Quranda Şəfqət və Ədalət

< <
2 / total: 7

Allah Ədalətli Olmağı Əmr Edir

Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar. Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.

“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8) ayəsində də bildirildiyi kimi, Allah insanın bütün əməllərini bilir. Uca Rəbbimiz Allahdan qorxan və axirət günündə haqq-hesaba çəkiləcəyini bilən şəxs Allahın razılığını qazanmaq üçün ədalətlə hökm verər. Çünki bilir ki, Allah bütün əməllərinə, söylədiyi hər sözə və ağlından keçirdiyi hər düşüncəyə görə onu axirət günü sorğu-sual edəcək və əməllərinin qarşılığını tam verəcək.

Məhz buna görə insan Allahın rizasını qazanmaq, cəhənnəm əzabından xilas olmaq və Allahın sonsuz nemətlərinə qovuşmaq üçün Quran əxlaqı ilə tam yaşamalıdır. Bu əxlaqa yiyələnmək üçün hər kəs şəxsən cəhd etməli, nəfsinin bütün istəklərini və şəxsi mənfəətlərini bir kənara qoyub ədaləti, mərhəməti, sevgini, şəfqəti və sülhü özünə yol seçməlidir. Allah Quranda əsil ədaləti təfərrüatı ilə təsvir edir, hər cür anlaşılmazlığın ədalətlə həll olunacağını bildirir. Ədalətli rəhbərlərdən və ədalətli insanlardan ibarət cəmiyyətdə hər cür anlaşılmazlıq asanlıqla həll olunar. Quranda ədalət tam təsvir edilmiş, iman gətirənlərə qarşılaşdıqları hadisələrdə necə ədalətlə davranacaqları bildirilmişdir. Bu, iman gətirənlər üçün çox böyük asanlıq və Allahdan rəhmətdir. Bu səbəbdən də iman gətirənlər həm Allahın razılığını qazanmaq, həm də rahat, təhlükəsiz, əmin-amanlıq içində yaşamaq üçün insanlar arasında ədaləti tam tətbiq etməklə məsuldurlar.

Ədalət Bütün İnsanlar Arasında, Dil, İrq, Etnik Mənşə Nəzərə Alınmadan Bərabər Tətbiq Edilməlidir

Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.

Halbuki Quran ayələrində bildirildiyinə görə müxtəlif xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı Allahın qulu olan müxtəlif millətlər və qəbilələr bir-birləri ilə tanış olmalı, yəni bir-birlərinin mədəniyyətini, dilini, adət-ənənələrini, bacarıqlarını öyrənməlidirlər. Müxtəlif irqlərin və millətlərin olmasının məqsədi münaqişə və müharibə deyil, mədəni zənginlikdir. Bu müxtəliflik Allahın yaratmasının gözəlliyidir. Bir insanın uzun, birinin qısa boylu olması, bir adamın dərisinin ağ, digərinin sarı rəngdə olması ona hər hansı üstünlük qazandırmadığı kimi, qüsur da deyil. Bunların hər biri Allahın təqdiri ilə və çox böyük hikmətlərlə yaradılmışdır. Ancaq bu fərqlərin Allah qatında heç bir əhəmiyyəti yoxdur. İman gətirən insan yeganə üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imanla olduğunu yaxşı bilir. Allah Hucurat surəsində bu həqiqəti belə bildirir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

Ayədə də bildirildiyi kimi, Allahın əmr etdiyi ədalət anlayışı heç bir fərq qoymadan hər insana bərabər, tolerant və sülhsevər münasibət tələb edir.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də yaşadığı dövrdə müxtəlif irqə mənsub xalqlarla ədalətlə davranmışdır. İnsanlara irqinə görə müxtəlif cür münasibət göstərməyi tənqid etmiş, bu cür əxlaqı “cahiliyyə əxlaqı” adlandırmışdır.

Peyğəmbərimiz (səv) qövmünə cahiliyyə cəmiyyətində insanların rənglərinə və milliyyətlərinə görə bir-birlərinə düşmənçilik bəslədiyini xatırlatmış və müsəlmanları Quranda çirkin göstərilən bu davranışdan çəkindirmişdir. 1400 il əvvəl Peyğəmbərimiz hz. Muhəmməd (səv) vasitəsilə insanlara rəhmət olaraq göndərilən Quranda bu bəsit fikirlər aradan qaldırılmış, rənglərinə, milliyyətlərinə, dillərinə baxmayaraq, bütün insanların bərabər olduğu bildirilmişdir. Peyğəmbərimiz (səv) cahiliyyə inancındakı insanları milliyyətinə və rənginə görə dəyərləndirmə anlayışının bəsitliyi üzərində dayanmış və Vida xütbəsində ərəb xalqına belə demişdir:

“Əsil-nəcabətlə öyünmək olmaz. Ərəblər ərəb olduqlarına görə əcəmlərdən, əcəmlər də əcəm olduqlarına görə ərəblərdən üstün hesab edilmirlər. Çünki Allah qatında ən üstün olanınız Ona qarşı çıxmaqdan ən çox çəkinəninizdir (ən təqvalınızdır).”1

Peyğəmbərimiz (səv) bu sözləri ilə insanlara bir daha Hucurat surəsinin 13-cü ayəsində bildirildiyi kimi, insanlar arasındakı üstünlüyün sadəcə təqva ilə olduğunu xatırlatmışdır. İslam Peyğəmbərimizin (səv) də bildirdiyi kimi, bəsit düşüncə tərzlərini tamamilə aradan qaldırır. İslam əxlaqı ilə yaşanan mühitdə bir insan nə yəhudi, nə xristian, nə zənci, nə də qızıldərili olduğuna görə təqsirləndirilə bilməz, fərqli rəftarla qarşılaşmaz, alçaldılmaz. Bu, Allahın təqdiridir və Allah hər insanı ən gözəl şəkildə yaratmış, ən gözəl surəti vermişdir. İnsanlar hər zaman hər kəsə qarşı ədalətli, hörmətcil, mehriban, mərhəmətli, sülhsevər və sevgi dolu olmaqla məsuldurlar.

Bununla yanaşı, insanın yoxsul və ya varlı olması da möminin ədalətlə hökm verməsinə mane olmaz, qərarlarına təsir etməz. Bir insanın sadəcə maddi güc sahibi olduğu üçün digər insanlara haqsızlıq etməsi, zülm etməsi və buna görə cəzalandırılmaması böyük haqsızlıqdır. Halbuki dövrümüzdə bəzi dünya dövlətlərinə baxdıqda varlıları qoruyan, yoxsullarla isə ikinci sinif insan kimi rəftar edən düşüncə tərzinin hakim olduğunu görürük. Ona görə bəzi varlılar ədalətdən daha çox faydalanır, yoxsullardan üstün rəftar görməyi özlərinin haqqı olduğunu hesab edirlər. Habelə ədalət mexanizmlərini öz mənfəətləri üçün yönləndirməyə çalışırlar. Bu anlayış haqq dinə uyğun yaşamayan ölkələrdə böyük ədalətsizliklərə səbəb olur, insanların bir hissəsi səfalətlə üzləşərkən digərləri zənginliklərinə görə əldə etdikləri üstünlüklərdən faydalanırlar.

Ancaq bütün bu yanlışlara baxmayaraq, ədaləti dünyaya hakim etmək, insanlar arasında ictimai sülhün bərqərar olduğu həyat qurmaq mümkündür. Bu, Quran əxlaqının hakim edilməsi və insanların Quran əxlaqına məsuliyyətli yanaşmaları ilə mümkündür. Çünki Allah bir ayədə belə əmr edir:

… Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan uzaqlaşmayın!.. (Nisa surəsi, 135)

Allahın bu əmrinə uyğun olaraq Allahdan qorxan mömin qarşısındakı insanın yoxsul və ya varlı olmasından asılı olmayaraq mütləq hər şərtdə ədalətlə hökm verər, insanlara maddi vəziyyətlərinə görə müxtəlif münasibət göstərməz. Çünki zənginlik və ya yoxsulluq Allahın insanları sınamaq üçün yaratdığı müvəqqəti dünya şərtləridir. İnsan öldükdə dünyadakı var-dövlətinin və mülkünün heç bir dəyəri qalmayacaq, ancaq təqvasına görə mükafat alacaq. Allahın razı olduğu davranış isə doğruluq və ədalətdir. Bu gözəl əxlaqın qarşılığı isə tükənməz axirət mükafatlarıdır.

Allah Yetimlərlə Ədalətlə Davranmağı Qəti Əmr Etmişdir

Quranda ədalətin qorunmasına dair verilən nümunələrdən biri də yetimlərin malları ilə bağlıdır. Ayələrdə yetimlər öz mallarını sərbəst idarə edə biləcək yaşa çatana qədər ədalətlə onların malından istifadə etmək əmr edilmişdir. Ənam surəsində belə buyurulur:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin... (Ənam surəsi, 152)

Allah başqa ayələrində də yetimlər həddi-buluğa çatmadan onların mallarını tələm-tələsik sərf etməməyi xatırladır, insanları tam ədalətlə davranmağa çağırır. Bu barədəki ayələrdən bəziləri aşağıdakılardır:

Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır. (Nisa surəsi, 2)

Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər! (Nisa surəsi, 6)

Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-buluğa çatana qədər yaxın düşməyin. Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində cavabdehdir. (İsra surəsi, 34)

Ayələrdə bildirilən əxlaqa zidd hərəkət edərək yetimlərin mallarını zülmlə sərf edənlər və ədalətsizliklə xərcləyənlər sonsuz əzabla qorxudulurlar. Allah: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (Nisa surəsi, 10) ayəsi ilə insanları ədalətsiz davranmaqdan çəkindirir. Bu nümunədən də göründüyü kimi, Quranda bildirilən ədalət insanın bütün həyatını əhatə edir. İnsanın ədalətli davranmaq üçün diqqətli olması onun əbədi həyatında cənnətə və ya cəhənnəmə getməsinə təsir edir.

Veriləcək Qərar Öz Yaxınları ilə Əlaqədar Olsa Da, Mömin Ədalətlə Hökm Verməlidir

Ədalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Bu sual qarşısında bir çox insan tərəddüd edir. Həqiqətən də, belə vəziyyətdə ədalətli olmaq bəzi insanlara çətin gələ bilər. Sevdiyi insana başqa birinə nisbətən daha çox tolerant davrana bilər, bir anlıq bəzi həqiqətləri görməzliyə vura bilər. Ancaq insanın hər şərtdə və hər vəziyyətdə ədalətlə davranmaqdan çəkinməməsi, Allahın “Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun!..” (Nisa surəsi, 135) ayəsinə ciddi əməl etməsi əsasdır. Hər şərtdə doğruların tərəfində olmaq insanlarda etibar hissi yaradır. Sadəcə qan qohumluğu və ya dostluq əlaqəsi olduğuna görə yaxınlarını qorumaq ədalət istəyən insanları narahat edəcək və etibarsızlıq yaradacaq.

Ancaq Quranın hökmlərinə əsasən hərəkət edən insan Allahın “... Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!” (Ənam surəsi, 152) şəklində bildirdiyi tövsiyələrinə əməl edər. Bu davranış onun Allaha güclü imanının və gözəl əxlaqının göstəricisidir.

Quranda bu barədə hz. Musanın (əs) həyatından nümunə verilir. Qasas surəsində belə bildirilir:

O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, azdıran açıq-aydın bir düşməndir!”– dedi. (Qasas surəsi, 15)

Bu hadisədə hz. Musa (əs) öz tərəfdarlarından birinin davasına şahid olur. Musa Peyğəmbər (əs) yaxınlarından olan bu adama tərəf çıxır və onunla birlikdə digər adama qarşı vuruşur. Bu davada qarşı tərəfə yumruq ataraq onu istəmədən öldürür. Ancaq sonra çox böyük səhv etdiyini anlayır. Bu, iman gətirən insanın ədalət anlayışını göstərən çox mühüm nümunədir. Çünki kimin haqlı, kimin haqsız olduğunu araşdırmadan, sadəcə öz yaxını, qohumu və ya dostu olduğu üçün bir nəfəri dəstəkləmək Allahın bəyənmədiyi əxlaqdır. Müqəddəs peyğəmbər olan hz. Musa (əs) da bu həqiqəti dərhal dərk etmiş, ayədə xəbər verildiyi kimi, etdiyi hərəkəti “şeytanın əməli” adlandırmışdır.

Hz. Musanın (əs) “şeytan əməli” adlandırdığı təfriqəçilik tarix boyu tökülən qanların ən böyük səbəblərindəndir. İnsanların ədalətə və haqqa görə deyil, öz ailəsini, nəslini, qövmünü, tərəfdarlarını və ya millətini haqlı çıxarmaq cəhdləri münaqişə və müharibələrin səbəbi olmuşdur.

Buna qarşı mömin hz. Musanın (əs) həyatından Quranda verilən nümunəyə əsasən davranmalıdır. Hz. Musa (əs) şeytanın insana verdiyi pis fikrin zülm olduğunu vicdanı ilə dərhal anlamış, tövbə edib Allaha sığınmışdır. Qissənin davamında hz. Musanın (əs) bu nümunəvi, vicdanlı davranışı belə təsvir edilir:

Dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. Dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” (Qasas surəsi, 16-17)

Bir Camaata Qarşı Bəslənən Kin Möminləri Ədalətdən Çəkindirməz

Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Elə buna görə də cahiliyyə cəmiyyətində insanlar bir-birlərinə güvənmirlər. Hər kəs qarşısındakı insandan pislik görəcək deyə narahatlıqla yaşayır. Bir-birlərinə olan etibarlarını itirmələri nəticəsində isə yardımlaşma, şəfqət, mərhəmət, qardaşlıq kimi insanpərvər xüsusiyyətlərini tədricən itirir, bir-birlərinə nifrət edirlər.

Halbuki iman gətirən insanın bir camaata və ya bir şəxsə hiss etdiyi duyğular onun verdiyi qərarlarına qətiyyən təsir etməz. Qarşısındakı şəxs nə qədər pis əxlaqlı olsa da, nə qədər düşməncəsinə davransa da, iman gətirən insan bir qərar verdikdə bütün hislərini bir kənara qoyub ədalətlə davranar və qərar verər, ədalətli olmağı tövsiyə edər. O şəxsə qarşı hisləri ağlına və vicdanına üstün gəlməz. Vicdanı ona həmişə Allahın əmrlərinə və tövsiyələrinə tabe olmağı, gözəl əxlaqdan əsla əl çəkməməyi deyir. Çünki bu, Allahın iman gətirənlərə Quranda bildirdiyi əmridir. Maidə surəsində belə bildirilir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Ayədə də bildirildiyi kimi, ədalətli davranmaq təqvaya uyğun hərəkətdir. İman gətirən insan ancaq ədalətlə davrandığı təqdirdə Allahın razılığını qazanacağını bilir. Gözəl əxlaqına şahid olan hər kəs bu insana güvənir, yanında rahat olur, hər cür məsuliyyəti və vəzifəni rahatlıqla ona həvalə edir. Belə insanlar hətta düşmənləri tərəfindən də hörmətlə qarşılanırlar və onların bu davranışı bir çox inkarçı insanların iman gətirmələrinə səbəb olur. Buna ən gözəl nümunə hz. Muhəmməddir (səv). Peyğəmbərimizin (səv) heç bir fərq qoymadan, hər kəsə sevgi və mərhəmətlə davranması həmin dövrdə yaşayan xristian, yəhudi, dinsiz, müşrik kimi hər zümrədən olan insanın qəlbinin İslama isinməsinə səbəb olmuşdur.

Dövrümüzdə yaşayan möminlər üçün də ən gözəl nümunə Peyğəmbərimizin (səv) Quranda bildirilən davranışlarıdır. Dövrümüzdə də eynilə Əsri-səadət dövründə olduğu kimi, xristian, yəhudi, buddist, hindu, ateist, dinsiz, müşrik, bütpərəst kimi müxtəlif inanclara malik insan qrupları birlikdə yaşayır. Bir müsəlman qarşısındakı insanın inancından asılı olmayaraq anlayışlı olmaqla, bağışlamaqla, ədalətli və insanpərvər davranmaqla məsuldur. Çünki hər insanın iman gətirmə, müsəlman olma, Allaha təslim olma ehtimalı var. İman gətirmiş insan bunu unutmamalıdır. İman gətirənlər Allahın dininə sülhlə, sevgi ilə dəvət etməklə məsuldurlar. Bu doğruları tətbiq edib-etməmək, iman gətirib-gətirməmək qarşı tərəfə aiddir. Bir insanı iman gətirmək üçün məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına ziddir. Allah bunu Quranda belə bildirmişdir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

 

Qeydlər

1. Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s. 209

2 / total 7
"Harun Yəhyanın Quranda Şəfqət və Ədalət kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net