıqlar süni olaraq da yaradıla bilir.

Yuxularda Yaşadığımız "Hisslər Dünyası"

İnsan xarici dünya olmadan da bütün hissləri bütün canlılığı ilə yaşaya bilər və buna verilə biləcək ən bariz nümunə, daha əvvəl də bəhs etdiyimiz kimi yuxulardır. Bir insan yuxusu əsnasında gözləri yumulu halda yatağında yatar. Ancaq buna baxmayaraq, gerçək həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, xəbərdarlıqların hamısını yuxularında, həqiqi hallarından ayırd edilə bilməyəcək qədər həqiqi hesab edər. Bu həqiqətə, bu kitabı oxuyan insanların hamısı bilavasitə öz yuxularında tez-tez şahid olarlar. Məsələn, gecə yatağında səssiz və sakit bir mühitdə, ətrafında ikinci bir adam da olmadığı halda yatan bir insan, yuxusunda özünü çox izdihamlı məkanda, təhlükə içində görə bilər. Canını qurtarmaq üçün bu təhlükədən qaçdığını, bir divarın arxasına gizləndiyini bir həqiqətmiş kimi yaşaya bilər. Hətta yuxusunda gördükləri o qədər realdır ki, qorxu və təşviş duyğusunu həqiqətən təhlükəli bir mühit varmış kimi eynisi ilə hiss edər. Hər səs-küydə ürəyi ağzına gələr, qorxudan titrəyər, ürəyi sürətlə döyünər, tərləyər, insan bədəni təhlükə anlarında nələr hiss etsə, fiziki olaraq nə kimi reaksiyalar versə hamısını eynilə yaşayar.

Yuxusunda uca bir yerdən aşağı düşən bir insan da bunu bütün bədəni ilə hiss edər. Halbuki həmin anda yatağında heç tərpənmədən yatır və ya yuxusunda ucu-bucağı bilinməyən suya düşdüyünü görən bir insan, bütün paltarlarının islandığını, əsməyə başlayan küləkdən ötrü üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə bir su, nə də külək vardır. Hətta çox isti bir otaqda yatmasına baxmayaraq, yaşlıq və üşümə hissini, eyni oyanıq olduğu haldakı kimi yaşayar.

Yaxud yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən bir adam özündən olduqca əmin ola bilər. Özünə "xarici dünyanın əsliylə təmasda olmağın mümkün olmadığını" izah edən yoldaşının çiyninə əlini qoyaraq; "indi sən əlimi çiynində hiss etmirsənmi? Onda necə maddənin əslini görmədiyini söyləyə bilirsən? Haradan çıxarırsan bu iddiaları? “Gəl səninlə Bosfor boğazı turuna çıxaq, həm bu mövzunu danışarıq, həm də belə bir mövzuya niyə inandığını mənə izah edərsən” deyə bilər. Dərinləşən yuxusunda gördüyü bu yuxu o qədər dəqiqdir ki, avtomobili işə salıb mühərrikə yavaş-yavaş qaz verər və sonra birdən-birə pedala basıb avtomobili sanki sıçradar. Yolda sürətlə gedərkən ağaclar və yol xəttləri sürətdən sanki bütöv bir görüntü meydana gətirər. Bir tərəfdən də Bosfor boğazının təmiz havasını udar. Tam yoldaşına etiraz etməyə, həmin anda maddənin əslini gördüyünü izah etməyə hazırlanarkən saatının zəngiylə oyanar. Ancaq necə də qəribədir ki, yuxusunda maddənin əsliylə təmasda olmadığımız həqiqətinə etiraz edən bu insan, oyanıq olarkən də gördüklərinin zehnində əmələ gələn surəti çıxarılmış görüntülər olduğunu izah edən bir yoldaşı yanında olsa, ona da eyni şəkildə etiraz edər.

İnsanlar yuxularından oyandıqlarında həmin ana qədər görmüş olduqlarının xəyal olduğunu dərk edərlər, amma "oyanma" görüntüsüylə başlayan və "həqiqət" dedikləri həyatın gerçək quruluşundan nədənsə heç şübhələnməzlər. Halbuki, "gerçək həyatımız" dediyimiz görüntüləri qavrama formamız, yuxularımızı qavrama formamızla tamamilə eynidir. Hər ikisini də zehnimizdə görərik və yuxularımızdan oyandırılmadığımız müddət, onların bir xəyal olduğunu anlaya bilmərik. Ancaq oyandığımız vaxt; "deməli, gördüklərim bir yuxu imiş" deyərik. Elə isə hal-hazırda gördüklərimizin bir yuxu olmadığını necə isbat edə bilərik? Yalnız hələ oyandırılmadığımız üçün, içində olduğumuz anı həqiqətmiş kimi zənn edə bilərik. Hər gecə gördüyümüz yuxulardan daha uzunmüddət davam edən bu yuxudan bir gün oyandırıldığımızda, bu həqiqətlə qarşılaşa bilərik və bunun əksini söyləyərək isbat edə biləcəyimiz heç bir dəlilimiz yoxdur.

Dünya həyatının bir yuxu kimi olduğu, bu yuxudan "böyük bir oyanış"la oyanıldığı təqdirdə, insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları, İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elmindən ötrü Şeyx əl-Əkbər (ən böyük şeyx) olaraq xatırlanan böyük İslam alimi Muhyiddin İbn əl-Ərəbi bir sözündə, Peyğəmbərimiz (s.ə.v)-in bir hədisini nəql edərək, dünya həyatını yuxularımıza belə bənzətmişdir:

Həzrəti Məhəmməd Əleyhissalam; "insanlar yuxudadır, öldükləri vaxt oyanarlar" deyə buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan kimsənin yuxusunda gördüyü şeylər kimidir... (Muhyiddin Arabi, Fusus-ül Hikem, tərcüməçi: Nuri Gencosman, İstanbul, 1990, səh.220)

Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildildiklərində belə deyəcəklərini xəbər verir:

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim oyatdı? Bu, Mərhəmətli Allahın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”. (Yasin surəsi, 52)

Ayədə də görüldüyü kimi, insanlar qiyamət günü eynilə bir yuxudan oyanan kimi oyanarlar. Bir insan, ağır bir yuxuya getdiyi və yuxu gördüyü əsnada qəfildən oyandırıldığında özünü oyandıranın kim olduğunu necə soruşarsa, bu insanlar da eynilə özlərini kimin oyandırdığını soruşurlar. Allahın bu ayədə də bildirdiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və həqiqi həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaq.

Qavrayan Kimdir?

Bura qədər başa düşüldüyü kimi, içində yaşadığımızı hesab etdiyimiz və “xarici dünya” adlandırdığımız maddi dünyanın əsliylə heç vaxt təmasda ola bilmərik. Amma ən mühüm sual burada yaranır: bizə məlum olan bütün maddi varlıqların əsliylə təmasda ola bilmiriksə, bəs beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı cisim kimi maddi dünyanın bir hissəsi olduğuna görə, onun da əsliylə heç vaxt təmasda ola bilmərik.

Beyini nəzərdən keçirdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullardan fərqli bir şey çıxmayacaq. Yəni beyin adlandırdığımız ət parçasında görüntüləri seyr edərək şərh edən, şüuru əmələ gətirən, bir sözlə, “mən” dediyimiz şeyi yaradan bir şey yoxdur.

R.L. Qreqori beynin içində görüntünün hiss edilməsi ilə bağlı insanların düşdükləri xətanı belə ifadə edir:

Gözlərin beyində rəsmlər əmələ gətirdiyini söyləməyə meyl edirlər, lakin bundan qaçınmaq lazımdır. Beyində rəsm əmələ gəldiyi deyilərsə, bunu görmək üçün beynin içində də bir göz olmalıdır; lakin bu gözün rəsmini görmək üçün daha bir gözə ehtiyac olacaqdır; ...və bu da sonsuz göz və rəsmin olması deməkdir. Bu, isə qeyri-mümkündür. (R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, səh. 9)

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin həll edə bilmədikləri problemlərdən biri budur: görən, gördüyünü qavrayan və reaksiya verən “daxildəki göz” kimə aiddir?

Karl Pribram da elm və fəlsəfə dünyasında duyğunu hiss edənin kim olduğu ilə bağlı bu mühüm axtarışa diqqət çəkmişdir:

Qədim yunanlardan bəri filosoflar; “makinanın içindəki xəyalət”, “kiçik insanın içindəki kiçik insan” və s. üzərində düşünüblər. Mən –beyindən istifadə edən varlıq- haradadır? Əsl görən kimdir? Müqəddəs Assisili Frensisin də dediyi kimi; “axtardığımız şey baxanın nə olduğudur?” (Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Tərcüməçi: Ali Çakıroğlu, İstanbul: Kuraldışı Nəşriyyat, 1996, səh. 37)

İndi bunu düşünün: əlinizdəki kitab, içində oturduğunuz otaq, bir sözlə, qarşınızdakı bütün görüntüləri beyninizin içində görürsünüz. Bəs, bu görüntüləri atomlar görür? Həm də kor, kar, şüursuz atomlar... Nə üçün atomların bir hissəsi bu xüsusiyyətləri qazanıb, digərləri isə qazanmayıb? Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarətdir?

Bu sualları diqqətlə düşündükdə atomlarda iradə axtarmağın bir mənasının olmadığını görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddənin fövqündə olan bir varlıqdır. Bəs bu görüntüləri beyninizin içində görən kimdir? Beyninizin içində, bir gözə ehtiyac duymadan bu kitabı görüntüsünü görən, gördüklərini dərk edən, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beynə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?

Məhz bu varlıq “ruh”dur.

Xarici dünyada mövcud olan maddənin beyindəki surətlərini görən, eşidən, hiss edən, qavrayan, şərh edən ruhdur. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və onların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur.

Həqiqi Mütləq Varlıq

Bütün bu həqiqətlər bizi çox mühüm sualla qarşı-qarşıya qoyur: madam ki, maddi dünyanın əslinə dair heç bir şey bilmir və yalnız beynimizdəki surətləriylə təmasda oluruqsa, onda bu xəyalların mənbəyi nədir?.

Bəs, kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi müntəzəm olaraq seyr etdirir?

Məlumdur ki, içində yaşadığımız bütün maddi kainatı yaradan və müntəzəm olaraq yaratmağa davam edən üstün Yaradıcı var.

Bu Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

Göylərin və yerin, yəni kainatın sabit olmadığı, sadəcə Allahın yaratması ilə var olduqları və Allah yaratmağı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri yox olmasınlar deyə tutub saxlayır. Əgər yox olsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)

Daha əvvəl bildirdiyimiz kimi, insanların əksəriyyəti Allahın gücünü qavraya bilmədiklərinə görə, cəhalət ucbatından Onu göyün bir yerində mövcud olan və dünyanın işlərinə müdaxilə etməyən bir varlıq kimi düşünürlər. (Allahı tənzih edirik). Bu düşüncə tərzi kainatın maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerdə olduğuna əsaslanır.

Həqiqi mütləq varlıq Allahdır. Yəni var olan yalnız Allahdır, maddə mütləq varlıq deyil. Xarici dünyada mövcud olan maddələr dünyası Allahın üstün yaratmasının bir əsəridir. Allah "hər yerdə"dir və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə açıqlanır:

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Allahın məkana tabe olmadığı və hər yeri əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah əhatə edəndir, biləndir!. (Bəqərə surəsi, 115)

Bu həqiqətin qavranmasıyla insan, Ona şərik qoşmadan, Allahı tək ilah qəbul edərək tam mənasıyla iman edər. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən bir insan, qəti bir imanla (haqqəl-yəqin dərəcəsində) "yalnız Allah vardır, Ondan başqa ilah (güc sahibi varlıq) yoxdur" deyər.

Gözləriylə görmədikləri üçün Allahın varlığına inanmayanların materialist iddiaları da, maddənin həqiqi mahiyyəti öyrənildikdə tamamilə yox olar. Çünki bu həqiqəti öyrənən adam, öz varlığının bir xəyal xüsusiyyətində olduğunu dərk edər. Xəyali bir varlığın isə mütləq bir varlığı görə bilməyəcəyini dərk edər. Necə ki, Quranda, insanların Özünü görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər...” (Ənam surəsi, 103)

Əlbəttə ki, biz Allahın varlığını gözlərimizlə görə bilmərik, amma Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Bu səbəblə də Allah Quranda Özünün "qulaqlara və gözlərə hakim olduğunu olan" (Yunis surəsi, 31) bildirir. O bilmədən biz bircə söz belə deyə bilməz, hətta nəfəs belə ala bilmərik. Buna görə də Allah bizim etdiyimiz hər şeyi bilir, bu vəziyyət Quranda da belə bildirilmişdir:

Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (Ali İmran surəsi, 5)

Maddənin əsliylə təmasda olduğumuzu zənn edərək, dünyanın beynimizdəki surətini seyr edərkən də, yəni yaşayarkən də, bizə ən yaxın olan varlıq, Allahın Özüdür. Allahın Quranda bildirdiyi; “and olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlənmişdir. Allah insanı tamamilə əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxındır”.

Allah insanlara “sonsuz dərəcədə yaxın” olduğunu; “bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) çox yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədəki; “Rəbbin insanları ehtiva etmişdir” (İsra surəsi, 60) ifadəsi də eyni həqiqəti xəbər verir.

İnsan özünə ən yaxın olan varlığın özü olduğunu hesab edərək yanılır. Halbuki Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman, Siz (ona) baxıb durursunuz, Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri ilə də Allah bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görə bilmədikləri üçün bu qeyri-adi həqiqətdən xəbərsiz yaşayırlar.

Bu çox əhəmiyyətli həqiqətdən xəbərsiz halda yaşayan bəzi insanlar özlərini yaradanın Allah olduğunu qəbul edər, ancaq gördükləri işləri özlərinin gördüklərini zənn edərlər. Halbuki, insanın etdiyi hər hərəkət Allahın izniylə yaradılar. Məsələn, bir kitab yazan insan Allahın izniylə o kitabı yazar. O kitabdakı hər cümlə, hər fikir, hər paraqraf Allahın istəyi ilə meydana gəlir. Allah bu çox əhəmiyyətli həqiqəti bir çox ayəsi ilə bildirir. Bu ayələrdən biri; "...sizi də, etdiklərinizi də Allah yaratmışdır" (Saffat surəsi, 96) ayəsidir. Allah, "...atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal surəsi, 17) ayəsi ilə etdiyimiz bütün hərəkətləri Özünün etdiyini bildirir.

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, amma bu heç bir şeyi dəyişdirməz.

Maddənin Həqiqətini Bilmək Dünya Həvəsini Yox Edir

Buraya qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın həqiqətdə kölgə varlıq olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda, həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür. Buna görə də bu elm insanları iman etməyə məcbur edir, iman etməməyi isə qeyri-mümkün hala gətirir. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.

Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat suallarını həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu, son dərəcə şişirdilmiş anlamazlıqdır. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın “iki vur iki neçə edir?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya professorundan soruşsanız, sizə: “Əlbəttə, beynimdə”, -deyə cavab verəcəkdir. Hətta bu həqiqəti orta məktəbdəki biologiya kitablarında belə görə bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük cəhdlə gizlədilməsi, əslində, böyük hadisədir.

İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə budur ki, maddənin həqiqətinin öyrənilməsi bütün insanların həyata baxışlarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Maddəni və özlərini mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin bir xəyal olduğunu anlayacaqlar. Məhz insanların bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda özlərini anlamazlığa vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən səbəb bu dünya həvəslərini itirmək qorxusudur.

Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün bu, həqiqətən də, böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah, “əgər Allah sizdən onun hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar” (Muhəmməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə müqavimət göstərəcəklərini və xəsislik edərək kin tutacaqlarını bildirir. Bir insan maddənin əsli həqiqətini öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcəyi və ya verməməkdə israr edəcəyi bir şey olmadığını anlayar, ölməzdən əvvəl hər şeyi ilə Allaha təslim olar. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edərlər.

Maddənin Həqiqəti Aşkara Çıxdıqda Əmələ Gələcək Mühit

Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın onlara göstərdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olacaq. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaq.

Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına ciddi yanaşacaq. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşacaq, yaxşı və gözəl davranmaqda hər kəs bir-biri ilə yarışacaq. İnsanlar arasındakı mühakimə meyarları dəyişəcək, maddə dəyərini itirəcək və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olacaq. Heç kim xəyalın arxasınca qaçmayacaq, hər kəs həqiqətin arxasınca gedəcək. İnsanlar “kim nə fikirləşər?” düşüncəsi ilə deyil, “nə etsəm Allah məndən razı qalar?” düşüncəsi ilə hərəkət edəcəklər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alacaq. Buna görə də insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldıracaq.

Kiçik mənfəətlər üçün belə əsəbiləşən, hirslənən, təcavüzkar olan insanların yerini gördüyü hər şeyin Allahın özünə seyr etdirdiyi görüntülər olduğunu bilən, buna görə də qəzəb, hirs, hay-küy salmaq kimi reaksiyaların onu alçaldacağını bilən insanlar alacaq. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etimad duyğusu hakim olar, hər kəs həyatından və sahib olduqlarından razı qalar. Odur ki, insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşarlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:

De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa zərəri onun öz əleyhinə olar... (Ənam surəsi, 104)

Nəticə

Buraya qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Maddənin xarici dünyada olan əsli ilə heç vaxt təmasda olmadığımızı sübut edən bu mövzu, Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır

Bu mövzunu dərk edən insan, dünyanın, insanların çoxunun güman etdiyi kimi bir yer olmadığını görər. Dünya, prospektlərdə məqsədsiz şəkildə gəzənlərin, barlarda savaşanların, lüks kafelərdə bir-birlərinə göstəriş edənlərin, mallarıyla öyünənlərin, həyatlarını boş məqsədlərə həsr edənlərin hesab etdiyi kimi əslini bildiyimiz, mütləq bir yer deyil. Bizim dünyaya aid bütün biliklərimiz, beynimizdə gördüyümüz surəti çıxarılmış görüntülərdən ibarətdir. Saydığımız insanların hamısı, bu görüntüləri zehinlərinin içində seyr edən kölgə varlıqdırlar, amma bunu bilmirlər.

Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni tam təməlindən çökdürür. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşitdiklərində təşvişə qapılmaları, hirslənmələri, tərəfdarlarını "əsla düşünməyin" deyə xəbərdar etmələri buna görədir. Əslində bu kəslər, hisslərin beyində meydana gəldiyi həqiqətini belə qavraya bilməyəcək qədər böyük bir ağıl zəifliyi içindədirlər. Beyinlərinin içində seyr etdikləri dünyanı "xarici dünya" hesab edir, bunun əksini göstərən açıq-aydın dəlilləri isə heç cür anlaya bilmirlər.

Bu qəflət, Allahın inkarçılara verdiyi ağıl çatışmazlığının bir nəticəsidir. Çünki Quranda bildirildiyinə görə, inkarçıların "…qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır". (Əraf surəsi, 179)

Yaşadığımız dövrdə isə bəhs olunan həqiqət, elmin ortaya qoyduğu dəlillərlə konkret şəkildə sübut edilə biləcək hala gəlmişdir. Kainatın xarici dünyada olan əsliylə təmasda olmadığımız həqiqəti, dünya tarixində ilk dəfə bu cür konkret, açıq və aydın bir şəkildə izah edilir. Bu səbəblə də 21-ci əsr, insanların geniş şəkildə İlahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha dəstə-dəstə yönələcəkləri tarixi bir dönüş nöqtəsi olacaq. 21-ci əsrdə 19-cu əsrin materialist inancları tarixə quylanacaq, Allahın varlığı və yaratması qavranacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər başa düşüləcək, bəşəriyyət əsrlərdir ki, gözünün önünə çəkilən pərdələrdən, yalanlardan və batil inaclardan xilas olacaq.

 

13 / total 16
"Harun Yəhyanın Həqiqəti Düşündünüz mü? kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net